Təəssüfüm ifadə edə bilməyəcəyim
qədər...
Hələ lap əvvəldən, ondan da əvvəl...
İfadə edə bilmədiyim təəssüfümlə...
Hələ lap əvvəldəki güllər,
çiçəklər
Və ehmalca uzadılmış kürəklərlə...
O kürəklərə birdən yüklənən
iztirabla
Deyirəm bu sözləri...
İztirabın göz yaşları o qədər
gözəl idi ki,
Çox da olmasa,
anlamaq mümkündü o anı belə sevməyi,
o andakı bütün iztirablara belə
bağlanmağı.
Sənə yazdığım məktublardakı
halın...
O haldan qalan əlamət...
Hələ lap əvvəlini deyirəm - sənin sən
olduğun
o anın ahəngini və o andakı bənizini.
Hər şeydə olduğu kimi
bu yaşantının da ortası bir göz
qırpımında gəldi.
O zirvədən düşməyimiz ortalarda oldu...
Fəqət həmin zirvədən də yüksəyə
qalxdığımız
o anlar məni bir az da insan etdi.
İndi isə...
Gördüyüm kimi ifadə edə bilmirəm bunu,
bu soyuqluğu, heç cür...
Bəlkə, heç soyuqluq da deyil bu...
Bir heçlikdir...
Heçliyin də heçliyi...
Özünü bilməzliyin, görünməzliyin,
yoxluğumuzun təsviri yoxdur,
ifadəsizliyin ifadəsi elə heçlikdir,
izah da oluna bilməz bu, heçdir çünki!
İndicə - o zirvədən də yüksəyə
qalxmaq istəyəcəyimiz anda
"heç nə yoxdur" deyiləcək və
bu, içimi daha da soyudacaq...
Əslində sətirlərin sonu heç cür isitməz
və bəlkə, heç soyutmaz da içimi.
Səhvlərini götür-qoy edə bilməyəcəyim
qədər
böyükdür təəssüfüm...
Təəssüfüm ifadə edə bilməyəcəyim
qədər...
Hamartia
Hamartia - ən dərin soyuqluğum,
Ən böyük anlaşılmazlığım və
qayğım...
Təəccübüm, təəssüfüm, tənəzzülüm...
Kürəyimə sancılan həmin o iztirab,
zirvəni rədd edən həmin o...
Həyəcanım, utanc və qorxum...
Yaş tökən gözlərə
baxdığım anda da, ondan öncə də...
O anı təsvir etməyə gücüm yetməz.
Çünki görmədiklərimin də həyəcanının
olduğunu
gördüklərimin gərginliyindən dərs
almaqla anladım.
Xəyalımın gücünün məni
aparmasına göz yumdum,
təbii ki, xeyir üçün.
Nə hayqırışlara, nə yalvarışlara,
nə də
onlara qurban olmağı vəd edənə bir şey
dedim.
Çünki sonsuzluğa uzana biləcək hər
şeyə göz yumdum,
özümsə saniyələrin ahəngi ilə bir
yerlərə qapıldım.
Məhz bundandı qapıldığım həyəcan,
utanc və qorxu...
Möhtəşəm idi.
Sevgiylə dolu və sonsuzluqdaymışam kimi.
Zirvə...
Bambaşqa bir zirvə...
Parıltısını sezdiyim göz
yaşları...
Başqalarında daha çox,
məndə isə daha az olan.
Ən əsas məqamda sağımda gördüm
onu.
Onun da gözləri yaşlı,
bənizi bir təbəssümü üzərinə
götürmüş.
O, tanış idi,
bir qədər fərqli, daha yaxın imiş kimi,
fəqət elə olmadığını bilirdim.
Zirvəmdə nə ki fərqli duyğu var, indi
qabardı.
İndi məni həm darda, həm də arada
buraxdı.
Eynilə Hamartianın gözləri qapalı
"anlaması" kimi.
Həm heç, həm də seçilməz olan
Hamartia.
Ələ almağa çalışdığım,
amma əlində qaldığım Hamartia...
Hamartia mən idimmi - yox!
Fəqət üzümü turşudub sizi əmin edərəm,
Hamartia sən, mən, o da ola bilər.
Eynilə sevginin də sən, mən, o
və heç uzatmayaq,
Tanrının özü ola biləcəyi kimi.
Hamartia hələlik səadəti inkar edən aciz,
gözü bağlı və "xoşbəxtdir".
Onunla dünən vədələşdik, amma
bugün gəlmədi.
Bəlkə də, sevgini çoxdan unudub, amma...
Hamartia bir vaxt mən boyda olmaq istəyirdi,
İndi isə, anlayışsız qalmasına rəğmən,
tək anlamın boy olduğunu düşünür.
Zərrəsi də vərəqə tökülməmiş
şeir
Dörd divar arasında
yalqız deyilkən belə, mən
quşların qanad çırpıb ötərək
pıçıldadıqları həqiqətəm.
Mən ömür boyu bir gözucu baxışa rəğmən,
saysız-hesabsız qırışlardan
yapışan,
dağ-dərə demədən
yerində qalan həmin o mənzərəyəm.
İslah üçün tərbiyə, qisas
üçün qan çanağıyam.
Cəza verən Allahın
əfvdən boyun qaçıracağını deməyənlərdənəm.
Çünki qisas üçün
buraya gəlməyəcəyinə də əminəm,
elə cəza üçün də...
Bizə görünəndə isə
həmin o quştək
cəh-cəh vurmayacağını da bilirəm.
Cəza həqiqət deyil:
Mənim, hər yaradılanın, adil bir əldən
çıxanın
adi məxluq ola bilməyəcəyi kimi.
Vərəqi qoyub, yeri gəldi-gəlmədi,
gözünü
başqa bir şeyə zilləməyəcəyi kimi.
Yalana tabe olmamağını
gülərək
həqiqətin özü olmağına
bağladığı kimi.
Bunların hər birinin
və yeri gələndə heç birinin,
elə onun həm özü,
həm də mən ola biləcəyi kimi
Bir bütöv kimi,
təbəssümdən boylanan təcəssüm
kimi,
O təcəssümü layiqincə alıb,
yenə də zərrə ola bilmənin
xoşbəxtliyi kimi.
Elə bilməyin, zərrə heçdir.
Zərrə ilə heçi yan-yana qoysaq,
Yaradanla yaradılanı görərsiniz.
Zərrə ilə yaradılanı, yəni həqiqəti,
məni, səni, onu yanaşı qoyduqda isə
Yaradan gözdən itər.
Bir də, zərrəsi özü boyda olana qədər,
yalnız kiçik zərflərlə, vərəqlərlə
və
onlardan yarananlarla
asta-asta pıçıltısını qoyar ortaya,
tən ortaya,
Həm də görünə biləcək şəkildə.
Bəlkə, pıçıltısı bir quşun
ağzında,
bəlkə də, bir küləyin dilində
çatacaq yaradılanın qulaqlarına,
mütləq nə cürsə çatacaq.
Elə bu zaman şeirin də zərrəsi
bəlkə də, heç tökülməmiş
olacaq
həmin o vərəqlərə.
Bəlkə də, buna görə könül
sığmaq istəməyəcək bir yerə.
sığmağa
ehtiyacı olmadığı anda
bütün vərəqlər şeirlə
dolub-daşacaq
bir-birindən tam fərqli şeirlərlə...
Bəzisi utancla, iztirabla,
Digərləri eşqlə, qürurla...
Fəqət yavaş-yavaş
hamısı eyniləşəcək sonda.
Qəlbi sancmayan, eynilə bizim kimi,
bir-birindən fərqli eyniliklər,
bir-birindən gözəl,
hər zərrəsi vərəqə
köçürülmüş şeirlər.
FURQAN
525-ci qəzet .- 2025- 16 may(№84).- S.15.