"Böyük Qayıdış
sürətlə və uğurla gerçəkləşir"
Mayın 10-da Prezident İlham Əliyevin
iştirakı ilə Ağdam rayonunun Kəngərli kəndinin
birinci mərhələsinin açılışı
müasir tariximizin daha bir parlaq səhifəsinə
çevrildi.
İşğaldan azad olunan digər ərazilərdəki
kimi, Ağdam rayonunda da genişmiqyaslı quruculuq işləri
aparılır. Bu işlərin davam etdiyi yerlərdən biri
də rayonun Kəngərli kəndidir. Şəhər mərkəzindən
6 kilometr məsafədə yerləşən bu kəndin təməlini
2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev qoyub. Kəngərli
kəndi 2544 nəfər üçün
planlaşdırılıb. Layihələndirilən ümumi ərazi
177 hektardan çoxdur. Ümumilikdə kənddə 2 mərhələ
üzrə 632 fərdi evin inşası nəzərdə
tutulub. Bu kənddə də əhalinin məşğulluğunun
təmin edilməsi üçün hər cür şərait
yaradılıb, iqtisadi, təhsil, sosial, mədəni və məişət
təyinatlı müxtəlif obyektlər tikilib. Kənddaxili
yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı
təmin olunub.
Prezident eyni zamanda Kəngərli kənd tam orta məktəbinin
binasının və Ağdamın Kəngərli kəndində
120 yerlik körpələr evi - uşaq
bağçasının açılışını
edib. Ağdamın Kəngərli kəndində inşa edilən
orta məktəb binasının 30 sinif otağında 484
şagird təhsil alacaq.
Millət vəkili Səbinə Salmanova deyir ki, bir
zamanlar "Qafqazın Xirosiması", "Kabus şəhər"
adlandırılan Ağdam yenidən dirçəlir və
çiçəklənir: "İşğal
dövründə tamamilə viran qoyulan Ağdam artıq yeni
inkişaf mərhələsindədir. Prezidentin Ağdama səfəri,
rayonun Kəngərli kəndində fərdi evlərin və
infrastrukturun bərpası sahəsində görülən
işlərlə tanış olması, sonra kəndə
köçən bir qrup sakinlə görüşü
mühüm əhəmiyyət kəsb edir. Prezident
görüşdə Ağdam sakinlərinə növbəti
şad xəbəri də verdi. İlham Əliyev qeyd etdi ki,
rayonun Xıdırlı kəndi də, demək olar,
açılışa hazırdır və yaxın aylarda
orada da həyat qaynayacaq. Ölkə başçısı
rayona səfəri çərçivəsində, həmçinin
Ağdam vağzal kompleksinin və Ağdam Muğam Mərkəzinin
açılışında da iştirak etdi. Bütün
bunlar onu deməyə əsas verir ki, bir neçə ildən
sonra Ağdam öz gözəlliyi və bənzərsizliyi ilə
hər kəsi valeh edəcək".
Millət vəkili Könül Nurullayeva qeyd edib ki,
işğaldan azad olunan ərazilərdə aparılan bərpa-quruculuq
işləri regionun simasını tamamilə dəyişib:
"Ağdamda Sarıcalıdan sonra artıq ikinci kənd - Kəngərli
də tam bərpa olunub və doğma sakinlərin burada məskunlaşması
üçün hər cür şərait yaradılıb.
Bu, azad olunmuş ərazilərdə bərpa olunan 14-cü
yaşayış məntəqəsidir. Prezident İlham
Əliyenin Kəngərli sakinləri ilə görüşdə
də söylədiyi kimi, təkcə Ağdamda yox, demək
olar ki, o vaxt işğal altında olan bütün torpaqlarda
Ermənistan dövləti tərəfindən məqsədyönlü
siyasət aparılırdı ki, heç vaxt azərbaycanlılar
bu bölgəyə qayıtmasınlar. Çünki həm
Ermənistan, həm də onun havadarları işğalın əbədi
qalmasına çalışırdı. Amma onlar Azərbaycan
xalqının heç vaxt işğalla
barışmayacağını, Azərbaycan dövlətinin
güc toplayaraq düşməni öz torpağından
qovacağını hesablaya bilməmişdilər. Ölkə
başçısı bir daha bildirdi ki, siyasi iradə, iqtisadi
güc, müstəqil siyasət, güclü ordu, vətənpərvərlik
və milli ruhda tərbiyə olunan, bu torpaqları heç
vaxt görməyən gənc nəsil bizim böyük Qələbəmizi
şərtləndirdi. Azərbaycan elə bir tarix yazıb ki,
son 5 ildir, hər kəs bundan danışır. Qarabağ və
Şərqi Zəngəzurun yenilənən siması da
dünyanın diqqətindədir".
K.Nurullayeva qeyd edib ki, bərpa-quruculuq işləri
çərçivəsində Şuşanı Xankəndi
ilə birləşdirən "Kanat yolu" layihəsini
dövlət başçısı ilk dəfə ictimaiyyətə
açıqladı: "Laçın və Kəlbəcərdə
də eyni layihə var. Bu isə həm turizm baxımından,
həm də insanların rahat gediş-gəlişi
üçün çox gözəl bir vasitə olacaq. Yəni
dövlət keçmiş məcburi köçkünlərin
firavan və təhlükəsiz qayıdışını hərtərəfli
təmin edir".
Millət vəkili Vüqar Rəhimzadə qeyd edib ki,
sürətli bərpa işləri onu göstərir ki,
tezliklə bütün keçmiş məcburi
köçkünlər öz doğma torpaqlarına
qayıdacaq, bu ərazilərimizdə yeni həyat
başlayacaq. Kəngərli kəndi bərpa edilən sayca
14-cü yaşayış məntəqəsidir. Ağdam
rayonunun Sarıcalı və Kəngərli kəndləri
artıq sakinlərinə qovuşub. Xıdırlı kəndi
də açılışa hazırdır. İlham
Əliyev bu müjdəni də çatdırdı ki,
yaxın aylarda orada da həyat qaynayacaq.
Millət vəkilinin sözlərinə görə,
artıq 30 ilin dağıntılarını bu gün
müasir standartlara cavab verən bərpa-quruculuq işləri
əvəzləyir. İkinci Qarabağ müharibəsindən
keçən dörd il yarım ərzində quruculuq işləri
göz qabağındadır. O cümlədən Ağdam
şəhərində də bunu görmək
mümkündür. İşğal dövründə Ermənistan
dövləti məqsədyönlü siyasət apararaq
bütün şəhər və kəndlərimizi yerlə-yeksan
etmişdi. Buraya və azad olunmuş digər bölgələrə
səfər edən xarici qonaqlar öz təəccübünü
və bir çox hallarda hiddətini gizlədə bilmirlər.
Onlara başa salanda ki, bu dağıntılar müharibə
zamanı yox, atəşkəs zamanı törədilmişdir,
əlbəttə ki, erməni faşizminin eybəcər sifəti
açıq-aydın görünür. 30 il ərzində hər
gün bu müqəddəs azadlıq gününü
yaxınlaşdırırdıq".
Vüqar Rəhimzadə vurğulayıb ki, tarixi Zəfərimiz,
ərazi bütövlüyümüzün və
suverenliyimizin tam bərpa olunması yeni reallıqlar yaradaraq Azərbaycanın
yeni dövrə qədəm qoymasını şərtləndirdi.
Vətən müharibəsində Qələbəmizdən və
suverenliyimizin tam bərpasından sonra müstəqillik
tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində
prezident, parlament və bələdiyyə seçkiləri
keçirildi. Qarabağımız və Şərqi Zəngəzurumuz
bu gün iqtisadi, siyasi, diplomatik mərkəz kimi
dünyanın diqqətindədir. Bu məkanda keçirilən
hər bir beynəlxalq əhəmiyyətli tədbir Zəfərimizin
yaratdığı reallıqların təbliğidir. Bu
gün azad Qarabağda azad yaşayırıq. Artıq Xankəndidə
Qarabağ Universiteti fəaliyyət göstərir, bu şəhərdə
8 mindən çox insan yaşayır. Şuşanı Xankəndi
ilə birləşdirən "Kanat yolu" layihəsi
üzərində iş gedir. Laçın şəhərində
kanat yolunun tikintisinə bu il başlanılması nəzərdə
tutulur. Kəlbəcərdə də belə layihə var. Təbii
ki, bu sıralamanı daha da artıra bilərik. Bütün
bunlar təbii ki, Vətən müharibəsində və
lokal xarakterli antiterror tədbirlərində tam və mütləq
Qələbəmizin təqdimatlarıdır.
Millət vəkili Hikmət Babaoğlunun sözlərinə
əsasən, son 5 ildə qarşımızda duran ən
böyük milli vəzifələrdən biri işğaldan
azad olunmuş ərazilərimizə Böyük
Qayıdışı təmin etmək və ərazilərimizdə
məskunlaşma ilə bağlı infrastrukturu yaratmaqdan ibarət
idi. İlk növbədə xüsusi proqram çərçivəsində
Azərbaycan dövləti bütün işğaldan azad
olunmuş ərazilərimizdə təhlükəsizliyi təmin
etmək üçün mümkün təhlükə mənbələrini,
o cümlədən minaları təmizlədi. ardınca yol
kommunikasiya elektrik, su və digər vasitələrin inşa
edilməsinə başlandı: "Nəticədə
yüzlərlə kilometr yollar çəkildi, körpülər
salındı, onlarla su elektrik stansiyası inşa edildi, hava
limanları inşa edildi. Şəhər və kəndlərimizin
qəbul olunmuş proqram üzrə şəhərsalma
planları təsdiq edildi. Həmin bu proses müasir tikinti
texnologiyalarına əsaslanan ən müasir formada həyata
keçirildi. Ağıllı şəhərlər, ağıllı
kəndlər formasında qayıdacaq vətəndaşlarımızın
bütün rahatlığını təmin olunması
üçün lazım olan zəruri tədbirlər
görüldü".
Böyük Qayıdış proqramının sürətlə
və uğurla gerçəkləşdiyini deyən
H.Babaoğlu qeyd edib ki, 2026-cı ildə Böyük
Qayıdışın birinci hissəsi başa çatacaq.
Hazırda bu nəhəng dövlət proqramı üzrə
proseslər intensiv olaraq davam etdirilməkdədir.
Millət vəkili qeyd edib ki, Prezidentin Ağdama səfər
etməsi, Bakı-Ağdam dəmiryol inşasının
başa çatması, Ağdam dəmiryol vağzalı
stansiyasının açılışının edilməsi,
həmçinin Ağdam sənaye parkı və digər
müəssisələrinin açılış edilməsi
Ağdamın böyük şöhrətini özünə
qaytarılması istiqamətində atılan
addımlardır. Müasir şəhərlərimizə daha
da müasir şəkildə qayıdırıq.
Millət vəkili Azər Badamov bildirib ki, ermənilər
Ağdamı taladılar, dağıtdılar və
Qafqazın Hirosimasına çevirdilər. Çünki onlar
bilirdilər ki, bir gün azərbaycanlılar öz doğma
yurdlarına qayıdacaqlar. Məhz ona görə də nə
qədər mümkündür apardılar. Amma Müzəffər
Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli
ordumuz Ağdamı da, Şuşanı da, Xankəndini də
və digər əraziləri düşmənlərdən təmizləyərək
ərazilərin suverənliyini təmin etdi.
Azər Badamov dediyinə görə, bu gün Prezident
İlham Əliyevin rəhbərliyi ilə Ağdama və digər
ərazilərə yeni ruh, yeni nəfəs qayıdır:
"Təbii ki, bunu görülən quruculuq və abadlıq
işlərində, öz doğma yurdlarına qayıdan
keçmiş məcburi köçkünlərin sevinc
göz yaşları ilə görünməkdədir. Bu
baxımdan 10 mayda Prezident İlham Əliyev və Birinci
vitse-prezident Mehriban Əliyevanın Ağdama səfəri
tarixin yeni bir səhifəsinə imza
atıldığının təsdiqidir. Torpaqlara əsl
sahibləri qayıdanda çiçəklənir və
inkişaf edir. Bu baxımdan dövlət
başçımızın Ağdamda
açılışlarını etdiyi Dəmir Yolu və
Avtovogzal Kompleksi, Muğam Mərkəzi ağdamlıların
və Ağdama gələcək qonaqların
rahatlığını, mədəni istirahətini təmin
edəcəkdir. Ağdama ağdamlılarla bir yerdə milli-mənəvi
dəyərlər, muğam, mədəniyyət, musiqi də
qayıdır. Həm də Ağdamın növbəti
yaşayış məntəqəsi olan Kəngərli kəndinin
birinci yaşayış kompleksinin açılışı,
bu kənddə yaradılan müasir şərait azad
olunmuş torpaqların addım-addım cənnətə
çevrilməsidir. İnşa olunmuş müasir məktəb,
uşaq bağçası, inzibati binalar və sair Kəngərliyə
qayıdan uşaqların təhsil almasına, layiqli vətəndaş
kimi böyüməsinə imkan verəcəkdir. Beləliklə,
birmənalı şəkildə demək olar ki, Ağdam
torpaqları da çiçəklənməklə öz
xoşbəxtliklərinə qovuşur".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 16 may(№84).- S.14.