Dünyada mövcud olan elm və təhsil
modelləri
BU GÜN MÖVCUD OLAN BU MODELLƏR ARASINDA
MÜTLƏQ UYĞUN MODEL YOXDUR
Son illər mətbuatda təhsil və elmin
inkişafı ilə əlaqədar müxtəlif fikirlər
söylənilir. Bir çox hallarda isə yanlış olaraq
"dünyada təhsil", "dünyada elm" modellərindən
bəhs edilir. Əslində dünya dediyimiz məkanda iki tam
üst-üstə düşən nə təhsil, nə də
elm modeli var.
İstənilən sahədə istənilən layihəni
həyata keçirərkən əsas bir neçə faktor nəzərə
alınmalıdır:
1) Ölkənin siyasi idarəçilik sistemi;
2) Ölkənin sənayesinin inkişaf səviyyəsi
və onun əsas istiqamətləri;
3) Ölkənin yerləşdiyi coğrafi məkan;
4) Xalqın mentaliteti və əxlaq tərzi.
Son iki faktor nəzərə alınmadan istənilən
layihənin tətbiqi uğursuzluqla nəticələnir.
Digər tərəfdən biz nəyi, nə
üçün dəyişmək istədiyimizi dəqiqləşdirməliyik.
Bu haqda fikirlərimi bildirməzdən öncə bəzi məlumatları
oxucuların diqqətinə çatdırmaq istərdim.
Dünyanın bir çox ölkələrinin, o
cümlədən Yaponiyanın, Çinin, Almaniyanın,
Kanadanın, Danimarkanın, İsveçrənin,
İsveçin, Norveçin, Finlandiyanın, Böyük
Britaniyanın təhsil sistemlərini araşdıraraq
müqayisəli təhlillər apardım. Onların heç
birində tam uyğunluq yoxdur. Hətta bir ölkənin
daxilində müxtəlif qanunların mövcud olduğu təhsil
sistemləri var. Məsələn, Kanadanın və
İsveçrənin təhsil sistemində olduğu kimi.
Yuxarıda qeyd olunanlar onu göstərir ki, biz öz mövcud
təhsil sistemimizi təkmilləşdirməklə inkişaf
etdirməliyik. 10 milyon kvadratkilometrə yaxın əraziyə
malik Kanadanın 10 əyaləti və iki ərazisi var və
hər bir əyalət və ərazi öz təhsil sistemini
və təhsil müəssisələrini yaradır. Saskaçevan
əyaləti istisna olmaqla bütün əyalət və ərazilərdə
tədris planının 80 faizini federal komponent təşkil
edir, tədris fənlərinin 20 faizi yerli səviyyədə
müəyyənləşdirilir.
Kanadanın məktəb təhsili öz
qarşısında dörd əsas məqsəd qoyur: peşəkar
hazırlıq, əxlaqi və vətəndaş
inkişafı, intellektual və şəxsi inkişaf. Kanadada
müəllim hazırlığına çox ciddi tələblər
qoyulub. Ən ağır müsabiqə müəllimlik
ixtisaslarındadır. Hətta bakalavr pilləsini bitirib müəllim
olanlara müvəqqəti müəllim bakalavr diplomu verilir.
Əyalət təhsil sistemindən asılı olaraq 2-5 il
müəllim işləyən bakalavrlar yenidən imtahan verərək
daimi diplom alırlar.
Avropda istedadların inkişafına və ali təhsilin
inkişafına müxtəlif yanaşmalar mövcuddur.
Benilyuskda, Şimali Avropada və alman dilli ölkələrdə
proqramlarda kəskin fərqlər var. Hətta təhsilin
Skandinaviya modeli çox ciddi olaraq digər modellərdən kəskin
fərqlənir. Bu deyilənlər bir daha sübut edir ki, nə
təhsildə, nə də elmdə vahid və ideal model
mövcuddur. Belə olan halda mövcud modeli yox edib yerində
sanki ideal təhsil və elm modeli yaratmaq ideyası, fikrimizcə,
yanlışdır və təhlükəlidir. Belə olan
halda nə etməliyik? Əvvəlcə təhsil və elm
modellərimizi dəyərləndirməliyik. Hesab edirəm
ki, hazırkı təhsil sistemimiz kifayət qədər qəbul
olunandır və onun uğurlarını görməzlikdən
gəlmək olmaz. Nələri dəyişə bilərik və
dəyişməliyik?
Müəllimlik ixtisaslarına qəbul şərtləri
dəyişdirilməli və yalnız kifayət qədər
(?500) bal toplayanlar qəbul olmalıdır. Kimya, biologiya
ixtisaslarına qəbul tibb ixtisasları olan qrupdan
ayrılmalıdır (qeyd edim ki, bu yaxınlarda universitetlərdən
birinin institutumuzda praktika keçən 18 tələbəsinin
hamısı kimya fənnini sevmədən kimya fakültəsinə
qəbul olunduqlarını bildirdi). Müəllimlik peşəsini
sevməyən, amma müəllim olmağa məcbur olan məzunlar
yaxşı müəllim ola bilməzlər.
Məktəb və müəllimlərə
qarşı cəmiyyətin münasibəti müsbətə
doğru dəyişməlidir. Yaxşı məktəblərin,
nüfuzlu müəllimlərin və istedadlı məktəb
məzunlarının ölkə miqyasında
tanıdılması sahəsində ciddi işlər
aparılmalıdır.
Şagirdlərin yüksək hazırlığı
üçün repetitorluq lazımdır və ya yox? İlk
növbədə şagirdlərin
hazırlığının artırılması
üçün hansı formanın repetitorluq adlanmasına
baxılmalıdır. Fikrimizcə, hər bir valideyn,
böyük bacı-qardaş ailədə olan kiçik məktəblilərə
dərslərə hazırlıqda kömək etməlidir.
Bu, haqqı ödənilməyən repetitorluqdur. Ödənişli
repetitorluq da var və bir çox ölkələrdə,
xüsusən də inkişaf etmiş ölkələrdə
təşviq olunur. Amma hazırlığın bu forması dərsdən
yayınmaqla, məktəb qaydalarını pozmaqla
olmamalıdır. Ən vacibi də odur ki, məktəbdə
dərs deyən müəllim eyni şagirdi repetitor olaraq
hazırlamamalıdır.
Məktəb dərslikləri və dərs vəsaitləri
sadə dildə yazılmalı və asan qavranılan
olmalıdır. Fənlərarası əlaqələr
gücləndirilməlidir. Məktəblərin müasir
laborotoriyalarla, illüstirasiya materialları ilə təchizatı
yaxşılaşdırılmalıdır.
Tədrisdə istifadə üçün internet
resursları yaradılmalı və hər bir şagird
üçün əlçatanlığı təmin
olunmalıdır. Ölkənin nüfuzlu alimlərinin məktəblərdə
görüşlərinin, məharət dərslərinin təşkili
böyük fayda verə bilər.
Ali təhsil sahəsində kifayət qədər
uğurlar var və yüzlərlə məzunun
dünyanın ən inkişaf etmiş ölkələrində
öz peşələri üzrə yüksək vəzifələrində
çalışmaları fikrimizin təsdiqi ola bilər. Son
illərdə universitetlərin elmi-tədqiqat institutları ilə
əlaqələrinin möhkəmlənməsi sahəsində
görülən işlər təqdirə layiqdir. Universitetlər
üçün dərsliklərin və dərs vəsaitlərinin
birgə müəllifliklə hazırlanması həm
universitetlər, həm də elmi-tədqiqat institutları
üçün çox faydalıdır. Birgə əməkdaşlığın
həm universitetlərin beynəlxalq nüfuzunun artmasında,
həm də alimlərimizin dünyada tanınmasında
böyük əhəmiyyəti var. Hazırda institutumuzun
30-dan çox əməkdaşı 12 universitetdə dərs
deyir. Universitetlər və elmi tədqiqat institutlarının
birgə kadr hazırlığı da uğurlu nəticələr
verməkdədir.
Elm sahəsində ölkənin aparıcı elmi
müəssisələrinin və nüfuzlu alimlərinin elmi
uğurlarını görmək istəməmək ən
azı günahdır. Əgər alimlərimizin bir
çoxunun ən nüfuzlu jurnallarda (əsasən Q1 və
Q2-də) çoxsaylı məqalələrinin nəşri,
ölkənin elmi nəticələrinin sənayedə, hərbidə
və kənd təsərrüfatında istifadəsi varsa,
bunları görmək istəməmək nə deməkdir?
Hesab edirik ki, daxili bazar qorunduğu və elmi nəticələrin
tətbiqinin təşviq olunduğu halda tətbiqlərin
miqyası genişlənə, elmin səmərəliliyi arta
bilər.
Elmi dərəcələrin verilməsi qaydası məqbul
sayılmalıdır. Fəlsəfə doktoru və elmlər
doktoru elmi dərəcələrinin verilməsi qaydaları
saxlanmalıdır. Alimin qarşıya qoyduğu məqsədlərin
böyüklüyü onun tədqiqat motivasiyasını
artırır. Hər bir alim bütün fəaliyyəti boyu
motivasiyalı tədqiqatlar aparmalıdır. Fəlsəfə
doktoru və elmlər doktoru elmi dərəcələrini,
dosent və professor elmi adlarını, AMEA-nın mübir
üzvü və həqiqi üzvü adını almaq istəyi
alimin fəaliyyətini daha güclü motivasiya edir. Əsas məsələ
tədqiqatlar üçün şəraitin daha da
yaxşılaşdırılması, gənclərin elmə
gəlməsinin təşviqindədir.
Yalnız fəlsəfə doktoru elmi dərəcəsi
almaq üçün müdafiə etmiş fəlsəfə
doktorlarının güclü elmi məktəblər yaratmaq
ehtimalı çox azdır. Belə olan halda elmlər doktoru
dissertasiyalarının müdafiə olunmaması gələcəkdə
nüfuzlu elmi məktəblərin yaranması
ehtimalını kəskin azaldacaq.
Nəhayət Ali Attestasiya Komissiyası haqqında: Bu
qurum mütləq fəaliyyətini davam etdirməlidir. Son illərdə
Ali Attestasiya Komissiyasının həyata keçirdiyi
islahatlar yaxşı nəticələrə səbəb olub.
Əgər elmi dərəcələrin və elmi adların
verilməsində nəzarət mexanizmi zəifləsə,
arzuolunmaz nəticələr yarana bilər.
Yekunda onu qeyd etmək istərdim ki, təhsil və elm
sahəsində qəfil əsaslı dəyişikliklər
yolverilməzdir. Hər hansı bir islahat təkamül
xarakterli olmalıdır. Hər bir islahat təklifi
araşdırılmalı və qiymətləndirilməli,
yalnız bundan sonra onun həyata keçirilməsinə
başlanmalıdır.
Vaqif ABBASOV
Akademik
525-ci qəzet .- 2025.-15 may(№83).- S.8.