Üzeyir Hacıbəylinin 140 illiyi
çərçivəsində Gənclər Kitabxanasında
silsilə materiallar hazırlanır
2025-ci ildə dahi Azərbaycan bəstəkarı,
Şərqdə ilk operanın yaradıcısı,
böyük musiqişünas-alim, istedadlı publisist, dramaturq
və pedaqoq, ictimai xadim, Dövlət mükafatları
laureatı, Azərbaycan Elmlər Akademiyasının həqiqi
üzvü Üzeyir Hacıbəylinin (1885–1948) anadan
olmasının 140 ili tamam olur. Prezident İlham Əliyevin dahi
bəstəkarın 140 illik yubileyinin keçirilməsinə dair
imzaladığı Sərəncamdan irəli gələn tədbirləri
həyata keçirmək məqsədilə Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
silsilə materiallar hazırlanır.
Bu barədə kitabxanadan məlumat verilib.
Kitabxananın saytında yerləşdirilən
biblioqrafik icmalda bəstəkarın həyat və fəaliyyəti
haqqında geniş məlumat, bir sıra görkəmli şəxslərin
onun haqqında söylədikləri dəyərli fikirlər,
rəsmi sənədlər, layiq görüldüyü orden,
mükafat və fəxri adlarla yanaşı, “Milli musiqimizi
yaşadan dahi bəstəkar Üzeyir Hacıbəyli” adlı
məqalənin tam mətni təqdim edilir. Biblioqrafik icmalda bəstəkarın
not, səs yazmalarının, müəllifi olduğu və
haqqında yazılan məqalələrin siyahısı ilə
yanaşı “Azərbaycan xalq musiqisinin əsasları”,
“Üzeyir Hacıbəyli xatirələrdə”, “Fitnələr
qarşısında”, “Akademik Üzeyir Hacıbəyli: yanan
ürəyin aydınlığa çıxaran sənət,
“Komediyalar və yumoristik miniatürlər”, “Üzeyir Hacıbəyli
arxivinin təsviri”, “Arşın mal alan-100”, “Üzeyir
Hacıbəylinin yaradıcılığında xor musiqisi”
kimi 40-a yaxın kitabın biblioqrafik təsviri və qısa
annotasiyası da yer alır.
Kitabxana əməkdaşları tərəfindən
hazırlanan materialda “Xatirəsinin əbədiləşdirilməsi”,
“Filmoqrafiya”,“ Fotoqalereya” bölmələri, Üzeyir Hacıbəylinin
kitablarının virtual sərgisi də təqdim edilir.
525-ci qəzet .- 2025.- 16 may(¹84).- S.9.