PKK-nın ləğvi:
"Terrorsuz Türkiyə" hədəfi üçün
önəmli addım
Məlum olduğu kimi, bir neçə gün əvvəl
PKK terror qruplaşması 12-ci toplantısında
özünü buraxdığını elan edib. Bununla
bağlı terror qruplaşmasının yaydığı
açıqlamada səbəb olaraq "PKK-nın tarixi
missiyasını bitirməsi" göstərilib. Bildirilib ki,
PKK adı altında bütün fəaliyyət başa
çatıb.
Qeyd edək ki, PKK terror təşkilatı 1978-ci ildə
Türkiyənin Lice bölgəsinin Fis kəndində Abdullah
Öcalan və onu dəstəkləyən 21 nəfər tərəfindən
qurulub. Terror qruplaşması 1984-cü ildən bu yana həm
Türkiyədə, həm də ümumilikdə bölgədə
çox sayda terror aktları, silahlı hücumlar təşkil
edib, minlərlə günahsız insanın, dövlət məmurlarının
həyatına son qoyub. Rəsmi məlumatlara görə,
PKK-nın hücumlarında 40 mindən çox insan həyatını
itirib. Təşkilat təkcə hərbi deyil, mülki obyektləri
də hədəf alıb.
Xatırladaq ki, 2025-ci il fevralın 27-də həbsdə
olan PKK lideri Öcalan tərəfdarlarını türk
dövlətinə qarşı silahlı mübarizəni
dayandırmağa, silahları təhvil verməyə
çağırıb. Onun yazılı müraciətində
"Silahı yerə qoyun!"
çağırışı yer alıb.
Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında
saxlanılır. O, 1999-cu ilin fevralında Milli Kəşfiyyat
Təşkilatının əməliyyatı nəticəsində
Keniyada saxlanılıb və Türkiyəyə gətirilib.
Ölüm cəzasına məhkum edilsə də, hökm
sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.
PKK terror təşkilatının ləğvi
çox ciddi bir hadisədir. Çünki qeyd etdiyimiz kimi,
Türkiyə dövləti uzun illərdir terrorla mübarizə
aparır, indiyədək bu istiqamətdə xeyli vəsait xərclənib.
İndi verilmiş qərar daha güclü Türkiyə
üçün yeni bir səhifənin açılması
deməkdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
bəyan edib ki, Türkiyə ölkə gündəmindən
terror problemi məsələsini tamamilə çıxarmaq hədəfinə
doğru qətiyyətlə irəliləyir. Bu gün
"Terrorsuz Türkiyə" yolunda kritik mərhələ
geridə qalıb. Türkiyə lideri PKK-nın
buraxılması ilə bağlı qərardan sonra yeni bir səhifənin
açılacağına ümid etdiyini bildirib:
"Terrorçular silahları yerə qoyacaqlarını bəyan
ediblər. Bu qərarı önəmli hesab edirik.
Terrorçu təşkilat tamamilə aradan
qaldırıldıqdan sonra yeni bir səhifə
açılacaq. İmperialistlərin planlarına
ölümcül zərbə vurulacaq. Qalib gələn
Türkiyə və türk xalqı olacaq".
Ərdoğan bəyan edib ki, Türkiyənin dövlət
qurumları, o cümlədən xüsusi xidmət
orqanları bu prosesin gedişini diqqətlə izləyəcəklər.
Azərbaycan Prezidenti İlham Əliyev PKK terror
qruplaşmasının özünü ləğv etməsi
ilə əlaqədar Türkiyə xalqını təbrik
edib. Dövlət başçısı X sosial şəbəkə
hesabında bununla bağlı etdiyi paylaşımda bildirib:
"Başda əziz Qardaşım, Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan
olmaqla bütün qardaş Türkiyə xalqını PKK
terror qruplaşmasının özünü ləğv etmək
və silahı yerə qoymaq qərarı münasibətilə
ürəkdən təbrik edirəm.
Əziz Qardaşımın bəyan etdiyi "Terrorsuz
Türkiyə" hədəfinə çatmaqda vacib mərhələ
olan bu hadisə dövlətçilik yolunda ölkədə
aparılan qətiyyətli siyasətin nəticəsi,
güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin
və həmrəyliyin təntənəsidir.
Alınmış qərarın tam icrası istiqamətində
Türkiyə dövlətinə və xalqına uğurlar
arzulayıram".
PKK-nın özünü ləğv etməsi təbii
ki, Türkiyə dövlətinin apardığı siyasətin
nəticəsidir. Artıq PKK-da anladılar ki, təslim
olmaqdan başqa çıxış yolu qalmayıb, Türkiyə
dövləti qarşısında məğlub olublar. Təbii
ki, indi Türkiyə daha ayıq-sayıq olmalıdır.
Çünki PKK bundan əvvəl düz 11 dəfə
özünü ləğvetmə qərarı verib, amma təbii
ki, istənilən nəticə əldə olunmayıb. Ona
görə də Türkiyə dövləti məsələyə
daha ehtiyatla yanaşır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
İdarə Heyətinin üzvü Cavid Vəliyev də hesab
edir ki, Türkiyədə narahatlıq doğuran bir sıra
açıq suallar var, ona görə də Ankara prosesə
ehtiyatla yanaşır və onun necə gedəcəyini
görmək istəyir: "Bu suallardan birincisi PKK-nın həqiqətən
də silahı təhvil verib, özünü ləğv edəcəyi
ilə bağlıdır. İkincisi, başqa adla fəaliyyət
göstərə bilərmi, nəhayət hər hansı
başqa bir təşkilat PKK-nın bu qərarını
sobotaj etmək üçün bir terror fəaliyyəti həyata
keçirə bilər. Belə məsələlər
var".
Ekspert əlavə edib ki, Türkiyə PKK ilə
mübarizə siyasətində son illərdə ciddi bir dəyişiklik
etdi. Xüsusilə Ədalət və İnkişaf
Partiyası dövründə. Bu da ondan ibarətdir ki, terror təşkilatı
ilə deyil, terrorizmlə mübarizə aparmağa
başladı ki, bunlar da bir-birindən fərqli məsələlərdir.
Terror təşkilatı ilə silahla mübarizə aparırsan,
terrorizmlə mübarizənin yolları isə
başqadır.
Onun sözlərinə görə, PKK bu qərarı
qəbul etməyə məcbur oldu: "Bunun üç səbəbi
var. Birinci səbəb budur ki, PKK terror təşkilatı hərbi
cəhətdən uduzdu. Bu gün PKK İraqın
şimalında Qəndil dağında sıxışıb
qalıb. Ona görə ki, hətta İraqın
şimalındakı Kürdüstan bölgəsi belə onu
dəstəkləmir, aralarında rəqabət var. Silahlı
terrordan istifadə edərək kürdlərin hüququnu
qorumasını iddia etməsi ilə əslində kürdlərə
ən böyük zərəri verdi və onlar artıq bu fərqi
gördülər. Dezinformasiyanı Türkiyə dövlətinə
qarşı istifadə etməyə çalışarkən
özləri bundan daha çox uduzmağa başladılar. PKK
hərbi olaraq Türkiyənin içində bitib. Qəndil
dağına sıxışıb. İkincisi, siyasi olaraq
kürd məsələsindəki partiyalar, nümayəndələr
artıq Türkiyə Böyük Millət Məclisində,
hətta hökumətin
içində təmsil olunurlar. Bu gün hökumətdə
kürd əsilli insanlar var. Bunu heç kim inkar da etmir. Yəni
AKP PKK-nın həmin dayanaq nöqtəsini kəsdi. Onlar
Türkiyə əhalisinin 10-15 faizini təmsil etmələrinə
baxmayaraq, ölkə siyasətində, hökumətdə təmsil
olunurlar.
Nəhayət, PKK bölgədə siyasi olaraq
yalnız qaldı, Türkiyə bunu bacardı. Baxmayaraq ki, hətta
ona regionda dəstək vermək istəyən qüvvələr,
dövlətlər var, amma Türkiyə onu izolyasiya etməyi
bacardı. PKK nümayəndələri artıq hərəkət
edib, ora-bura keçə bilmirlər. Türkiyə dövləti
siyasi olaraq bunu bacardı. Dediyim kimi, bu üç səbəb
- hərbi olaraq uduzmağı, siyasətdə təmsil
olunmağı və regionda izolyasiyası məcbur elədi
ki, PKK-a təslim olsun".
Politoloq Zaur Məmmədov deyib ki, PKK-nın ləğvi
Türkiyə üçün mühüm hadisədir.
Çünki Türkiyə uzun illər kürd terrorundan və
separatizmdən əziyyət çəkir. O bildirib ki,
Türkiyənin Milliyətçi Hərəkat
Partiyasının lideri Dövlət Baxçalının
2024-cü ildən başlayaraq PKK liderinə bir
çağırışı var idi. Abdullah Öcalandan bu məsələni
dayandırmaq istənilirdi: "Nəticə etibarilə
artıq PKK tərəfindən bəyanat verildi. Orada
terrorçu təşkilatın özünü
buraxdığı bildirilir. Abdullah Öcalanın
başçılığı altında başlanılan bu
proses PKK-nın bütövlüklə ləğvini,
bütün növ fəaliyyətin
dayandırıldığını, bundan sonra silahlı
müqavimətin sona çatdırıldığını
ehtiva edir. Bəyanatda, həmçinin Türkiyə parlamentinə,
hökumətinə, siyasi partiyalara, QHT-lərə və
KİV-lərə prosesə dəstək verməyə
çağırılır.
Qeyd etdiyim kimi, proses 22 oktyabr 2024-cü ildə MHP
lideri Dövlət Baxçalının Öcalanı təşkilatı
ləğv etməyə çağırması ilə
başlayıb. Bunun müqabilində o, Öcalana parlamentdə
çıxış etmək imkanı verəcəyini və
sözdə "ümid hüququ"nun - ömürlük həbsə
məhkum edilmiş şəxslərin amnistiyaya
arxalanmasını təmin edən mexanizmin tətbiqinə təşəbbüs
göstərəcəyini vəd edib. Az sonra DEM
Partiyasının (keçmiş HDP) bir qrup nümayəndəsi
Öcalanın saxlandığı İmralı adasına səfər
edib. Fevral ayında o, sülh üçün rəsmi
müraciət edib".
Politoloq əlavə edib ki, sözün həqiqi mənasında
Türkiyəni zəiflətmək istəyən müxtəlif
regional və beynəlxalq aktorlar tərəfindən bilərkdən
PKK və buna bənzər silahlı dəstələr,
terrorçu qruplar vasitəsilə Türkiyəyə
qarşı siyasi təzyiq formalarından istifadə edirdilər.
O, PKK-nın buraxılması prosesi və sonrakı
hadisələrin ekspertlər və analitiklər tərəfindən
proqnozlaşdırılmasına da toxunub: "Belə
yanaşmalar var ki, PKK üzvləri İraqın Süleymaniyyə
və Ərbil şəhərlərində BMT-nin nəzarəti
altında silahlarını təhvil verəcəklər. Təşkilatın
300-ə yaxın yüksək vəzifəli üzvü Cənubi
Afrika və Norveç kimi uzaq ölkələrə göndəriləcək.
Onların İran, İraq və Suriyaya girişi qadağan
olunacaq. Cinayət törətməyən əcnəbi PKK
üzvləri qayıda biləcəklər.
Türkiyə vətəndaşı olan 4000-ə
yaxın PKK-çı mərhələli şəkildə
Türkiyə hakimiyyətinə təslim olacaq. Abdullah
Öcalan İmralı adasında qalacaq. Mövcud qanunvericiliyə
əsasən, təşkilatın yaşlı və xəstə
üzvləri azad olunacaqlar. Daha sonra amnistiya qanununa parlamentdə
baxılacaq. DEM partiyası yenidən təşkil ediləcək,
lakin nizamnamə sənədlərində PKK-dan bəhs edilməyəcək.
Həmçinin PKK ilə əlaqədə ittiham olunaraq vəzifəsindən
uzaqlaşdırılan bələdiyyə
başçılarının bərpası məsələsi
də gündəmdə olacaq
Təşkilatın fərqli ad altında dirçəliş
riskini nəzərə alsaq, Türkiyə uzun müddət
bölgədə hərbi varlığını qoruyacaq.
Suriyaya gəlincə, YPG-nin taleyi Dəməşq hökuməti
ilə birgə həll olunacaq: əcnəbi
döyüşçülər ölkəni tərk edəcək,
qalanlar isə Suriya ordusunun sıralarına inteqrasiya
olunacaq".
Politoloq onu da vurğulayıb ki, bütün prosesin
ABŞ və Fransa kimi xarici dövlətlərin
iştirakı olmadan müstəsna olaraq Türkiyə daxilində
həyata keçiriləcəyi ayrıca vurğulanır:
"Proseslərin ardını gözləmək
lazımdır. Çünki qruplaşmanın sözün həqiqi
mənasında buraxmasına zaman və ardıcıl iş
lazımdır".
Pərvanə
525-ci qəzet .- 2025.-15 may(№83).- S.5.