Duyğu
yaddaşından poetik meditasiyaya...
Yaddaş, xüsusilə də duyğu yaddaşı
qəlbin toxunulmaz, mistik saxlancıdır. Bu mənəvi
arxivdə bəzən elə məqamlar qoruna bilir ki, bir
tanış ətir, bir doğma qoxu, bir təbii rayihə, bir
nəfəslik melodiya, bir eşitməlik səs, bir öyrənilmiş
toxunuş, bir qıyqacı baxışla bizi unudulmuş
sandığımız hisslərlə bir anın içindəcə
üz-üzə qoyar, heç uf da deməz... Zaman içində
zaman çevrilməsi ilə hansı paraleldə necə
duyğularla baş-başa qaldığımızın fərqinə
varanadək mövsümlər də dəyişər,
reallıq da...
Xalq şairi Rəsul Rzanın 1965-ci ildə
yazdığı "Üç girdın arçan odunu,
divar sobası və yuxu" şeiri duyğu
yaddaşını (elə bəşəri yaddaşı da)
oyadan modernist poeziya örnəyidir. Şeir elə adından
başlayaraq duyğu yaddaşımı təxminən bir qərinəlik
keçmişə - otuz il əvvələ atdı...
...Bizim tərəflərin qışı
ilikdondurandı. Soyuq qış gecələrində mərhum
atam sobamızın böyrünə gecədən mişarla
bir boyda kəsilmiş, amma hissələrə
doğranmamış nisbətən böyük odun
parçalarını - girdınları yığardı.
Yatmazdan əvvəl odun sobasına atdığımız
üç girdın bəs edərdi səhərəcən
bütün evi çölün soyuğundan qorumağa... O
girdınların içərisində təsadüfən ya
şam ağacından, ya da yabanı ardıcdan (arçan) da
düşərdisə, səhərəcən evin istiliyinə
burun qıcıqlandıran xoş ətri ilə məst edən
yapışqanlı, meditativ mistik odun qoxusu da
qarışardı. Ölənlərin sağ olduğu, gələcəklə
bağlı elə yuxu kimi şirin xəyalların
qurulduğu 30 il əvvəlki, amma həm də sanki min il əvvələ
aid uşaqlıq keçmişim film kimi zehnimin ekranında
göründü:
Qalan bir az kül,
bir də hərarəti 5 dərəcə
qalxmış
termometrin civəsi...
Bu, hamımızın uşaqlığına aid
güvən və etibar qoxuyan odun sobalı doğma, isti evin təsviridir.
Bu istilik təkcə fiziki anlayış deyil, həm də mənəvi
hərarətin ifadəsidir, çünki ardınca
bütün duyğu orqanlarının yaddaşını bircə-bircə
oyandıracaq... Ardınca da yaddaşın təqdim etdiyi rəngli,
qoxulu, melodiyalı, dadlı hisslər buketi:
Bir də,
göz yaddaşımda
qırmızı zolaqlar
Bir də,
qulaq yaddaşımda
ocağın çırtıltısı
Bir də,
burun yaddaşımda
yapışqan qoxusu.
Bir də,
dil yaddaşımda
tüstü acısı...
O illərin uzaqlığında azmı zilləmişdik
gözümüzü çırthaçırt yanan
ocağın yaratdığı o sehrli qırmızı aləmə?
Beynimiz bizlə oyun oynayaraq o qıpqırmızı alov dillərindən
azmı mistik görüntülər yaratmışdı? O
laylay kimi odun çırtıltısının sədaları
altında gözümüzün qarasına hopan o
qırmızılıqda, burnumuzdakı o xoş ağac
yapışqanı qoxusu ilə əslində uşaqlıq cənnətinin
lap içində yaşadığımızın da fərqində
deyildik... Doğma evdəki hərarətdən
canımızın isinməsini isə "barmaqucu
yaddaşımda soyuğun yumşaq ölümü"
adlandırmaq elə Rəsul Rza modernist təfəkkürünün
misilsiz bədii bəhrəsi ola bilərdi. Bu misralarda
duyğunun yaddaşa çevrilməsi və geriyə -
yaddaşın yenidən duyğulara qaytarması şeirin
bütün poetik tonunu müəyyənləşdirib.
İlk baxışda adi görünən və eyni zamanda
insanın ocaq başında qızınma kimi ilkin instinktini
dirildən bu misralar oxucunu təkcə fərdi keçmişə
deyil, bəşəri hafizə kodlarına da
götürüb aparır.
Şeir adi bir epizodla - odun yandırmaq, divar sobası
ilə evi isitmək və yuxuya getməyin təsviri ilə
başlayır. Lakin bu sadə məişət aktı
şairin yaddaşında və hissiyyatında
çoxqatlı izlər buraxır: hisslər,
görüntülər, qoxular, səslər, dadlar vasitəsilə
keçmiş və indiki zamanın sərhədi
ilğım kimi bir-birinə qarışır. Bu kiçik məişət
hadisəsi ilə kainatın, insan yaddaşının və
şüuraltının dərinliklərinə qədər
yol görünür.
Şeirin əsas dayaq nöqtəsi yaddaşdır -
lakin bu yaddaş adi xatirə deyil. Rəsul Rza yaddaşı
beş duyğunun prizmasından keçirir: göz yaddaşı,
qulaq yaddaşı, burun yaddaşı, dil yaddaşı və
təmas (barmaqucu) yaddaşı. Beləcə,
xatırladır ki, xatirələr sadəcə
düşüncələrdə yox, bədənin hər
nöqtəsində yaşayır. Sonra müəllif sanki
xatirələrin müvəqqəti irrealığından
reallığa - odunun, kibritin, qəzetin olduğu gündəlik
həyata qayıdır:
Odunu odunçu gətirmişdi,
Kibrit keçən həftədən
qalmışdı,
Çəkdim, qəzetin
dördüncü səhifəsi alışdı.
Ardınca fərdi xatirələrdən bəşəri
hafizəyə, məişətdən dünyaya "poetik
tunel" açılır:
Qara Konqo
qaraldı, qaraldı,
Vaşinqton
qıpqırmızı zehli göründü.
Bir qafiyə qaçdı
sətrin ortasına.
Qara çərçivəli elan
əyilib - bükülüb
tüstüdən keçib
qalxdı başa.
Qaraldı, bozardı,
partladı rezin şar kimi
"Yüzüncü tamaşa".
Burada - biri Afrikada, digəri ABŞ-da yerləşən
Qara Konqo və Vaşinqton kimi iki fərqli məkanın birləşdirilməsi
yəqin ki, həm coğrafi, həm sinfi, həm də ideoloji
fərqi vurğulamaq məqsədi daşıyır. "Qara
Konqo qaraldı, qaraldı" misrasında Afrika qitəsinin
tarixi, sinfi təbəqələşmə, müharibə və
səfalət kimi bəşəri mövzulara göndərmələr
edilir. Bu, əslində, qara təbəqənin üzləşdiyi
ədalətsizlikləri və yoxsulluğu simvolizə edir.
Vaşinqtonun "qıpqırmızı zehli
görün"məsi isə bütün siyasi
"yanğınların" oradan körükləndiyinə
incə bir işarədir bəlkə də?!. Qəzetin səhifələri
yanır və dünyadakı hadisələr alovun içində
vizual metafora kimi görünür gözümüzə. Yanan
qəzet deyil, bəlkə də informasiya bolluğu ilə siləbəsilə
yüklənmiş yaddaşımızdır.
Altmış il əvvəl yazılan bu şeir
müasir dövrümüzə də sanballı göndərmədir.
Çağdaş dövrümüzdə informasiya
bolluğunun müvəqqəti və yanıb yox olan təbiətini
bu simvolika yenidən bizə xatırladır. Burda diqqətimi
"Qafiyənin sətrin ortasına qaçması" fikri
xüsusilə cəlb edir, bu modernist sərbəst şeirlə
sanki bilərəkdən ənənəvi poeziyanın struktur
qaydalarına, formalarına qarşı çıxan şair
obrazı yaradılıb.
Əcaib kölgələr yüyürüşüb
doluşdu otağın güncünə
Gözün əcaib naxışları
hopdu kərpiclərə
Divarlar çəkilmişdi geri
yenə irəli gəldilər
Qalan bir az kül oldu.
Ağ çarpayı da, ağ yastıq da,
ağ köynəkli yorğan da
yox oldu.
İşığın hökmü artanda qaranlıq
yüyürüb künclərə atır
özünü... Görünüşcə, divar
sobasında adi bir qəzetin yanması, onun hər bir səhifəsindəki
xəbərlərdən alovun dillərinin necə keçməsi
verilib. Fəqət misraların dərin qatında bir
dağılma baş verir, dualist dünyanın qara tərəfini
görürük. Bu, bəlkə elə yaddaşın da
zamanın hansısa yanma nöqtəsində qaranlığa
gömülməsinin işarəsidir... Ya da bəlkə
ekzistensialist böhranın yaradıcı ruhda
yaratdığı psixoloji təlatümdür?
Divar qara!
Döşəmə qara!
Tavan qara!
Qara boya axdı kitablara...
Buracan duyğu yaddaşı hər şeyə
hökmran idi, şair buracan şeirdə reallıqla xəyal
arasında var-gəl eləsə də, daha çox
reallıq şərtlərinə tabe olurdu. Bundan sonra isə
beynin yuxu ilə oyanıqlıq arasındakı
dalğası, elmi dillə ifadə etsək, theta
dalğası aktivləşir, amma bədii dillə söyləsək,
buradan o tərəfə şüurun da, təhtəlşüurun
da, zehnin də, qəlbin də dərin poetik meditasiyası
başlayır. Düşüncələr burada poeziya qiyafəsində
zamanla məkan qatlarının bir-birinə
qarışdığı mistik ruhi səfərə
çıxır:
Soyunub girdim yuxuma
Axtardım, axtardım.
yuxumun yuvasını
Mən, ayaqlarım, iki gözüm!
Yuxuma bələdçilik edirdim özüm.
Gəzirdik dünyanı
Yuxuda yuxum gəlirdi,
yata bilmirdim.
Tarixi eposlarımızdan üzübəri "yuxu
kiçik ölümdür" deyirlər. Burada "soyunub
yuxuya girmək" metaforası bir tərəfdən gündəlik
həyatın adi prosesi kimi görünsə də, digər tərəfdən
klassik ədəbiyyat ənənələrimizdə yer alan
öldükdən sonra Yaradanın hüzuruna hər şeydən
arınıb üryan çıxmağı da
xatırladır... Bir neçə illik şüuraltı
meditasiya təcrübəmin verdiyi hissiyyata əsasən,
şeirin bu hissəsində tamamilə dərin
şüuraltı meditasiya gözəl bədii təsvirlə
çatdırılır. "Yuxuma bələdçilik
edirdim özüm, yuxuda yuxum gəlirdi" - gəlişigözəl
misralar kimi seçilməyib, müasir spiritualizmdə də
bu fenomen öz əksini tapıb. Bu cür nəzarət edilə
bilən yuxular ezoterik ədəbiyyatda "lüsid
röya" anlayışı kimi yer alıb. Və beyin dərin
meditasiyada olanda bütün varlığı vahid olaraq
qavrayır, bu zaman hər bir duyğu orqanına xas olan
yaddaş bütövlükdə ruhun yaddaşı kimi
çıxış edir. O məqamda bütün ruhunla
duyğu yaddaşının tam təbii şəkildə yerdəyişmələrini
hiss edirsən:
Göz yaddaşımda səslər:
zolaq-zolaq
Qulaq yaddaşımda mənzərələr:
ağappaq!
Dil yaddaşımda
hərarətin sakit ölümü!
Barmaqucu yaddaşımda
yapışqanlı havanın dadı?
Burun yaddaşımda
qaranlığın səsi!
Bəlkə də fərqinə varmayanlar
üçün absurd görünən bu abstrakt lövhələr
poeziyanın meditasiyasına dala bilənlərə son dərəcə
mümkün və həyati təsir bağışlayır.
Bu şeir təkcə duyğu yaddaşını yox, ruhun
ortaq hafizəsini da oyadır: Məsələn, mən
gözüm bağlı olanda səsləri
"gördüyümü" də, qulağım
bağlı ağappaq mənzərələri
"eşitdiyimi" də xatırlayıram - yuxu ilə
oyanıqlığın arasında... Bu şeirdəki yuxu
motivi həm realdır, həm metaforik. Çünki
özündə varolmanın nigaranlığını da
ehtiva edir, hələ üstəlik, dillər əzbəri
olan Quran ayəsinin mahiyyətini də yada salır:
"İnsanlar yuxudadır, öləndə oyanacaqlar"...
Yuxuda ayıldım yuxudan
Beynimdə dünyanın nigaranlığı!
Milyon işıq ilinin
bir anlıq pərişanlığı!
Bu yuxudakı oyanış rahatlatmır, şeirin bu
kosmik-fəlsəfi kulminasiya misraları ilə faniliyin
bütün mənzərəsini göz önünə sərilir!
Milyon illik zaman-məkan sonsuzluğunun içində bir
anlıq pərişanlıq - yəni insanın acizliyi,
varlıq qarşısındakı zəifliyi, qorxusu, müvəqqətiliyi
və ağlasığmaz kosmik miqyasların içindəki
tənhalığı lakonik bədii möhtəşəmliklə
təqdim edilir. Yaradanın milyon işıq ili zamanından
ayırıb bəxş etdiyi bir anlıq ömrümüzə
ifrat qəliz mənalar yükləmədən hər
anını sevinc və sevgi ilə yaşayaraq
xatırlamalıyıq... Ki, ömür deyilən elə
üç girdın arçan odununun divar sobasında
yanması qədər davam edən yuxu içində yuxudur,
bunu biləndə həyat daha yaşanmalı olur.
Bütün bu poetik meditasiyanın məqsədi də əslində
bu bəşəri olduğu qədər ilahi olan həqiqəti
dərk və qəbul etmək, bununla barışmaqdır...
Çünki bu ilahi sonluq əzəldən yazılıb - həyatda
da, elə şeirdə də: Qalan bir az kül...
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet .- 2025. -17 may(№85).- S.21.