Xalq üçün
yaşanan ömür
Cahan Birinci Dünya müharibəsi ərəfəsindəymiş.
Hələ bilən yoxuydu. Hər dövlət öz
qayğısındaydı...
Kəndlərdə əkin-biçin, mal-qara, güzəran
sıxıntıları... Ötən əsrin əvvəllərində
Azərbaycanın rayonlarında həyat bu axarda davam edirdi.
Camaatın güzəranı torpaqdan çıxırdı.
Zəngəzur qəzasında (sonralar Zəngilan
adlandırıldı) da beləydi. Xankişinin dörd
oğlu vəbadan ölmüşdü. Şahsuvar anadan olan
il - 1909-cu ildə Xankişi də köçdü
dünyadan. Şahsuvar beş yaşına çatanda
anasız qaldı. Cəfər qardaşının
balasını himayəsinə götürdü. Ürəyinin
böyüklüyünə görə hamı onu imanı
kamil kişi adlandırdı; el sevgisi idi bu. Cəfər elin
sevgisini qazanmışdı, bir ömürə işıq
olmuşdu. Bu işıq qaranlıqlar keçəcəkdi,
aydınlıqlara çatacaqdı. O aydınlıqlar
içində bir dua da eşidiləcəkdi: Bugünkü nəfəsimin
yiyəsi Allahdı, səbəbkarı - siz. Allah sənə
rəhmət eləsin, ay Cəfər əmi, ay Fatış
bibi...
Şahsuvar Zəngilan kənd məktəbində
oxudu, o dövrün təhsili səviyyəsində təhsil
aldı. 15 yaşından əməyə alışdı, fərdi
təsərrüfatla məşğul oldu. O da əkirdi, becərirdi,
yığırdı. O da güzəran cəfakeşiydi.
Oxumaq istəyi varmış. Heç kimə demirdi.
Günlərin birində istəyinə görünməz yerdən
bir işıq düşdü. O da Qaryagində (indiki
Füzuli rayonu) Müəllimləri Təkmilləşdirmə
Kursunda təhsil aldı. Rəncbər idi, müəllim
olacaqdı. Ehtiyac olduğuna görə onu məktəbə
deyil, rayon maliyyə şöbəsinə vergi müfəttişi
təyin etdilər. 1930-cu ilin sentyabrından 1941-ci lin may
ayına kimi bu vəzifədə, sonra "Oktyabr"
kolxozunda hesabdar, Pirçivan kənd sovetinin katibi vəzifələrində
işlədi. Yaxı işçi kimi tanındı. O illərdə
işçinin həm də siyasi
dünyagörüşü nəzərə
alınırdı. Şahsuvar bu "nəzərəalmada
da" diqqəti çəkibmiş; 1941-ci ilin iyulunda Azərbaycan KP MK yanında partiya
kursuna göndərildi, kursu bitirdikdən sonra 1942-ci ilin
yanvarınadək Zəngilan rayon partiya komitəsinin hərbi
şöbəsinin müdiri vəzifəsinə təyin
olundu.
Müharibə başlamışdı. Azərbaycandan
da minlərlə gənc müharibəyə göndərilmişdi,
göndərilirdi. Müharibədə arxa cəbhədə də
qüvvə lazım idi. Bu səbəbdən hökumət
müəyyən işçilərə müharibədən
saxlanması üçün bron verirdi. Şahsuvara da bron
verilmişdi. Ancaq o, brondan imtina etdi, 1942-ci il yanvarın 20-də
könüllü olaraq döyüşlərə getdi...
Zəngilandan müharibəyə aparan yol
döyüş yolu olacaqdı. Bu yol bir azərbaycanlı
döyüşçünün də qətiyyətini, mərdliyini,
qorxmazlığını uğurladı.
Artilleriyaçı idi, yüngül artilleriya alayında
xidmət edirdi. Artilleriya qurğularının istismar
xüsusiyyətlərini o da mükəmməl öyrənmişdi;
döyüş əmrlərini o da uğurla yerinə
yetirirdi.
1942-ci il avqustun 15-i idi. Düşmənin hücumunun
qarşısı alınmalı idi. Piyadalarımıza
vaxtında artilleriya dəstəyi verilməsə, bu,
böyük itkilər hesabına mümkün olacaqdı.
Komandanlıq artilleriyaçılara ciddi, çox ciddi
döyüş tapşırığı verdi.
Qarşılıqlı artilleriya döyüşündə
Şahsuvar Həsənov yaralandı. Döyüşü
davam etdirə bilməyəcəkdi. Divizion komandirinini göstərişi
ilə onu döyüşdən çıxardıb təxliyə
etdilər. Yaxınlıqdakı hərbi hospitalda müalicə
olunduqdan sonra yenidən döyüşlərə
qayıtdı. Döyüşlərə - I Pribaltika cəbhəsinə
göndərildi.
Zabit idi. Burda da ağır döyüşlərin
iştirakçısı oldu. Ordu hissələrimiz
döyüşə-döyüşə irəliləyir, qələbələr
qazanırdı. Bir döyüş ərəfəsində
komandir demişdi: Siz burada mərdliklə
döyüşürsünüz, digər ordu hissələrimiz
başqa istiqamətdə. Bütövlükdə ordu
döyüşür, Vətən döyüşür.
Döyüşünüz Vətənin
döyüşüdür, qazandığınız qələbələr
Vətənin qələbələridir. Hamınıza təşəkkür
elan edirəm. Dünənki döyüşdə düşmən
ağır itkilər verdi. Leytenant Həsənov, buna görə
sənə ayrıca təşəkkür edirəm...
Şahsuvar Həsənov belə
döyüşürdü...
Döyüşlərdə göstərdiyi igidliyə
və qəhrəmanlığa görə 1944-cü il
avqustun 3-də "İgidliyə görə" medalı,
1944-cü il avqustun 21-də "Qırmızı Ulduz"
ordeni, 1944-cü il sentyabrın 30-da ikinci dəfə
"İgidliyə görə" medalı, 1945-ci il
mayın 9-da "Alman faşizmi üzərində qələbəyə
görə "medalı ilə təltif edildi. Bu təltiflər
bir döyüşçünün döyüş əzminə,
qələbə ruhuna dövlətin təşəkkürü
idi; döyüşənlər belə təşəkkürlər
üçün döyüşmürdü, Böyük Qələbə
üçün döyüşürdü. Döyüşə-döyüşə
Berlinə yaxınlaşırdılar. Bu Qələbə
dünyanın pozulmuş nizamına düzən gətirəcəkdi.
Bu düzəndə hər döyüşçünün
ruhunun izi olacaqdı...
Müharibə Qələbə ilə başa
çatdı. Şahsuvar Həsənov 1945-ci il noyabrın
20-də ehtiyata buraxıldı. Onu döyüşlərə
aparan yol Zəngilana qaytardı.
Zəngilan dəyişməmişdi, Zəngilanın
yüzlərlə oğulu qalmışdı
döyüşlərdə, yüzlərlə qəhrəmanın
yolunu gözləyən Zəngilanın göylərində
dolaşan dumanları da buna yozmuşdu Şahsuvar.
Bütün döyüşdən qayıdanlar kimi onun ürəyində
şükranlıq da vardı, qəhər də.
Müharibənin ağrı-acıları, sarsıntıları
hələ ovunmayacaqdı. O ağrı-acılar,
sarsıntılar camaatın dərdi idi, duyanlar bu dərdi
öz dərdi bilirdi. Döyüşdən dönənlər
üçün bu dərd daha doğma dərd idi. Cəbhədən
döndülər, əmək cəbhəsinə
qayıtdılar...
Şahsuvar Həsənov partiya işinə təyin
olundu, döyüşlərin
döyüşçüsü müharibədən qələbə
ilə çıxmış bir dövlətin siyasi kursunun
döyüşçüsü olacaqdı. Oldu. Onu Zəngilan
rayon partiya komitəsinin təlimatçısı vəzifəsinə
təyin etdilər. Partiya komitəsi onun partiya təhsili
almasını məqsədəuyğun bilmişdi. 1946-cı
ilin sentyabrında Şahsuvar Həsənov iki illik partiya məktəbinə
təhsil almağa göndərildi. Təhsilini 1948-ci ilin
iyununda bitirdi. Zəngilana qayıtdı. Onu rayon partiya komitəsinin
təlimatçısı təyin etdilər. Bu vəzifə
onun müharibədən sonrakı əmək fəaliyyətinin
başlanğıcı oldu. Şahsuvar illəri bir niyyətlə
ömürləşdirirdi: etimada etibar, inama etibar. Müharibəni
də bu düşüncələrlə
yaşamışdı, müharibədən sonrakı illəri
də bu düşüncələrlə yaşamağa qərarlıydı;
işi bəyənilənlərdən olmaq istəyirdi...
Şahsuvar Həsənov rayon İcraiyyə Komitəsiin
şöbə müdiri, rayon Partiya Komitəsində təlimatçı,
təbliğat və təşviqat şöbəsi
müdirinin müavini vəzifələrində işlədi.
Təkcə vəzifə borclarını yerinə yetirmirdi, vətəndaşlıq
borcunu da yerinə yetirirdi. Köməyə ehtiyacı olanların
köməyi olurdu, məsləhətə ehtiyacı
olanların məsləhətçisi. Tanıyanların
böyük ehtiramı ilə əhatələnirdi. Xoş səmimi
salamı ömrünə Tanrı duası bilirdi:
"Dünyanın ən xoşbəxtləri Tanrı verən
ömürü insanlara, insanlığa xidmətə sərf
edənlərdi. Kaş ömrümü belə yaşaya biləydim".
1954-cü ilin sentyabr ayında onu istehsalata göndərdilər.
Bu təyinat da böyük etimad idi, xarakterə, qabiliyyətə
etimad. Akara və Mincivan pambıq məntəqələrinin
müdiri oldu. Burda da amalının işığında
işlədi...
1962-ci ilin oktyabr ayında Şahsuvar Həsənovu Zəngilan
qəsəbə sovetinin katibi təyin etdilər. Təcrübə,
bacarıq, səriştə və sədaqət vəhdətdə
daha dəyərli iş sistemi formalaşır. Şahsuvar Həsənov
belə bir iş sistemi formalaşdıra bildi. Az sonra onu qəsəbə
sovetinin sədri təyin etdilər. Hər yeni təyinat onun fəaliyyətinin
bir mərhələsi olurdu; onu Rayon İcraiyyə Komitəsinin
təşkilat şöbəsinin müdiri təyin etdilər...
Şahsuvar Həsənov o illərdə rayon
miqyasında siyasi fəaliyyətin sosial həyatla əlaqələndirilməsində,
bu və ya digər vəzifəyə tayinatların verilməsində,
idarə və müəssisələrdə fəaliyyətin
nizami davamında yeni təyin olunanların da, işləyənlərin
də yaxın məsləhətçisi idi. İşdə
problem olmurdu, çətinliklər olurdu. Bu çətinliklər
təcrübə ilə nizamlana bilirdi. Bu baxımdan
Şahsuvar Həsənovun fəaliyyəti - yeni təyinat
alanlara köməyi maarifləndirmə və pedaqoji proseslərin
vəhdəti ilə davam edirdi; onu sevirdilər, ona
inanırdılar, ona güvənirdilər. Bu inam da, bu güvənc
də səmərəsini verirdi.
1976-cı ilin fevral ayından 1988-ci ilin iyul ayına
kimi 33 nömrəli Səyyar Mexanikləşdirilmiş dəstənin
kadrlar şöbəsinin müdiri işləyən
Şahsuvar Həsənovun fəaliyyəti diqqətdən kənarda
qalmadı. O, quruculuq işlərində fəaliyyətinə
görə "Qırmızı Əmək
Bayrağı" ordeni, "Rəşadətli əməyə
görə", "V.İ.Leninin anadan olmasının 100
illiyi" yubiley medalı, "Əmək veteranı"
medalı, digər orden və
medallarla təltif edilib.
Vaxtaşırı məktəblilərlə də
görüşürdü, tədbirlərdə gənclərlə
də söhbətləşirdi, müəllimlərə məsləhət
görürdü ki, yeniyetmələrin maraq
dünyasını milli ruhla qoşalaşdırsınlar.
Özü şagirdlərə də, gənclərə də
müharibə təəsüratlarını məhz milli-mənəvi
dəyərlər kimi danışırdı: Vətəni
sevin, onu qoruyun, Vətəni qorumaq hər bir vətəndaşın
vətəndaşlıq borcudur.
Ömür də illərdi, ancaq yaşanılmış
illər deyil, xalq üçün, dövlət
üçün yaşanılan illərdi. Ömrünü
belə yaşayanlara xalq adamı, xalqın adamı deyirlər.
Bu advermənin səmimiyyətini yaşayanlar da bilir, gələcək
nəsillər də biləcək: xatırələrdən
öyrənəcəklər, tarixdən öyrənəcəklər,
olmuşlardan öyrənəcəklər. Şahsuvar Həsənov
da belə ömür yaşadı, xatirələrdə belə
yaşadılır, tarixdə də belə yaşayacaq; zəngilanlıların
xoş xatirələrlə xatırladıqları Şahsuvar
Həsənov 1994-cü il aprelin 8-də köçdü
dünyadan...
Qızı Dişad xatırlayır ki, ara
açılandan sonra İrana gediblər. Avtobusda onların Azərbaycandan
olduqlarını bilənlərdən biri niyəsə,
hansı niyyətləsə erməniləri tərifləməyə
başlayıb. Onda Şahsuvar səbrlə, faktlarla kimin kim
olduğunu hamısına anladıb. Belə məntiqli
söhbətdən sonra heç kim dillənməyib.
Dürüstlüyü, sadəliyi, yüksək intizamı və
məsuliyyəti tabeliyində olanlar üçün nümunə
olan Şahsuvar kişi həmişə, hər yerdə
xalqının, millətinin, dövlətimizin adını
heysiyyəti bilib...
Mehriban, ürəyiyumşaq insan idi Şahsuvar müəllim,
həm də məqamında sərtliyi də vardı. Hər
sözü üzə deyərdi, heç kimdən çəkinməzdi, sadə insan
idi...
Şahsuvar Həsənov ömür payını xalq
üçün, dövlət üçün, dövlətçilik
üçün yaşadı...
Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim
525-ci qəzet .- 2025.-20 may(№86).- S.14.