Qələmsiz yazılanlar
status-esselər
Pekində duyğulu anlar və soyuqqanlı uzaqgörənlik
Aprelin 23-də Azərbaycan Respublikası ilə
Çin Xalq Respublikası arasında hərtərəfli
strateji tərəfdaşlıq əlaqələrinin
qurulması haqqında Birgə Bəyanat imzalanıb. Sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və
Çin Xalq Respublikasının Sədri Si Cinpinin
iştirakı ilə Azərbaycan-Çin sənədlərinin
imzalanması mərasimi olub.
İmzalanan sənədlərin içərisində
"Azərbaycan Dövlət İnformasiya Agentliyi
(AZƏRTAC) ilə Sinxua İnformasiya Agentliyi arasında xəbər
mübadiləsi və əməkdaşlıq haqqında
müqavilə" və "Azərbaycan Televiziya və Radio
Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilə
Çin Media Qrupu arasında Əməkdaşlıq
Sazişi" də var. Həmkarlarımızı təbrik
edir və uğurlar arzulayırıq.
Bu tarixi sənədlərin içərisində bir sənəd
də var ki, yaddaşa, duyğulara xitab edir, dərin hissiyyat
yaradır. Həmin sənədi - "Azərbaycan
Respublikasının Naxçıvan Muxtar Respublikasının
Naxçıvan şəhəri ilə Çin Xalq
Respublikasının Sincan-Uyğur Muxtar Rayonunun Urumçi
şəhəri arasında qardaşlaşmış şəhər
münasibətlərinin qurulmasına dair Niyyət Məktubu"nu
Azərbaycanın Çindəki səfiri Bünyad
Hüseynov və Çinin Urumçi şəhərinin meri
Yakub Paydulla imzalayıblar.
Kim düşünə bilərdi ki, belə yüksək
səviyyəli mərasimdə Sincan-Uyğur Muxtar rayonunun və
Urumçi şəhəri merinin adı da yer alacaq?
Əminəm ki, bu, sadəcə bir "Niyyət Məktubu"
deyil. "Bizim ailəmiz Türk dünyasıdır" deyən
Azərbaycan Prezidentinin əzminin, israrının,
soyuqqanlı, təmkinli, uzaqgörən siyasi xəttinin bəhrəsidir.
Belə bir tarixi gündə və mühüm sənədlərin
içərisində bu "Niyyət Məktubu"nun yer
almasının həm dərin mənası, həm də
emosional çəkisi var.
Heyranlıq və qürur doğurur.
Növbəti dəfə bu duyğuları
yaratdığına və yaşatdığına görə
cənab Prezidentə sonsuz minnətdarlıq və təşəkkürümüzü
çatdırırıq.
lll
Prezident İlham Əliyevin "Azərbaycan milli mətbuatının
150 illik yubileyinin keçirilməsi haqqında"
imzaladığı Sərəncam milli mətbuatın ölkənin
ictimai fikir və dövlətçilik tarixində
oynadığı rola verilən dəyərin təzahürü
olmaqla bərabər, eyni zamanda dövlətimizin və onun rəhbərinin
ümumilikdə Azərbaycan mediasına neçə illərdən
bəri göstərdiyi qayğının növbəti
nümunəsidir. Bu Sərəncam həm də Ulu öndər
Heydər Əliyevin milli mətbuatımızın yubileylərinin
qeyd olunması ilə bağlı müstəqillik illərində
qoyduğu ənənənin davam etdirilməsinin göstəricisidir.
Azərbaycanın da bir parçası olduğu dünya
nizamının saysız təbəddülatla üzləşdiyi
indiki gərgin dövrdə milli mətbuatımıza göstərdiyi
belə nəcib və kübar münasibətə görə
dövlətimizin başçısına həm öz
adımdan, həm də Azərbaycan Mətbuat
Şurasının İdarə Heyəti adından dərin təşəkkürümü
bildirirəm.
Sərəncamda cənab Prezidentin Vətən
müharibəsi dövründə mediamızın əsl vətənpərvərlik
və həmrəylik nümunəsi ortaya qoyduğunu,
düşmən qüvvələrin yaydığı saxta məlumatların
ifşası istiqamətində xüsusi səy göstərdiyini,
silahlı qüvvələrimizin rəşadəti ilə
bağlı zəngin salnamə yaratdığını
xüsusi vurğulaması onun müasir jurnalistikamıza nə
qədər böyük önəm verdiyini göstərən
yaddaqalan nüans kimi gələcək fəaliyyətlərində
ölkə jurnalistlərinə stimul verəcək əhəmiyyətli
məqamdır. Sərəncamda həmçinin bu gün
mediamızın ölkəmizin tərəqqisinin və müasir
cəmiyyət quruculuğu prosesinin fəal
iştirakçısı olduğu vurğulanmaqla bərabər,
yeni fəaliyyət prinsiplərinin hökm sürdüyü
müasir dövrün Azərbaycan mediası
qarşısında yeni vəzifələr müəyyənləşdirdiyi,
mediamızın müasir tendensiyaları nəzərə
almaqla dövlətimizin maraqlarını həmişə uca
tutmalı olduğu qeyd edilir, əslində, Azərbaycanın
söz sahibi dövlət kimi dünya düzənində həmişə
güclü mövqedə dayanması üçün
çağdaş jurnalistikamızın və biz jurnalistlərin
də üzərinə böyük məsuliyyət
düşdüyü xatırladılır.
Ümumiyyətlə, cənab Prezidentin bu Sərəncamını
ümumən Azərbaycan mətbuatının gələcək
fəaliyyət istiqamətləri ilə bağlı bitkin və
hərtərəfli yol xəritəsi də adlandırmaq olar.
Sənəddə jurnalistikamızın
keçmişi ilə bu gününü əlaqələndirməyə,
gələcəyə baxış bucağını
optimallaşdırmağa imkan verən bir çox müddəalar
səsləndirilir, tutarlı arqumentlər sadalanır.
Əminəm ki, Azərbaycan mediası və jurnalistikası
üçün əlamətdar bir tarixlə - milli mətbuatımızın
150 illik yubileyinin keçirilməsi ilə bağlı
imzalanmış bu Sərəncam böyük tarixə
yüksək dəyərin ifadəsi olmaqla bərabər, həm
də mediamızın sabahı və inkişafı
baxımından yaddaqalan mühüm bir dövlət sənədi
kimi uzun illər xatırlanacaq.
Zaman, müasir dünya bütün fəaliyyət sahələrində
olduğu kimi, jurnalistika sahəsində də baş verən
yeniliklərlə, sürətlə inkişaf edən
informasiya texnologiyaları ilə ayaqlaşmağı, baş
verən ardıcıl proseslərdən geri qalmamağı
diktə edir. Bu prosesdə, şübhəsiz, biz jurnalistlərin
üzərinə böyük məsuliyyət
düşür. Belə məsuliyyətli dövrdə Azərbaycan
dövlətinin mediamıza ardıcıl olaraq dəstək
verməsi biz jurnalistlər üçün bir
üstünlük, bir şansdır. Cənab Prezidentin milli mətbuatımızın
150 illik yubileyinin keçirilməsi ilə bağlı son Sərəncamı
da dövlətimizin Azərbaycan mediasına ciddi dəstəyini
nümayiş etdirən növbəti mühüm sənəddir.
İnanıram ki, hər birimiz bu məsuliyyətin ciddiliyini nəzərə
alıb üzərimizə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlmək üçün
əlimizdən gələni edəcəyik. Buna müasir
peşəkar jurnalistikamızın gücü də yetər,
potensialı da.
lll
Azərbaycan öz tarixinin ən qürurlu
dövrünü yaşayır və bu dövrdə biz daha
çox vətəndaşlıq mövqeyimizi ortaya
qoymalıyıq.
lll
Mətbuatın 150 illiyində mədəniyyət paytaxtımız
Şuşada mətbuat muzeyinin yaradılmasını çox
istərdim.
lll
Bəzi məmurlar düşünürlər ki,
onların qurumları ilə bağlı hansısa tənqidi
yazı yazılan kimi onu sildirə, saytdan
çıxartdıra bilərlər.
lll
"Hansı dövrdə jurnalist olmaq istərdiniz"
sualına heç şübhəsiz, "20-ci əsrin əvvəllərində,
"Həyat" və "İrşad" qəzetlərinin,
"Molla Nəsrəddin" jurnalının fəaliyyətə
başladığı dövrdə" cavabını verərdim.
lll
Böyük maarifçilərimizin 100 il öncəki
missiyasını hələ də tamamlaya bilməmişik.
lll
Mən də Bakı Dövlət Universitetinin
Jurnalistika fakültəsində oxumuşam və
düşünürəm ki, ölkəmizdə ən
üstün, açıqfikirli məkanlardan biri bu təhsil
ocağının Jurnalistika fakültəsi olub.
lll
"Bizi saxlayan bizim dilimiz, ədəbiyyatımız,
mədəniyyətimiz, gənc nəsil yetişdirən ailə
və məktəb olub".
Prezident İlham Əliyev
lll
32 ildən sonra yenidən Ağdamda gecələmək!
Davamlı və qaynar inşaat işlərinin
yaratdığı səsin içində imkan tapıb
Ağdamın nəfəsini dinşəmək və
havasını ciyərlərinə çəkmək!
Keçmişə dalmaq, gələcəyi xəyal
etmək!
Uzaq yurd yerlərini xəfif xiffət və dərin həsrətlə
arzulayanlara da nəsib olsun!
İndi inanılmaz olan nə var ki?!
Gerçəkləşdirənlərə sonsuz minnətdarlıqla.
lll
Ağdam Muğam Mərkəzinin
açılışında "Qarabağ şikəstəsi"
oxuyan bu uşaqların - Gülablı kənd Uşaq Musiqi Məktəbinin
şagirdləri Əhəd Ağayev, Türrə Hüseynova
və Rüfət Axundovun səsi 30 illik işğalın yox
edə bilmədiyi İlahi verginin, sirli ənənənin
davam etməsinin, yaşamasının təcəssümüydü.
Cənab Prezidentin müəllifi olduğu, xəyal etdiyi yeni
Ağdamın, musiqi məkanı Qarabağın cövhərinin
təntənəsiydi.
Əbədiyyətə, Ruhun davamına əminliyin
nişanəsiydi!
Kövrəlməmək, sevinc göz yazlarına
boğulmamaq mümkünsüz idi!..
Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan
Yazıçılar Birliyinin sədr müavini
525-ci qəzet .- 2025.-17 may(№85).- S.11.