"Çağdaş
Azərbaycan ailəsi dünyada ən yaxşı ailə
modellərindən biridir"
Ailə milli-mənəvi dəyərlərin təcəssümü
və daşıyıcısıdır. Ailələrimizin
daha möhkəm və sağlam əsaslar üzərində
qurulması, güclü ailələrin formalaşması və
Azərbaycan ailəsinə xas ailə modelinin qorunması əsas
vəzifələrdəndir. Azərbaycan ailəsi
uzunömürlülüyü və möhkəmliliyi ilə
dünyada ən yaxşı modellərdən biridir. Dövlət
bu modelin qorunub saxlanılması üçün müxtəlif
siyasi proqramlar hazırlayır, sosial layihələr həyata
keçirir.
Millət vəkili Zahid Orucun fikrincə, Vətən
müharibəsində parlaq Qələbəni qazanan bir
xalqın öz "Milli Ailə Günü"
olmalıdır. Çünki hərbi uğurumuz həm də
ailə institutunun güclənməsi və möhkəmlənməsi
deməkdir. 44 günlük müharibədə azərbaycanlı
ailəsinin bənzərsiz mənzərələrini, qəhrəmanlıq
tablolarını əks etdirən bir sətirlik hekəyələri
yenidən xatırlayaq: "Ulu öndər Heydər Əliyev
şəxsi nümunəsi ilə örnək ailə
obrazı olduğu üçün deyirdi: "Ailə dəyərləri,
ənənələri, milli-mənəvi dəyərlərə
sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi
mühüm əhəmiyyət kəsb edir". Məhz həmin
ideala sadiq qalaraq, gəncliyi Qələbəyə gətirən
Prezident İlham Əliyev ölkəmizə rəhbərliyi
dövründə yetişən nəsillə öyünərək,
andiçmə mərasimində deyib: "Xoşbəxtlikdən
Azərbaycan ailəsi sağlamdır, ənənələr,
milli dəyərlər üzərində qurulubdur. Ailə tərbiyəsi
hər bir gənc və uşaq üçün əsasdır...
Gənclərimizin milli ruhda, ənənəvi dəyərlər
əsasında tərbiyə edilməsi, dırnaqarası
mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən
silinməsi - bu, bizim hamımızın, hər bir ailənin
və dövlətin qarşısında duran mühüm vəzifədir".
Azərbaycan ailəsi özündə həm
müasirliyə, həm də milli mədəniyyətə
xas ənənələrin vəhdətini özündə
ehtiva edir, onların unikal birliyini əks etdirir. Azərbaycanda uşaqlı və
nikahı olan cütlük dominant ailə modeli kimi qəbul
edilir. Müasir Azərbaycan insanı ailəyə bağlılıq,
ailə dəyərlərinə ehtiram hissi ilə
seçilir. İnkişafının hazırkı mərhələsində
müasir ailə institutu bir tərəfdən milli mədəniyyətin,
tarixi varisliyin, digər tərəfdən isə
çağdaş dövrün sosial-siyasi-iqtisadi şərtlərinin,
qlobal və yerli təsirlərin çuğlaşmasının
nəticəsidir. Azərbaycan ailəsi özündə həm
müasirliyə, həm də milli mədəniyyətə
xas ənənələrə uyğun cəhətləri
ehtiva edir, onların unikal birliyini əks etdirir.
Z.Oruc deyib ki, müasir Azərbaycan insanı ailəyə
bağlılıq, ailə dəyərlərinə ehtiram hissi
ilə seçilir. Lakin bu cəhətlərin möhkəmlənməsi
onun öz ailəsinin əvvəlki nəsillərinə
marağından, öncəki nəsillərin nümayəndələrini
tanımasından çox dərəcədə
asılıdır. İnformasiya əsrində insanların
öz ailə tarixini öyrənmək istiqamətində
marağının təşfiqi, vətəndaşlara öz
soy-kökünü araşdırmaq imkanı yaratmaq
üçün müvafiq arxiv materiallarının daha
çox əlçatanlığını təmin etmək
ailə dəyərlərinin təbliğində mücərrədlikdən
konkretliyə keçməyə imkan verməklə, ailə
institutunun möhkəmləndirilməsində daha effektiv hesab
edilir.
Z.Oruca görə, XXI əsrin əvvəllərinə
qədər ailə institutu - patriarxal və ya ənənəvi,
uşaq mərkəzli və ya müasir mərhələlərindən
keçib, hazırda postmodern, eyni zamanda natamam və nikahdankənar
çoxsaylı alternativ ailə-nikah modellərinə
doğru yön alıb: "Dəyərlər sisteminin qərbləşməsi,
aqressiv təbliği və mədəni hegemonluğuna nail
olması üçün hər cür informasiya
hücumları baş verir. Qlobal internet məkanında mənəvi-əxlaqi
nihilizmin, sərhədsiz azadlıqların sürətli təbliği
və ifrat ideologiyalı sosial hərəkatlar tüğyan
edir. Biz onu antiailə pandemiyası adlandıra bilərik. Ailənin
tarixən formalaşan, cəmiyyətin
bütövlüyünü təşkil edən "nikah,
cinsi və reproduktiv davranış
üçlüyün"ə, yəni ailə modelinin
klassik-ənənəvi formasını əvəzləməyə
iddialı olan alternativ ailə modellərinin
formalaşması-rəngli ailə hərəkatlarının
miqyaslı təbliğatı gedir. Nümunəvi ailə
obrazlarını bütün ictimai və media platormlarında
təqdim və təbliğ etmək Vətəni hərbi səngərdə
qorumaq qədər önəmlidir".
Azərbaycanda ailə institutunun möhkəmləndirilməsi
üçün lazım olan ideoloji basis milli-mənəvi dəyərlərimizdir.
Bunu prioritetə çevirməliyik və bütün təbliğat
ruporlarında, təhsildə, elmdə, informasiya
resurslarında önə çıxarmalıyıq.
Unutmamalıyıq ki, mədəni-mənəvi kökümüzə
qayıdış yolunda, milli mənəviyyatımızın
təkcə forma baxımından deyil, həm də məzmun
baxımından bərqərar olması uğrunda aparılan
mübarizədə mətbuatın, televiziyanın, o cümlədən
ictimai təşkilatların, təhsil müəssisələrinin
rolu böyükdür.
Millət vəkili, professor Hicran Hüseynova bu qənaətdədir
ki, tarixən ailə xalqımızın yüksək mənəvi
dəyərlərinin qoruyucusu, genofondumuzun
daşıyıcısı kimi milli inkişafımızda
mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi
köklərinə, mənəvi dəyərlərinə
bağlılığı böyük amildir. Bu qiymətli sərvət
yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın
mütərəqqi mənəvi dəyərlərindən
istifadə edilməklə zənginləşdirilir. Buna
görə də çağdaş dövrdə Azərbaycan
ailəsi dünyada ən yaxşı ailə modellərindən
hesab olunur: "Ailənin vətəndaş cəmiyyətinin
inkişafında xüsusi rolu var.
Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri
ilə ən nümunəvi sosial institutlardan biri olub. Hər
bir insanın, hətta hər bir xalqın özünütəsdiqində
və inkişafında ailənin rolu böyükdür. Ailə
insanların bir-biri ilə qurduğu münasibətlərin ən
qədim və unikal formalarından biridir. Azərbaycan
xalqının mentalitetində yüksək qonaqpərvərlik,
dostluğa sədaqət, dürüstlük, valideynə,
böyüyə hörmət, tolerantlıq kimi zəngin və
çoxşaxəli xüsusiyyətlər mövcuddur. Digər
tərəfdən, xalqımızın çox gözəl və
zəngin ailə ənənələri var. Bu ənənələr
dərin və sarsılmaz köklərə malikdir. Hər
xalqın öz ailə modeli var. Azərbaycanda ailə
qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini,
ailə münasibətlərinin qarşılıqlı məhəbbət
və hörmət əsasında qurulmasını müəyyən
edir".
Hicran Hüseynova deyir ki, ölkədə ailə
institutunun möhkəmləndirilməsi
üçün güclü qanunvericilik bazası
mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında
bu baza daim təkmilləşir. Azərbaycan
Respublikasının ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi
zərurətini, ailə
münasibətlərinin qarşılıqlı məhəbbət
və hörmət hissləri əsasında
qurulmasını, ailə üzvlərinin ailə
qarşısında məsuliyyətini, onların
hüquqlarının maneəsiz surətdə həyata
keçirilməsini müəyyən edir. Azərbaycan
Respublikası Konstitusiyasının 17-ci maddəsində
göstərilir ki, ailə cəmiyyətin əsas özəyi
kimi dövlətin xüsusi himayəsindədir. Bizim ölkədə
ailə siyasəti sahəsində qanunvericilik bazası
yaradılıb. Eyni zamanda, ölkədə institutun müdafiəsi istiqamətində
davamlı iş aparılır.
Millət vəkili Naqif Həmzəyev bildirib ki, Azərbaycan
ailəsi hər zaman digər xalqlara nümunə göstərilib.
Azərbaycanda ailə modeli ailə ənənələrinə,
milli-mənəvi dəyərlərə söykəndiyindən,
tarix boyu öz simasını itirməyib: "Qərb
dünyasında ailə institutu deformasiyaya
uğradığı bir vaxtda bizdə ailə dəyərlərinin
qorunub-saxlanılması Azərbaycan xalqına xas ən ali
xüsusiyyətlərdən biridir. Bunun kökündə isə
milli-mental dəyərlər, əxlaqi keyfiyyətlərimiz
dayanır. Bir xalq olaraq ailəyə hər zaman müqəddəs
ocaq kimi baxmışıq. Zaman-zaman ailə institutunun
dağılmaması üçün xalq kimi, yeri gələndə,
mətanət, dözüm nümayiş etdirmişik. Azərbaycanda
ailə institutunun sütunları böyüyə hörmət,
ailə başçısına sədaqət,
qarşılıqlı sevgi və digər dəyərlərə
söykənir. Bəlkə elə buna görədir ki, Azərbaycan
ailəsi bütün dünyada monolitliyi ilə örnək
göstərilir".
O vurğulayıb ki, ailə hər birimiz
üçün müqəddəs məkan və isti
ocaqdır. Cəmiyyət olaraq Azərbaycanda ailə dəyərlərinin
qorunub saxlanılmasına və daha möhkəm ailələrin
yaranmasına çalışmalıyıq: "Ailə ənənələri
ən qiymətli xəzinə kimi əsrdən-əsrə, nəsildən-nəslə
ötürülüb, xalqımız hər zaman onu göz bəbəyi
kimi qoruyub yaşadıb. Ailə hər bir fərdin gələcəyə
uzanan yolda dayağı, ümidi, güvənc yeri
olmalıdır. Ailə qarşılıqlı mənəvi,
hüquqi məsuliyyətlə bağlı olan kiçik
sosial birlikdir. Tarixin hər bir mərhələsində ailə
cəmiyyətin inkişafında mühüm rol oynayıb.
İnsanın kamilləşməsində, onun şəxsiyyətə
çevrilməsində ailənin rolu hər zaman öz əhəmiyyətini
saxlayır. Təəssüf ki, ailələrin
dağılması, bütövlüyünün pozulması əsasən,
cəmiyyətdə mövcud olan neqativ halların ailələrə
daxil olması səbəbindəndir. İnformasiya-kommunikasiya
texnologiyaları əsrində, qloballaşan dünyada
yaşayırıq. Şübhəsiz, bu qloballaşma həyatımıza
yalnız müsbət yox, mənfi xüsusiyyətlər də
daxil edir. Bununla da biliyi, savadı,
dünyagörüşü az olan insanlar həmin mənfi təsirin
altına düşür. Bu səbəbdən də hər
birimizin əsas vəzifəsi ailələri qorumaqdır.
Onların dağılmaması üçün kömək
etmək lazımdır. Burada vətəndaş cəmiyyətinin
də rolu böyük olmalıdır. Bizim əsas dəyərimiz
ailələrimizdir".
Sevinc QARAYEVA
525-ci qəzet .- 2025- 17 may(№85).- S.23.