Aktrisa Larisa Xələfova:
"Salamımı çatdırın" deyəcəyim
dostlarım bu gün həyatda yoxdur"
Aktrisa Larisa Xələfova 1950-ci ildə Bakıda
anadan olub. 1972-ci ildə B.V.Şukin adına teatr peşə məktəbini
bitirib, Sverdlovsk Dram Teatrında və S.Vurğun adına Azərbaycan
Dövlət Rus Dram Teatrında çalışıb.
Kinoda ilk işi 1966-cı ildə çəkilən
"İstintaq davam edir" filmində Dilarə obrazı olan
Larisa Xələfova ümumilikdə 30-a yaxın filmdə, o
cümlədən "Ad günü", "Bir ailəlik
bağ evi", "Şeytan göz qabağında",
"Təhminə" filmlərində
rol alıb. Azərbaycan tamaşaçısı isə onu
daha çox "Təhminə" filmindəki Mədinə
obrazı ilə xatırlayır. Aktrisa hazırda Rusiyanın
paytaxtı Moskva şəhərində yaşayır.
Aktrisa Larisa Xələfova ilə söhbəti təqdim
edirik.
- Necəsiniz, Larisa xanım, həyatınız necə
keçir?
- Mənim yaşımda həyat necə ola bilər?
Yaşayıram. İşlər qaydasındadır. Nəvəm
var deyə həyata sevgim də var. Belə. Aktrisa kimi fəaliyyətimə
gəldikdə isə, uzun müddətdir filmlərə
çəkilməkdən imtina etmişəm. Müəyyən
yaşdan sonra məndə yaddaş problemi üzə
çıxdı. Buna görə də aktrisa kimi fəaliyyətimi
dayandırmağa qərar verdim. Çünki iki kəlmə
deyəndən sonra üçüncüdə birdən
hansısa sözü unudub əsəbləşməyə
başlayırdım. Düşündüm ki, qalan
ömrümü əsəb içində yaşaya bilmərəm.
- Neçə ildir Rusiyadasınız?
- 1994-ci ildən bəri Moskvada yaşayıram.
- Bakıda doğulmusunuz.
- Bəli. 17 yaşım olanda təhsil almaq
üçün Moskvaya gəldim. Təhsilimi başa vurub
Bakıya qayıtdım və orada teatrda işə düzəldim,
filmlərə çəkildim. Anam öləndən sonra hər
şey alt-üst oldu. Mənzilimi satıb Moskvaya
köçdüm. Burada oxuduğum üçün xeyli
dostlarım vardı. Onlar mənə dəstək oldular.
- Moskvada aktrisa kimi fəaliyyətinizi davam etdirdinizmi?
- Bəli. Burada bir müddət teatrda işləmişəm.
Ancaq təzə gəldiyim dövrdə bu sahədə
problemlər çox idi. Məsələn, teatrların əksəriyyətində
az maaş verirdilər. Amma bir sıra seriallarda rol
almışam.
- Azərbaycanda, Bakıda sonuncu dəfə nə vaxt
olmusunuz?
- Oh, yüz il əvvəl... Qızım
vaxtaşırı əri və nəvəmlə Bakıya
gedir. Artıq 3-4 dəfə Bakıda olublar. Deyirlər,
Bakı o qədər gözəlləşib ki...
- Bakı üçün darıxmırsınız?
- Əlbəttə darıxıram. Əsas da
oradakı dostlarım üçün. Bir də Xəzər
dənizi üçün. Xəzərdə üzməyi
çox sevirdim.
- Azərbaycanda yaşayan aktyor dostlarınızla əlaqə
saxlayırsınız?
- Vaxtaşırı köhnə dostlarla
danışırıq. Birlikdə oynadığım aktyor
dostlarımın çoxu bu gün həyatda yoxdur. Ancaq bəzilərini
hələ də yaxşı xatırlayıram. Məsələn,
Rasim Ocaqov, Rüstəm İbrahimbəyov, Oqtay Mirqasımov,
Rasim Balayev, Şəfiqə Məmmədova və digərləri.
Rüstəm İbrahimbəyovun "Bir ailəlik bağ
evi" filmində Rasim Balayevlə çəkilmişdik.
Rasim Ocaqov və Oqtay Mirqasımovun filmlərində çəkilmişəm.
Şəfiqə Məmmədova ilə yaxşı münasibətimiz
olub. O vaxt Rasim Ocaqov məni bir rola çəkmək istəyirdi.
Qızımı dünyaya gələcəkdi deyə, həmin
roldan imtina etməli oldum. Mənim yerimə Şəfiqə Məmmədova
çəkildi. Dediyim kimi, Şəfiqə ilə
yaxşı münasibətimiz vardı, vaxtaşırı tədbirlərdə
qarşılaşırdıq.
- Xüsusilə fərqləndirdiyiniz bir rolunuz
varmı?
- Düzü, bu işi çox sevdiyimi deyə bilmərəm.
Hətta bir dəfə Rüstəm İbrahimbəyov mənə
demişdi ki, səhnədə oynamağı sevmirsən.
- Moskvaya köçəndən sonra Bakıdan sizi
soraqlayan olubmu? Məsələn, hansısa rola dəvət
almısınızmı?
- Yox. Doxsanıncı illərdə kino elə bir vəziyyətdə
idi ki, heç kimin film çəkməyə pulu yox idi.
İndi soyadını unutmuşam, bir rejissor vardı, mənə
həmişə çəkildiyim roldan da əlavə səhnələr
verirdi. Mən də çəkilməyə
razılaşırdım, çünki bu, əlavə gəlir
demək idi.
- Bir sıra Azərbaycan filmlərində rol
alsanız da, sizi daha çox "Təhminə" filmindəki
"Mədinə" obrazı ilə xatırlayırlar.
- O filmdə kiçik rolum var idi. Mən Təhminənin
rəfiqəsini oynayırdım. Sadəcə, Rasim Ocaqov xətrimi
çox istədiyi üçün məni dəvət
etmişdi. O, gözəl rejissor və gözəl operator idi.
Gördüyü işlər heyrətamizdir. Təəssüf
ki, bu gün həyatda yoxdur.
- "Təhminə" filmi ilə bağlı xatirələrinizi
bizimlə bölüşə bilərsinizmi?
- Düzü, çox da yaxşı
xatırlamıram, həmin filmdə səhnəm az olub
(düşünür). Orada çəkilən türk
aktrisası Meral Konratı xatırlayıram. Sonradan onunla əlaqə
saxlamaq imkanım olmadı. Sadəcə bir detal
yadımdadır ki, o, bizdən daha çox qonorar
alırdı (gülür). Bilirsiniz, yaddaşımla əlaqədar
olaraq çox az şey xatırlayıram. Təxmini sujet
yadımdadır, bir onu bilirəm ki, sonda Təhminə
ölür və mən kiməsə zəng vurub nəsə
deyirəm. Bundan artığını xatırlamıram. Həmin
filmin özünəməxsus romantikası var idi.
- Bakıya, oradakı köhnə dostlarınıza nə
demək istərdiniz?
- Bakı mənim sevimli şəhərimdir, mən
orada doğulmuşam,
uşaqlığım oradadır. İnsanlara gəldikdə
isə... Salamımı çatdırın deyəcəyim
dostlarım bu gün həyatda yoxdur - Rüstəm İbrahimbəyov
da öldü, Rasim Ocaqov da...
Aytac SAHƏD
525-ci qəzet .- 2025.-17 may(№85).- S.20.