Sarı Aşığın ruh
qovşağında
Sarı Aşıq bizim söz
dünyamızın bayatı səltənətində
əbədiyyət qazanmış bir sənətkar kimi həmişə
də təzə-tər görünür. Onun
düzüb-qoşduğu söz incilərinin
işığı hər zaman poeziyamızda şölələnməkdədir...
Bu incilərdən baş qaldıran sonsuz sevgi hissləri sevən
ürəklərə təpər gətirir...
...Yaddaşımda anidən doğan bu hisslər məndə
şair Nazim Əhmədlinin poeziyasına son zamanlarda, dərindən
bələd olduqdan sonra yaranmağa başlamışdır.
Maraqlısı odur ki, Nazim Əhmədli bayatı yazmır.
Ancaq yazdıqları yeddi-səkkiz hecalı poetik nümunələrdən
həmişə də bayatı qoxusu hiss olunur... Bəlkə
də bu, bir zamanlar Sarı Aşığın qol-qanad
açdığı Laçın dağlarının
havasından və durub dinşədiyi
Həkəri çayının şaqraq nəğməsindən
irəli gəlir...
Şeirə-sənətə Sarı
Aşığın ruh qovşağında bənd alan bu
şairin şeirləri
intonasiya cəhətcə çox
maraqlıdır. Onun şeirlərinin quruluşuna diqqət
yetirməsən, ilk baxışda bayatı olduğunu zənn
edərsən:
oyum-oyum oyulasan,
qıyma-qıyma soyulasan;
səni görüm, ayılasdan,
dönüb soyuna gedəsən.
Yaxud:
bir dəli dua yazdırın,
dərin quyuya basdırın;
aparın məni azdırın,
dərd məni güldürən yerdə.
Nazim Əhmədlinin yaradıcılığına nəzər
yetirərkən belə bir qənaətə də gəlmək
olur ki, müəllif üzünü oxucularından çox,
göylərə tutur... Bu məqamlarda o, böyük türk
dünyasının ürfan şairi, "bir mən vardır məndə, məndən
içəri" deyə
hayqıran Yunis Əmrəni xatırladır...
Ürəyini göylərə açan N.Əhmədlinin
mifik baxışları oxucularda xoş ovqat yaradır. Onun
yaradıcılıq manerası lirik "Mən" üzərində
dolanmaqla söz meydanında bir sıra fəlsəfi baxışlarına
aydınlıq gətirir.
Şair həyatda qarşılaşdığı
bütün görüntülərə öz içərisindən
boylanıb baxmaqla kifayətlənmir,
əksinə, öz haqq səsini ucaltdıqca - ucaldır.
Əksər hallarda şeirinin misraları sanki vəhy ilə
gəlir. Hər bir poetik parçada fikirin dayaq nöqtəsi
sanki göy üzündə qərar
tutur:
gəl bir az da dua edək,
əllərini qoy üzümə;
sən soruş, Tanrı hardadı,
mən də baxım göy üzünə.
Yaxud:
dərdi deyib, şəri deyib,
göyü deyib, yeri deyib;
mənə dərd şairi deyib,
göy üzü verib butamı.
Nazim Əhmədli çox az şairlərimizdəndir
ki, təqvimi mövzulara girişməyə meyil göstərmir.
Ancaq yaşadığımız mürəkkəb və
ziddiyyətli Əsrin görüntülərinə də
heç zaman laqeyd münasibət bəsləmir. Hamıya adi
görünən fikirlərə elə don geydirir ki, bu zaman
oxucuda yüksək aura yaranır. Misraların
ardıcıllığında gələn gözlənilməz
qafiyələr də cəlbedici
olur.
Nazim Əhmədlinin yaradıcılığında
yurd-yuvaya bağlılıq hissləri də məxsusi bir tərzdə
özünü göstərir. Üzünü göylərə
tutaraq ürəyini boşaldan şair hər an üzərində
gəzdiyi torpağı başının tacı bilir. Bu
torpağa arxalanır, bu torpaqdan səsini ucaldır, bu
torpaqdan güc-qüdrət alır:
bir şirincə bayatı,
qulağıma pıçılda;
Gedim axtarım, tapım,
Ruhum qalıb Laçında.
Nazim Əhmədli qələmə sarılanda yazmaq məsuliyyətini gözəl
dərk edir. Hər bir fikrə, hər bir deyim tərzinə
diqqətlə yanaşır ki, bu da onun şeir-sənət
yollarında daha sərrast addımlamağına münbit
şərait yaradır. O, şeir qarşısında məsuliyyətini
gözəl dərk edərək fikrini belə ifadə edir:
ürəyinə qəm
düşəndə,
bircə misra kəm düşəndə;
əlindən qələm düşəndə,
şair şeirdən yıxılır.
Allahın himayəsi altda dünyamızın yaradıcı qüvvəsi
sayılan analar şairlərin əzəli
və əbədi mövzusu
olmuşdur. Bu baxımdan Nazim Əhmədlinin ana itkisi ilə
bağlı yazmış olduğu "Gözümü
açdın dünyaya" şeiri hisslərimizə
ürfani bir ruhda təsir göstərir. Həmin poetik
nümunədə ana itkisinin
insan üçün nə demək olduğunu dəyərləndirmək
elə də çətin deyil:
neynirdin, ay anam, məni,
bulud saçlı sonam məni;
sən bizdən ayrılan günü,
fələyin üzünü gördüm.
Bu fikrin şərhinə heç bir ehtiyac yoxdur. Deyilənləri
araşdırıb anşlaq üçün nəsə əlavə
etmək istəsən də, şeirin yanında çox
sönük görünəcək. Doğrudan da ana
itkisini sonsuz kədərli hisslərlə
qarşılayan şair sanki fələyin üzünü
indi görür...
Nazim Əhmədlinin məhəbbət mövzusunda
olan şeirləri də şairlərimizin bu tematikada olan
düzüb-qoşduqları nümunələrdən
seçilir.
gəl, mən bir tək səni sevim,
səndən ayrısı olmasın;
hər gün sənə çiçək dərim,
təkcə sarısı olmasın.
Oxucu istər-istəməz düşünməli
olur. Dərilən
çiçəklərin içərisində niyə
sarısı olmasın?.. Cavab özünü elə də
çox gözlətmir... sarı rəng həsrətin rəmzidir...
Nazim Əhmədli yaradıcılığından
söz açan tədqiqatçı-ədəbiyyatşünas
Qurban Bayramov "Göy üzünün yaddaşı..."
məqaləsində şairin
yaradıcılığını yüksək dyərləndirməklə
yazır: "...Nazim Əhmədlinin şeirlərinin
yanından elə-belə ötüb keçmək
mümkün deyildir. Onun hər
bəndi oxucunu tutub saxlayır,
diqqəti çəkir, həndəvərində
dolandırır, misrayanı qeydsiz, "ptiçkasız"
ötüşmək olmur".
Yuxarıda sitat gətirdiyimiz fikirlər bir daha bizim nəzər-diqqətimizi
təsdiqləyir və şeirimizdə yeni bir üslubun -
Nazim Əhmədli üslubunun yer tutmasına sevinməli
oluruq. Yəqin ki, Nazim Əhmədlinin
yaradıcılığına dərindən bələd olan
hər bir kəs onun söz dünyasından laqeydcəsinə
ötüb keçməz. Ən azından
dürlü-dürlü fikirlərin cazibəsində dilindən
belə bir xoş söz çıxar: "Poeziya budur!.."
Ələsgər ƏLİOĞLU
525-ci qəzet .- 2025.-20 may(¹86).- S.13.