Sevgi oazisləri
esse
İnsanın dünyasını
işıqlandırmaq üçün, qəlbini isidib həyat
eşqi ilə alovlandırmaq üçün təkcə
asimandakı günəş bəs etmir, onun daxilində də,
qəlbinin dərin qatlarında da göydəki günəş
boyda bir günəş olmalıdır. Belə hallarda qəlbdəki
günəş göydəki günəşin əksi yox,
göydəki günəş qəlbdəki günəşin
əksinə çevrilir. Buna görədir ki, qəlbdəki
günəş sönübsə, səmadakı günəş
də mənasını itirir, sadəcə göz
qamaşdıran bir kainət cisminə çevrilir.
"Tom Soyerin macəraları" və
"Şahzadə və dilənçi" kimi şah əsərlərin
müəllifi kimi tanıdığımız Mark Tvenin
"Kaliforniyalının hekayəti" sərlövhəli,
dərin mənalı, amma az tanınan bir hekayəsi var. Həmin
hekayədə maraqlı bir əhvalatdan bəhs edilir: Bir nəfər
qızıl axtaran son dərəcə yoxsul, evləri evdən
çox məzarlığı xatırladan,
baxımsız bir qəsəbəyə
gəlib çıxır (Aydın məsələdir ki,
qızıl axtaran həmişə qızıl tapmır).
Amma cansıxıcı bu qəsəbədə xudmani bir ev də
var, həmin ev yaşıllıqlar, gül-çiçək
içində kiçik bir cənnətməkanı
xatırladır. Təbii ki, belə bir sönük qəsəbədə
yerləşən bu ev qızıl axtaranın diqqətini
özünə çəkir. O həmin evin qənşərində
ayaq saxlayıb evin sahibi ilə tanış olanda onun bu cəlbedici
məkana marağı daha da artır. Məlum olur ki, burada
gördüyü abadlığın hər qarışı
evin xanımının zövqünün təcəssümüdür,
başqa sözlə, bu səliqəli evdə də, onun
qapı-bacasında da xanımın əl izi var. Qonaqpərvər
ev sahibi qonağa, qeyri-adi gözəlliyə malik olan
xanımı ilə tanış olmağı da təklif edir,
lakin o, ata yurduna gedib deyə, qonaq üç gün, şənbə
günü axşam saat doqquza qədər gözləməlidir,
əgər qızıl axtaran tələsmirsə, elə bu
evdəcə gözləyib onunla tanış ola bilər.
Vaxtdan başqa heç nəyi olmayan qızıl axtaran
gözləyir. İki gün
keçir, şənbə günü qonaq hiss edir ki,
vüsal saatı yaxınlaşdıqca ev sahibinin
narahatçılığı artır, necə deyərlər,
gözü yolda, qulağı səsdədir. Qürub
çağı həyəcanı daha da artan kişi yola
çıxıb uzaqlara zillənir,
nigarançılığını gizlədə bilmir.
Axşam olur, xanımın gəlməyinə cəmi bir saat
qalmış ev sahibinə qonşuluqda yaşayan üç nəfər
dostu baş çəkir, süfrə açılır, evin
xanımının şərəfinə dönə-dönə
sağlıqlar deyilir. Vəd edilmiş vaxt gəlib
çatır - divar saatının əqrəbləri saat
doqquzu göstərir, amma xanımdan əsər-əlamət
yoxdur. Bu əsnada ev sahibi dostlarına üz tutub - halım
pisdir, məni çarpayıma uzadın! - deyə xahiş
edir. Dostları onu yatağa qoyan kimi kişi şirin yuxuya
gedir. Bundan sonra dağılışmağa hazırlaşan
qonşuları görən qonaq onlardan xahiş edir ki, evin
xanımı gələnə qədər getməsinlər,
evin kişisi yatır, o isə xanımı tanımır...
Qəmli-qəmli gülümsünüb köks
ötürən qonşuların sözlərindən məlum
olur ki, xanım gəlməyəcək, çünki o, on
doqquz il əvvəl şənbə günü axşam
atasıgildən evə qayıdarkən yolda quldurların
basqınına məruz qalaraq həlak olub. Ər bu qara xəbəri
eşidəndə ağlını çaşıb, daha
doğrusu, acı gerçəkliyi qəbul etməyib, ailə
səadəti ilə səciyyələnən daxili
reallığında qapanıb qalıb. Odur ki, on doqquz ildir, hər
şənbə saat doqquzda onun yolunu gözləyir. Kişinin
dərdinə şərik olan dostları, hər şənbə
axşam saatlarında gəlib başını qatır, guya
onunla birlikdə evin xanımının yolunu gözləyir,
şərəfinə badə qaldırırlar... Saat doqquzda ev
sahibinin badəsinə sezilmədən
yuxu dərmanı tökürlər, o, dərin yuxuya gedir.
Bazar günü oyananda isə yenidən xanımının
yolunu, şənbə gününü gözləməyə
başlayır. Bu minvalla yaşayır, evə, evin ətrafındakı
gül-çiçəyə baxır ki, xanımı gələndə
bu abadlığı görüb sevinsin.
Yeri gəlmişkən buna bənzər maraqlı bir əhvalat
da yadıma düşdü. Bunu mənə
yazıçı rəfiqəm danışıb: Kəndlərin
birində yaşayan bir nəfər gözəl qız ağ
atlı oğlanın yolunu
gözləyərkən bir çobana vurulur,
çobanın da ağ atı varmış, güman ki,
çoban qızın öz təsəvvüründə
yaratdığı oğlana da bənzəyirmiş. Qız gənc
çobana aşiq olur, amma çobanın bundan xəbəri
olmur. Ağ atlı oğlan (həmin çoban) sürü
yaylağa gedəndə və yaylaqdan qayıdanda qızın
evinin yaxınlığından keçərmiş. Qız da
sevgilisinə kənardan baxar, ürəyindəki sirri
gündüz günəşə, gecələr aya-ulduza
danışarmış. Bir gün necə olursa, ağ
atlı oğlanın yolu düz qızın
darvazasının ağzından düşür. Həmin
gün hava yağmurlu olduğundan ağ atın çəçiklərinin
(dırnaqlarının) izi darvazasının qənşərində
qalır. Bu müqəddəs
izi gedib-gələnlər tapdamasınlar deyə, kiçik
xanım həmin yeri hasara alır, sonradan həmin hasarın
içinə gül-çiçək əkir və son nəfəsə
qədər bu balaca oazisə göz bəbəyi kimi
baxır.
Bir əhvalat da yadıma düşdü. Bir halda ki,
yazıram, qoy onu da yazım. Bir dostum var, o həm aktyor, həm
rəqqas, həm də nasirdir. İctimai
yığıncaqlarda, mədəni tədbirlərdə həmişə
iştirak edir, xasiyyəti kimi həyatı da qaynardır. Amma
evində dost-tanışı qonaqlamaqdan xoşu gəlmir.
Çox nadir hallarda kimisə üçotaqlı, xudmani mənzilinə
dəvət edər. Xoşbəxtlikdən bəndəniz həmin
o nadir hallarda dəvət alanlardandır. Mən onun evində
ilk dəfə qonaq olanda bir şeyə heyran oldum: Dostumun həyat
yoldaşı dünyasını vaxtsız dəyişib.
İndi onun yataq otağı bağlıdır. Ev sahibi
çətin-çətin həmin otağın
qapısını açıb kimisə ora nəzər salmaq
şərəfinə layiq bilə. Mən onun evində qonaq
olanda o qapını açdı, xanımının
otağını göstərdi. Qapı açılan kimi ev
gülləri üzümə güldü. Otaq əlvan
güllərlə bəzədilmişdi. Demə,
çeşidli güllər yoldaşının çox sevdiyi
bitkilər imiş. Dostum dərindən bir ah çəkib
dedi, əşyalarına dəyməmişəm, heç nəyin
yerini dəyişməmişəm, rəhmətlik necə
qoyub gedib, eləcə də hər şey yerbəyerində
qalıb. Yalnız iki gündə bir güllərə su verirəm
ki, otaqda həyat sönməsin... O, ani sükutdan sönra
köks ötürüb əlavə etdi: Bu otaq ona məxsusdur,
mən harasa gedəndə onun ruhu güllərlə birlikdə
qalır... Bu üç əhvalatı yan-yana düzərkən
belə düşünürəm ki, hər insanın olmasa
da, insanların əksəriyyətinin həyatında, daha
doğrusu, qəlbində belə bir gizlin, yaşıl guşə
var, həmin guşəni kiminsə eşqinə qoruyur və
o guşənin mövcudluğundan qəlb sahibindən
başqa bir kəsin xəbəri yoxdur. Yazının əvvəlində
dediyim hər iki günəş də məhz o guşədən,
gül-çiçəkli oazisdən aldığı
işığı oazisin özünə qaytarır. Kim
bilir, bəlkə də yazda göyərən, qışda
solan çöl-çəmən də həmin o oazislərin
gül-çiçək əks-sədasıdır.
İmir MƏMMƏDLİ
525-ci qəzet .- 2025.- 16 may(№84).- S.13.