Coğrafiya elmində
simvol imza
PROFESSOR ŞÖVQİSƏFA
GÖYÇAYSKİNİN 90 YAŞI TAMAM OLUR
Azərbaycanda müasir coğrafiya elmi məktəbinin
simvolu sayılan "Şöhrət" ordenli, Əməkdar
müəllim, coğrafiya elmləri doktoru, professor
Şövqisəfa Yusifziya oğlu Göyçayskinin bu
gün 90 illik yubileyi tamamlanır.
Professor Ş.Göyçayski 20 may 1935-ci ildə
Göyçay şəhərində ziyalı ailəsində
anadan olub. O, 1958-ci ADU-nun (indiki BDU) Geologiya-coğrafiya
fakültəsinin Coğrafiya şöbəsini bitirib.
1960-cı ildə "İqtisadi coğrafiya" ixtisası
üzrə Universitetin aspiranturasına qəbul edilib. 1965-ci
ildə namizədlik, 1987-ci ildə isə Sankt-Peterburq
Universitetində doktorluq dissertasiyasını uğurla
müdafiə edib. 1989-cu ildən professordur.
Professor Ş.Göyçayski haqqında
düşünərkən onun nə qədər hərtərəfli,
geniş dünyagörüşə və yüksək
intellektə malik şəxsiyyət olduğuna heyrətlənməmək
olmur. Zaman keçdikcə onun nadir zəkası, müdrikliyi,
böyüklüyü daha da aydın görünür. Alimin
yaradıcılıq istiqamətləri və elmi
baxışlarının fəlsəfəsi nəinki ölkəmizdə,
Azərbaycanın sərhədlərindən kənarda da qəbul
edilir və öyrənilir.
Şövqisəfa müəllimin coğrafiyanın
müxtəlif sahələrinin yenilənməsi üzrə
peşəkar və çoxcəhətli elmi-metodiki əsərləri
tələbə və müəllimlərin müraciət
etdiyi mötəbər mənbələr və ya
stolüstü kitablardır. Professor BDU-da Ətraf mühiti
mühafizə və təbii ehtiyatlardan səmərəli
istifadə kafedrasını yaradıb və uzun müddət
ona rəhbərlik edib. Ş.Y.Göyçayskinin elmi
yaradıcılığı əhali məskunlaşmasının
nəzəri və tətbiqi problemlərinə, təbiətlə
cəmiyyət arasındakı kompleks və
dayanıqlığa dair nəzəri-metodiki işlərin
yeniliyi ilə fərqlənir. Bu baxımdan tannmış
coğrafiyaşünas Azərbaycanda coğrafi ekologiya elminin
yaradıcısı sayılır. O, 200-dən çox elmi əsərin,
o cümlədən monoqrafiyaların, dərslik və dərs
vəsaitlərinin, həmçinin Azərbaycanın
irimiqyaslı iqtisadi və əhali xəritələrinin
müəllifi və həmmüəllifidir.
Professor Ş.Y.Göyçayskinin təşəbbüsü
və səyləri nəticəsində ilk dəfə Azərbaycanda
"Coğrafiyaçı-ekoloq" ixtisası
yaradılıb. O, 6 namizədlik və 3 doktorluq
dissertasiyasına rəhbərlik edib. Alim Azərbaycan
Coğrafiya Cəmiyyətinin Rəyasət Heyətində
İqtisadi və Sosial Coğrafiya bölməsinin rəhbəri,
Elm-texnika Komitəsi yanında Ekologiya Komissiyasının
üzvü, coğrafiya sahəsi üzrə
ixtisaslaşmış Dissertasiya Şurasının həmsədri,
AAK-da Yer elmləri bölməsi üzrə ekspert
şurasının, BDU-nun Böyük Elmi Şurasının
üzvüdür. Respublika elmi konfranslarında, beynəlxalq
konqreslərdə və simpoziumlarda, xüsusilə MAB-6,
Abitat-II Beynəlxalq konfransların işində əməli fəaliyyət
göstərib və maraqlı məruzələrlə
çıxış edib. Beynəlxalq Elmi İnkişaf və
Beynəlxalq Ekologiya akademiyalarının həqiqi
üzvüdür.
"Regionların tədqiq edilməsinin metodoloji
problemləri", coğrafi ekologiyanın nailiyyətləri
və problemləri", "Xəzərdə monitorinq
aparılmasının aktual problemləri" və başqa
fundamental əsərlərinin coğrafiya elminin
inkişafında mühüm mövqeyi və elmi-metodiki əhəmiyyəti
vardır.
İntellektual düşüncəli, istedadlı
insanları düzgün dəyərləndirməkdə,
işə məsuliyyətlə yanaşmaqda, peşəsini dərindən
sevməkdə həmkarlarına və gənc nəslə
örnək olan bu zəhmətkeş ziyalı müqəddəs
müəllimlik sənətinin şərəfini həmişə
uca tutub, dərs dediyi tələbələrinə də daima
bunu aşılayıb. Elmi ictimaiyyət yaxşı bilir ki,
onun fəaliyyətində prinsipiallıq və obyektivlik, səmimiyyət
və səriştə əsas yer tutur. Ömrü boyu halal zəhməti
ilə xalqımıza və dövlətimizə sədaqətlə
xidmət edən Şövqisəfa müəllim Azərbaycan
elminin və təhsilinin inkişafı yolunda bilik və
bacarıqlarını hər zaman məsləkdaşları
ilə paylaşmaqdan zövq alıb və bu gün də təcrübələrini
gənc nəsillə bölüşməkdən qalmır.
Şövqisəfa müəllim zəngin pedaqoji təcrübəsi
və elmi yaradıcılığı ilə yanaşı,
şəxsi keyfiyyətləri ilə də gələcək
nəsillərə örnək tərcümeyi-hala sahibdir. O,
təkcə dərs dediyi auditoriyalarda deyil, həm də
öz ailəsində cəmiyyətimizə layiq vətəndaş
yetişdirmək missiyasına ciddi yanaşıb, övlad və
nəvələrinə də ən nəcib keyfiyyətləri
aşılamaqda əlindən gələni əsirgəməyib.
Dəyərli həmkarım və məsləkdaşım,
professor Ş.Y.Göyçayskini anadan olmasının 90 illik
yubileyi münasibətilə səmimi qəlbdən təbrik
edir, ona möhkəm cansağlığı və elmi-pedaqoji
fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Ağazeynal QURBANZADƏ
525-ci qəzet .- 2025.-20 may(№86).- S.13.
Coğrafiya elmləri doktoru, professor