Bütün yönləri ilə akademik səviyyə
Muxtar Kazımoğlu -
70
Çağdaş ədəbiyyatşünaslığın
keçdiyi yolda onu irəliyə aparan,
ağırlığını çəkən, elmi-nəzəri
fikrə bir hərəkətlilik gətirən tədqiqatçılar
var; onların istedadla yazılmış əsərləri,
onillikləri aşan ömür və sənət yolu gələcək
tədqiqatlar üçün də bir istinad mənbəyidir.
Onlar ədəbiyyatşünaslıq elmimizin dünəninə
və bugününə fədaicəsinə böyük əmək
sərf etmişlər, tərcümeyi-halları ilə, elmi əsərləri,
araşdırmaları ilə ədəbi mühitdə sanbal
və nüfuz göstəricisi olmuşlar. Siyasi proseslərin
ədəbi, elmi mühitə təsir etdiyi, ictimai
formasiyaların dəyişdiyi bir zamanda elmi maarifçilik
yolunu davam etdirmək, qorumaq alimdən böyük mətanət,
səbr və gərgin zəhmət tələb edir.
Onların tutduğu bu yol F.Köçərli, Ə.Abid,
H.Zeynallı, Ə.Nazim, B.Çobanzadə, F.Qasımzadə,
M.C.Cəfərov, H.Araslı, K.Talıbzadə, Ə.Mirəhmədov,
Y.Qarayevin tutduğu elmi və maarifçilik yoludur. Bu yolu tutan
ədəbiyyatşünaslardan biri də akademik Muxtar
Kazımoğludur.
Muxtar Kazımoğlu (İmanov) 1955-ci ilin 28 may
günü anadan olub; o zaman bu gün sovet Azərbaycanında
yox, mühacirlər arasında xüsusi gün kimi qeyd
olunurdu. Bu günün assosiasiyası onun
ömürlüyündə izsiz ötüşməyib, onun
həyatına və yaradıcılığına da təsir
edib, necə deyərlər, milli istiqlal duyğusu onu layiq
olduğu yerə gətirib. Onu tanıdığımdan bəri
hər zaman cümhuriyyətçi, milli vətəndaşlıq
mövqeyini görmüşəm, nəzəri, konseptual
araşdırmaları ilə seçilib. 80-ci illərin lap
başlanğıcında böyük alim, nəzəriyyəçi
M.C.Cəfərovun xeyir-duası ilə elm aləminə qədəm
qoyub. Ona görə xeyir-duası deyirəm ki, M.C.Cəfərovun
sədrliyilə keçən imtahanda yüksək qiymət
alaraq aspiranturaya daxil olmuşuq. Sonrakı dövrdə də
elmin çətin yollarında addımlarımızı birgə
atmışıq. O, ədəbiyyat nəzəriyyəsi, mən
isə Azərbaycan ədəbiyyatı ixtisası üzrə
bir yerdə imtahan vermişik. Mənim imtahan qiymətimi ilk dəfə
mənə elan olunmazdan əvvəl deyən də Muxtar
olmuşdu. Mən imtahan verdikdən sonra imtahan
komissiyasının qarşısına keçən Muxtar
komissiya üzvlərinin mənə əla qiymət verməklə
bağlı qərarına tanıq olmuş və mənə
onların fikrinin müsbət olduğunu söyləmişdi.
Nizami adına Ədəbiyyat İnstitutunun direktoru olan akademik
Məmməd Cəfər Cəfərovun bu seçimi hər
ikimizin elmə zəmanətimiz oldu. Doğrudan da biz bundan
sonra da bir çox mərhələni birgə
addımladıq, bir-birimizə məsləhətlər verdik,
yol göstərdik, uğurlarımıza sevindik. O zaman ilk
addımlarını atan bir gənc bu gün Azərbaycan
humanitar elminin görkəmli nümayəndələrindən
biridir; ədəbiyyat nəzəriyyəsi, folklor nəzəriyyəsi,
Azərbaycan ədəbiyyatı ilə bağlı fundamental
tədqiqatlar müəllifidir. Uzun müddət (beş ilə
qədər) Folklor İnstitutuna ləyaqətlə rəhbərlik
etmiş, Folklorşünaslıq ixtisası üzrə
Dissertasiya Şurasının və Folklor Elmi
Şurasının sədri, "Azərbaycan şifahi xalq ədəbiyyatına
dair tədqiqlər" jurnalının baş redaktoru
olmuşdur. Bir müddət İctimai Televiziya və Radio
Yayımları Yayım Şurasının üzvü və
sədri olub. Azərbaycanda və Türkiyədə olan bir
çox elmi jurnalların idarə heyətinin üzvü kimi
çox iş görüb. Bunların arxasında
böyük bir intellekt, zəhmət durur. İlk işə
başladığı kənd müəllimliyindən
filologiya elmləri doktoru, professor Muxtar Kazımoğluna qədər
gələn elm yolunda uzun və zəhmətli
yaradıcılıq kredosuna bağlı bir alim ömrü
durur. Bu ömürün lap başlanğıcından elm
yolunda atdığı ilk addımlarının şahidlərindən
biri kimi Muxtar Kazımoğlu araşdırmalarını,
sanballı elmi məqalələrini yaxından izləmiş,
qırx illik fasiləsiz, sabit, gərgin zəhmət və
yaradıcılıq uğurları ilə müşahidə
olunan elmi fəaliyyətinin yüksəlişinə
sevinmişəm. Bu uğurlar, nəhayət, onu halal haqqı
olan AMEA-nın həqiqi üzvü adını qazanmağa gətirib
çıxardı...
Muxtar Kazımoğlunun çoxşaxəli elmi
yaradıcılığının iki istiqamətini xüsusi
qeyd etmək istəyirəm; bunlardan biri ədəbiyyat nəzəriyyəsidir,
ikincisi folklorşünaslıq. Elmi araşdırmalara nəzəriyyəçi
kimi başlayan Muxtar Kazımoğlu müasir Azərbaycan nəsrində
psixologizm problemini ilk dəfə
araşdırmışdır. Onun bu sahədə nəzəri
məqalələri və monoqrafiyası çağdaş ədəbiyyatşünaslığımızın
ən yaxşı səhifələrini təşkil edir.
"Müasir Azərbaycan nəsrində psixologizm" monoqrafiyası
qırx il əvvəl yazılmasına rəğmən, bu
gün də öz elmi əhəmiyyətini qoruyub
saxlayır. Elmi mühitdə aparılan araşdırmalar
kontekstində şahidiyəm ki, ən çox istinad olunan mənbələrdəndir.
Muxtar Kazımoğlu ədəbiyyatşünaslıq
elminə ötən yüzilliyin 80-ci illərində gəldi;
bu zaman elmə yeni gələn gənclər arasında ədəbiyyat
tarixçiliyi ilə ədəbiyyat nəzəriyyəsinin rəqabəti
kontekstində gizli bir marafonda kimin irəliyə
çıxacağı ilə bağlı kuluarlarda söhbətlər
də gedirdi. Ədəbiyyat tarixçiliyi və faktoloji tədqiqatların
keçmişdə qalması, nəzəri istiqamətin
önə çıxması ilə bağlı mübahisələr
çox zaman təcrübədə təsdiq olunmur və ən
yaxşı araşdırmaların bu iki formatın
qovuşuğunda daha uğurlu alınması sübut olunurdu.
Bütün hallarda faktoloji material nəzəri fikirlə
müşayiət olunmurdusa, ədəbi hadisənin mahiyyəti,
ədəbi prosesin nəzəri əhəmiyyəti göstərilmirsə,
deməli ki, ədəbiyyatşünaslıq düzgün
istiqamətdə inkişaf etmir. Faktoloji materialsız quru,
cansıxıcı nəzəri (yalançı nəzəriyyəçilik!)
fikirlər havadan asılı qaldığı kimi, nəzəri
fikirsiz də ədəbiyyatşünaslığın müəyyən
bir mərhələyə çıxması
mümkünsüz görünürdü. M.Kazımoğlu
institut dəhlizində qarşılaşdığı illərdən
bəri formalaşmış hər iki yolun nümayəndələrinin
yaradıcılıq istiqamətlərini
qovuşdurmağın daha səmərəli olduğunu dərk
etdi. Ədəbiyyatşünaslığımızın
M.Arif, M.C.Cəfərov, K.Talıbzadə, Ə.Mirəhmədov,
Y.Qarayev, M.Seyidov səviyyəsini yalnız bu iki istiqamətin
bərabər şəkildə qovuşuğu fonunda qoruyub
saxlamaq mümkün idi... Muxtar Kazımoğlunun ilk tədqiqat
işində məhz bu iki amil nəzərə
alınmışdı; 60-cı illər Azərbaycan nəsri
faktoloji materiallar əsasında sosioloji cəhətdən
deyil, məhz nəzəri-psixologizm problemi baxımından
araşdırılırdı. Problemin ilk dəfə işlənməsi
onun qarşısında duran vəzifənin nə qədər
çətin və məsuliyyətli olduğunu göstərdiyi
kimi, onun funksionallığını və əhəmiyyətini
də artırırdı. Gənc ədəbiyyatşünasın
ilk tədqiqatının çox az işlənmiş problemə
həsr edilməsi onun sonrakı yaradıcılıq istiqamətini
də müəyyənləşdirmiş oldu.
Altmışıncı illər nəsrinin görkəmli
nümayəndələri İ.Hüseynov,
İ.Şıxlı, S.Əhmədov, Ç.Hüseynov,
Ə.Əylisli, Anar, Elçin, İ.Məlikzadə və
başqalarının nəsrinin psixologizmin təzahürü,
ümumi səciyyəsi və bədii funksiyası kontekstində
araşdırılması ədəbi prosesdə ədəbiyyatşünaslığın,
ədəbi tənqidin varlığını təsdiq etdi. Tədqiqatçı
psixologizm kontekstində 60-cı illərdə Azərbaycan nəsrində
baş verən keyfiyyət dəyişikliyinin başlıca
mahiyyətini açmağa nail oldu. Ona qədər ədəbi
prosesdə Altmışıncıların
yaradıcılıq keyfiyyətləri ilə bağlı bəzi
tənqidi məqalələr yazılmışdısa da, onun
elmi-nəzəri əsasları sistemli və əhatəli
şəkildə işlənilməmişdi. Gənc tədqiqatçının
Altmışıncıların
yaradıcılığının təhlilinə nəzəri
istiqamət gətirməsi problemin mahiyyətini
açmağa kömək etdi. Tezliklə bu tədqiqatın
akademik M.C.Cəfərovun redaktorluğu ilə (Muxtar
İmanov. Müasir Azərbaycan nəsrində psixologizm.
Bakı, "Yazıçı", 1991) ilə nəşr
edilməsi elmi mühitdə mövcud olan böyük bir
boşluğu aradan qaldırmış oldu. Monoqrafiyada
gerçəkliyi bədii əksetdirmənin üsul və
prinsiplərini, ifadə formaları və imkanları,
personajın daxili aləminin hiss və həyəcanları
elmi-nəzəri prinsiplərlə müəyyən edilirdi. Tədqiqatçının
80-ci illərin ortalarında gerçəkləşdirdiyi, bir
qədər sonra monoqrafiya şəklində çap etdirdiyi
bu araşdırması bu gün də öz elmi dəyərini
qoruyub saxlayır. Təsadüfi deyil ki, tədqiqatçı
60-cı illər nəsrinin təhlilinə yeni meyarlarla
yanaşır, onun mahiyyətini dəyərləndirərkən,
nə qədər çətin də olsa, obyektivlik
prizmasından baxır. Sosrealizmin hələ hakim olduğu ədəbiyyatşünaslığın
mövcud sərhədlərinin dağıdılmasında bu
cür yanaşma və fikirlərin də rolu az olmayıb.
"Müasir Azərbaycan nəsrində psixologizm"
araşdırması ilə bir tədqiqatçı kimi
formalaşan Muxtar Kazımoğlunun bu monoqrafiyası yalnız
onun fərdi uğuru deyil, həm də ümumən 80-ci illər
tənqidçi və ədəbiyyatşünas nəslinin
uğuru kimi mənalanır. Ona qədər heç bir tədqiqatda
altmışıncıların yaradıcılığı
psixologizm mövqeyindən elmi şəkildə
araşdırılmamışdı. Onun bu monoqrafiyası
60-cı illər ədəbiyyatının nəzəri ədəbiyyatşünaslığımızdakı
yerini və mövqeyini möhkəmlətdi və sonrakı ədəbiyyatşünaslığın
konturlarının cızılmasında önəmli rol
oynadı. Monoqrafiyaya istinad baxımından yanaşsaq, bu
araşdırmanı son iyirmi ildə ən çox istinad
olunan tədqiqatlardan biri hesab etmək olar. Elmi dövriyyəyə
daxil olduğu vaxtdan bu günə kimi bu tədqiqat əsəri
tələbələr, magistrlər, doktorantlar və tədqiqatçıların
stolüstü kitabı kimi mötəbər mənbələrdən
biridir.
Akademik Muxtar Kazımoğlunun elmi
yaradıcılığının ikinci ən mühüm
fundamental istiqaməti ikinci folklorşünaslıqdır. "Azərbaycan folklorunda
gülüşün genezisi və poetikası"
mövzusunda doktorluq dissertasiyası və bir çox məqalə
və monoqrafiyaları
folklorşünaslığımızda olan bu boşluğu
doldurmağa xidmət edir. Onun ilk monoqrafiyasının sonuncu fəsli
"Psixoloji nəsr və folklor" adlanırdı; 60-cı
illər nəsrinin xalq təfəkkürü ilə
bağlılığını, fantasmaqoriya və mifologizmə
müraciəti bədii nəsrin uğuru hesab edən tədqiqatçı
bununla həm də gələcək elmi istiqamətini müəyyənləşdirmiş
olurdu. Filologiya elmləri doktoru Arif Abdullazadənin rəhbərliyi
ilə Nizami adına Ədəbiyyat İnstitutunun kollektiv
şəkildə hazırladığı "Ədəbiyyatda
şəxsiyyət konsepsiyası" (Bakı, "Elm",
2000) kitabında da Muxtar Kazımoğlu 60-cı illər bədii
nəsrində folklor motivlərini araşdırmaqla ədəbiyyat
şünaslıq fəaliyyətinin xalq təfəkkürü
ilə bağlı ağırlığını ortaya
qoymuş oldu. Bütün bunlar Muxtar Kazımoğlunun gələcək
tədqiqat istiqamətinin xalq
yaradıcılığının nəzəri kontekstdə
araşdırılmasına yönəldiyini göstərməkdədir.
Şifahi xalq yaradıcılığının tükənməz
sərvət funksiyasını yerinə yetirən folklor
araşdırmasının mövcud vəziyyəti onu narahat
etdiyindəndir ki, o, sonrakı ədəbiyyatşünaslıq
fəaliyyətini folklorun nəzəri və təcrübi
problemləri ilə sistemli, fasiləsiz məşğul
olmağı üstün tutdu.
Folklorşünaslığın nəzəri problemlərini
araşdıran tədqiqatçının fəaliyyətini
Folklor İnstitutunda davam etdirməsi
araşdırmalarının məntiqi nəticəsi
olduğu kimi, həm də zərurətdən doğurdu.
Artıq Muxtar Kazımoğlunun tədqiqatlarında folklorun nəzəri
istiqaməti aparıcı yer tuturdu. Onun onlarla problematik məqalələrində
və fundamental tədqiqatlarında Azərbaycan folkloru elmi, nəzəri
araşdırma obyekti olur. "Gülüşün arxaik
kökləri" (2005), "Xalq gülüşünün
poetikası" (2006), "Folklorda obrazın ikiləşməsi"
(2011), "Folklor həm keçmiş, həm də bu
gündür" (2014), "Azərbaycan folklorunda
gülüşün genezisi və poetikası" (2015) və s. monoqrafiyaları
folklorşünaslığın milli zəmində
inkişafı üçün konseptual nəzəri mənbə
kimi diqqəti cəlb etdi. "Gülüşün arxaik
kökləri" monoqrafiyasında gülüşün magik
mahiyyəti, nağıllarda komik qarşıdurma, dərvişlər;
sehrkarlıq və oyunbazlıq, qızıl saçlı qəhrəman
və keçəl, "Dədə Qorqud" kitabında dəli
obrazı, "Koroğlu" eposunda dəli obrazı, mərd
namərd qarşılaşmasında dramatiklik və komiklik və
s. kimi problemlər tamamilə yeni istiqamətdə
araşdırma obyekti olur. Folklorda gülüşün dərin
elmi, nəzəri xüsusiyyətlərini araşdıran tədqiqatçı
xalq gülüşünün mənbə və
qaynaqları, struktur və semantikası ilə bağlı
maraqlı elmi nəticələri çağdaş
folklorşünaslığımızın yeni üfüqlərini
müəyyən edir. Muxtar Kazımoğlu bu tədqiqatlarında
ənənəvi yolla getmir, tamamilə yeni yanaşma və təhliletmə
metodu ilə xalq gülüşünün magik və mifoloji
mahiyyətini aydınlaşdırmağa nail olur. İlk dəfə
olaraq folklorda komizmin, gülüşün estetik mahiyyətini,
forma və xüsusiyyətlərini sistemli şəkildə
araşdıran tədqiqatçı tənqidin,
gülüşün folklordakı funksiyasına
aydınlıq gətirərək öldürücü
gülüşün folklorda təzahür formalarının
yazılı ədəbiyyatdan fərqləndiyini ortaya qoyur.
Gülüşün arxaik funksiyası, magik mahiyyəti onun tədqiqatlarında
yeni ömrünü yaşayır, yunan mifologiyasında
olduğu kimi, onun semantik mənasına daha çox diqqət
yetirir: "...nəzərə alırıq ki, yazılı ədəbiyyat
nümunələrində işıq-gülmək paralelizmi
metaforik düşüncənin, "Qodu-qodu" tipli arxaik
nümunələrdə isə günəşin gülməsi
mifoloji düşüncənin məhsuludur. Metaforik
düşüncənin nəticəsi olaraq, zəmilər
insana bənzədilir, yəni günəş
işığın da göz oxşayan zəmilərin insan
kimi üzə gülməyindən bəhs olunur. Mifoloji
düşüncədə isə günəşin gülməyinə,
eləcə də ağlamağına inam ifadə edilir".
"Nağıllarda komik qarşıdurma",
"sehrkarlıq və oyunbazlıq", "mərd-namərd
qarşılaşmasında dramatiklik və komiklik",
"Bamsı Beyrək" boyunda gülüş kultu və
obrazın ikiləşməsi", komik yöndə ikiləşmə
(hökmdar və təlxək, pəhləvan və
yalançı pəhləvan, doğru və yalan,
ağıllı və axmaq, taraz 262 və nataraz və s.) və
sair problemlər də ilk dəfə olaraq elmi dövriyyəyə
nəzəri kontekstdə gətirilir. Ümumiyyətlə, bədii
ədəbiyyatda (istər şifahi, istərsə də
yazılı) ikiləşmə probleminin kompleks halda ədəbiyyatşünaslığımızda
işlənilməsi Muxtar Kazımoğlunun adı ilə
bağlıdır. Tədqiqatçının Hüseyn Cavid
və Cəlil Məmmədquluzadə dramaturgiyasında da ikiləşmə
problemini araşdırması da bir ilk olaraq ədəbiyyatşü
naslarımızın diqqətini bu istiqamətə yönəltməlidir.
Ümumiyyətlə, tədqiqatçının
araşdırmaları yazılı ədəbiyyatda komizm,
komiklik, satira, yumor və gülüş probleminin köklərini
xalq yaradıcılığında axtarmağın yolunu göstərdi.
Muxtar Kazımoğlunun tədqiqatlarının hər biri
problem xarakterli olub nəzəri əhəmiyyət
daşıyır və yeni araşdırmalar
üçün elmi mənbə kimi diqqəti cəlb edir.
M.Baxtin, Y.Lotman, V.Baxtina, V.Terner, V.Propp, D.Lixaçev,
E.Meletinski, Y.Borev və başqa görkəmli nəzəriyyəçi
alimlərin təcrübəsindən bəhrələnməklə
yanaşı, folklorşünaslığımızı
dünya folklorşünaslığına
yaxınlaşdırmış olur. Dünya xalqlarının
ağız ədəbiyyatında ortaq cəhətlər
çox olduğundan milli folklorun dünya nəzəri təcrübəsi
kontekstində araşdırılması çağdaş
elmimizin yalnız xeyrinə ola bilər. Muxtar
Kazımoğlunun məhz bu nəzəri tədqiqatları və
Folklor İnstitutuna rəhbərliyi sayəsində
folklorşünaslıq elmi yeni inkişaf mərhələsini
yaşayır. Onun çoxsaylı məqalələri,
monoqrafiya və kitabları ədəbi, elmi cameədə elmi
etalon və nüfuz göstəricisi olmaqla yanaşı, son
illərdə Milli Elmlər Akademiyası Folklor İnstitutunun
direktoru kimi elmi-təşkilati işlərə rəhbərlik
etməsi də yaradıcılıq fəaliyyətinin
çox yönlülüyünü müəyyənləşdirmiş
olur. Çox az bir müddətdə İnstitutun kollektivi tərəfindən
onlarla xalq ədəbiyyatı nümunələrinin
toplanması və nəşri işi məhz onun rəhbərliyi
ilə həyata keçmişdir. "Bu yurd bayquşa
qalmaz" (1995), "Zəngəzur folkloru" (2005) və
başqa kitablar xalqımızın 263 mənəvi sərvətini
özünə qaytarmaq işində atılan real
addımlardır. Onun rəhbərliyi ilə institutda
yaradılan "Folklorun toplanması və sistemləşdirilməsi"
şöbəsi ölkədə və ölkədən kənarda
böyük həcmli toplama-tərtib işləri
görmüşdür. Qarabağ, Naxçıvan, Lənkəran-Masallı,
Muğan, Gəncəbasar, eləcə də Borçalı,
Dərbənd və s. bölgələrdə toplanan folklor
örnəkləri 20-30-cu illərdən sonra mənəvi sərvətimizə
edilən ikinci müraciət dalğasıdır. Bu işlərin
bəhrəsi olaraq "Borçalı folklor örnəkləri"
(2 cilddə), "Masallı folklor örnəkləri" (2
cilddə), "Güney Azərbaycan folkloru" (3 cilddə)
kitablarının dərc olunması başlanmış folklor
layihəsinin yalnız kiçik bir qismidir. "Qarabağ
folklorunun toplanması, sistemləşdirilməsi və
araşdırılması" adlı layihə həyata
keçirmiş və "Qarabağ: folklor da bir tarixdir"
kitabını dərc etdirmişdir. O, İnstituta rəhbərliyi
müddətində vacib istiqamətlərdən biri kimi
dünyaya inteqrasiya məsələsinə də xüsusi
diqqət yetirir. İnstitutun keçirdiyi və əməkdaşlarının
iştirak etdiyi simpoziumlar Azərbaycan folklorunu beynəlxalq
arenaya çıxarır. Nəzəri biliyi rəhbərlik və
təşkilatçılıq işi ilə birləşdirmək
onun fəaliyyətinin əsas istiqamətlərindəndir.
Fikrimcə, akademik Muxtar Kazımoğlunun Folklor İnstitutuna
rəhbərliyi, burada gördüyü işlər, layihələr,
bu eln sahəsinə nəzəri istiqamət gətirməsi
milli folklorşünaslığın inkişafında yeni bir
mərhələdir.
Akademik Muxtar Kazımoğlu Azərbaycan elminin təşkili
və sabahı üçün böyük məsuliyyət
daşıdığı kimi, folklorun toplanması, nəşr
edilməsi, folklorşünaslıq elminin inkişafı üçün
də potensial imkanlarını
reallaşdırmışdır. Bu ədəbiyyatşünaslıq
elmimizin müxtəlif problemləri ilə (təşkilati
işlər də daxil olmaqla!) yorulmadan çalışan
klassik ədəbiyyatşünasların qoyub getdiyi elm yolunun
uğurla davam etdirilməsi deməkdir. Bu mənada həm də
bir missiyası elmə vurğun istedadlı gənclərə
dayaq durmaq, qazandığı uğurları, nəzəri və
təcrübi biliyi onlarla bölüşməkdir.
Akademik Muxtar Kazımoğlunun çoxcəhətli ədəbi
fəaliyyətində tənqidçilik də mühüm
yer tutur; olsun ki, onun tənqidi məqalələri elmi məqalələrinə
nisbətən bir qədər azlıq təşkil etsin. Ancaq
ayrı-ayrı şair və yazıçıların
yaradıcılığı, eləcə də ədəbi
prosesə aid azsaylı məqalələri sanbalına və ədəbi
mühitdəki çəkisinə görə ədəbi tənqidin
vicdan barometrini müəyyən edir; çağdaş ədəbi
tənqidin mənəvi-əxlaqi göstəricisi kimi yadda
qalır. Onun tənqidinin əsasında professionallıqla
yanaşı nəzəri problematika dayanır; elmi təhlillə
tənqidi analiz paralel çıxış edir. Son illər
bizim ədəbi tənqidimizdə akademizmin
çatışmaması məhz tənqidin mövqeyini bir qədər
zəiflətməsinə nədən olmuşdur. Bu mənada,
Muxtar Kazımoğlunu sözün əsl mənasında
akademik ədəbiyyatşünaslığın,
folklorşünaslığın, nəzəriyyənin və
akademik ədəbi tənqidin görkəmli nümayəndəsi
hesab etmək olar. Akademik Muxtar Kazımoğlu
ömrünün və yaradıcılığının
baharını yaşayır; onun alim ömrünün məhsuldarlığı,
sistemliliyi, hərəkətliliyi və
canlılığı elmi cameədə onun özünün
obrazını, xarakterini yaradıb. Biz Muxtar Kazımoğlunu
bütün yönlərilə akademik səviyyədə
tanımışıq. Bu gün də eyni səviyyə ilə
yetmiş yaşın işığında
araşdırmalarını davam etdirir. Biz də bu yolda gəncliyimizdən
bəri bir yerdə addımladığımız alim həmkarımıza
uğurlar diləyirik...
Bədirxan ƏHMƏDLİ
525-ci qəzet .- 2025.- 16 may(№84).- S.12;13.