Mərkəzi Elmi
Kitabxana: keçilmiş yol və gələcəyə
baxış
Mərkəzi Elmi Kitabxana ilə
tanışlığım ötən əsrin 90-cı illərinə
təsadüf edir. Həm Bakı Dövlət Universitetinin
Kitabxanaçılıq-informasiya fakültəsinin tələbəsi
olaraq ixtisas fənlərinin tərkib hissəsi kimi
oxuduqlarımla, həm də istehsalat təcrübəsini
keçirdiyim müəssisə kimi. Mərkəzi Elmi
Kitabxana haqqında milli kitabxanaçılıq elminin banisi,
professor Abuzər Xələfovun, bir vaxtlar buraya rəhbərlik
etmiş dosent Rasim Kazımovun yazdıqları və
danışdıqları da
başqa bir tarix idi.
MEK-lə əməkdaşlıq münasibətimn isə
2020-ci ilin yazında quruldu. Və mən bu münasibətdən
duyduğum qürurumu sözlə ifadə etməkdə
çətinlik çəkirəm.
Bu il mənim doğma məkanımın
- Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasının 100 illiyidir. Bu 100 ildə tarixin müxtəlif
dönəmlərində yaşananlar - yaradılması, təşəkkül
mərhələləri, fəaliyyətinə göstərilən
dövlət qayğısı və digərləri Mərkəzi
Elmi Kitabxananı Azərbaycan elminin informasiya məbədinə
çevirib.
lll
Azərbaycanda elmi tədqiqatların təşkili və
inkişafına dəstək göstərmək, milli elmi-mədəni
irsin toplanması və qorunmasını təmin etmək, elmi
biliklərin yayılmasını təşfiq etmək məqsədilə
yaradılmış Azərbaycan Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanasının əsası
Azərbaycanın bir qrup ziyalısı tərəfindən
1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyətinin Biblioqrafiya
bürosunun fəaliyyətə başlaması ilə qoyulub.
Cəmiyyətin Müvəqqəti Şurasının 4 noyabr
2023-cü il tarixli 2 saylı protokolunda qurumun strukturu ilə
bağlı qoyulan ikinci məsələ Biblioqrafiya bürosu, yeddinci məsələ
isə cəmiyyətin kitabxanası haqqında olub. Həmin
müddətdən keçən 1 il yarım vaxt ərzində
Biblioqrafiya bürosu üzərinə düşən məsələlərin
həllinə çalışsa da, kitabxana ilə bağlı
hansısa addım atılmamışdı. Bu mühüm
iş yalnız 19 avqust 1925-ci ildən gerçəkləşməyə
başladı.
1929-cu ildə Azərbaycanı Tədqiq və Tətəbbö
Cəmiyyətinin bazasında Azərbaycan Elmi-Tədqiqat
İnstitutu yaradıldı. İnstitutun yaranması və tərkibində
bir sıra elmi bölmələrin meydana gəlməsi
respublikamızın həyatında böyük hadisəyə
çevrildi. Cəmiyyətin kitabxanası da həmin dövrdə
xeyli zənginlənmiş, oxucu kontingenti artmış, kitab
dövriyyəsi genişlənmişdi.
1932-ci ildə Azərbaycan Dövlət Elmi Tədqiqat
İnstitutunun əsasında SSRİ Elmlər Akademiyası
Zaqafqaziya filialının Azərbaycan şöbəsi təşkil
edildi ki, bu da kitabxananın fəaliyyətini xeyli genişləndirdi.
Artıq 1934-cü ildə kitabxananın fondunda 46.5 min nüsxə
kitab və jurnal var idi.
1935-ci ildə SSRİ EA Rəyasət Heyəti
akademiyanın Azərbaycan filialının yaradılması
haqqında qərar qəbul etdi. 1935-ci ildən başlayaraq
filialın mərkəzi kitabxanası ilə yanaşı,
onun ayrı-ayrı institutları və bölmələri
yanında 18 sahəvi elmi kitabxana da yaradıldı.
1945-ci ildə Azərbaycanda müstəqil Elmlər
Akademiyasının yaradılması ilə əlaqədar
kitabxananın tarixində yeni inkişaf mərhələsi
başlandı. Kitabxanaya bütün keçmiş Sovetlər
Birliyində nəşr olunan ədəbiyyatın məcburi
pullu nüsxəsini əldə etmək səlahiyyəti
verildi, məlumat biblioqrafiya işinin
yaxşılaşdırılması istiqamətində iş
aparıldı.
1951-ci ildə Azərbaycan Elmlər Akademiyası Rəyasət
Heyətinin qərarı ilə Elmi Tədqiqat
institutlarının kitabxana şəbəkəsinin fəaliyyətini
əlaqələndirmək və onlara rəhbərlik etmək
məqsədilə Kitabxana Şurası yaradıldı,
dövrün görkəmli alimləri şuranın işinə
cəlb olundular.
1963-cü ildə kitabxana
Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin
müvafiq qərarı ilə Azərbaycan Elmlər
Akademiyasının Əsaslı Kitabxanasına çevrildi.
1964-cü ildən Azərbaycan Elmlər Akademiyası
Rəyasət Heyətinin qərarına əsasən
kitabxanada Azərbaycan alimlərinin elmi nailiyyətlərini,
onların həyat və yaradıcılığını əks
etdirən "Azərbaycanın elm və mədəniyyət
xadimləri" seriyası ilə şəxsi biblioqrafik
göstəricilər çap edilmiş və bu iş bu
gün də uğurla davam etdirilir.
1967-ci ildə kitabxana Akademiya şəhərciyinə
köçürüldü, "Nizamnaməsi", strukturu,
elmi-metodiki şurasıtəsdiq edildi, oxuculara xidmətdə
dövrün mütərəqqi
üsullarının tətbiqinə başlandı.
1960-cı illərdə kitabxananın fondu hədiyyələr
və şəxsi kolleksiyalar hesabına da xeyli zənginləşmişdi.
Hazırda Mərkəzi Elmi Kitabxananın fondlarında
müxtəlif elm sahələrinin görkəmli nümayəndələrinin
43 adda şəxsi kolleksiyası qorunmaqdadır. Bundan
başqa, Akademiklər zalında mövcud olan Diplomatik
güşəmizdə 26 ölkənin 33 adda kollesiyası da
qorunmaqdadır.
1972-ci ildə Mərkəzləşmiş Kitabxana
Sisteminə çevrilən kitabxana 1978-ci ildən respublika
miqyasında təbiət və dəqiq elmlər üzrə əsas
depozitar kitabsaxlayıcı kimi fəaliyyət göstərməkdədir.
1984-cü ildən Əsaslı Kitabxana Mərkəzi Elmi
Kitabxana adlanır və respublikamızda nəşr edilən
çap məhsullarının pulsuz məcburi nüsxələrini
alır.
lll
Mərkəzi Elmi Kitabxana hər zaman fəaliyyətində
dövlət qayğısı ilə əhatə
olunub.1993-cü ildə Ümummilli lider Heydər Əliyevin
ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra
ölkədə kitabxana işinə olan diqqət və
qayğısı Mərkəzi Elmi Kitabxananın da işinə
müsbət təsir göstərdi.
Ümummilli liderin 2001-ci il 15 may tarixli fərmanı ilə
Azərbaycan Elmlər
Akademiyası Milli status qazandı. Bu proseslər Mərkəzi
Elmi Kitabxananın fəaliyyətinə də öz müsbət
təsirini göstərdi.
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev də Milli Elmlər Akademiyasının fəaliyyətinə, o cümlədən
Mərkəzi Elmi Kitabxanaya xüsusi diqqət və
qayğı ilə yanaşıb. Kitabxananın müstəqil
bina ilə təmin edilməsini, oxuculara həftə ərzində
fasiləsiz və iki növbəli xidmət göstərilməsi
üçün şərait yaradılmasını kitabxana-informasiya təminatında
keyfiyyətcə yeni tarixi mərhələ hesab edən
qabaqcıl mütəxəssislərin və akademiya rəhbərliyinin
müraciəti ilə Azərbaycan Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanasına müasir
tipli yeni binanın tikilməsi üçün Prezident
İlham Əliyev 29 aprel 2011-ci il tarixli Sərəncam
imzaladı. Həmin ilin noyabrında dövlətimizin
başçısı kitabxananın yeni binasının təməlini
qoydu.
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanası üçün tikilmiş yeni binanın
ümumi sahəsi 28 min kvadratmetrdən çoxdur. Burada beynəlxalq standartlara uyğun səmərəli
fəaliyyət üçün hər cür şərait
yaradılıb. Binada mövcud olan 14 oxu zalında eyni vaxtda
1000-dən çox oxucuya elektron və ənənəvi xidmət
göstərmək mümkündür. Kitabxana binasında 4
milyona yaxın sənədin saxlanmasına imkan verən
qapalı və xüsusi şəraitli fondlar vardır.
lll
Mərkəzi Elmi Kitabxananın da digər kitabxanalar
kimi çoxsaylı fondları var: Azərbaycan dilində ədəbiyyat
fondu; Xarici dillərdə ədəbiyyat fondu; Nadir kitablar
fondu; Heydər Əliyev və Azərbaycan dövlətçiliyi
fondu; Qarabağ müharibəsi qəhrəmanları fondu;
İxtisas ədəbiyyatı fondu; Mübadilə fondu. Bu
fondların hər birində toplanmış ədəbiyyatlar
oxucu məmnunluğuna xidmət göstərməklə
yanaşı, həm də biliklərin nəsildən-nəsilə
ötürülməsi üçün dayanıqlı
platformadır.
Azərbaycan, rus, türk, fars, ərəb, ingilis,
alman, fransız və digər dillərdə olan fondların
xronoloji əhatəsi XVI-XXI əsrləri əhatə edir.
Hazırda Mərkəzi Elmi Kitabxana 50-dən artıq dildə dünya ədəbiyyatı,
tarixi, elmi və incəsənətini özündə əks
etdirən 1,5 milyona yaxın sənədin qorunub
saxlandığı, 10000-dən artıq istifadəçiyə
eyni zamanda xidmət göstərən elmi mərkəzdir.
Ölkə kitabxanaları içərisində ən
qədim kitab da bizim kitabxanamızda qorunmaqdadır. Kitab 1502-ci
ilə aid "Müxtəlif səhifələrdən
və müəllifin məcmuələrindən ibarət heptologiya" monoqrafiyasıdır.
lll
Mərkəzi Elmi Kitabxananın nəzdində
aspirantura şöbəsinin yaradılması və burada kitabxanaşünaslıq,
biblioqrafiyaşünaslıq və kitabşünaslıq
ixtisası üzrə kadr hazırlığına
başlanması bu istiqamətdə atılmış strateji
addımlardan biridir. Bu, təkcə kitabxanaşünaslıq
elminin inkişafına deyil, eyni zamanda informasiya cəmiyyətinin
tələblərinə cavab verən müasir tədqiqatçılar
nəslinin formalaşmasına xidmət edən mühüm
bir tədbir kimi qiymətləndirilməlidir.
AMEA Rəyasət Heyətinin 13 mart 2023-cü il tarixli 10/5 saylı qərarından
sonra görülən işlər çərçivəsində
"Mərkəzi Elmi Kitabxananın İnformasiya
Bülleteni"nin nəşrinə başlanılıb.
Mərkəzi Elmi Kitabxanada
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin
qərarlarına əsasən şəxsi, kitabxana əməkdaşlarının
təklifləri əsasında isə mövzu biblioqrafik
göstəricilər hazırlanır. Bu biblioqrafik göstəricilər
öz elmi tutumu və fundamentallığı ilə Mərkəzi
Elmi Kitabxananın təkcə informasiya təminatı mərkəzi
deyil, həm də elmi-tədqiqat və metodoloji baza kimi fəaliyyət
göstərdiyini təsdiq edir.
lll
Mərkəzi Elmi Kitabxananın beynəlxalq əlaqələri
elm və informasiya mübadiləsinin
qloballaşdığı müasir dövrdə onun elmi
nüfuzunun artmasına, beynəlxalq kitabxana və informasiya cəmiyyətinə
inteqrasiyasına, habelə qlobal
miqyasda biliklərə çıxış
imkanlarının genişlənməsinə xidmət edən
mühüm strateji istiqamətlərdən birini təşkil
edir. Hazırda Mərkəzi Elmi Kitabxana dünyanın 46
ölkəsinin 130-a yaxın təşkilatı,
o cümlədən ölkəmizdəki bir sıra səfirliklərlə,
Azərbaycanın xaricdəki səfirlikləri ilə əməkdaşlıq
əlaqələri var.
lll
Bu gün Mərkəzi Elmi Kitabxananın yeniləşən
fəaliyyətinin ana xəttini dünyada baş verən
kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət
sisteminin müasir modelinin hazırlanıb həyata
keçirilməsi təşkil edir. Gələcəyə
baxışımız aydındır: müasir informasiya cəmiyyətinin
tələblərinə cavab verən, elm və təhsilin
inkişafına töhfə verən, oxucuların
ehtiyaclarına çevik və innovativ yanaşmalar sərgiləyən bir kitabxana modeli
formalaşdırmaq. Bu yolda atılan hər bir addım,
yalnız bugünkü deyil, sabahkı nəsillərin də
elmi axtarışlarında etibarlı dayağa çevrilmək
missiyasını daşıyır: Mərkəzi Elmi
Kitabxananın ötən 100 ildəki bütün tarixi
inkişaf mərhələlərində olduğu kimi!
Şəhla TAHİRQIZI
Filologiya üzrə fəlsəfə doktoru, dosent, Mərkəzi
Elmi Kitabxananın direktor müavini
525-ci qəzet .- 2025.-20 may(¹86).- S.15.