"Özündən sonra bizə
elə bir qürur hissi qoyub getdi ki..."
Şəhid təyyarə kapitanı, Milli Qəhrəman
İqor Kşnyakinin ailə üzvləri ilə söhbət
Ötən ilin son günlərinə yaxın toplum
olaraq böyük faciə yaşadıq. Daha dəhşətli,
ağır nəticələrlə üzləşə bilərdik,
lakin vəzifə və vətəndaş məsuliyyətini,
insani cavabdehliyi öz həyatından üstün tutan peşəkar
bir əl bacardığı qədər bunun
qarşısını ala bildi - xilas etdiyi 27 nəfər insan
taleyi ilə bərabər, onların sayı qədər də ailənin kədər
qarışıq sevinci oldu. Fəqət, bir tək öz ailəsindən
savayı...
Söhbət ötən il dekabrın 25-də Rusiya ərazisində
terrora məruz qalan Azərbaycan Hava Yollarına məxsus Embraer
190 təyyarəsinin qəzaya uğramasından və təyyarə
kapitanı, Azərbaycanın Milli Qəhrəmanı İqor
İvanoviç Kşnyakinin öz komandası ilə birlikdə
göstərdiyi şücaətdən gedir.
Əslində hər şey adi iş günü kimi
başlamışdı. Evdən çıxanda həmişəki
kimi "Uğurlu yol" sözünü də
eşitmişdi, qısa aradan sonra çıxdığı
qapını yenidən döyüb isti ocağına dönəcəyinə
də əmin idi. Amma bəzən geri dönüş olmur -
qapı döyülmür, səslər kəsilir, telefon birdəfəlik
susur. O andan da bir ailənin taleyi iki yerə bölünür
- əvvəl və sonra...
Bizi bu qapıya gətirən də həmin o
"sonra" oldu. Qapının arxasında bir ailənin səssiz
dərdi, yeniyetmə çağında ataya böyük
ehtiyacı olan iki qız və hər şeyə rəğmən,
ayaq üstə dayanmağı bacaran bir dərdli qadın var
idi.
Həmsöhbətlərimizi təqdim edək: Milli Qəhrəman,
təyyarə kapitanı İqor İvanoviç Kşnyakinin
xanımı Yana Aleksandrovna Kşnyakina və onların iki
qızı Anastasiya və Darya Kşnyakinalar.
- 2005-ci ilə qədər Xarkovda Yana Aleksandrovna
Vilkova adlı gənc bir xanım yaşayıb...
Yana Kşnyakina:
- Elədir ki var. Ukraynalıyam, Xarkovda
doğulmuşam, ömrümün 27 ili o yerlərlə
bağlıdır. Amma heç zaman düşünməzdim
ki, taleyimdə öz torpağımdan ayrılıb başqa
bir ölkədə yaşamaq, yuva qurmaq kimi bir qismətim
olacaq.
- Deməli, qismət özü ayağınıza gəldi...
- İqorla
tanışlığımız Xarkovda kiçik bir kafedə
başladı. O zaman AZAL Ukraynadan AN-140 təyyarələrini
alırdı, İqor da təkmilləşmə
keçmək üçün göndərilən qrupun tərkibində
idi. Tale bizi belə qarşılaşdırdı. Onun orada
olduğu bir ay müddətində qismən də olsa
bir-birimizi tanıdıq. Bakıya qayıdandan sonra əlaqələrimiz
telefon zəngləri, mesajlarla davam etdi. Təqribən iki aydan
sonra məni Bakıya dəvət elədi. Düzü, dəvəti
qəbul etməkdən bir qədər ehtiyatlanırdım.
Tanımadığım yad bir ölkə, həm də bizlərdə
elə düşüncə vardı ki, burada hələ də
müharibə davam edir. Hətta yaxınlarım da deyirdilər
ki, hara gedirsən, oradakı atışmalardan qorxmursan? Mənsə
düşündüm ki, gəlim və hər şeyi
gözlərimlə görüm. İqorun dəvətini qəbul
edib Bakıya gəldim.
- Təbii ki, Bakını sevdiniz...
- Şəhəri çox bəyəndim, müharibə
şəraiti görmədim. Bir həftəyə kimi
qaldım və özlüyümdə qəti qərara gəldim
ki, onun ailə qurmaq təklifini qəbul edəcəyəm.
İqor məni yola salanda tək bir cümlə dedi: "Mən
səni gözləyirəm". Qayıdanda artıq bilirdim
ki, Bakıya birdəfəlik geri dönəcəyəm, lakin
o zaman bunu ona deməyə utandım. Bir aydan da az müddətdə
bütün işlərimi həll edib işimdən
ayrıldım, 2005-ci ilin may ayında təməlli olaraq Azərbaycana
gəldim.
- Yəqin ki ailənizdə etiraz edənlər oldu...
- Atam fikrimi anlayışla qarşılayıb dedi ki,
həyat sənindir, elə yaşdasan ki, ağıllı
şəkildə həyatını qura bilərsən. Lakin nənəmi
yola gətirmək mənə çətin oldu. Heç
cür mənimlə razılaşmaq istəmirdi. 16
yaşımda anamı itirdiyimdən nənəmin mənim
üzərimdə əməyi, qayğısı çox
olub. Onun razılığını almamaq mənə
çox ağır yük olardı. Bir həftə gecə-gündüz
onu yola gətirməyə çalışdım. Nənəmə
görə mənim cəmi bir həftə gəzib-gördüyüm
yad ölkəyə birdəfəlik getmək qərarım
ağılasığmaz hərəkət idi. Ona
düşüncəsinə görə hər şeyi ölçüb-biçmək,
bundan sonra qərara gəlmək lazım idi. Onu əmin edərək
dedim: "Görsəm ki, bir narahatlıq var, ilk fürsətdə
geri qayıdacağam" Beləcə sonda nənəmin
razılığını ala bildim.
- Yəni bir həftə kifayət etdi ki, kapitanı
tanıya biləsiniz...
- Bəli, kifayət etdi. Ən əsas onun çox
etibarlı insan olduğunu anladım. Bir də onu anladım
ki, mənim burada xoşbəxt yaşamağım
üçün İqor hər şəraiti yaradacaq. Mən
gördüm ki, mehriban, sevgi dolu, səxavətli, qətiyyətli,
sözünün üstündə dayanmağı bacaran bir
insan var qarşımda və bu insanın həmin anda 43
yaşı vardı, yəni güvəniləcək yaşda
idi İqor. Hərçənd ki, o, həmişə deyirdi
ki, qətiyyətli olmaqda mənə sən təkan verirsən.
Belə deyim də, yaşadığımız iyirmi ildə
bir-birimizi tamamlaya bildik.
- Amma işləmək, çalışmaq istəmədiniz...
- İstəmədim demək düz olmaz.
Başlanğıcda dil problemi vardı. Sonra uşaqlar
dünyaya gəldilər və onlarla məşğul
olmağa başladım. İşləməli olsaydım, gərək
İqor mənə kömək edəydi, lakin onun buna
imkanı yox idi. Bu səbəbdən mən sırf ailə ilə
məşğul olmağa başladım. Artıq qızlar
böyüyəndən sonra bu haqda fikirləşsəm də,
yenə də qarşımda dil bilməmək kimi bir problem
qalmaqda idi. Bir yandan yaş məsələsi. Beləcə, bu
məsələ olduğu yerdə də qaldı.
- Amma Azərbaycan dili o
qədər çətin deyil...
- Təəssüf ki, öyrənə bilmədim,
amma hər iki qızımıza doğulub
yaşadıqları, vətəndaşı olduqları
ölkənin dilini bilməyi vacib, mütləq hesab etdiyimizdən,
məktəbdə keçirilən dərsdən savayı,
beşinci sinifdən hər ikisi əlavə olaraq Azərbaycan
dili dərsləri aldılar. İndi onlar mənə
yardım edir, çətin məqamda köməyimə
çatırlar. Demək olar ki, iki tərcüməçim
var.
- İndi isə qəhrəman kapitanın
qızlarını tanıyaq...
Anastasiya Kşnyakina:
- Kiçik ailəmizin ilk övladıyam, adım
Anastasiyadır, lakin hamı məni qısaca olaraq Nastya deyə
çağırır. ADA Universitetinin birinci kurs tələbəsiyəm.
Hansı sahə üzrə gedəcəyimi hələ müəyyənləşdirməmişəm.
Arzum həmişə atamın peşəsini davam etdirmək
olsa da, o, heç zaman buna razılıq vermədi. Nə qədər
qərarlı olsam da, inad göstərsəm də, sonunda təslim
oldum. Bu fikrimi dəstəkləyən yeganə insan anam idi. Həmişə
mənim mövqeyimdən çıxış etsə də,
o da atamı fikrindən daşındıra bilmədi.
- Yəqin peşəkar mütəxəssis kimi bildiyi
səbəblər üzündən kapitan sizi qoruyub,
çünki o, ata idi...
- Səbəb olaraq əsas onu deyirdi ki, bu, qız
peşəsi deyil, bunun arxasında çox məqamlar
vardı. Mən emosional, çılğın xarakterliyəm.
Həmişə deyirdi: Elə bir məqam yarana bilər ki, vəziyyətdən
tez çıxmaq üçün düşünmədən
səhvə yol verə bilərsən, amma pilot heç zaman
insan həyatına cavabdeh olduğunu unutmamalıdır.
Yalnız bu məsələdə fikirlərimiz
haçalanırdı. Əvvəl-əvvəl israr edirdim, hətta
imtahanlara da hazırlaşırdım. Bəzən nəyisə
anlamayanda atama müraciət edirdim. O isə boyun
qaçıraraq deyirdi ki, özün axtar tap. Fikirlərimi
anamdan daha çox atamla bölüşürdük. Atamla
aramızda elə böyük sirlərimiz vardı ki, anam hələ
də onlardan xəbərsizdir. Mənə ən yaxın insan
atam olub. Onun verdiyi məsləhət də, göstərdiyi
istiqamət də dərhal hər şeyi yoluna qoyurdu.
İnsana stimul vermək bacarığı yüksək idi. Mən
atamdan motivasiyanı daha çox alırdım, nəinki
anamdan. Əgər yeri gələndə anamdan danlaq
eşidirdimsə, atam o dəqiqə deyirdi ki, Nastya ilə
özüm danışacağam. İkilikdə mənimlə
söhbətləşərdi, deyə-gülə hər
şeyə aydınlıq gətirərdi, ondan gələn
stimul məni çox rahatladardı. Həmişə dediyi bir
söz vardı: Nə qədər mən sağam, heç nədən
qorxma, dərslərinlə məşğul ol, gələcəyini
düşün.
Yana Kşnyakina:
- Qızların gündəlik qrafiki çox sıx
olurdu. Məktəb, əlavə hazırlıqlar, gimnastika, rəqs
- bütün günü qa qaçaqaçda olan qızlar
axşam gec saatlarında nəfəs almağa macal tapa bilirdilər.
Divanın sol küncü İqorun yeri idi. Elə ki
görürdü bir qədər boşluq var, oturduğu yerdən
səslənərdi: Hə, qızlar, çay içirik? Dərhal
qızlardan cavab gələrdi ki, içirik, içirik. Bunu
eşidən kimi yerindən qalxar, hamıya çay süzərdi.
Kiçik qızımız çayını dərhal
içib otağına keçərdi, mən televizor
arxasında olardım. Lakin İqor və Nastya bir fincan
çayla saatlarla mətbəxdə söhbət edərdilər,
mən yalnız səslərini eşidirdim. Demək olar ki,
atasının keçdiyi ömür yolundan Nastya ətraflı
məlumatlıdır.
- Biz də tanıyaq qəhrəmanımızı...
- Bakıda doğulub, 102 saylı məktəbi bitirib.
Bildiyim qədər yaxşı oxuyan, davranışına
fikir verən şagird, pis vərdişlərdən uzaq
biri olub. Atası neftçi,
anası pediator idi. Ata İqoru davamçısı kimi
görmək istəsə də, o, məktəb vaxtından
pilot olmaq arzusu ilə böyüyüb. Bu məlumatları
qızım daha yaxşı bilir.
Anastasiya Kşnyakina:
- Atam əvvəl kosmonavt olmaq istəyib. Lakin babam onu
neftçi görmək istədiyindən atamın fikrinə
qəti etiraz edib. Buna baxmayaraq, atam pilot olmaq qərarından
dönməyib. Onu dəstəkləyənsə təkcə
nənəm olub. Atamın söhbətlərindən bilirəm
ki, SSRİ dövründə Azərbaycanda gənclərin
respublikadan kənarda təhsil alması üçün
böyük imkanlar yaradılırdı və o da bundan istifadə
edərək pilot ixtisası üzrə Ryazan Vilayətinin
Sasovo Mülki Aviasiya Uçuş Məktəbinə qəbul
olunub. İmtahanlardan sonra nənəm onun nə neft
ixtisası üzrə, nə də kosmonavtika sahəsi üzrə
siyahıda adına rast gəlir. Atamın adını pilot
siyahısında görəndə, təəccüblənir,
çünki onun bu sahə üzrə gedəcəyini bilməyib.
Buna baxmayaraq, oğlunun bu uğuruna çox sevinib. Lakin
atamın ikinci ali təhsili də vardı. Daha sonra o, Rusiya
Dövlət Hidrometereoloji İnstitutunu da bitirib.
- Bu arada bayaqdan söhbətlərə qulaq asan
Daryanı da eşidək...
Darya Kşnyakina:
- 15 yaşım var, 214 saylı məktəbin 9-cu
sinfində oxuyuram. Bacımla birlikdə Azərbaycanın Milli
gimnastika komandasının üzvüyəm, rəqslə də
məşğul oluram. Nədənsə atamın məni gələcəkdə
prokuror kimi görmək istəyi vardı həmişə.
Amma bu sahəyə marağım yoxdur. Düşünürəm
ki, seçimim aviasiya üzrə ola bilər. Bayaqdan söhbəti
dinləyirəm və özlüyümdə bir müqayisə
apardım. Bir vaxtlar babam atamın ümumilikdə aviasiya sahəsinə
getməyini istəməyib. Zamanla atam da bacımın onun
yolunu davam etdirməsinə qarşı çıxıb. Məndə belə fikir yaranıb
ki, atalar üçün ilk növbədə
övladlarının təhlükəsizliyi vacibdir. Hər
övlad üçün valideyini hamıdan
yaxşıdır, fərqlidir. Təbii ki mənim
üçün də elədir. Mən ona təkcə ata,
ailəsinə münasibətdə çox
qayğıkeş insan, anama isə onun həyat yoldaşı
kimi baxmamışam. Mən daxilimdə atamı həmişə
bir qəhrəman sanmışam. Lakin heç vaxt
düşünməzdim ki, atam bir gün həqiqətən
ölkəsinin Milli Qəhrəmanı adını
daşıyacaq. Onun işi məsuliyyətdən savayı, həm
də riskli idi. Atamın on beş min saatdan artıq
uçuş təcrübəsi vardı. Atam onun on bir mindən
artıq saatını kapitan olaraq həyata keçirib. Amma
buna baxmayaraq, hər dəfə işə hazırlaşanda
sanki ilk uçuşuna gedirdi. Hər bir ata kimi bizimlə
bağlı arzuları vardı və onların gerçəkləşəcəyinə
ümidi çox idi.
- Ailə başçısı İqor Kşnyakin...
Yana Kşnyakina:
- Tanrı qarşıma elə bir həyat
yoldaşı çıxartdı ki, bunu ancaq arzulamaq
olardı. İqor mənə, övladlarına xoşbəxt
həyat yaşatdı. Ailə söz-söhbətsiz olmur, 20
il ərzində aramızda heç bir ciddi narazılıq,
qalmaqal baş vermədi. Kiçik bir inciklik olanda belə,
beş dəqiqə keçməmiş gəlib
könlümü alar, üzr istəyərdi. Gözəl
aşpazlığı vardı, Azərbaycan mətbəxinin
elə bir yeməyi yox idi ki, onu bişirə bilməsin. Son
vaxtlar şah plov hazırlamağı belə bacarırdı.
Əlinin ləzzəti başqa idi. Mənim vətənim Ukraynanı
çox sevirdi. Oradakı müharibəyə qədər hər
il məzuniyyətə Ukraynaya gedərdik. Mən qızlarla tətil
başlayan kimi gedərdik, İqor məzuniyyətə
çıxıb gələrdi, sonra bir yerdə
qayıdardıq. Hətta deyərdi ki, təqaüdə
çıxandan sonra gəlib burada yaşayacağam, təsərrüfat
işlərilə məşğul olaram. Lakin bir dəfə
kartof yığımındakı
bacarıqsızlığını görəndə dedi ki,
bu əllər şturval tutmaqdan savayı heç nə
bacarmır. Mən İqoru tərifləməklə heç
kəsi yormaq istəmirəm. Təkcə onu deyirəm ki, o,
doğulub, böyüyüb, yaşadığı torpağın
əsl kişilik xüsusiyyətlərini daşıyan bir
insan idi.
- Deməli, Azərbaycanı kifayət qədər
tanıya bilmisiniz...
- İqorun sayəsində mən bu ölkəni, bu
xalqı, bu insanları tanıdım. Bu xalqın qeyrətli
oğullarını mən 44 günlük müharibədə
gördüm. Evimizlə yanaşı binada Hərbi
Komissarlıq var. Müharibə dövründə
döyüşə getmək üçün oradakı
izdihamı görəndə hönkürərək
ağlayırdım ki, belə də Vətən məhəbbəti
olar? Əlbəttə ki, şəhidlərimiz oldu, amma belə
oğullar yetişdirən analar var olsun. Var olsun Prezidentimiz ki,
müharibə uzun sürmədi və möhtəşəm
Zəfərlə başa çatdı.
- Hər gün ailə başçısını,
Daşanın dediyi kimi, məsuliyyətli və riskli bir
işə yola salan xanımın həyəcanları da olub yəqin
ki...
- Gənc yaşlarımda İqorun işi mənə
daha çox romantik görünürdü və ona valeh
olurdum. Amma heç zaman həyəcan keçirməmişəm,
çünki biz tanış olanda onun kifayət qədər
təcrübəsi vardı. Həm də ondan heç vaxt həyəcana
səbəb olacaq hansısa narahatlıq barədə söhbətlər
eşitməmişdim. Nə özü haqqında, nə də
aviasiyada çalışan digər komanda üzvləri
haqqında. Bir məqamı etiraf etmək istərdim ki, Azərbaycan
aviasiyası hər zaman yüksək hazırlıqlı vəziyyətdə
olub. Təyyarələrin yaxşı vəziyyətdə
olmasına həmişə xüsusi diqqət yetirilib. Bu
baxımdan heç zaman həyəcan hissi keçirməmişəm.
Beləcə, zaman keçdikcə valeh olduğum İqorun
işi sıradan birinə çevrildi. Arxayın idim, bilirdim
ki, səhər yola saldığım kapitan axşam evə
dönəcək.
- 25 dekabr 2024-cü il... Ölkəni silkələyən
qəza günü...
- Həmin gün də həyəcan yox idi. Yeni il
qayğılarımız vardı, ona
hazırlaşırdıq. Ümumiyyətlə, İqor
üçün Yeni il, Novruz bayramı, doğum günləri
bir qayda olaraq mütləq yüksək səviyyədə
qeyd olunmalı idi. On gün əvvəlcədən nələrin
alınacağı, hansı yeməklərin hazırlanacağının
siyahısı tutulardı, yəni biz bayram əhvalında
idik. Onun narahatlığı həmin günün hava şəraiti
ilə bağlı idi, tez-tez sistem üzərindən izləyirdi.
Əslində həmin gün İqorun reysi deyildi, hava şəraitinə
görə o, başqa ekipajı əvəz etməli oldu. Zəng
gələndə etiraz etməsə də,
narazılığını da bildirdi. Çünki on
gün ərzində ikinci dəfə Qroznıya
uçmalı oldu.
Anastasiya Kşnyakina:
- Atam Qroznıya uçmağı sevmirdi. Həm hava
şəraitinə görə, həm oranın aeroportu
eniş üçün rahat deyildi, həm də
uçuşun müddəti çox qısa idi. Deyirdi ki,
enişdən sonra oturmağa macal tapmadan yenidən havaya
qalxmalı olursan. Onun üçün uzaq reyslər daha
maraqlı idi. Bundan əlavə, o, gənc pilotların təcrübə
toplamasının daha çox tərəfdarı idi ki, onlar
da çətin hava şəraitinə idarə etməyi
öyrənsinlər.
Yana Kşnyakina:
- Hava şəraitilə əlaqədar onu da dedi ki,
belə gedərsə, yəqin ki, bu gün qayıda bilməyəcəklər.
Çünki bir gün əvvəldən o, hava şəraitini
izləyirdi, heç bir dəyişikliyin
olmadığını gördükdən sonra dedi ki,
eniş etsək də, belə davam etsə, geri qayıda bilməyəcəyik.
Onların işində sərnişini mənzil başına
çatdırmaq mütləqdir və bunun üçün
ekipaj mümkün olan bütün hallardan istifadə edir, bir
şərtlə ki, insan həyatı üçün təhlükə
olmasın. Bu baxımdan o məni xəbərdar etdi ki, sərnişinləri
çatdıra bilsək də, geri qayıtmağımız
mümkün olmaya bilər. İstənilən halda səni xəbərdar
edəcəyəm. Bilirsiniz, pilot üçün qeyri-sabit
hava şəraiti stress yaradır. Yalnız bu baxımdan onda
narahatlıq vardı, başqa heç nə
ağlımıza belə gəlmirdi.
- Və onu yola saldınız...
- Həmin ərəfədə evdə təmir
işlərini yekunlaşmaq üzrə idi. Gecələri təmizlik
işləri gördüyümdən çox vaxt
yatmırdım ki, çatdıra bilim. Baxmayaraq ki, hava şəraitində
heç bir irəliləyiş olmadı, o getdi,
çünki öz təcrübəsinə arxayın idi.
Bilirdi ki, vəziyyətdən çıxa biləcək, sərnişinləri
ünvana çatdıracaq. Bu fikirlə də reysə
çıxdı. Elə bir hadisə baş verdi ki, o
situasiyada belə, İqor peşəkarlığını
göstərə bildi, bunu bütün dünya gördü.
İnsan həyatını xilas etməyin nə demək
olduğunu hamı gördü.
- Qəza xəbəri...
- Səhər saat 6-ya yaxın işlərimi bitirib
yatmağa getdim. İki saatdan sonra İqorun ilk evliliyindən
olan qızından zəng gəldi. O, AZAL-da işlədiyindən
xəbəri ilk olaraq ona çatdırıblar. Və o zəng
həyatımızı tamam dəyişdi. Sonra baş verənlərdə
bir dumanın içində idim. Evə gələn insan
axını, dəqiq məlumatın olmaması, qeyri-müəyyənlik
məni o qədər sıxmağa başladı ki, evdə
otura bilmədim və aeroporta
gedib orada gözləmək qərarına gəldim.
Anastasiya Kşnyakina:
- Xəbərin qeyri-dəqiqliyi bizi çox
üzdü. Üç dəfə atamın gah sağ
olduğu, gah reanimasiyaya gətirildiyi kimi xəbərlər
bizi ümidləndirirdi. Lakin sonda aldığımız dəqiq
xəbər hər şeyə nöqtə qoydu. Atam bu
şücaəti ilə özündən sonra bizə elə
bir qürur hissi qoyub getdi ki, onu ömür boyu layiqincə
yaşatmağa borcluyuq. Kaş bircə dəfə ona "Səni
çox sevirik" demək imkanımız olardı. Kapitan
İqor Kşnyakin bu qəhrəmanlığı ilə bir
daha sübut etdi ki, sevdiyi peşə onun üçün hər
şeydən üstün olub - ailəsindən də, öz həyatından
da...
SÖZARDI: Bəzən elə hadisələri
yaşamalı oluruq ki, peşə borcun onlardan yan keçməyə
yol vermir. Onlar yaddaşlarda bir ekipajın üç
üzvü kimi qaldığından, müsahibələri də
ona uyğun təqdim etmək fikrindəyəm. Bu gün
kapitanın ailəsilə sizləri
görüşdürdük. Yaşasaydı, iki gündən
sonra ailəsi ilə - əzizləri ilə birlikdə 63
yaşını qeyd edəcəkdi...
Tamilla M-ZADƏ
525-ci qəzet .- 2025.-17 may(№85).- S.12;13