Trampın Yaxın
Şərq səfəri - nələr dəyişəcək?
ABŞ Prezidenti Donald Trampın ikinci müddətə
yenidən dövlət başçısı seçilməsindən
sonra ilk xaricə səfərini Yaxın Şərqə - Səudiyyə
Ərəbistanı, Qətər və Birləşmiş
Ərəb Əmirliklərinə (BƏƏ) etməsi beynəlxalq
gündəmin əsas mövzusunu təşkil edir. Bu səfəri
doğuran səbəblər, onun əhəmiyyəti, nəticələri
və s. kimi məsələlər ətrafında müzakirələr
aparılır.
Ağ Ev rəhbəri səfər zamanı bir
sıra yüksək səviyyəli görüşlər
keçirib, əhəmiyyətli razılaşmalar əldə
edib. Belə ki, Trampın Səudiyyə Ərəbistanından
başlayan səfərində iki ölkə arasında 600
milyard dollarlıq iqtisadi əməkdaşlıq
razılaşması əldə edilib. Sənədə əsasən,
rəsmi Ər-Riyad ABŞ-da müdafiə sənayesi, enerji təhlükəsizliyi,
süni intellekt, texnoloji liderliyin təminatı və kritik cəhətdən
əhəmiyyətli faydalı qazıntı
yataqlarının işlənməsi və digər layihələrə
ümumilikdə 600 milyard dollar sərmayə
yatırmağı öhdəsinə götürüb. Həmin
investisiyanın təkcə 20 milyard dolları ABŞ ərazisində
süni intellekt məlumatlarının emalı və enerji
layihələrinə yönəldiləcək. Eyni zamanda, rəsmi
Vaşinqton Səudiyyə Ərəbistanı ərazisində
14.2 milyard dollar həcmində enerji layihələrinin reallaşdırılmasını
təmin edəcək. Tərəflər Səudiyyə Ərəbistanına
4.8 milyard dollar həcmində "Boeing 737-8" təyyarələri
göndərəcəyi barədə də
razılığa gəliblər.
ABŞ hakimiyyəti qarşı tərəfi 142
milyard dollar həcmində silah-sursat və hərbi texnika ilə
təchiz edəcək. Rəsmi Vaşinqtonun öhdəlikləri
arasında krallığın ordusunun müasir informasiya
kommunikasiya texnologiyaları, habelə tibbi vasitələrlə
təmin etmək də yer alıb. Hər iki ölkə hərbi
və hərbi tibbi təhsil sahəsində də əməkdaşlıq
edəcək. Bu isə Səudiyyə krallığının
regionda təhlükəsizliyi təmin etməsində rol
oynayacaq. Qeyd edək ki, 2024-cü ildə tərəflər
arasında ticarət dövriyəsi 25.9 milyard dollar olub.
Amma Səudiyyə Ərəbistanında qeyd edilən
razılaşma ilə yanaşı, daha bir mühüm nəticə
də əldə olunub. ABŞ Prezidenti burada Suriya lideri
Əhməd Əl Şaraa ilə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın onlayn iştirakı ilə
görüşüb və Dəməşqə qarşı
bütün sanksiyaların ləğvi qərarını elan
edib. Tramp bildirib ki, ABŞ-Türkiyə-Suriya-Səudiyyə
Ərəbistanı arasında keçirilən dördtərəfli
görüşdə Suriya ilə münasibətlərin
normallaşdırılması müzakirə edilib: "Mən
Suriya Prezidenti Əhməd Əl Şaraa ilə Türkiyə
Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı
ilə görüşdüm. Görüşdə Suriya ilə
münasibətlərin normallaşdırılmasını
müzakirə etdik. ABŞ yeni bir başlanğıc
üçün Suriyaya qarşı sanksiyaları ləğv
edir və bu, müsbət haldır".
ABŞ 1979-cu ildən Suriyaya qarşı sanksiyalar tətbiq
edir. İndi Əsəd rejiminin süqutundan sonra bu qərarın
da aradan qaldırılması yeni Suriyanın qurulmasında,
investisiyaların cəlbində olduqca böyük önəm
daşıyır.
Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib ki, Tramp
Əl Şaara ilə görüşdə onu İsraillə
diplomatik münasibətləri
yaxşılaşdırmağa, terrorizmlə mübarizəni
davam etdirməyə və İslam Dövləti qruplaşması
ilə əlaqəli şəxslərin saxlandığı həbsxanaların
işinə görə məsuliyyəti öz üzərinə
götürməyə çağırıb. Öz növbəsində
Əl Şaraa Suriyanın neft və qaz sənayesində
Amerika investisiyalarına maraq göstərib.
Ər-Riyadda keçirlən ABŞ və Körfəz
Ərəb Dövlətləri Əməkdaşlıq
Şurasının sammitində Donald Tramp həmçinin
bildirib ki, Birləşmiş Ştatlar daha çox ərəb
ölkəsinin "İbrahim sazişləri"nə (ərəb
ölkələri ilə İsrail arasında münasibətlərin
normallaşdırılmasına dair sazişlər)
qoşulmasına və İsraillə münasibətləri
normallaşdırmağa çalışacaq: "Hazırda
dörd belə ölkə var. Düşünürəm ki,
bu proses çox sürətlə gedəcək".
Xatırladaq ki, 2020-ci ildə İsrail ABŞ-ın
vasitəçiliyi ilə Bəhreyn və BƏƏ ilə
"İbrahim sazişi" bağlayıb. Mərakeş və
Sudanla münasibətlərin normallaşmasından sonra onlar
da bu sazişə qoşulub.
"İbrahim sazişi" imzalanmazdan əvvəl isə
İsrail yalnız iki ərəb ölkəsi ilə diplomatik
əlaqələrə malik idi: İordaniya və Misir.
Bu arada qeyd edək ki, ABŞ Prezidentinin xüsusi
nümayəndəsi Stiv Uitkof Azərbaycanın tezliklə
"İbrahim sazişləri"nə qoşula biləcək
ölkələr sırasında olduğunu söyləyib.
Onu da vurğulayaq ki, Tramp səfəri çərçivəsində
Qətərlə 1 trilyon dollardan çox məbləğdə
iqtisadi əməkdaşlıq sazişi imzalayıb. Məlumata
görə, Qətər ABŞ-dan 210-a qədər təyyarə
və kəşfiyyat-zərbə təyinatlı pilotsuz
uçuş aparatları almaqda maraqlıdır.
Görünən odur ki, Tramp vəd etdiyi kimi,
müharibə deyil, danışıqlar yolu ilə məsələlərin
həllinə üstünlük verir, ABŞ-ın iqtisadi
maraqlarını üstün tutur. Həmçinin kompromislərə
getməyə də meyli olduğunu nümayiş etdirir.
Ağ Ev lideri ABŞ-ın əvvəlki
administrasiyalarını Yaxın Şərq siyasətinə
görə sərt tənqid edib. Məlumdur ki, əvvəlki
administrasiyalar Yaxın Şərqi qan gölünə,
xarabaya çevirən siyasət aparıblar. Bu ölkələrin
əksəriyyəti hələ də acınacaqlı,
parçalanmış vəziyyətdədirlər.
ABŞ liderinin Yaxın Şərqə səfərini
"525"ə şərh edən Milli Məclisin
deputatı Rasim Musabəyov deyib ki, Tramp razılaşma əldə
etməyə meyillidir, husilərə zərbələr
endirdi: "Onlar da vəd verdilər ki, daha Qırmızı
dənizdə gəmilərə hücum etməyəcəklər.
Suriya liderini qəbul etdi və sanksiyaların
götürülməsinə razılıq verdi. Bu, Türkiyənin
və Səudiyyə Ərəbistanının təkidi nəticəsində
baş verdi. Bunlar hamısı müsbət məqamlardır.
İndi ola bilsin ki, bu qərarlara görə İsrailin
Baş naziri Benyamin Netanyahu və onun hökuməti məyusdurlar,
amma Tramp iş adamıdır, düzgün hesablayıb ki,
İsrailin və Netanyahunun nazı ilə oynamaq ona əlavə
xərc, başağrısı deməkdir".
İran məsələsinə diqqət çəkən
deputat deyib ki, burda iki xətt var idi, bir xətti Netanyahu
hökuməti irəli aparırdı, ABŞ-la birgə
İrana onun nüvə proqramını neytrallaşdırmaq
üçün hərbi zərbələr endirmək, ya da
ultimatum verib, onların bütün nüvə layihələrini
qapatmaq: "Bu, çətin bir məsələ idi.
İkinci yanaşma isə razılaşma əldə etməkdən
ibarət idi. Razılaşmalar əldə etmək müəyyən
mənada məsələləri sülh yolu ilə həll
etmək və qazancdır. İndi Tramp Səudiyyə Ərəbstanıdan,
Qətərdən və BƏƏ-dən 1 trilyona yaxın
investisiya cəlb edəcək. Ona görə də buna
üstünlük verir. Hər halda indi Türkiyənin də
müraciətini yerə salmadı, açıq şəkildə
elan etdi ki, Türkiyənin və Səudiyyə Ərəbistanının
tövsiyələrini nəzərə alaraq, Suriya üzərindən
sanksiyaları götürməklə şans verir ki, dövlət
kimi bərpa olunsun. Trampın əvvəlki 4 illik hakimiyyətinə
də nəzər salsaq görərik ki, o, müharibəyə
meyilli deyil. ABŞ müharibələr başlamırdı.
Düzdür, hansısa lokal zərbələrdə
iştirak etdi, iranlı general Qasim Süleymanini aradan
götürdü, Rusiyanın vaqnerlərini Suriyada onlar
artıq əndazəni aşdıqları üçün
darmadağın etdi, ancaq müharibəyə meyilli deyil. Tramp
iş adamıdır, o, hərbə-zorba gəlir, lakin məqsədi
dava yox, razılaşmadır. İndi təkcə Bayden
administrasiyası deyil, elə Obama hakimiyyəti dövründə
də baş verənlər, "Ərəb baharı"
inqilabları ona gətirib çıxardı ki, bir çox
ölkələr demək olar ki, dağıldı, onlar irəli
getmək əvəzinə gerilədilər,
dağıldılar. Liviya, Yəmən, Suriya və s. bunlar
hamısı göz önündədir. Belə olan halda Tramp
sabitliyin yaranmasına və onların inkişaf yoluna
çıxmalarına üstünlük verir. Hər halda
Suriyaya belə bir şans verilir".
Millət vəkili Azərbaycanın Türkiyə,
İsrail, İran, Suriya, digər Yaxın Şərq ölkələri
ilə münasibətləri nəzərə alınmaqla
ABŞ-ın Azərbaycan siyasətində hansı müsbət
dəyişikliklərin ola bilməsinə də diqqət
çəkib:
"Azərbaycanın ABŞ-dan bir istəyi var. Biz
ABŞ-dan xoş münasibət, işlərimizə
qarışmamaq və harada maraqlarımız üst-üstə
düşürsə, birgə əməkdaşlıq
gözləyirik. Budur Azərbaycanın təklifi. Digərlərindən
fərqli olaraq nə yardımlar istəyirik, nə də hərbi
və siyasi dəstək. Tramp güclü ölkələrlə
münasibət saxlamağa, əməkdaşlıq etməyə
meyillidir. Düşünmürəm ki, bu baxımdan Tramp
dövründə bizim ABŞ-la problemlərimiz olsun".
O ki qaldı Bakının "İbrahim sazişləri"nə
qoşula bilməsinə, R.Musabəyov deyib ki, bu sazişdə
iştirak etməyimizdə məna görmür: "Ona
görə ki, bizim İsraillə əməkdaşlığımız
"İbrahim sazişi"ndə olanlardan xeyli irəli gedib.
Biz İsraillə müharibədə olmuşuq ki, indi
sülh də bağlayaq? Əlbəttə ki, yox. Azərbaycan
İsrail ilə çox sıx əməkdaşlıq edir,
strateji tərəfdaşıq. Deyirlər ki, hansısa ərəb
ölkələri təhlükəsizlik sahəsində
İsraillə əməkdaşlıq etsinlər. Biz bu əməkdaşlığı
demək olar ki, 15 ildir edirik. Biz İsraili neftlə təmin
edirik. Qaz istehsalı ilə bağlı işlərdə
iştirak edəcəyik. İsraillə hərbi, rəqəmsal
sənaye, texnologiyalar, kənd təsərrüfatı, tibb və
digər sahələrdə çox yaxşı əməkdaşlığımız
var. Yəni o "İbrahim sazişləri"ndə nəzərdə
tutulduğundan xeyli irəlidəyik. Digərləri bizə
baxsınlar, İsraillə münasibətdə bizə
yaxınlaşsınlar".
Pərvanə SULTANOVA
525-ci qəzet .- 2025.- 16 may(№84).- S.5.