Fəxrəddin
Manafov: "Elə yaşdayam ki, artıq öz qiymətimi
bilirəm"
"Çox istərdim ki, unudulum, görüm axı
unudulmaq nə deməkdir?"
Azərbaycan kinosunun və mədəniyyətinin
görkəmli siması Fəxrəddin Manafov sanki səssizliyin
özüdür. Bəzən susar... O, sükut, sözün
çatmadığı yerdə başlayan bir
düşüncə dənizidir, yalnız ruhunu dinləməyi
bacaranlar orada boğulmadan üzə bilir. Bilirəm, Fəxrəddin
Manafov bir qədər sonra oxuyacağınız bu tərif
dolu sözləri sevmir. Ancaq bu sətirlər tərif deyil; qəlbin
dərinliyindən gələn səmimi düşüncələrin
ifadəsidir. Onun təvazökar duruşuna, zərif
aktyorluğuna və dərin mənəvi aləminə
duyduğum heyranlıqla, icazəsinə sığınıb
bunları yazıram.
Fəxrəddin Manafov təkcə aktyor deyil; o,
varlığın səhnəsində insan ruhunun sərhədlərini
yoxlayan bir filosof kimidir. Onun səhnədə
yaratdığı dünya reallıqla ilahi sualların kəsişdiyi
bir metafizik səfərdir. Canlandırdığı obrazlar
tamaşaçının iç dünyasında
varlığın mənasına açılan səssiz
qapıları aralayır. Hər bir rolunda insanın
kainatdakı yerini, taleyin oyunlarını, əxlaqi
dilemmaları və zamanın yorucu izlərini müdrikcəsinə
işləyir. F.Manafovun sənəti Aristotelin
"mimesis", yəni təqlid nəzəriyyəsini
aşır. O, təqlidlə kifayətlənmir, obrazların
mahiyyətinə nüfuz edir və onları yenidən var edir.
Bu mənada onun teatrı Platonun ideyalar aləminə
açılan bir pəncərə kimidir: səhnədə
canlanan hər bir obraz həqiqətin bir iz
düşümüdür. Oynadığı hər rolda
insan təbiətinin işıqlı və qaranlıq
yönlərini bir-birinə qarışdırır. Bu
baxımdan o, Dostoyevskinin qəhrəmanlarını
xatırladır; ruhun ziddiyyətləri, vicdanın
pıçıltıları, azadlığın bədəli
və s. onun sənətinin bünövrəsidir.
Tamaşaçı onun səhnəsində sadəcə izləyici
deyil; onunla birgə düşünən, hiss edən və dəyişən
bir şüurdur. Məhz buna görə Fəxrəddin Manafovun
aktyorluğu, Sokratın "Sorğulanmamış həyat
yaşamağa dəyməz" sözlərinin əks-sədası
kimi, düşüncə ilə duyğunun əl-ələ
verdiyi bir məkan yaradır. Fəxrəddin Manafov çox izləyicinin
qəlbinə toxunaraq ruhlarının ən dərin
qatlarında silinməz izlər buraxdığı kimi, mənim
də ruhuma təmas etmişdi. Uzun müddət idi ki, ona
suallarımı birbaşa ünvanlamağı
arzulayırdım. Və nə xoş ki, o an gəldi, bu
müsahibə gerçəkləşdi. Bu görüş mənim
üçün sadəcə peşəkar bir hadisə deyil,
ruhani bir qarşılaşma, daxili bir zənginlik anı oldu.
Səmimiyyəti və zəngin düşüncəsi ilə
müsahibəyə dərinlik qazandıran Fəxrəddin bəyə
dərin ehtiramla təşəkkürümü bildirirəm.
- Ruhən yaralanmadan böyük sənət yaratmaq
mümkündürmü?
- Öncədən təşəkkür edirəm.
Bir az əvvəl danışdıqlarım boşuna deyilmiş.
Yəqin hiss edirdim. Ümumiyyətlə, "sən"ləmi
danışım, "siz"ləmi danışım?
- "Sən"lə danışa bilərsiniz, Fəxrəddin
bəy.
- Tamam. Səninlə görüşməyimizi
yaxşı mənada, hardasa şüuraltı düz hiss eləmişəm.
Çox qəribədir ki, zaman-zaman özüm-özümə
deyirəm ki, şükürlər olsun, intuisiyan ölməyib,
hələ hissiyyatın var. Mənə, mənim küçəmə,
mənim ruhuma çox-çox yaxın bir sualdır. Mən,
təbii ki, öz peşəmdən çıxış edərək
bu suala böyük məmnuniyyətlə cavab verərəm.
Ümumiyyətlə, aktyorluq peşəsinə mənim
öz yanaşmam var. Mən bunu iki yerə bölürəm:
biri texnikadır, digəri isə ruh, hiss. Bunlar bir yerdə
olarsa, bir yerdə tam birləşirlərsə, onda
böyük sənət yaranar. Əgər yalnız
texnikadırsa, gözəl. O zaman sən texnikanı
görürsən və deyirsən ki, nə gözəl,
böyük bir texnikadan xəbərdar olan sənətkar bu
texnikanı icra edir. Amma təəssüflər olsun ki, burada
hissiyyat yaransa da, sona qədər olmur. Aktyor səhnədə
olanda o emanasiya zala gedib tamaşaçının ruhuna
toxunmalı, oradan aktyora qayıtmalıdır. Əgər bu
baş vermirsə, aktyorun tamaşada davam etməsi çox
çətin olur, aktyor çətinliklə davam edir. Buna
cürbəcür ad vermək olar. Məsələn,
"tamaşaçı mənə laqeyddir", yaxud "mənə
hissiyyatı ilə təşəkkürünü
bildirmir" və s. Amma peşəkarlıq səndən
asılıdır. Əgər sən bunu edə bilmirsənsə,
bu emanasiyanı göndərə bilmirsənsə, deməli,
səndə nəsə bir problem var. O zaman elə bil ki, sən
divara tamaşa göstərirsən. Divar, təbii ki, sənə
nə qaytaracaq? Divara deyir, düşür yerə. Bəlkə
exo varsa, onda yalandan aldada bilərsən özünü
(gülümsəyir). Ona görə bu, iki yerə
bölünür. Mənim üçün dünyada
çox böyük aktyorlar var, olub. Tanrı mənə elə
bir imkan yaradıb, böyük ustad Rasim Ocaqovun sayəsində,
onun əliylə mənə o imkanlar verilib. Mən çox
böyük aktyorları məhz Rasim müəllimin - mənim
kino ustadımın filmlərində o ustadları
görmüşəm. Adlarını da çəkə bilərəm:
Donatas Banionis, Aleksandr Kalyagin, Yuri Yakovlev, Qalina Polskix və b.
Mənim üçün Amerikada iki böyük aktyor var.
Şükürlər olsun, hər ikisi ixtiyar yaşlarında
olmasına rəğmən, hələ də həyatdadırlar.
Allah onlara dəyməsin, çünki çox böyük sənətkarlardır
- biri Cek Nikolsondur, o biri Entoni Hopkins. Məndən soruşsalar
ki, hansı daha böyükdür, mən onları iki yerə
bölərəm. Deyərəm ki, Cek Nikolson texnikanın
mükəmməlliyində olan bir aktyordur, amma Entoni Hopkins
texnika ilə ruhu bir yerə gətirən ən böyük
aktyordur. İkisi də onda var. Əlbəttə, Cekdə də
ruh məsələsi var. Belə izah eliyim: yəqin ki,
Hollivudun "Canavar" filminə baxmısınız. Bu film
iki dəfə çəkilib. Bəlkə də üç,
dörd dəfə çəkilib, bilmirəm. Amma bu iki filmi
görmüşəm. Bunların birində baş rolu Cek
Nikolson oynayır, o birində Entoni Hopkins. Hər ikisi eyni
canavarı oynayır. Sadəcə, Cek Nikolson
plastikasını oynayır, Entoni Hopkins isə
matritsasını. Fərq bundadır. Entoni Hopkinsin gözləri
oynayır, gözləri danışır, düşüncəni
gözləri ilə verir, nə bığ qoyur, nə xal
qoyur. Aktyorluğun ən yüksək pilotajı Entoni Hopkinsdə
var. Mən onda bir çox şeyləri görərək dərk
etmişəm. Ən yüksək pilotaj məhz fikri
çatdırmaqdır. Budur ən vacibi. Ona görə
"Yara olmadan böyük sənət yaratmaq olarmı?"
sualı məni vadar elədi bunu deməyə: olar, texnikaya
istinadən etmək olar, amma bu, çox qəliz bir şeydir,
dərin bir formadır. Əlbəttə ki, ağrını,
yaranı hiss edəndən sonra bunun nə olduğunu
anlayırsan, amma inandıram ki, əgər səndə texnika
olmasa, bunu oynamaq mümkün deyil. Əzizini itirirsən, eləmi?
Sən onu neçə dəfə oynaya bilərsən? Sən
onu bir dəfə yaşadın, oynamadın. Çünki
yanında getdi o adam və sən heç düşünmədən
çox böyük əzablar çəkdin. Sonra sən onu
oynaya bilməyəcəksən. "Mən bunu
yaşadım, gördüm və indi bunu oynayacağam"
deyirsən? Bu, mümkün deyil. Bu, sadəcə səndə
bir yaddaş kimi, hansısa detallarla qalacaq. Bax, o detallar
çox vacibdir. O da texnikaya aiddir, inanın mənə. Tutaq
ki, mən stəkanı tutarkən əllərim titrəyir,
amma mən tamaşa oynayanda o stəkanı götürürəm
və əllərim titrəmir. Bu detal olmalıdır.
Ümumiyyətlə, aktyor sənətində hər hansı
bir fikri çatdırmaq üçün bunların
hamısı detallarla bir-birinə bağlıdır.
"Oynamaq" sözü düzgün deyil. Rəqs
oynayarlar, şahmat oynayarlar. Oynamaq ora aiddir. Aktyor oynamır.
Verdiyin o sualın mənim mövqeyimdən cavabı budur.
Əgər bunların ikisi bir yerdə ola bilirsə, çox
böyük nəticələr verir. Yox, əlbəttə,
bir yerdə olmasa da, nəticələr verir, amma təbii ki,
ideal, mükəmməl sonluq olmur. Bu, kainatda belədir.
Bilinmir hara gedir, hardan başlayır - bu "qara dəliklər"
və s. Hər bir sahədə belədir, məncə.
Düşünürəm ki, sizin sahədə də belədir.
Mən həmişə eşidəndə ki, biri: "Mən
obraza girmişəm və obrazdan hələ çıxa
bilmirəm" deyir, bunu anlaya bilmirəm, başa
düşmürəm. Bu nə deməkdir? Bu geyim deyil axı
(gülümsəyir). Girə bilmisənsə, deməli,
çıxmağı da bacarmalısan. Necə yəni
"çıxa bilmirəm"? Bunların hamısı bir
düsturdur. Həmişə demişəm, yenə də təkrar
edirəm: aktyorluq sənəti bir riyaziyyatdır, həndəsədir.
Bu, texnikasıdır. Bu bir kənara. Bunun fəlsəfəsi
də var. Fəlsəfəsi ruhdur. Nə edirik edək,
başımızı qaldırıb göyə baxanda biz
orada nə görürük? Riyaziyyatı, həndəsəni,
dəqiqliyi, necə
ölçülüb-düzüldüyünü
görürük. Və bunun arxasında çox böyük
ruh görürük.
- Ruhun tənhalığı sənətə ilham
verirmi, yoxsa insanı tükəndirir?
- Ruhda heç vaxt tənhalıq yoxdur. Ruhun
özü-özlüyündə kimsə olması
düzgün deyil. Ruh onsuz da təkdir, amma tənha deyil. Təkliklə
tənhalıq arasında çox böyük fərq var. Tənhalıq seçimdir. Təklik başqa
şeydir. Ruh elə bir şeydir ki, məsələn,
oturmuşuq, ruhdur - mənim və sənin ruhun. Biz nəyi istəsək,
kimi istəsək, hansı düşüncəni, fəlsəfəni,
keçmişi, gələcəyi istəsək, o ruha gətirə
bilərik. Bu mənada sufilik mənə çox yaxın olan
varlıqdır. Varlıq deyirəm, mənim üçün
bu, "izm" deyil. Bu, mənim üçün
varlıqdır. Çünki "Məni məndə demə,
məndə deyiləm. Bir mən vardır, məndə məndən
içəri". Saysız, hesabsız... Əgər bu varsa
məndə, necə tənha ola bilərəm? Və o ruh məni
bezdirə bilərmi? Mümkün deyil. Biz
gözümüzü açırıq, açmırıq,
biz yatırıq, yatmırıq, biz ruhlayıq həmişə.
Biz, hətta artıq düstura çevrilmiş vərdişləri
belə, hansısa bir işi görəndə, məsələn,
əlimi uzadıb bu çayı götürüb
süzürəm və s. bunların hamısına ruhla
yanaşırıq. Ruhsuz mümkün deyil. Mən elə bir
insan tanımıram ki, özü-özüylə
şüuraltında, ruhuyla "bunu beləmi edim, yoxsa beləmi
edim?" deyə danışmasın. Biz belə
yaranmışıq, belə qurulmuşuq. Bunun tənhalığı
mümkün deyil. Əksinə, böyük bir varlıq və
zənginlikdir bu. Sən ruhunda nə qədər çox
olsan, ruhunla nə qədər çox münasibətdə
olsan, o qədər təmiz və pak olacaqsan. Amma əgər
sən ruhunu basdırırsansa, ruhun eləcə orada
qalırsa, onda o, səndən ayrılacaq. Səndən
asılı olmayaraq ayrılacaq. Özü çəkilib gedəcək.
Çünki ruhu saxlayan elə ruhun özüdür. Ruh
görür ki, sən onunla ruhən yaxınlıq etmirsən,
sən onu qəbul etmirsən, yaxud da qəbul edib ondan qorxursan
- o, sənə hər şeyi deyir... Şüuraltından
insana elə düşüncələr gəlir ki, insanın
tükləri biz-biz olur. Hər şeyə qarşı - ən
əzizindən düşməninə qədər - elə
fikirlər çıxır ki, deyirsən: "Əstəğfürullah!"
Amma gəlir axı o fikir. Hardan gəlir o fikir? Ruhdan gəlir.
İndi de mənə, tənhalıq ola bilərmi?
Mümkün deyil. Mən hər zaman fikirləşirəm ki,
insan oğlu bu dünyaya gəlibmi, yoxsa gətirilibmi? Onu ancaq
Yaradan bilir. Yaradan da hardadır, kimdir? Allah deyirik, bir
başqası "God" deyir. Fərqli yanaşmalar var. Amma
hamı bir nöqtəyə - Yaradan anlayışına yönəlir. İstər-istəməz
, hər kəs ona "Yaradan" deyir. Fərqli kəlmə
ilə adlandırsalar belə. Əgər varsa o Yaradan, amma
var, əlbəttə ki, ola bilməz ki, o var olmasın. Təsadüf
ola bilməz, mümkün deyil. Hər şey zərurətdir.
Kainatın dağılıb yenidən qurulması da, Günəşin
işıq saçması da... Deyirlər ki, neçə
milyard ildən sonra Günəş sönəcək. Təbiidir
bu deyilənlər. Ya sönəcək, ya partlayacaq. Bu,
mümkün olacaq şeydir və olacaq da. Deməli, bunlar
hamısı öncədən düzülmüş,
qurulmuş bir şeydir. Və bunların hamısının
içində ruh var, bizim ruhumuz var. Bu necə tənha ola bilər?
Mən təsəvvür edə bilmirəm ki, ruhum olmasın.
Mən onda yəqin daş olaram. Hərçənd,
inanıram ki, daşın da ruhu var (gülümsəyir).
- Bir insanı dərk etmək üçün onun
sözlərinə, yoxsa susqunluğuna qulaq asmaq
lazımdır?
- Ən sadə şəkildə irəliləyək,
istəyirsənsə. İlk növbədə hansısa
düsturlardan istifadə edirik də. "Bu bunu belə elədisə,
deməli, bu belə adamdır" filan. Boş ver. Mən belə
yanaşmıram. Çünki dəfələrlə o
düsturlarda yanılmışam, o düsturlarda
itib-batmışam. Eləsi olub ki, qarşımda quzu kimi bir
insan olub. Allah, Allah, mənim üçün əlindən gələni
edən birinə bənzəyən bir adam olub. Amma sonunda mən
onu şeytan görmüşəm. Və o qədər
güclü bir şeytan olub ki... Bir tərəfdən də
Tanrıma təşəkkür etmişəm ki, mənim
qarşıma belə bir quzu şəklində şeytan
göndərib. Hətta namaz qılır. Adətən namaz
qılan adam belə şeylərdən uzaq durmalıdır. Nəysə,
bunu bir kənara qoyaq. Mənə elə gəlir ki, ilk
növbədə çalışmaq lazım deyil ki,
görüşdüyün adamı görən kimi dərk
edəsən, bu necə adamdır, nədir deyə. "Ay
bununla yol get, yolda bilinir kim nədir" belə düsturlar
var da. Məsələn, deyirlər ki, ağır vəziyyətə
düşəndə tanıyacaqsan hər kəsi. Çox qəribədir,
yadıma bir şey düşdü, indi onu danışım.
Məncə, Hollivud filmi idi. Deməli, gələcəkdən
gələn bir qəhrəman gəlir ki, keçmişdəki
indiki zamanın bir fəlakətli halını saxlamaq
lazımdır deyə. Orada bir dialoq yadımda qalıb. Həmin
gələcəkdən gələn qəhrəman
keçmişdəki insana deyir:
- Siz qəribəsiniz, insanlar.
Digəri soruşur:
- Nədədir bizim qəribəliyimiz?
- Sizin ən yaxşı cəhətiniz yalnız pis
hala düşəndə üzə çıxır. Siz
çox pis vəziyyətdə olan zaman yaxşı
xüsusiyyətlər üzə çıxır. Çox
maraqlı yanaşması var ssenaristin. Əlbəttə ki,
biz filmə baxanda hardasa 80-90 faiz inanırıq ki, bu
böyük bir düsturdur, belə də olmalıdır. Amma
bunu yazan ssenaristdir. Amma bunun özündə doğrudan da
maraqlı bir fikir var: Niyə insanların yaxşı və
insani cəhətləri yalnız pis olanda üzə
çıxır? Bu baxımdan, mən məsələyə
belə yanaşıram: əgər mən kiməsə
yaxşı yanaşıramsa, doğrudan da onu qəbul edirəmsə,
sona qədər mən ona nəyim var danışıramsa, əslində
onu yox, özümü anlayıram. Özümü
tanımağa başlayıram. Cavabı nə olacaq, zaman
göstərəcək. Və zaman da göstərir. Dəfələrlə
mən bunun şahidi olmuşam. Deyirlər ki, düsturlar var,
məsələn, "heç vaxt filan şeylərini
danışma, bunlar dönüb sənə qarşı
çıxa bilər". Məndə o yoxdur, mən
danışıram. Mən, hətta, mənə aid olan hər
hansısa hadisəni də rahat və qorxmadan danışa
bilirəm. Çünki burada günah və ya utancverici nəsə
görmürəm. Amma bir müddətdən sonra mənə
cavab qayıdanda artıq anlayıram ki, bu insanla yoluma davam
edim, ya yox. Bu mənim mövqeyimdir. Və belə də
yaşayıram. Çox qəribədir, yadımda deyil
neçə yaşımdan belə olmuşam, yəqin ki, həyatım
boyu belə yaşamışam. Bir də insan münasibətləri
ilə bağlı bir şey deyim. Uşaqlıqda hardasa 1-2-3
dostun olur. Sonra sən bu mərhələni keçirsən, həddi-büluğa
çatırsan, orta məktəb və s. Orada da
başlayır dostların olmağa. Uşaqlıqdakı
dostların elə bil ki, yox olurlar, birdən-birə yoxa
çıxırlar. Və ya biri qalır onlardan. Çox
nadir hallarda olur ki, kimsə uşaqlıqdan dost kimi qalır və
həyatının sonuna qədər dost olursunuz. Mən daha
çox bunları kitabda, filmlərdə görmüşəm.
Amma həyatda rast gəlməmişəm ki, 70-80
yaşlarında kimsə desin ki: "Bax, bu mənim
uşaqlıqdan dostumdur". Var, yəqin ki, var. Bəlkə
yaddaşımı eşələsəm, yadıma
düşər kimsə. Amma bu, çox nadir hallarda olur. Yəni
elə bil, dostlar yavaş-yavaş ələnir, sən həyatına
davam etdikcə, bu dostlar ələkdən keçirlər.
Kimsə qalır yanında, kimsə yox. Kimsə əlaqə
saxlayır, bəlkə 1 il, 5 ildən sonra zəng edir:
"Yadındadır, mən filankəsəm. Nə var, nə
yox?" deyir. Sabahısı gün isə sənə
heç maraqlı olmur ona zəng etmək. Çünki zaman
sizi ayırıb. İnsan bir yerdə olanda, bir işdə,
bir sahədə olanda, hansısa nəticəyə getmək
istəyəndə bir yerdə olurlar. Amma arada fasilələr
olanda münasibət soyuyur. "Zəng edim, nədən
danışım?" deyə düşünürsən.
Çünki arada böyük bir məsafə yaranıb. Buna
baxmayaraq, mən bunun tərəfdarıyam ki, hardasa 10-20 il əvvəl
tanıdığım, dostluq etdiyim biri gəlsin,
qapımı döymədən içəri girsin, desin: Necəsən?
Yaxşısan? Filan şey vardı, bilmirsən necə oldu? Mən
də demərəm ki, "nə danışırsan, biz illərlə
görüşməmişik" filan. Yox. Sadəcə, mən
də deyərəm: Bu, filan cür oldu. Ona görə də
bu münasibət məsələsi insanın özündən
asılıdır. Sən yaşadıqca hər şey bir-bir
aydın olur.
- Aktyor obrazlar vasitəsilə öz həqiqətini
axtarır, yoxsa gizlədir?
- Heç nəyi gizlətmir, əksinə, daha da
gizlində olanı bir-bir ortaya çıxarır, amma rəsmiləşdirmir.
"Bu mən deyiləm ha, mən bunu sadəcə oynaya bilirəm"
deyir. Yalan deyir, özündə də var bu. Çünki
"Məni məndə demə, bir mən vardır məndə.
Minlərlə mən vardır məndə". Heç nəyi
gizlətmir, hamısı ondadır - o insanda. Bu dünyanı
yaradan, bu insanı yaradan, inciməsinlər (gülümsəyir),
eyni çipi hamımıza qoyub. Bizdə hər şey var.
Bizdə böyüklük də var, qəhrəmanlıq da,
satqınlıq da var, yalan da, dürüstlük də - hər
şey var bizdə. İsa peyğəmbər demişkən:
Kimdə günah yoxdursa, daşı o atsın. Günahsız
heç kim yoxdur. Anton Çexovun çox böyük bir ifadəsi
var: "Mən həyatım boyunca köləliyi canımdan,
həyatımdan çıxardıb atmaq istəyirdim"
deyir. Bizim aktyor səhnəyə çıxanda, bizdə nə
varsa - əgər gözəl dramdırsa, əsərdirsə
- bunlar yalnız klassikada var. Klassika niyə ölmür, niyə
bezdirmir? Çünki həqiqət var orada. Necə var, onu da
yazıb. Ona görə böyük
yazıçıdırlar onlar. Orada hər şey var.
Şekspirdə də var, Dostoyevskidə də, Hüseyn Caviddə
də. Biz gizlətmirik, əksinə, şükür deyib
çıxarırıq ki, biz çıxartdıq onu.
"Amma baxın ha, mən obraz yaratdım" deyir. Yalan
deyirsən. Nəyi ki sən inandıra bilirsən, deməli,
səndə o birə-bir var. Mən romantik, təmiz qəhrəmanı
da oynamışam, amma elə birini də oynamışam ki,
baxsan filmlərə deyərlər: "Allah, Allah! Bunda bu da
var imiş?!" Var! Əlbəttə ki, var! Yalandan niyə
deyim ki, yoxdur? Bundan öncəki suallarımızda
yadındadır, demişdim ki, insanın fikirində nələr
olur? Bax, elə həmin onlardır, eyni şeylərdir. Bu
arada, bu söhbət mənim çox xoşuma gəlir. Mən
deyim bu səpkidə mən hələ uzun illərdir
müsahibə vermirdim. Gəncsən, amma çox
dürüst və düz yaxınlaşırsan.
Şükürlər! Təşəkkür edirəm ki, mənim
öncəki müsahibələrimi oxumusan, məlumatlanmısan
və anlamısan ki, Fəxrəddinə başqa cür
yanaşmaq lazımdır. Sənin bu yanaşman məni
çox sevindirdi. Təşəkkür edirəm.
- Çox təşəkkür edirəm. Sizdən
bunları eşitmək qürurumu oxşadı.
- Tam səmimi, həqiqəti deyirəm.
- Minnətdaram. Həyatda ən çox qorxduğunuz
şey nədir - unudulmaq, yoxsa anlaşılmamaq?
- Nə ondan qorxuram, nə də digərindən.
Çünki anlaşılmamaq ilk növbədə mənim
öz qüsurum ola bilər. Əgər məni
anlamadılarsa, deməli, bu, mənim problemimdir. Mən
özümü anlada bilmədim və yaxud mən anlanası
biri olmadım (gülür). Əgər anlada bilmirsənsə,
onda mən niyə küsməliyəm, nədən inciməliyəm?
Yalnız özümə qarşı ola bilər o
küskünlük. Problem yalnız özümə aiddir.
Unudulmağa gələk. Əlbəttə, biz hamımız
çalışırıq ki, təvazökar olaq. Biz
hamımız insanıq. Və necə deyərlər, biz
özümüzü çox sevən varlıqlarıq. Eqoizm
bizdə çox güclüdür. Səhər tezdən evdən
çıxanda güzgüyə baxırıq ən
azından, saçımızı darayırıq. Yəni biz
özümüzə diqqət yetiririk. Biz
çalışırıq unudulmaqdan qaçaq. Və bu belə
də olmalıdır. Çünki əgər səni unudurlarla,
deməli, heç kimə lazım deyilsən. Tutalım,
meşədə yaşıl ağaclar var, amma bir yazıq
ağac da var ki, quruyub, qupqurudur. Gələn-gedən buna təpik
atır. Axırda ağacları yığan birisi gəlir,
bunu sındırıb götürür, aparır,
yandırır, yox edir. Belə bir şeydir unudulmaq. Pis
şeydir. Amma bunun bir tərəfi də var. Şəxsən
mən çox istərdim ki, unudulum.
- Unudulmaq istəyirsiniz?
- Bəli, unudulum. Görüm axı bu nədir?
Unudulmaq nə deməkdir? Mən bunu nəzəri cəhətdən
bilirəm, hətta nümunələr də deyə bilirəm.
Amma bunu doğrudan da yaşamaq istəyirəm. Mən sizə
hər kəsə demədiyim bir şeyi açıb deyim.
Peşəmlə bağlıdır bu. Ruhdan başladıq deyə,
mən burada yalandan danışmaq istəmirəm. Bu günə
qədər demişəm, deməmişəm yadımda deyil.
Ola bilsin ki, birinci dəfədir sizə deyirəm. Bəlkə
də ixtiyarım yoxdur bunu deməyə. Amma elə bir yerə
toxundun ki... Mən deyəcəyəm bunu. Maraqlı gəldi
elə deyilmi? (gülümsəyir).
- Həm də çox.
- Bu peşəyə mən "iblislik" deyirəm.
Mənim peşəm iblislik peşəsidir. Yəqin ona
görə də dində bu qəbul olunmur. İslamda
aktyorluq, teatr sənəti qəbul olunmur. Yəni dinə zidd
sayılır bu. Bəlkə də buna görədir, bilmirəm.
Mən özüm elə bir yaşdayam ki, avqustda 70
yaşım olacaq. Bu uzun-uzadı yolu getdikcə, anlamağa
başladım ki, bu peşə doğrudan da iblis peşəsidir.
Mən səhnəyə çıxıram, Akademik Rus Dram
Teatrında çalışıram. Orada son tamaşam Ejen
İoneskonun "Kral ölür" tamaşası idi. Absurd
janrındadır, çox çətin bir janrdır. Bizim azərbaycanlı
Ərşad Ələkbərovla - Sankt-Peterburqda
yaşayır - bu işi ərsəyə gətirdik. Çox
böyük bir tamaşa idi. Çox böyük fəlsəfə
daşıyan bir pyesdir. Ejen İonesko rumındır, o
dövrdə kommunistlərdən Fransaya qaçıb, orada
olduğu dövrdə xəstəlikdən, ağrılardan
çıxıb bu əsəri yazıb. Öncədən
dediyim o "yaralanma" məsələsinə nümunə
ola bilər. Yaralanıb və bu əsəri yazıb - qəribədir,
elə bil, addım-addım keçdiyi əzabları, hissləri
yazıb. Niyə görə "iblislik" deyirəm bu
peşəyə? Mən böyük qnozisdən
danışıram, Fərhad, adi, sıravi aktyor dili ilə
demirəm. Mən elə bir yaşdayam ki, artıq öz qiymətimi
bilirəm, nəyə qadir olduğumu bilirəm. Mən bu
gün peşəmin mənə aid olan, mənə verilən
hər tərəfini çox mükəmməl bilirəm. Mən
bu gün səhnəyə çıxsam... (Bir neçə
saniyəlik sükut yaranır və Fəxrəddin bəy
gözünü qırpmadan diqqətlə gözümün
içinə baxır)...bax elə indi sənə etdiyim kimi,
bütün tamaşaçıları, ardımca apara bilirəm.
Bu həm texnikadır, həm ruhdur. Mən bunu bacarıram.
Bunu artıq əldə etmişəm. "Kral
ölür" tamaşasında səhnəyə
çıxarkən "Seremoniya" adını qoyduq,
çünki Fransa səfirliyi xahiş etmişdi bizdən.
Demişdilər ki, bunun orijinal adı
"Seremoniya"dır. Bu çox güclü, böyük
bir əsərdir. Bunu çox yerdə oynayıblar. Və mən
onların hamısını yutubda tapıb baxmışam. Tam
səmimi və tam məsuliyyətlə deyirəm ki, bizim
tamaşa onların heç birindən geri qalmırdı, hətta
bəzi məqamları ilə daha da güclü idi. Niyə
görə iblislik? Çünki mən səhnəyə
çıxa bilirəm və tamaşaçını
manipulyasiya edə bilirəm. Onu manipulyasiya edib, özümlə
dartıb aparıram. Mənim rəhmətlik yoldaşımla
cəmi 8 tamaşa oynadıq. Sonra isə o tamaşanı
teatrdakı bəzi adamlar bütün vasitələrlə
pozmağa çalışdılar, məni özümdən
çıxarmaq istədilər. Və nail oldular. Mənim o
teatrla aramda çox incikliklər yarandı. Yoldaşım mənə
deyirdi: "Bu, çox böyük tamaşadır". Mən
isə cavab verirdim: "Mən bilirəm, çoxdan bilirəm
bu əsəri. Teatr ustadım Vaqif İbrahimoğlu hələ
ötən əsrin 80-ci illərinin əvvəlində istəyirdi
bu tamaşanı bizimlə hazırlasın. Amma janr çox
çətin idi, biz aktyorlar hazır deyildik. Ona görə də
qaldı". İllər sonra, yoldaşımla bərabər
bu pyesi dəfələrlə oxuduqdan sonra
razılaşdıq. Mənim yoldaşım filoloq idi,
çox ağıllı, zəkalı bir insan idi. Həm
televiziyada spiker idi, həm Bakı Slavyan Universitetində dərs
deyirdi. Biz bir yerdə analiz etdik bu əsəri. O deyirdi: "Mən
8 tamaşaya baxdım. 48 ildir bir yerdə yaşayırıq.
Amma bu 48 il ərzində mən sənin belə cəhətlərindən
xəbərsiz olmuşam. Sən 8 tamaşanın səkkizində
də tamaşanın başından sonuna qədər məni
əlinə alıb, hara istəsən, aparırdın. Ya
ağladırdın, ya güldürüdün. İstədiyini
edirdin". İndi soruşuram: iblislik deyilmi bu? İblislikdir.
Biz nəyə görə yaxşı filmə, yaxşı
tamaşaya böyük məmnuniyyətlə, dəfələrlə
baxırıq? Çünki o, bizi alır, aparır
özü ilə. Çünki bizim ona ehtiyacımız var.
Çünki bizim hər birimizdə, hər bir insanda,
tamaşaçıda həmin o "iblislik" var. Sadəcə,
biz özümüz qorxuruq onu çıxartmağa. Onun vasitəsilə
çıxardırıq və deyirik: "Mən deyildim, o
çıxartdı". Bu peşə doğrudan da belə
bir peşədir. Amma bir şərtlə - həddini bilib, əxlaqi
çərçivədən çıxmamaq şərti ilə.
Əxlaqi çərçivədən çıxmadan mən
insanları manipulyasiya edə bilirəmsə, mən iblis deyiləmmi?
Mən özümü nəzərdə tuturam.
- Aktyor üçün həyat da bir səhnədirsə,
o zaman "həqiqi mən" nə zaman görünür -
rol bitəndə, yoxsa səhnədə tam yaşananda?
- İndi biz üzbəüz oturmuşuq. Sən bu
gün Azərbaycan aktyoru Fəxrəddin Manafov ilə
oturmusan. Sənin qarşında aktyor oturub. Məni aktyor kimi qəbul
edirsən?
- Əlbəttə.
- Sən gedib başqa aktyorlardan da müsahibə
götürə bilərdin, amma nədənsə Fəxrəddini
seçdin. Elə deyilmi? İndi sən bu sualıma cavab ver:
niyə məni seçdin? Xahiş edirəm yazarkən
bunların hamısını yazasan.
- Bunun bir neçə səbəbi var, amma bunlardan ən
önəmlisi sizin canlandırdığınız
obrazların mənim ruhuma çox toxunmuş olmasıydı.
- Tamam. Mən həmişə gənclərə, tələbələrə,
yeni başlayan aktyorlara deyirəm, demişəm və yenə
deyəcəyəm: ilk növbədə, sən yenə də
ruhdan bəhs etdin. Bizim bugünkü söhbətimiz ruhdan
gedir və bu da olduqca maraqlıdır. Əgər mən sənin
ruhuna toxuna bilmişəmsə, deməli, mən sənin
şüuraltına daxil ola bilmişəm. Necə olur ki, Fəxrəddin
Manafov sənin ruhuna təsir edə bilir, şüuraltına
nüfuz edə bilir? Sualın çox maraqlı sualdır.
Faktiki olaraq, indiyə kimi verdiyin sualların hamısı
bir-birinə zəncir kimi bağlıdır. Çünki sən
eyni xətt üzrə düşünürsən, yolundan
çıxmırsan və bu da təqdirəlayiqdir. Niyə zəncirvaridir?
Mən deyə bilərəm ki, artıq bu suallara cavab
vermişəm. Amma mən yenə də
çalışacağam ki, bu zənciri sındırmadan
cavab verim. İndi bir qorxulu həqiqəti deyəcəyəm:
heç vaxt artıq məni necə görmək istədikləri
olan istər yaxınlarım, əzizlərim, dostlarım, istərsə
də qarşımdakı jurnalist görməyəcək məni.
Mən necə idim və yaxud necə varam. Mən necə idim,
indi də eləyəm. Mən necə varamsa, elə eləyəm.
İstər səhnədə, istər səhnədən kənarda,
istər rolu bitirim, istər səninlə müsahibəni.
Bax, necə varamsa, eləyəm. Çünki mən artıq
peşəmlə vəhdət təşkil edən bir
varlığa çevrilmişəm. Bu, məndən
asılı deyil. Çünki mən bu peşənin fədaisiyəm.
Mən bu sənətə hər şeyimi qoymuşam. Mən
necə varamsa, eləyəm. Mən səhnədə və həyatda
eyniyəm. Mənim əziz dostum, çox sevimli insan, həmkarım,
məndən yaşca böyük olan ustad Rasim Balayev necə
var, elədir. Ona görə də mən onu çox istəyirəm.
Ona görə də mənim onun şəxsiyyətinə
böyük hörmətim var, peşəsinə isə
yüksək dəyər verirəm. Çünki bu insan həyatda
necədirsə, yaratdığı obrazlar da elədir. Sadəcə
birində Nəsimi olub, birində Babək olub. Amma hər
ikisində Rasim olub. Mənim çox sevdiyim aktyor Entoni Hopkins
də heç kimi oynamır, yalnız özüdür. Kimsə
deyirsə ki, mən obraz yaradıram, onu oynadım, amma mən
elə deyiləm, o, yalan danışır. Mən onu aktyor
saymıram. Bəlkə bu fikrimdən sonra mənimlə
mübahisəyə girəcəklər, amma özləri bilər
(gülümsəyir).
- Sizcə, insan həyatında təsadüf var, yoxsa
hər şey səbəb-nəticə qanununa
bağlıdır?
- Bunu az öncə sənə demişdim. Dedim ki,
kainatda və dünyada təsadüf yoxdur, hər şey zərurətdir.
Dağılıb yenidən doğmaq - başqa heç nə
yoxdur. Orada olan o qanunları biz bilmirik. Biz o qanunları
bildiyimiz gün, yəqin ki, axirət olacaq. Biz onu bilməməliyik.
Ramiz Rövşənin bir misrası var, deyir: "Son şair
boğulub öləndə göydən ölü Allah
düşəcək". Zərurətdir, heç nə təsadüf
deyil. Mənim sənə axşam saat beşdə zəng edib
"İndi vaxtım var, sonra vaxtım olmayacaq" deməyim
də zərurətdir.
- Sizin kimi bir ustad sənətkarı bu gün çəkilən
filmlərdə nadir hallarda görürük. Halbuki siz təkcə
bir aktyor deyil, eyni zamanda canlı məktəbsiniz. Səhnədəki
bir baxışınız, kameradakı bir pauzanız belə
gənc aktyorlar üçün dərs ola bilər. Amma nədənsə
bu "məktəbdən" yetərincə istifadə
olunmur. Bunun səbəbi nə ola bilər? Gənc rejissor və
aktyorların sizinlə işləyə biləcək sənətkarlıq
çevrəsinin olmaması, yoxsa sizin ruhunuza toxunacaq səviyyədə
ssenarilərin, filmlərin çəkilməməsidir?
- Çalışaram bu suala cavab verim. Hərçənd
ki, sən artıq sual konseptindən qırağa
çıxıb, jurnalistika ilə məşğul olmağa
başlamısan. Halbuki bundan əvvəl sən mövzuya
psixoloji tərəfdən yanaşır, bu yöndə suallar
verirdin və bu, çox düzgün və gözəl idi.
Amma son iki sualdır konsepti dəyişmisən, sıradan
suallar verirsən. "Mən niyə son illərdə çəkilən
filmlərdə yoxam?" Əslində, verdiyin sualda cavabı
da özün tapıb vermisən. Amma mən
çalışaram ki, bizim əvvəldən
başladığımız ruh söhbətindən kənara
çıxmadan cavab verim. Bundan əvvəl,
yadındadırsa, sualların birində demişdim ki, biz ruhu
unutmağa başlayanda, ruh özü də bizdən
ayrılır və başlayır jurnalistika. Ona görə
xahiş edirəm bunu yazasan. Ümid edirəm ki, bunu
yazmağa cəsarətin çatacaq. Və buna görə mən
sənə minnətdar olaram. Çünki bu, çox
vacibdir. Artıq jurnalistikaya keçəndən sonra mən
marağımı itirirəm. Mən müsahibədən
bezirəm, yoruluram. Çünki sıradan jurnalist
suallarını biz bilirik. Əsrlərdir bizə yönəldilən
suallardır. Ona görə, cəsarətin çatsın,
xahiş edirəm, bunu yaz. İndi gələk cavaba. Söhbət
ondan getmir ki, mən nəyisə qəbul etmirəm və ya mənim
ruhumdan kənardadır, uzaqdır və s. Hər bir
dövrün öz cazibəli anları olur. Hər bir həyat
mərhələsinin də özünəməxsus anları
olur. O zamanlar elə bil ki, hər şey bir-birini
tapırdı. Bu gün mən, tutaq ki, hansısa bir nöqtəni
tapmaq istəyirəm. Onu görürəm. Ora getmək istəyəndə
sağ tərəfdə başqa bir nöqtə
çıxır və getmək istədiyim nöqtə ilə
birləşir. Mən isə həmin nöqtəyə
çatdıra bilmirəm özümü. İstəyirəm
çatım, görürəm çatmıram. Deyirəm,
eybi yoxdur... Yadındadırmı, məktəbdə
riyaziyyatda və ya həndəsədə öyrədirdilər:
A nöqtəsindən B nöqtəsinə, B nöqtəsindən
C nöqtəsinə keçid. Mən indi məhz bundan
danışıram. İndi mən şəxsi, öz məkanımdan,
öz mənzilimdən çıxıb A nöqtəsinə
getmək istəyirəm və deyirəm ki, gedəcəyəm,
o nöqtədə istədiyimi alacağam. Amma ora gedəndə
görürəm ki, artıq orada B nöqtəsi var və bu,
məni qane etmir. Qane etmir, çünki mənim istədiyim
dağılmış vəziyyətdədir.
Düşünürəm ki, eybi yoxdur, A, B burdadır, indi
C-yə gedərəm. Amma dönüb baxıram ki, C yoxdur.
Orada E nöqtəsi var. Nə Ç var, nə D. Bu düsturu
davam etdirməyin, məncə, artıq heç bir mənası
yoxdur. Məncə, suala cavab verdim.
- Suala keçməzdən əvvəl bunu qeydə
etmək istəyirəm: əmin olun, söylədiyiniz hər
şeyi nöqtəsinə, vergülünə qədər
yayımlayacağam. Buna heç bir şübhəniz
olmasın. İnsanın ən böyük savaşı
öz içindəki hansı hisslədir: qorxu, tənhalıq,
yoxsa anlam axtarışı?
- İnsanları deyə bilmərəm. Çünki
mənim insanlar haqqında bu sualı cavablamağa haqqım
yoxdur. Amma öz haqqımda deyə bilərəm
(gülür). Mənim özümdə yalnız bir
savaşım var, əgər o, savaşdırsa. O da
"axı mən bunu edə bilərdim, niyə etmədim?"
- Kaş ki. Peşmanlıq hissimi?
- Peşmanlıq da deməzdim, sadəcə,
öz-özümə deyirəm. Dediyim kimi, əgər bu, bir
savaş sayılırsa. Mən bunu edə bilərdim, niyə
etmədim? - sadəcə bu qədər. Başqa heç bir
savaşım yoxdur.
- Fəxrəddin Manafov kimi böyük aktyor olmaq
üçün insanın içində hansı hisslər
daim diri qalmalıdır: qorxu, sevgi, ağrı, yoxsa
boşluq?
- Mənim bu suala yalnız bir cavabım var. Mən bu
böyük peşənin, yer üzündəki bu vacib
peşənin bir parçasıyam. Çünki bu peşə
faktiki olaraq hər bir insanda var. Yadındadırmı, bilmirəm,
o öncəki ruhlardan danışanda demişdim ki,
insanların hamısı oynayır. Gözünü
açıb dünyaya gələndən ölənə qədər
oynayırlar. Biz də onu oynamalıyıq. Sadəcə biri
pis oynayır, biri yaxşı. Biri səmimi oynayır, biri
qeyri-səmimi. O ki qaldı mənə "böyük
aktyor" kimi titul verməyinə, mən böyük aktyor
deyiləm. Mən sadəcə sevdiyim peşənin içində
çalışıram, istəyirəm onun sirlərinə,
çalarlarına bürünə bilim. Bunu da heç kimə
öyrətmək mümkün deyil. Bu ya insanda olur, ya olmur.
Bu gün bir mənzərəyə şahid oldum. Evdən
çıxmazdan əvvəl pəncərədən
bayıra baxdım ki, görüm insanlar nə geyinir. Pəncərədən
baxarkən aşağıda bir qaraj var, qarajın
üstündə bir Allah bəndəsi, kimdirsə çox
yaxşı insandır, hər dəfə ora bir qaba su qoyur
qarğalar, quşlar üçün. Bəzən pişiklər,
itlər də o sudan içir. Amma daha çox qarğalar
içir. Və mən o səhnəni gördüm: bir
neçə qarğa bir-birini qıra-qıra su içmək
üçün yer tapmağa çalışırdı.
Birdən yuxarıdan bir qarğa şığıyıb
düşdü, su içmək istədi. Digər
qarğalar bir anda səpələndilər. Sadəcə kənardan
onu izlədilər. O isə rahatca oturdu, suyunu içdi.
Heç bir qarğaya başını belə çevirib
baxmadı. Sanki heç onlar yox imiş kimi davrandı. Suyunu
içdikdən sonra qanadlandı və uçub getdi. Mən
düşündüm: "Allah-Allah, Tanrıya qurban, gör
necə lider yaradır!" Adi bir qarğadır. Amma o ora
şığıyıb düşməklə 6-7
qarğanı bir anda dağıtdı. Hamısı ona
baxdı, geri çəkildi. Halbuki eyni rəngdədirlər,
eyni boydadılar. Qarğaları bir-birindən ayırmaq
çox çətindir. Bir-birlərinə çox
oxşayırlar. Yəqin qarğalar bizə baxanda da deyirlər
ki, "bu insanlar nə qədər bir-birinə bənzəyirlər"
(gülümsəyir). Və o qarğaların içində
bu qarğaya qorxumu var idi, hörmətmi var idi, bilmirəm. O,
suyunu içdi və uçub getdi. Mən bu səhnəni
gördüm və sənin sualına cavab üçün
bunu danışmaq istədim. Kiminsə içində liderlik
olur. Haradan alır bunu, haradan bunu öyrənir, onu bilmirəm.
Kimisi qıraqlarda oturur və gözləyir ki, lider onun suyunu
içsin, uçsun getsin. Bunu öyrətmək
mümkün deyil. Sadəcə texnikanı hansısa şəkildə
izah etmək olar - "bu budur, burada bu olacaq" deyə. Amma o
ruh var ha, bu gün səhərdən bəri haqqında
danışdığımız o ruh, onu öyrətmək
mümkün deyil. O ruh hər insanda var. Sadəcə bir
şeyi təkrar edirəm: ruhunu bağlama.
Şüuraltını bağlama. Daim açıq saxla.
Çünki ruh və şüuraltı çox
ağıllıdır. Əgər hiss etsə ki, ora pis bir əl,
pis bir fikir yaxınlaşır, qapını özü
bağlayır. Yenə deyirəm, öyrətmək çox
çətindir. Əlifbanı mənə öyrətməsəydilər,
onu bilməsəydim, mən oxuya bilməzdim. Texnikadır bu əlifba.
Bunu öyrəndikdən sonra qalan nə varsa yazacaqsan,
oxuyacaqsan - o, sənlikdir. Öyrənmək üçün əvvəlcə
texnikanı öyrənirlər. Sonra isə ruhunu
açırsan və yaradırsan.
- Son olaraq, yemək, səmimi söhbət, ən əsası
isə dəyərli zamanınızı
ayırdığınız üçün sizə minnətdaram.
- Mən təşəkkür edirəm.
Fərhad DOST
525-ci qəzet .- 2025.-17 may(№85).- S.18-19;20