"Azərbaycan
musiqisinin köklərinə xəyanət edə bilmərəm"
Xasay Şıxıyev: "Müasirlik adı
altında musiqimizə qeyri-peşəkar müdaxilələr
çoxdur"
Hər səsin bir ünvanı var. Bəziləri dərhal
eşidilir, bəziləri isə kütlə səs-küyünün
arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində
yaranan gurultu içində bəzən o səslər
eşidilmir, zövqlər qarışır, istedadlar isə
kölgədə qalır. Amma gələcəyə ümid
sonsuzdur. Çünki Azərbaycan musiqisində yeni adlar, yeni
səslər doğulur. Biz də həmin səslərin izinə
düşürük. Azərbaycan musiqisinə yeni nəfəs
gətirən, amma hələ geniş auditoriya tərəfindən
kifayət qədər kəşf edilməmiş gəncləri
"525-ci qəzet"in yeni - "Səsin izi ilə"
rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə
bir gənc, bir səs, bir hekayə, bir ümid...
Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika istedadın
ünvanıdır.
Bu dəfə "Səsin izi ilə..."
rubrikasının qonağı gözəl səsi, peşəkar
ifası və musiqi zövqü ilə seçilən
müğənni Xasay Şıxıyevdir. O, professional musiqi
təhsili alaraq səhnə fəaliyyətini daha da zənginləşdirib,
bir çox konsertlər, dövlət tədbirləri və hərbi
hissələrdə çıxışları ilə dinləyicilərin
rəğbətini qazanıb. Səmimi ifası və səsi
ilə ruhlara toxunan ifaçı sənətə olan sevgisi
ilə də seçilir:
"Musiqi ilə tanışlığım və
musiqi sevgim lap uşaq yaşlarından başlayıb.
Qohumlarımız arasında bu sənətlə məşğul
olan insanlar var idi. Mən də onlara baxıb həvəsə
gəlmişəm. Ümumiyyətlə, doğulduğum
Qarabağ-Cəbrayıl bölgəsinin insanlarının
mayası elə musiqi ilə yoğrulub. Yəqin ki, elə səbəblərin
biri də budur.
Əslində, atam musiqiçi olmağımı istəmirdi,
o, məni hüquqşünas kimi görmək istəyirdi.
Özüm isə musiqidən əlavə, bir ara hərbiyə
də böyük maraq göstərirdim. Dediyim kimi,
uşaqlığımız müharibə dövrünə
təsadüf etdiyindən, o hadisələri canlı olaraq
yaşadığımdan hərb sənəti də mənə
maraqlı gəlirdi. Ancaq sonralar gördüm ki, yox, mənim
yerim səhnədir, mənim ünvanım musiqidir.
Düzdür, çətinliklərim çox olub.
Uşaq ikən yurdumuzdan, yuvamızdan didərgin
düşdük, orta məktəbi müxtəlif bölgələrdə
oxumalı oldum. Orta musiqi məktəbini öncə Beyləqanda
oxudum, sonra isə Sumqayıtda təhsilimə davam etdim. Sonra
Bakı Humanitar Kollecində xanəndəlik ixtisası üzrə
təhsil aldım. Orada Sara xanım və Xalq artistimiz
Gülyaz Məmmədovanın tələbəsi oldum. Orada təhsilimi
başa vurduqdan sonra isə Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinə daxil oldum.
Ancaq sizə deyim ki, bütün bu təhsillərdən
öncə də uşaq yaşlarımdan mən səhnələrdə
olmuşam, tədbirlərdə, konsertlərdə
çıxış etmişəm. Biz məcburi
köçkün kimi Beyləqana gəldikdən sonra ora
döyüş bölgəsi olduğuna görə
oradakı bütün hərbi hissələrdə
keçirilən tədbirlərdə müğənni kimi səhnə
almışam, konsertlərdə çıxışlar
etmişəm.
Mədəniyyət və İncəsənət
Universitetində bakalavr pilləsində müəllimim Xalq
artisti Gülnaz İsmayılova, magistratura pilləsində isə
professor Məryəm Babayeva oldu.
Təhsilim dövründə də, sonrasında da hər
zaman özüm üzərində çalışmağa,
yeniliklər etməyə çalışıram. Bu sənətdə
daim öyrənməli, daim çalışmalısan.
Fəxr edirəm ki, Azərbaycan musiqisini ölkə
xaricində də dəfələrlə təmsil etmək
şansım olub. İranda, Türkiyədə,
Gürcüstanda, Avstriyada və digər ölkələrdə
çox gözəl konsertlərdə, dövlət tədbirlərində
iştirak etmişəm.
Yeni mahnılar, yeni layihələr üzərində
işləyirik. Gözəl müğənni, illərin sənətçisi
Leyla xanım İdrisova ilə bir neçə duet
yazdırmışıq. Biri artıq tamaşaçılarımıza
təqdim olunub, digərləri isə yaxın zamanlarda təqdim
olunacaq. Ən böyük arzularımdan biri isə solo konsert
verməkdir".
Xasay Şıxıyev özü də dediyi kimi, bu sənətdə
ilk addımlarını xanəndəlik istiqaməti üzrə
atıb. Sonradan isə estrada sənətinə üz tutub.
Onun niyə bu cür qərar aldığı maraqlı idi.
Sualımıza cavabında sənətçi dedi ki, əsl
müğənni hər bir musiqi janrında ifa etməyi
bacarmalıdır:
"Peşəkar müğənni hansısa musiqi alətində
ifa etməyi, eləcə də müxtəlif musiqi
janrlarında oxumağı bacarmalıdır.
Düşünürəm ki, mən istiqamətimi dəyişməkdə
doğru qərar verdim. Çünki orta musiqi və kollec təhsilim
xanəndəlik üzrə idi. Ancaq estrada sənəti də
mənim üçün çox maraqlı idi. Estrada sənəti
kafedrasında səs məşğələləri daha
çox olur. Ona görə də universitet təhsilimdə bu
kafedranı seçdim. Zaman da yanılmadığımı
göstərdi. Estrada təhsili almağa başlayandan sonra səs
imkanlarım genişləndi, janr baxımından
repertuarım zənginləşdi. Azərbaycan klassik bəstəkar
mahnıları, caz musiqisi, Qərb musiqisi də bizə
aşılandı. Bütün bunlar da mənim
yaradıcılığıma çox müsbət təsir
göstərdi".
Azərbaycan musiqi səhnəsində bəzən
parıltılı şöhrət və kütlə
marağı ilə dərin musiqi duyumu və milli dəyərlərə
sədaqət arasında seçim etmək lazım gəlir.
Bu müsahibədə yer alan fikirlər isə bu seçimdə
ikinci yolu seçən, sənətini populyarlıq uğrunda
qurban verməyən bir ifaçının səmimi
etiraflarını əks etdirir. Müasir dövrün
kommersiya yönümlü tendensiyalarına qarşı milli
musiqinin zəngin irsinə sadiq qalan, sənəti həm
peşəkarlıqla, həm də məsuliyyətlə
yaşadan gənc sənətçinin sözlərində
yalnız təəssüf yox, eyni zamanda dəyərə
çevrilmiş möhkəm bir mövqe də var:
"Məncə, məni Azərbaycan milli və
klassik musiqiləri daha yaxşı ifadə edir. Azərbaycan
musiqisi çox zəngindir. Doğrudur, hazırda müasirlik
adı altında musiqimizə də yad təsirlər,
qeyri-peşəkar müdaxilələr çoxdur. Belə ki,
o musiqilərin ən çoxu bir ay ömrü var. O da
hamımızın bildiyi kimi, kommersiyaya, toy bazarına
hesablanmış musiqilərdir. Səmimi etiraf edirəm ki, istəsəydim,
mən də həmin o "beş günlük
mahnılarla" məşhurlaşardım, pul qazanardım,
toylarımın sayı-hesabı olmazdı. Ancaq mən
keçmişimi unuda, Azərbaycan musiqisinin köklərinə,
milli dəyərlərimizə xəyanət edə bilmərəm.
Musiqi insanın zövqünü formalaşdırır,
dünyagörüşünə təsir edir. Mənim fikrimcə,
yaxşı müğənni, peşəkar ifaçı
olmaq üçün istedadla yanaşı, akademik təhsil də
şərtdir. Təhsil olmasa, musiqinin nəzəri cəhətdən
incəliyini bilməsə, o, çox davam edə bilməz, gələcəyə
ötürülə bilməz.
Eybi yox, indiki dövrün tələblərini nəzərə
alaraq, bəlkə bu yol mənə maddi cəhətdən zərər
vurur, uzun illərin səhnə təcrübəsinə
baxmayaraq, digərlərinin sahib olduğu böyük kütləyə
sahib deyiləm, amma bilirəm və əminəm ki, mənim
ifalarımı əsl musiqini anlayanlar və ona dəyər
verənlər dinləyir, sevir, öz tədbirlərində
görmək istəyir. Bundan da çox məmnunam".
Hər bir sənətkarın yolunda örnək
aldığı ustadlar, ilham mənbələri, öyrəndiyi
səhnə davranışları və musiqi incəlikləri
olur. Müsahibimizin sənət dünyasında bu öyrənmə
prosesi təkcə təhsil və təcrübə ilə
deyil, həm də milli musiqimizin tanınmış
simalarının sənətinə ehtiramla, diqqətlə
müşahidə etməklə formalaşıb. O, öz
yolunu gedərkən sənətə sadiq qalan, fərqli
janrlarda peşəkar ifaları ilə yadda qalan sənətkarların
izindən addımlayır və onların sənətindən
həm estetik zövq alır, həm də dərs
götürür:
"Auditoriyadan kənarda Azərbaycan milli musiqisini
professional şəkildə ifa edən bir çox sənətkarlarımız
var ki, mən onları dinləyərək onlardan bəhrələnirəm,
öyrənirəm. Məsələn, Xalq artisti Teyyub
Aslanın ifasını çox sevirəm. Estrada janrında
Abbas Bağırovun səsi və ifası mənim
üçün örnəkdir. Eyni zamanda, qarmon ifaçısı
olsa da, qısa müddət birlikdə işləmək
şansı qazandığım "Qaytağı"
ansamblının bədii rəhbəri, Xalq artisti Ənvər
Sadıqovdan təkcə bir ifaçı kimi deyil, həm də
səhnə mədəniyyəti, musiqiyə yanaşma tərzi
və sair kimi çox xırdalıqları öyrənmişəm".
Xasay Şıxıyev həm də hərbçi ailəsindəndir.
Özü də böyük zəfərlə Azərbaycan
tarixinə qızıl hərflərlə yazılmış
44 günlük Vətən müharibəsində cəbhədə,
ordumuzun yanında olub, fiziki köməyi ilə yanaşı,
səsi, gözəl ifaları ilə də əsgərlərimizdə
ruh yüksəkliyi yaradıb. Müsahibim həmin günləri
belə xatırlayır:
"Mənim atam və əmim hərbçidirlər,
I Qarabağ müharibəsinin iştirakçısı
olublar. Qardaşım Pərviz Şıxıyev də hərb
sənətini seçib və 20 ildən artıqdır ki,
sözün əsl mənasında, canını,
qanını bu uğurda fəda edib. Həm Aprel
döyüşlərində, həm də 44 günlük Vətən
müharibəsində iştirak edib, hər ikisində də
ağır yaralansa da, bütün xahişlərimizə
baxmayaraq, təqaüdə çıxmadı, indi də xidmətini
davam etdirir.
Vətən müharibəsi başlamadan hələ
Tovuz döyüşlərindən könüllü şəkildə
qeydiyyatdan keçmişdim, ancaq müharibə vaxtı məni
əsgər kimi cəbhəyə aparmadılar. Amma mən
burada dayana bilmədim və qardaşımın xidmət
etdiyi ön cəbhədə addım-addım əsgərlərimizlə
birlikdə mən də irəliləyirdim, orada gücüm
çatan, əlim yetən hər şeydə onlara kömək
edirdim; silah-sursatın, eləcə də lazımi əşyaların
daşınması, yaralıların təhlükəsiz əraziyə
aparılması, xəstəxanalara
çatdırılması və sair kimi. Qardaşım
müharibədə iki dəfə yaralandı. Birinci hadisə
gözümün qabağında baş verdi: yanındakı
hərbçimiz şəhid oldu. İkinci dəfə Hadrutda
yaralanandan sonra artıq mən də qardaşımla birlikdə
Əhmədbəyli hospitalına qayıtdım və onu
Şirvan xəstəxanasına gətirdik. Bundan sonra isə
müharibənin axırına qədər
günaşırı cəbhədə lazım ola biləcək
bütün əşya, ləvazimatları yığıb
aparırdım.
Müharibənin sonlarına yaxın, eləcə də
müharibə bitəndən sonra Laçında, Hadrutda,
Horadizdə yerləşən hərbi hissələrdə
yarı mənim təşəbbüsüm və təşkilatçılığımda
konsertlər verdik, əsgərlərimizlə
görüşlər keçirdik. Aradan ötən beş ildə
də biz yenə tez-tez hərbi hissələrə gedir, əsgərlərimiz
üçün bayram tədbirləri, konsertlər
keçiririk. Bu, bizim həm də vətəndaşlıq
borcumuzdur".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.-17 may(№85).- S.17.