Məni yandırmağın yandırmır məni

 

 

Deyirsən ki, səndən sevinc ummayım,

And içmisən kədər, qüssə verəsən.

Mey dolu badəmi əlimdən alıb,

Yerinə su dolu kuzə verəsən.

 

Dünyadan baxanda əqli zailəm,

Bu məstlikdən bir də çətin ayılam.

Mən, axı, klassik şair deyiləm,

Deyəm: "Ey gül, mənə busə verəsən".

 

Bürüyüb ömrümü həsrətin çəni,

Ayrılıq ruhumun düm ağ kəfəni.

Məni yandırmağın yandırmır məni,

Qorxuram özünü hisə verəsən.

 

Allaha güvən

 

Bugünün bir gün olmasa,

Yol gələn sabaha güvən.

Çox güvənmə ona-buna,

Sən təkcə Allaha güvən.

Nəfs adamı lap qəlp edər,

Sonra özündə qərq edər.

Təpərsiz olar təpələr,

Sən dağ olub dağa güvən.

 

Ömrün sirrin çözə-çözə,

Vur özünü oda-közə,

Dərd söyləmə dərdbilməzə,

Ondansa bir aha güvən.

 

 

Sözdü bəxtin açarı

 

 

Ömrümün yolu üstə

Gör nə qədər günah var.

Başıma qaxınc olur

Etmədiyim günahlar.

 

Bəxtin üzü bərkdimi?

Bu sınaqlar ərkdimi?

Fələyə gərəkdimi

Mənim çəkdiyim ahlar?

 

Sil könlündən qubarı,

Sözdü bəxtin açarı.

Barsız olmasın barı

Ömrə gələn sabahlar.

 

Şeiri duymayan dünya

 

 

Ömrün-günün məhəbbətə,

Sevgiyə qıymayan dünya.

Sən nələrə uyacaqsan?!

Şeirə uymayan dünya.

 

Hər gün küncə qoyacaqlar,

Soğan kimi soyacaqlar,

Səni heçə sayacaqlar,

Şeiri saymayan dünya.

 

Könlün yamaq-yamaq imiş,

Dostların xam qonaq imiş,

Dediklərin nahaq imiş,

Yalandan doymayan dünya.

 

 

Göy üzündən daş gələcək,

Qış üstündən qış gələcək,

Başına çox iş gələcək,

Şeiri duymayan dünya.

 

  Hüseyn BAĞIROĞLU

525-ci qəzet .- 2025.-16 may(№84).- S.15.