Rəsul Rza və
Əli Kərim
"Rəsul Rza və
altmışıncılar" silsiləsindən
"Altmışıncılar" ədəbi nəslinin
ədəbi taleyini və bədii amalını onların Xalq
şairi Rəsul Rzaya münasibətini təhlil etmədən
anlamaq çətindir. 60 il bundan əvvəl şeiriyyət
aləminə qədəm qoymuş gənc qələm sahibləri Rəsul Rzadan çox şey
öyrənmişdilər. Birinci növbədə insan və
şair olaraq formalaşarkən onlar gözləri
önündəki və canlı ustad şairə nümunə
kimi yanaşırdılar. Bu gənclər Mikayıl
Müşfiqi də, Səməd Vurğunu da ürəkdən
sevirdilər. Amma təbii ki, taleyin hökmü ilə
yalnız Rəsul Rza ilə bir müəllim kimi real və həyati
ünsiyyətə girmək mümkün olmuşdu.
Altmışıncıların ustad Rəsul Rzaya
hörmət və məhəbbətinin dərinləşməsinin
bir çox səbəbləri vardır. Həmin səbəblərdən
biri və bəlkə də ən əsası böyük sənətkarın
öz cavan həmkarlarına səmim-qəlbdən yanması
və yanaşması ilə bağlı idi. Təsadüfi
deyil ki, Rəsul Rza 50-60-70-ci illərdə ədəbiyyata təşrif
buyuran bir çox ciddi istedadlar barəsində həqiqəti
söyləməkdən çəkinməyən çox az
görkəmli sənəkarlarımızdan biri idi. Onun az qala
60 il, 70 il bundan öncə yazdığı məqalələr
həmin nöqteyi-nəzərdən hələ də öz
qiymətini və aktuallığını hifz etməkdədir.
"Şair Əli Kərim" məqaləsi də 60-cı
illərdə yazılıb. Amma bu gün də həmin məqalə
Əli Kərim sevərlər tərəfindən çox
maraqla və məhəbbətlə oxunmaqdadır. Ustad
şair öz sevimli şagirdlərindən biri
haqqındakı məqaləsinə aşağıdakı
sözlərlə başlayır: "Mən Əli Kərimi
çoxdan tanıyıram. Məndən soruşsalar ki,
Ə.Kərimin şairlik tarixi, günü, ili
hansıdır? Deyə bilərəm ki, mən onu şair
görmüş, şair tanımışam. Mənə elə
gəlir ki, o, həmişə şair olmusdur. Mən deyərdim
ki, o, hər həqiqi sənət əsəri olan şeiri ilə
yenidən doğulur, yenidən həyata başlayırdı.
O, hər zaman öz xarakterinə, öz manerasına, öz
şairlik simasına sadiq qalırdı. Lakin hər prinspial
şeirində, yeni rəng ahəngində, yeni bir təsir
gücündə, yeni poetik nəfəsdə təzələşirdi.
Şair var ki, yüksəliş pillələrini dayana-dayana,
tövşüyə-tövşüyə,
yazdığını təkrarlaya-təkrarlaya qalxır.
Şair də var ki, öz-özü ilə yarışda, hər
əsərində bir pillə qalxır, özünü,
özgəni təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim
ikincilərdəndir. O, deyə bildiklərinin, demək istədiklərinin
az, çox az bir hissəsini dedi. Bu az hissə də şair
Əlinin çox böyük imkanlarını aydın
göstərir".
Ustad R.Rzanın obrazını şeirə gətirənlər
də altmışıncılar olmuşlar. Ə.Kərim bir
çox mövzuları və dərdləri şeirə ilk dəfə
gətirdiyi kimi, R.Rzaya müraciətdə də birinci idi.
R.Rza ədəbi məktəbinin potensial imkanlarını və
qüdrətini təsəvvür etmək nöqteyi-nəzərindən,
həqiqətən də, altmışıncıların
ustad haqqında fikir və düşüncələri diqqətəlayiqdir.
Məmməd Araz, Fikrət Qoca, Xəlil Rza Ulutürk, Fikrət
Sadıq, Vaqif Səmədoğlu, İsa İsmayılzadə,
Abbas Abdulla, Ələkbər Salahzadə, Vahid Əziz və
başqalarının böyük şairə həsr
edilmiş əsərləri poetik tariximizin qürur oyadan səhifələridir.
Akademik Bəkir Nəbiyev ustad sənətkarın gənc ədəbi
qüvvələrlə qarşılıqlı əlaqələrini
dərindən təhlil edərək
aşağıdakıları vurğulamışdır:
"Müraciət etdiyim nümunələrdən də bir
daha aşkar göründüyü kimi, poeziyamızda o vaxtadək
sovet şeirində görünməyən insan dərd-səri,
qayğı və həyəcanları, ağrı-acıları
məhz Rəsul Rzanın əsərlərində
ardıcıl olaraq canlandı və bu proses ara vermədən
davam etdi. Azərbaycan ədəbiyyatına gələn yeni
qüvvələr, altmışıncılar isə təkcə
poeziyada deyil, nəsrimizdə də onun davamçıları
oldular. Elə buradaca qeyd edim ki, bu istiqamət poeziyada Qabil,
X.Rza, Ə.Kərim, F.Qoca, M.Araz, N.Həsənzadə,
F.Sadıq, Ə.Salahzadə, M.İsmayıl, S.Rüstəmxanlı,
A.Abdullazadə, İ.İsmayılzadə, N.Kəsəmənli,
nəsrdə S.Əhmədov, Anar, Elçin, İ.Məlikzadə,
F.Kərimzadə, S.Azəri və başqalarına öz
orijinal istedadlarını bütün özəllikləri və
təravətilə meydana qoymağa kömək etdi" (Bəkir
Nəbiyev. Şeirimizin klassiki və müasiri. Bax: Rəsul
Rza: Ömrün birinci yüzili. Bakı, "Elm və təhsil"
nəşriyyatı, 2011. səh. 32).
Əli Kərimin ustadına həsr etdiyi şeirdə
gənc nəslin şair ömrü haqqındakı
düşüncələri əks etmişdir:
Şair var ki, ömrünü
Başlamamış bitirir.
Cansız əsəriylə bir
Ömrünü də itirir.
Şair var ki, ümidi
Qafiyəyə, vəznədir.
Şair var ki, özünü
Başqasına bənzədir.
Düzdür, elə şairlər olub, bundan sonra da
olacaq. Amma onlar nəsillərin yaddaşında qalmır. Yeni
gənclik belə şair ömürlərini qəbul və
etiraf etmirdi. Onların arzu etdikləri yaradıcılıq
yolu - Rəsul Rza yoludur. Əsl şair ömrü deyəndə
təzə nəsillər ustadın həyat və mübarizə
yolunu düşünürdülər. Şeirin və
şairin ölməzliyini elə-yurda sədaqətlə xidmət
etməkdə, vətənə namuslu oğul olmaqda
görürdülər. Poeziyanın keyfiyyətini - onun zamana
münasibətindən çıxış edərək həssaslıqla
müəyyənləşdirməyi əsas şərtlərdən
biri kimi dərk edirdilər. R.Rzanın sırf bədii kəşfləri,
estetik yenilikləri isə xüsusi dəyərləndirməyə
layiqdir. Yeni lirik "mən" orijinal şair kompleksi barəsində
ciddi götür-qoy edərkən hər şeyi ideal poeziya tərəzisində
çəkir, hökm verməyə tələsmirdi. Onlar
poetik idealın əyani görüntülərini və təcəllisini
həyatda, mühitdə tapıb, təsbit etməyə can
atırdılar:
Amma şair də var ki,
Zamanın doğma oğlu.
İdrakın zirvəsindən,
Hissin yanğınlarından
Keçir şeirinin yolu.
Əsrin ahəngi-vəzni...
Müqəyyəd qafiyəsi.
Belə şair də vardır:
Onun ömrünün yolu
Bir əbədi yazadır.
O, sözlər sərkərdəsi
Şair Rəsul Rzadır.
Yeni nəslin və xüsusən, onun liderlərindən
olan Əli Kərimin Səməd Vurğun və Rəsul Rza
ilə yaradıcılıq münasibətindən bəhs edərkən,
bu mənəvi əlaqələrin dərin köklərə
malik olduğunu vurğulamağı lazım bilirik. Bu
nöqteyi-nəzərdən tənqidçi Cavanşir
Yusiflinin fikirləri diqqəti çəkir: "Əli Kərim
poetikası müəyyən mənada bu iki böyük
şairin hər ikisininin yaradıcılığının əsas
cəhətlərini özündə ehtiva edir. Səməd
Vurğun yaradıcılığının əsas fəlsəfi
qayəsi - yuxarıda xatırlatdığımız kimi -
şeiri insan ruhunun ideal ifadəsinə, insan həyatının
təbii davamına çevirmək ehtirası, Rəsul Rzada
sözün içində əsrlər boyu yatan,
mürgüləyən "duyğu leysanını" dilləndirmək,
maksimum güclü enerjinin mürgülədiyi qatı
xüsusi bir fəhmlə tanıtmaq, nişan verə bilmək
bacarığı - bunların hamısı Əli Kərim
şeirində xüsusi sistem daxilində meydana
çıxırdı və bu dünyaduyum
kateqoriyalarını daha da xüsusiləşdirirdi. Elə
Əli Kərimin bu iki şairə həsr etdiyi şeirlərdə
də onlardan nəyi əxz etdiyi aydın şəkildə,
onların öz üsulları ilə göstərilmişdir"
(Cavanşir Yusifli. Azərbaycan poeziyasında Əli Kərim mərhələsi.
Bakı, 2006, səh. 46-47).
Rəsul Rzanın "Əli Kərim haqqında
söz" məqaləsi yazıldığı vaxtdan
yarım əsrdən çox keçsə də, Əli Kərim
həqiqətlərini sərrast ifadə etdiyinə görə
bu gün də təzə və təravətli səslənir:
"Əli Kərim haqqında danışmaq o qədər də
asan deyil, çünki bu həqiqi sənətkar,
böyük şair o qədər təvazökar idi ki, onun
yazılarını, şeirlərini oxuyanda
düşünürdüm ki, bu şeirləri bu sakit adam,
Əli Kərim yazırmı? Çünki onun xasiyyətində
də, şeirlərində də təmtəraq, gurultu,
parıltı yox idi. Lakin bu şeirlərdə olan daxili
enerji, onların məna yükü o qədər böyük
idi ki, adam bu şeirlərə qulaq asanda, doğrudan da, heyran
qalırdı. Əli Kərimin şeirlərində soyuq
misralar, biganə parçalara rast gəlmək mümkün
deyil. Bu doğrudan da, həqiqi sənətkar xüsusiyyətidir.
Əli Kərim az bir ömür sürdü, lakin indi onun
qoyub getdiyi irsə baxanda təəccüb eləyirsən ki,
az müddətdə nə qədər böyük, nə qədər
geniş sahədə fəaliyyət göstərmək olar.
Onun şeirlərində nə müəyyən mövzuya
bağlılıq və onun çərçivəsində
qalmaq, nə bir formanı, ancaq onu tapıb, onu tutub davam etmək
vardır. Onun yaradıcılığı geniş və
mürəkkəbdir". Öz şagirdinin bədii əsərlərini
şairlik məsuliyyəti və taleyi baxımından tələbkarlıqla
nəzərdən keçirən və dəyərləndirən
ustad sənətkar daha sonra fikirlərini davam etdirərək
yazırdı: "Çox maraqlıdır ki, Əli Kərimin
vəfatından sonra onun əvvəllər yazmış
olduğu şeirlərindən iki-üç qat çox
çap olunmamış şeirləri ortaya
çıxdı. Bu da onu göstərirdi ki, Əli Kərim
çap olunmaq, məşhur olmaq, tanınmaq üçün
yazmırdı. O, daxili bir ehtiyac hissi ilə yazıb-yaradırdı
və çox zaman da yazdığı şeirlərin tənqidçisi
özü olurdu və bəzilərini bir tərəfə
qoyurdu, get-gedə daha yaxşısını yazırdı,
pillə-pillə sənətkarlıq yolu qalxırdı".
Əli Kərim ölməzliyindən və əbədiyyətindən
də ilk dəfə məhz ustad Rəsul Rza bəhs
etmişdi: "Əli Kərim böyük bir irs qoyub
getmişdir. Çox təəssüf ki, biz bu gün ona irs
deyirik. Ancaq o, bu şeirləri, bu əsərləri ilə bu
gün də yaşayır. Mən Əli Kərim haqqında
danışanda keçmiş zaman formasında müraciət
etmək istəmirəm. Çünki o, canlı şair kimi,
insan kimi bu gün də yaşayır. Əgər şairin
yaşamağı, varlığı onun sənəti ilə,
onun əsərləri ilə ölüçülürsə,
onunla müəyyən olunursa, deməli, Əli vəfat etməmişdir,
Əli sağdır, Əli bu gün də bizim
sıralarımızdadır".
Böyük Rəsul Rzanın Əli Kərimlə
bağlı düşüncələrini nəzərdən
keçirərkən, qeyri-ixtiyari olaraq, onun Mikayıl
Müşfiq haqqındakı xatirələrini və
"Qızılgül olmayaydı" poemasını
xatırlayırsan. Həmin ədəbi
və poetik mətnlərdə diqqəti çəkən cəhət
müəllifin hər iki ürək dostuna - səfdaşına
və şagirdinə sonsuz, səmimi sevgisidir. Bəli, Rəsul
Rza Əli Kərimi də Mikayıl Müşfiqi sevdiyi qədər
sevirdi. Mikayıl Müşfiqin nakam taleyi onu necə
yandırırdısa, Əli Kərimin yarımçıq
qalmış şair ömrü, yetim qalmış arzuları
da böyük şairə tükənməz iztirablar verirdi.
Əzabkeş və müdrik sənətkar hər iki bənzərsiz
və misilsiz şairin faciəsində zamanın, mühitin
günahkar olduğunu yaxşı bilirdi. Bir vaxtlar Əfzələddin
Xaqinini, Seyid İmadəddin Nəsimini, bütün
Avropanın poeziya şahzadəsi Corc Qordon Bayronu öz
yurdundan-yuvasından didərgin salan, Rusiyanın ilk poetik
dühaları Aleksandr Puşkini və Mixail Lermontovu
nümayişkaranə qətl edən amansız zamanın nəyə
qadirliyini Səməd Vurğun və Rəsul Rza kimi əzabkeş
şairlərimiz öz talelələrində
yaşamışdılar. Altmışıncılar pleyadasının
flaqmanı Yevg.Yevtuşenko
özünün və nəsildaşlarının taleyini də
yazmışdı aşağıdakı misralarda:
Hökmdarlar anlamırlar şairləri,
Anlayantək hökm verirlər ölümünə!
Əli Kərimin başqa bir zamandaşı və nəsildaşı
Rauf Pərfi də Yevgeni Yevtuşenkonun, Andrey Voznesenskinin,
Bella Axmadulinanın, Bulat Akudcavanın, Viktor Sosnora və
Vladimirf Vısotskinin ürəkdən tərənnüm
etdikləri Sənətkar və Zaman təzadını öz
imzası ilə təsdiq etmişdi:
Üzbəüz gələntək sanki od və su,
Üzbəüz gəlirlər şair və zaman.
Rəsul Rzanın Əli Kərim nisgilindən və həsrətindən
bəlli olur ki, tarixin bütün dövrlərində qisaskar
zaman ölməzlik və əbədiyyət ehtirası ilə
yaşayır. Şəfqətsiz zaman yalnız Qəhrəmanların
yox, həm də Şairlərin qatili kimi əbədiləşməkdən
həzz alır. Məhz bu mənəvi-psixoloji zəifliyinə
və acgözlüyünə görə də
vaxtlı-vaxtsız bütün şair ölmülərində
zamanın silinməz ayaq (həm də əl!) izləri
aydın görünməkdədir. Zatən, uzaq-yaxın
60-cı illərdə cəmiyyətimiz mənəvi-estetik
sadizm və hannibalizmdən hələ yetərincə
arınıb, təmizlənməmişdi.
Yaşar QASIMBƏYLİ
Filologiya elmləri doktoru, AMEA-nın baş elmi
işçisi
yashargasimov@mail.ru
525-ci qəzet .- 2025.- 16 may(№84).- S.11.