Neftin
ucuzlaşması iqtisadiyyata necə təsir göstərəcək?
Bu ilin aprel ayı dünyanın neft bazarı
üçün həlledici dövrə çevrildi. Brent
markalı neftin bir barelinin qiyməti 65 dollara qədər endi
- bu, pandemiya dövründən bəri qeydə alınan ən
aşağı həddir. Qiymətlərin belə kəskin
ucuzlaşması OPEC-in yeni kvotaları ilə üst-üstə
düşdü. Amma gözləntilərin əksinə
olaraq, bu kvotalar hasilatın azaldılması yox,
artırılması siqnalı kimi çıxış etdi.
Bir vaxtlar qiymətlərin sabit qalması naminə hasilatı
könüllü şəkildə məhdudlaşdıran
ölkələr indi "hər kəs öz
başının çarəsinə baxır" prinsipi ilə
hərəkət etməyə başlayıb. Bu, sadəcə
bazar volatilliyi deyil, struktur dəyişikliyinin
başlanğıcıdır.
2025-ci ilin aprel ayında neftin ucuzlaşması illərlə
formalaşan proseslərin nəticəsi - texnoloji, siyasi və
ekoloji faktorların sintezidir. Dünya elə bir mərhələyə
daxil olur ki, burada artıq neft iqtisadiyyatlara hökm etmir - əksinə,
neft istehsalçıları getdikcə daha sərt rəqabət
və azalan mənfəətlə yaşamağa məcburdur.
Bir zamanlar qlobal bazarda hökmranlıq edən kartel - OPEC+
artıq nəzarəti itirir. Bazar getdikcə daha da
parçalanır və sərtləşir.
Ölkəmizin dövlət gəlirlərinin əsas
çəkisinin neft və qaz sektorunun üzərinə
düşdüyü bəllidir. Statistikaya əsasən,
ümumi ixracımızda neft-qaz sektoru 89.82 faiz pay təşkil
edib. Bu isə o deməkdir ki, iqtisadiyyatda makrosabitlik qeyd olunan
sahədə beynəlxalq bazarlardakı qiymətlərlə tənzimlənir.
Təxminən 2017-ci ildən sonra bu qiymətlər əlverişli
səviyyədə idi. 2014-2015-ci illərdəki böhrandan
çıxmağımızın da əsas səbəbi elə
qeyd olunan ildən başlayaraq neftin qiymətinin sərfəli
istiqamətdə sabitləşməsi oldu. Əslində bu
proses 2016-cı ilin ikinci yarısından etibarən özünü
göstərməyə başlamışdı - OPEC+ ölkələrinin
bazara nəzarəti ələ keçirməsi ilə
2014-cü ilin iyun ayından start götürən qiymət
enişinin qarşısı alınmışdı.
Bir müddət sonra - 2020-ci ildə bir ara qiymətlər
düşsə də, proses uzun müddət davam etmədi -
OPEC+ qiymətlərin ucuz qalmasının
qarşısını bu dəfə də aldı. Bunun
ardınca isə Rusiya-Ukrayna müharibəsi və digər
bir sıra amillərə görə qiymətlər yüksəldi.
Artıq bu il vəziyyət dəyişib. Həm OPEC+
tərəfindən hasilatı artırmaq barədə qərarın
qəbulu, həm də Tramp administrasiyasının tarif siyasəti
qiymətlərin aşağı düşməsinə səbəb
olub.
Millət vəkili Vüqar Bayramov hesab edir ki, neftin
dünya bazarındakı indiki qiyməti Azərbaycan
iqtisadiyyatına da mənfi təsir edə bilər.
Çünki bu, ölkəyə daxil olan valyutanın həcminin
azalmasına yol açacaq: "Neft ucuzlaşarsa, ölkəyə
daha az valyuta daxil olacaq. Qiymət yüksələndə isə
valyuta gəlirləri artır. Ümumi ixracımızın
80 faizindən çoxunu neft və neft məhsulları təşkil
edir. Amma sözsüz, neft dünya bazarında qısa və
uzun müddətli əsaslarla ucuzlaşa bilər. Son qiymət
artımları ticarət müharibələrinin dərinləşməsi
ilə bağlıdır.
Gözlənilir ki, qlobal ticarətdə 330 milyard
dollarlıq azalma müəyyən neqativlərə səbəb
olacaq. Neftin qiymətinin düşməsi qeyri-neft sektorunun
inkişafına zəmin yaradır. Azərbaycanın bu
konteksdə təhlükəsizlik yastığı
formalaşıb. Amma sözsüz, növbəti dövrdə
də neftin dünya bazarındakı qiyməti Azərbaycana
daxil olan valyutanın həcmində aparıcı olaraq
qalacaq".
Neft Araşdırmalar Mərkəzinin rəhbəri,
enerji məsələləri üzrə ekspert İlham
Şabanın fikrincə, brent markalı neftin aşağı
düşməsinin hələlik Azərbaycan
üçün ciddi təhlükəsi yoxdur: "Neftin qiymətinin
düşməsi aprelin 3-dən başlayıb. Artıq brent
markalı neft 12 faiz öz dəyərini itirib. 2021-ci ilin aprelində
65 dollardan aşağı səviyyəyə
satılırdı. Bu, Trampın aprelin 2-də elan etdiyi ticarət
müharibəsinə bazarın münasibətidir. Ticari əlaqələr
zəiflədikdə iqtisadi artım azalır və bu zaman
enerjiyə tələbat azalır. Bazarda kifayət qədər
neft var. Bundan əlavə, 441
min barel gündəlik OPEC+ səviyyəsində hasilatın
artırılması gözlənilir. Belə bir şəraitdə
neft tacirləri əllərində olan fyuçes müqavilələri
üzrə həcmləri çıxarırlar ki, müəyyən
vaxt sonra nefti daha ucuz satmasınlar. Azərbaycan
üçün birinci rübün yekunları hələ
açıqlanmayıb. Mən
mətbuata açıqlanan qiymətlər fonunda hesabladım
ki, orta qiymət 1 barrel üçün 76 dollar ətrafındadır.
Bu baxımdan neftin orta qiyməti 65 dollar olsa belə, ilin
birinci yarısı üçün orta qiymət büdcədə
nəzərdə tutulan 70 dollardan aşağı olmayacaq Bu baxımdan hər hansı həyəcana
səbəb yoxdur. Büdcə formalaşdırılarkən
həmişə risklər nəzərə alınır.
Büdcə müəyyən olunan zaman beş dollar
aşağı hesablanır".
İqtisadçı ekspert Natiq Cəfərlinin
sözlərinə görə, ümumilikdə bazar reaksiyası
kifayət qədər proqnozlaşdırıla bilər:
"Gündəlik 2,2 milyon barel neft hasilatı üzrə
birgə məhdudiyyətləri könüllü olaraq
daşıyan kartel ölkələri tərəfindən
hasilatın artması təklifin artıqlığı riskləri
yarada bilər. Hadisələrin belə dönüşü
olduqca gözləniləndir. ABŞ Prezidenti Donald Tramp və
komandası seçkilərdən bir il əvvəl vəd
etdikləri ilə məşğuldur və atdıqları
addımlar ani deyil. Əgər kimsə bu qərarları
"kortəbii" adlandırırsa, belə qiymətləndirmələr
ya qərəzlidir, ya da adekvat təhlildən uzaqdır. Trampa
ucuz neft lazımdır, çünki bu, ilk növbədə
Vaşinqtona Rusiyaya, İrana və Venesuelaya təzyiq göstərməkdə
kömək edəcək".
Bu addımın ikinci məqsədi benzini
ucuzlaşdırmaqdır: dünyanın ən nəhəng
iqtisadiyyatlı ölkəsinin orta seçicisi buna
böyük önəm verir. Bundan əlavə, ucuz benzin və
dizel istehlak qiymətlərinin ümumi dinamikasının
azalmasında da rol oynayır. Üstəlik, ABŞ-da yük
daşımalarının yarıdan çoxu avtomobil yolu ilə
həyata keçirilir. Onun hesablamalarına görə,
ABŞ-da neft hasilatı orta hesabla 50-55 dollar/barel səviyyəsində
olacaq: "Neftin qiymətinin düşməsi neftin və
qazın ixrac qiymətindən asılı olan
hasilatçı ölkələrin iqtisadiyyatına zərbə
olacaq. Azərbaycanın müasir tarixində hökumət
neftin qiyməti ilə bağlı iki dəfə həyəcan
təbili çalıb. 2008-ci ildə neftin qiymətinin
düşməsi ciddi maliyyə nəticələrinə gətirib
çıxardı, bir sıra sahələrdə islahatlar
elan olundu. Lakin bir neçə ay sonra neftin qiymətləri
qalxdı və bu proses səngidi".
2015-ci ildə dünyanın neft-qaz sektorunda daha ciddi
böhran baş verdi. Natiq Cəfərlinin sözlərinə
görə, o zaman neftin qiymətinin düşməsi milli
valyutanın məzənnəsinə də ciddi təsir
göstərdi. Bu zaman hökumət növbəti dəfə
dərin islahatlar məsələsini müzakirəyə
çıxardı, ölkədə pambıq əkinləri
artırıldı, aqrar sahədə bir sıra dəyişikliklər
baş verdi. 2017-2018-ci illərdə neftin qiymətinin yenidən
qalxması radikal islahatlara keçid zərurətini yenidən
səngitdi: "Hazırda dünyada növbəti neft
böhranı yaşanır. Qiymətlərin aşağı
düşmə ehtimalının yüksək olduğu bir
şəraitdə neft hasilatı kəskin şəkildə
aşağı düşür. Belə bir durum real və
sistemli addımların atılmasını zərurətə
çevirir".
İqtisad elmləri doktoru, professor Fikrət Yusifov
deyib ki, neftin qiymətinin aşağı düşməsinə
iki əsas amil təsir göstərir: "ABŞ Prezidenti
Donald Trampın iqtisadi tədbirləri qlobal iqtisadiyyatda tənəzzül
və neft birjalarında kotirovkaların azalması qorxusunu
artırıb. Bundan əlavə, neft kartelinin qərarı
bazara təsir edib, yəni OPEC+ neft hasilatını
artırır və bu da qiymətlərə təzyiq göstərir".
O bildirib ki, Azərbaycanın dövlət büdcəsində
neftin maya dəyəri bir barel üçün 70 dollar müəyyən
edilib. Dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə
aşağı düşməsi iqtisadiyyatı neftə bağlı
olan ölkələr üçün təhlükə
yaradır. Azərbaycan da belə ölkələrdəndir.
İxracımızın ümumi həcmində neft
satışından əldə olunan gəlirlərin payı
kifayət qədər böyükdür - neftdən gələn
birbaşa və dolayı gəlirlər büdcə gəlirlərinin
dörddə üçünü təşkil edir. Nəticə
etibarı ilə indiki qiymətdən kəsir dərəcəsi
narahatlıq doğurur. Qiymətlərin azalması davam edərsə
və davamlı olarsa, bu ilin maliyyə planına yenidən
baxılması lazım gələ bilər".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025.- 16 may(№84).- S.7.