Lənətlənmişlərin
özünün və nəsillərinin aqibəti
(Əvvəli ötən cümə sayımızda)
Kral I Karl öz imkanlarına arxalanıb, İtaliya
kiçik dövlətlərini də zəbt etmək istəyirdi.
Və əslində bu məqsədinə çatmaq
üçün ona mane olacaq bir qüvvə də yox idi. Bu məsələdə
Fransanın ona tutarlı rəqib olması qeyri-mümkün
idi, çünki qüvvələr nisbəti
İspaniyanın xeyrinə fərqli idi və onun İtaliyaya
ağalıq etmək istəyi həm də malik olduğu
imkanlara əsaslanırdı.
I Karl üçün təhlükəli düşmən
Osmanlı imperiyası idi, onu isə 1571-ci ildəki Lepanto dəniz
döyüşünə qədər məğlub etmək
mümkün olmamışdı. Həm də Fransanı ispan
kralı özünə bərabər olan rəqib
saymırdı və fürsət düşən kimi onu məhv
etmək istəyirdi. Axı artıq o, özü İtaliya
dövlətlərinə ağalıq etmək eşqinə
düşmüşdü. Onların düşmənçiliyi
1522-ci ildə daha da gücləndi.
I Fransiskin şəxsi həyatında da bədbəxtlik
baş verdi. 24 yaşlı arvadı Klaudinanı itirmişdi.
1525-ci ildə İtaliyanın Pavla şəhərindəki
döyüşdə Fransiskin ordusu ispanlara məğlub oldu və
Fransisk özü isə onlara əsir düşdü. Məhbəsdən
qaçmaması üçün onu Madriddə hündür
bir qüllədə saxlayırdılar. I Karl onun azad
olunması üçün nəhəng məbləğdə
qızıl pul istəyirdi. Axırda Fransisk 7 və 5
yaşlı iki oğlunu girov verməklə dustaqxanadan azad
oldu. Uşaqlar 4 il İspaniyada girov kimi dustaq
saxlandıqlarından, doğma dillərini də
unutmuşdular. Dofin vətəninə qayıtdıqdan sonra,
18 yaşında öldü. Yeni dofinliyə keçən
Henri 1533-cü ildə Katerina Mediçi ilə evləndi və
atası 1547-ci ildə öləndə, II Henri adı
altında taxt-taca çıxdı. Onun
hökmranlığı 12 il sürdü və öləndə
onu oğlu II Fransisk əvəz etdi. O, Şotlandiya
kraliçası Mariya Styuartla evlənmişdi. Onun
krallığı 1,5 il çəkdi və əri öləndə
Mariya da vətəninə qayıtdı.
Onu kral kürsüsündə qardaşı IX Karl əvəz
etdi. 1572-ci ildə anasının fəal iştirakı ilə
keçirilən Müqəddəs Varfolomey gecəsindəki
huqenotların qırğınından sonra kral öldü və
onu Polşa kralı olan qardaşı III Henri əvəz etdi.
1589-cu ildə qəribə davranışı ilə taxt-tacı
hörmətdən salan III Henri qətlə yetirildi və
bununla da Valua sülaləsi sona çatdı və Burbon
sülaləsinin əsası qoyuldu.
Sülalənin son üzvləri dini münaqişənin
əsasını qoymuşdular, ölkədə huqenotlar təqib
edilirdi. Onlar həm də xeyli bədbəxtliklərlə
üzləşmişdilər, bəziləri bunu sülalənin
ünvanına söylənən lənətlərin nəticəsi
hesab edirdi.
1589-cu ildə kral taxt-tacına tam qanuni əsasla yeni
Burbon sülaləsinin banisi IV Henri çıxdı. O, huqenot
lideri olduğundan 1594-cü ilə kimi katoliklər onu paytaxt
Parisə buraxmırdılar. O, dinini dəyişib, katolikliyə
qayıtmaqla Parisə daxil ola bildi. 1572-ci ildə o, II Henrinin və
Katerina Mediçinin qızı, üç kralın
bacısı olan Marqaritaya evlənmişdi, sonra onlar
boşandılar. IV Henri 1600-cü ildə Mediçilər ailəsinin
digər üzvü Mariya ilə evləndi. 1610-cu ildə
Parisin küçələrində karetada gedən kralı
fanatik katolik xəncər zərbəsi ilə
öldürdü. Sonralar onun qızı Henrietta-Mariya
İngiltərənin gələcək kralı I Karla, o, Uels
şahzadəsi olarkən, 1623-cü ikdə ərə
getmişdi.
Valua sülaləsindən olan qohumlarının bədbəxtliyə
xidmət edən lənəti onu da rahat buraxmamış, bu ləyaqətli
kral da qətl hesabına həyatı tərk etmişdi.
İngiltərədəki qısa ömürlü
Tüdor sülaləsinin bədbəxtlikləri
İngiltərədə XV əsrdə Yorkların və
Lanlasterin (Ağ qızılgülün və
Qırmızı qızılgülün) münaqişəsi
davam edir, silahlı toqquşmalara səbəb olurdu. Yorklar
hakimiyyətdə olanda kral IV Eduard 1483-cü ildə
öldükdən sonra, taxt-tacı, onun şahzadə
oğlanları olduğu halda, qardaşı III Riçard qəsb
etdi. O, qardaşı oğlanlarını Tauer qəsrinə
saldırdı və sonra uşaqların öldüyü
bildirildi. III Riçard bu əclaflıqlarla kifayətlənməyib,
ölən kralın arvadı ilə evləndi və öz
qardaşı qızını da ələ almağa
çalışırdı.
Riçarda qarşı güclü müxalifət də
var idi və onu əsasən Lankaster ailəsi təşkil
edirdi. Fransada məskunlaşmış lankasterlərin lideri
1485-ci ildə İngiltərə sahillərinə gəldi və
III Riçardın ordusu ilə Bosvort döyüşü
başlandı. Kral öz qüvvələrinə və qalib
gələcəyinə çox inanırdı. Lakin onun vəziyyəti
ağırlaşdı, özü öldürüldü və
ordusu məğlub oldu. Lankasterlərin Fransadan gəlmiş
lideri VII Henri adı altında kral elan edildi.
VII Henri ağıllı adam idi, ölkəni
parçalayan iki nəslin düşmənçiliyinə,
qızılgüllərin müharibəsinə son qoymaq
üçün Yorklardan olan kral IV Eduardın qızına
evlənməklə, iki düşmən ailəni qohum etməklə,
aradakı nifaqlara birdəfəlik son qoydu.
VII Henrinin iki oğlu var idi, Uels şahzadəsi olan
oğlu Arturu İspaniya kralı Ferdinandın və
kraliçası İzabellanın qızı Katerina Araqonluya
evləndirmişdi. Bir neçə aydan sonra Artur oldu. 1509-cu
ildə ölən VII Henrini isə taxt-tacda ikinci oğlu, VIII
Henri adı altında əvəz etdi.
VIII Henri qardaşının dul arvadına
vurulmuşdu və həddi-buluğa çatana qədər
gözləyib, Katerina Araqonluya evləndi. Henri sülaləni
yaşatmağı, davam etdirməyi vacib vəzifə hesab
edirdi, lakin arvadı ona oğul doğa bilmirdi. Doğduğu
beş uşaqdan yalnız qızı Mariya salamat
qalmışdı və gələcəkdə o, kraliça
olacaqdı.
1527-ci ildə qadın düşkünü olan kral
ona oğul doğmuş məşuqəsinin böyük
bacısı, Fransadan qayıdan Anna Boleynə vuruldu. Ərli
bacısından fərqli olaraq Anna (Qərbdə geniş
yayılmış Anna adı, İisus Xristin nənəsi
olmaqla, onun anası Mariyanın anasının adından
götürülmüşdür) kralın intim istəklərinə
tabe olmurdu və arvadını boşayıb, ona qanuni qaydada
evlənməyi təklif edirdi. Onsuz da kral özü də
Katerinadan aralanmaq istəyirdi və çox inanırdı ki,
bacısı ona bastard oğul
doğduğu kimi, Anna da ona şahzadə doğacaq və
sülalənin davamına möhkəm zəmin
yaradacaqdır.
Lakin Katerina Araqonlunu boşamaq asan məsələ
deyildi. Valideynləri ölsə də, İspaniya kralı I
Karl onun yaxın qohumu idi və o, Roma papası üzərində
güclü təsirə malik idi. Ona görə də papa
kralın arvadını boşamasına razılıq vermədi.
Henri əlacsız qalıb, Roma kilsəsi ilə əlaqəni
qırmaq yolunu tutdu, Anna Boleyn də onu buna təhrik edirdi. VIII
Henri ingilis kilsəsini Roma papasının tabeliyindən
çıxardı və yeni yaratdığı Anqlikan kilsəsinə,
kral kimi özünün başçılıq etdiyini elan
etdi. Məhkəmə Henrinin Bibliyada əsaslanan
iddiasını əsas götürüb - bu, onun
qardaşı arvadına evlənməsini qanundan kənar hesab
edirdi - onun Katerina Araqonlunu boşaması ilə razılaşdı.
Anna Boleynin 1533-cü ilin əvvəlində artıq hamilə
olduğunu nəzərə alıb, kral onunla gizli surətdə
evləndi və 1533-cü ilin sentyabrında Anna krala oğul
deyil, Elizabet adlandırdıqları qızı doğdu.
VIII Henri çox sayda ədalətsizliklərə də
yol verirdi. O, katolik monastırlarını müsadirə edib,
onların var-dövlətinə sahib olmaq istəyirdi. Bu
var-dövlət isə olduqca böyük idi. İlk dəfə
o, yepiskoplar şurasından bir monastırın ona verilməsini
xahiş etdi. Yepiskoplar krala güzəştə getmək istədikdə,
yepiskop Fişer etirazını bildirib, bir pritça söylədi.
O dedi ki, balta tiyəsi bir dəfə meşəyə gəlib,
ondan özünə sap düzəltmək üçün
kiçik odun parçası istədi. Meşə
özündə milyonlarla belə odun növünə malik
olduğuna görə, etiraz etməyib, balta tiyəsini
razı saldı. Tiyə saplandıqdan sonra meşənin
canına düşüb, onu qırmağa başladı. O qədər
qırdı ki, əsl odun daşqını meydana gəldi.
Sonra o, sözünü belə
yekunlaşdırdı: kral da indi bir monastır istəyir,
sonra isə hamısını əlinə keçirməyə
cəhd edəcəkdir. Onun peyğəmbərliyi düz
çıxdı, bütün monastırlar tezliklə
kralın mülkiyyətinə keçdi.
VIII Henrinin Anna Boleynə evlənməyinə görə
də etiraz edən yepiskop Fişeri kral öz düşməni
kimi 1535-ci ildə edam etdirdi.
Kraliça Anna Boleyn saray qaydalarına o qədər də
məhəl qoymurdu, şux və müstəqil təbiətinə
görə əyanların hansından xoşu gəldiyini də
gizlətmirdi. Bunu isə onun freynləri (lediləri)
müşahidə edib, krala çatdırırdılar.
Annanın zinakarlıq etməsi barədə öz
şübhələrini əsas götürüb, kral onun
mühakimə olunmasını tələb etdi. Anna artıq
Tauer qəsrinə salınmışdı, o, qardaşı ilə
guya intsest əlaqəsi də daxil olmaqla, beş nəfərlə
zinakarlıq etməkdə ittiham edildi və işgəncə
altında onlardan bəzisi bunu etiraf etdikdə,
kraliçanın özünün mühakiməsi vaxtı
qardaşı da daxil olmaqla üçü edam edildi. Doğma
dayısının sədrlik etdiyi məhkəmə Annaya
qarşı ittihamları əsas götürüb, onu edam etmək
hökmünü çıxardı. Anna edam olunanda xahş
etmişdi ki, onu cəllad küt balta zərbəsi ilə
deyil, Fransadakı kim daha iti olan qılınc vasitəsilə
boynunu vursunlar. Bu hadisə 1536-cı ildə baş verdi. Ondan
bir il əvvəl Katerina Araqonlu da həyatdan getmişdi.
Henrinin Almaniyadan olan dördüncü arvadı
xoşuna gəlmədiyindən onu boşamışdı.
Beşinci arvadı Katerina Houard cavan və gözəl idi və
Henri onu sevirdi. Lakin az sonra Katerinanın yeniyetmə vaxtı
fahişəlik etdiyi aşkar oldu və Henri, öz
günahlarına etiraz edən bu qızı da edam etdirdi. Henri
altı dəfə evləndi, lakin axtardığı xoşbəxtliyi
ölənə qədər tapa bilmədi.
Annanın anadan yetim qalmış üç
yaşlı qızı Elizabetin ağır günləri
başladı, fahişə adlanan anasına görə o,
bastard hesab olunurdu.
İkinci arvadının edam edilməsindən az sonra
Henri onun saray ledisi Ceyn Seymurla evləndi və bu qız onun
üçüncü arvadı olmaqla, bir il sonra krala çox
arzuladığı oğul doğdu. Lakin doğuşdan 12
gün sonra Ceyn özü öldü. Uşaq sonralar VI Eduard
adı altında kral elan edilmişdi.
1547-ci ildə atası öldükdən sonra taxt-taca
çıxan azyaşlı Eduard ögey bacısı Elizabetə
yaxşı münasibət bəsləyirdi, lakin altı ildən
sonra o öləndə ögey bacısı, Katerina Araqonlunun
qızı olan Mariya kraliça olanda, Elizabet yenidən
sıxışdırılmağa başlandı. Mariya onu
öldürmək üçün bəhanə
axtarırdı, lakin
kraliçaya qəsddə iştirakı barədə
ona qarşı irəli sürülən ittiham öz təsdiqini
tapmadı.
1558-ci ildə beş il hakimiyyətdə olan Mariya
öləndə Elizabet kraliça elan edildi. Lakin bu məsələ
də müəyyən çətinliklə həllini
tapmışdı.
I Elizabet hakimiyyətdə özünü istedadlı
və bacarıqlı kraliça kimi göstərdi. Təqib
olunmasına baxmayaraq, o, yaxşı təhsil
almışdı, beş dildə danışırdı.
Poeziya da ona yad deyildi. Dini münaqişələr ölkəni
parçalamaq həddinə gələndə, Elizabet cəsarətli
qaydada protestantizmi müdafiə etmək mövqeyindən
çıxış etdi. Bacısı, Qanlı Mariya adlanan
kraliça katolikliyi yaymaq üçün protestantları
edama məhkum etdirmişdi. Elizabet də katolikləri cəzalandırmaq
yolunu tutdu.
Elizabet sülaləni davam etdirmək üçün
ərə getməli, oğul doğmalı idi. Lakin o,
İngiltərənin müstəqilliyi naminə ərə
getmək fikrini rədd edirdi. Güman edirdi ki, əcnəbiyə
ərə getsə, İngiltərə katolitsizmə
qayıdacaq, ingilisə ərə getsə, ərinin
qohumları hakimiyyətin siyasətinə müdaxilə edəcəkdir.
Onun əlini xahiş edən əcnəbilər heç də
az deyildi. Vaxtilə kraliça bacısının əri
olmuş, İspaniya kralı II Filipp onu almaq istəyirdi, lakin
Elizabet onun təklifini qəbul etməmişdi.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet .- 2025. -17 may(№85).- S.22.