Görkəmli tarzən Hacı Məmmədovun
anadan olmasının 105 illiyi qeyd edilib
Beynəlxalq Muğam Mərkəzində görkəmli
tarzən, Xalq artisti, həkim-cərrah Hacı Məmmədovun
anadan olmasının 105 illiyinə həsr olunmuş tədbir
keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, tədbirdə
ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət
və incəsənət ustaları iştirak ediblər.
Tədbiri Beynəlxalq Muğam Mərkəzinin
direktoru, Əməkdar artist Sahib Paşazadə açaraq
unudulmaz tarzənin yaradıcılığından söz
açıb, müasir tar ifaçılığında xidmətlərini
vurğulayıb. Bildirib ki, öz məktəbini
yaratmış görkəmli tarzənin müstəsna xidmətlərindən
biri də tar alətini solist kimi ön plana
çıxarmağıdır. Bununla da o, solo-virtuoz
potensialını parlaq şəkildə göstərməyə
nail olmuşdur. Hacı Məmmədovun sənətkarlığının
əsas xüsusiyyəti emosionallıq və virtuozluq kimi
keyfiyyətlərin qovuşmasından ibarət idi. Tarzən
eyni zamanda bəstəkar əsərlərinin mahir
ifaçısı kimi tanınıb. Hacı Məmmədov
tarın texniki və melodik imkanlarının genişliyini, zənginliyini
öz ifalarında ustalıqla əks etdirib.
Yubiley gecəsində ustad tarzənin ifalarından fraqmentlər
təqdim edilib. Eyni zamanda Əməkdar artist, tarzən Sahib
Paşazadənin Bursa Dövlət Bölgə Simfonik Orkestri
ilə çıxışından bir hissə nümayiş
olunub. Konsertdə ifa olunan Hacı Xanməmmədovun Tar və
orkestr üçün 2 nömrəli konserti Hacı Məmmədova
həsr olunub.
Tədbirdə Xalq artistləri, tarzən Ramiz Quliyev və
Vamiq Məmmədəliyev, son tələbələrindən
olan tarzən Mirxalid Salayev çıxış edərək
xatirələrini bölüşüblər, unudulmaz tarzənin
həyat yolundan, tar ifaçılıq sənətimizin
inkişafındakı xidmətlərindən danışıblar.
Tədbirdə tarzənin ailəsi adından nəvəsi
Cahangir Məmmədov çıxış edərək
babasının xatirə gecəsinin təşkilatçılarına
və qonaqlara təşəkkürünü bildirib.
Bədii hissədə Xalq artistləri Malik Mansurov,
Elçin Həşimov, Əməkdar artistlər Ələkbər
Ələkbərov, Vüsal İsgəndərzadə, tarzənlər
Elman Sadıqov, Ayaz İmranov, Bəhruz Zeynal, Humay Qədimova,
Mirhüseyn Əsədullayev gənc tarzən Mirnofəl Həsənov,
xanəndələr Əməkdar artist Qoçaq Əsgərov
və Abgül Mirzəliyev çıxış ediblər.
Qeyd edək ki, milli ifaçılıq sənətimizin
ən parlaq nümayəndələrindən biri olan görkəmli
tarzən Hacı Məmmədov 1920-ci il aprelin 28-də
Şamaxıda doğulub. Sənətkarın
ifaçılığı ayrıca bir məktəb kimi səciyyələndirilir.
Tarzən yaradıcılığı boyu sənətin incəliklərinə
dərindən yiyələnib, öz fərdi
ifaçılıq üslubuna nail olub. Qurban Pirimov, Bəhram
Mansurov kimi böyük tarzənlərin sənət məktəbindən
dərs alan Hacı Məmmədov Bülbül, Seyid
Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət
Əliyev, Rəşid Behbudov, Şövkət Ələkbərova,
Yaqub Məmmədov, Rübabə Muradova, Sara Qədimova və
başqa görkəmli xanəndələri tarda dəfələrlə
müşayiət edib. Onun zəngin ifaçılıq
istedadı, klassik üsluba sadiqliyi, habelə uğurlu improvizə
bacarığı musiqisevərlərin könlünü
oxşayıb.
Görkəmli tarzən1963-cü ildə Xalq artisti fəxri
adına layiq görülüb. İfasında “Orta Mahur”,
“Segah”, “Çahargah”, “Zabul”, “Şur” muğamları, xalq
musiqisi və bəstəkar əsərləri Azərbaycan
Televiziya və Radiosunun Fondunda qorunub saxlanılır. Unudulmaz
tarzən Hacı Məmmədov 1981-ci il avqustun 2-də vəfat
edib.
525-ci qəzet .- 2025.-17 may(¹85).- S.16.