Dil və din münasibətləri
Dil və din millətlərin (xalqların) tərəqqisində
ən güclü faktorlardan hesab olunur. Onlar həm də dəyərlər
sisteminin əsasında duran başlıca amillərdəndir.
Dil elm, mədəniyyət, əqidə və əxlaqın ən
önəmli açarıdır, "Allah-Təalanın
gözəl nemətlərindən birisidir". O, qəlbin
aynasıdır. Ruh aynasında görünənlər dildə
aşkar olur. İnsanın intellektual və kommunikativ
bacarıqlarından biri olaraq dil mədəni həyat
üçün təməl zərurət olan
sosiallaşmanın əsas şərti və vasitəsidir.
Dil bir toplumun millətə çevrilməsinə
şərait yaradır, onun düşüncə sistemini və
düşünmə qabiliyyətini göstərir. Həm
bütöv millətin, həm də onun ayrı-ayrı fərdlərinin
fəzilətlərini, dəyərlərini və mədəniyyətlərini
əks etdirir. Antik dövrün filosofu Sokrat həmişə
deyərmiş ki, "Ey insan, danış səni
tanıyım".
Qeyd edildiyi kimi, milli dəyərlər sisteminin əsasında
duran vacib amillərdən biri də dindir. Dinlərin çoxu
dildən fərqli olaraq müxtəlif millətləri
(xalqları) əhatə edir. Din Allah-Təalanın
insanları yaxşılığa yönəltmək və
pisliklərdən çəkindirmək üçün
peyğəmbərləri vasitəsilə bildirdiyi əmr və
hökmlərdir. Dinin məqsədi insanı əxlaqi cəhətdən
yetkinləşdirərək dünyada dinclik və xoşbəxtliyə,
axirətdə əbədi səadətə, ülviyy?t?
qovuşdurmaqdır. Başqa sözlə, din insanları
öz iradə və ixtiyarları ilə xeyrə sövq edən
ilahi qanunlar məcmuəsidir.
"Ana dilimiz Azərbaycan xalqının ən
böyük milli sərvətidir", - söyləyən
Ümummilli liderimiz H.Əliyev dini də xalqın mənəviyyat
hadisəsi kimi əsaslandırır və deyirdi:
"İslam dininin bəşər mədəniyyətinə,
bəşər sivilizasiyasına verdiyi töhfələr və
xüsusən mənəvi dəyərlər əvəzsizdir,
misilsizdir..."
Dillər və dinlər arasında həmişə
oxşarlıq və qarşılıqlı əlaqələr
mövcud olub. Onların ikisi də insan mənliyinin
ayrılmaz bir parçasıdır. Dil insan həyatına necə
daxil olmuşsa, din də o cür daxil olmuşdur. Dilin
inkişafı düşünməyi, dinin inkişafı həyatı
rövqləndirir. Bu iki böyük amil insanların təfəkkür
tərzinin formalaşmasına və dəyişməsinə
eyni dərəcədə təsir edir.
Dillə dinin mədəniyyətə münasibətində
də oxşar cəhətlər vardır. Dil mədəniyyətin
əsasını təşkil edir. Mədəniyyətin
ötürülməsi, qorunması və qavranılması məhz
dilin sayəsində mümkün olur. Bunun kimi mədəniyyətin
ötürülməsi və qorunması din vasitəsilə
də həyata keçir. Ulu öndərimiz deyirdi ki,
"...mədəniyyətimiz bir çox hallarda İslam dini
vasitəsi ilə nəsildən-nəslə keçib, indi
böyük milli sərvətimiz kimi bugünkü nəsillərə
çatmışdır".
Aparılmış araşdırmalardan məlum olur
ki, dillər dinlərin meydana çıxmasında ən vacib
vasitədir və hazırda mövcud olan səmavi dinlər
dillərin formalaşmasından sonra meydana gəlmişdir.
Çünki M.Ə.Rəsulzadənin dediyi kimi, "dinin tərcivi
(izahı) içün dilə ehtiyac vardır".
Dillər dinlərin yaranmasında ən önəmli
vasitə olmaqla qalmır, həm də onların nəzəri,
praktiki, sosioloji və psixoloji məzmununun açıqlanmasında
və izharında çox önəmli rol oynayır. Başqa
sözlə, o, dil dinin anlaşılmasının ən
önəmli vasitəsidir. Deməli, belə demək
mümkünsə, din dilə "möhtacdır".
Dillər dinlərin yaranmasında müstəsna rol
oynadığı kimi, dinlər də dillərin
inkişafında əhəmiyyətli rola malik olmuşlar.
M.Ə.Rəsulzadə yazırdı ki, "Dil bir millətin əsliyətini
mühafizə edə bilər. Fəqət çox kərə
də din bir millətin dilinin baqi qalmasına və bu
münasibətilə milliyyət fikri və amalının
inkişafına səbəb oluyor".
Akademik N.Cəfərov "Dinlərin dilləri"
adlı məqaləsində yazır: "...dini təfəkkürün
təcrübəsindən, yaxud ifadə sınağından
bu və ya digər dərəcədə
çıxmış dillər, heç şübhə
yoxdur ki, dünyanın ən mükəmməl dilləri
olmuşdur. Qədim Şumer, hind, yunan, roman (latın),
İran, Çin, yəhudi, ərəb, türk, slavyan... dilləri
bəşər övladının Tanrı
axtarışlarının doğurduğu təfəkkür
enerjisinin təzahürləri olan elə ilahi ünsiyyət texnologiyaları (mətnlər)
yaratmışdır ki, intellektual inkişafın
bugünkü səviyyəsində belə, böyük heyrət
doğurur". Təsadüfi deyildir ki, söz nəhəngləri
(şairlər, yazıçılar və digər mütəfəkkirlər)
də məhz belə dilləri öyrənməyə, bu dillərdə
yazıb-yaratmağa üstünlük vermişlər.
Onu da qeyd edək ki, dinimizdə dil
ayrı-seçkiliyi yoxdur. Düzdür, metafizik izhar
üçün çox sərfəli olan ərəb dili
kosmik-ilahi informasiyanın ötürücüsü və
ilkin daşıyıcısı kimi şərəfli bir tarixə
düşüb. Amma bu ona fövqəladə
üstünlük vermir. Ümumiyyətlə, "Quran"
heç bir millətin və dilin üstünlüyündən
bəhs etmir. "Ərəb dili", "ərəb",
"ərəbcə" ifadə və sözlərinin
olduğu ayələrin də heç birində bu xalqın və
bu dilin əlahiddəliyindən söhbət getmir. Sadəcə
olaraq, "Quran"ın eniş dilinin ərəbcə
olması bildirilir. "ər-Rum" surəsinin 22-ci ayəsində
deyilir: "Onun ayələrindəndir göylərlə yerin
yaradılışı, dillərinizin, rənglərinizin
müxtəlifliyi. Bunda, şəksiz, ayələr var bilənlərə".
Göründüyü kimi, ayə bütün dilləri eyni
statusda təqdim edir. Elə təkcə bu ayə ərəb
dilinin əlahiddəliyi fikrini təkzib etməyə bəs
edir.
Onu da deyək ki, İslam dini yayıldığı ərazilərdə
heç bir yerli dildən istifadəni qadağan etməmiş,
əksinə, bu dilləri öyrənməyə təşviq
etmişdir. Dinimiz İslamın digər insanlara
çatdırılması üçün xarici dilləri
öyrənməyi "kifayi fərz" hesab etmişdir.
Şərqşünas-alim, AMEA-nın həqiqi üzvü,
Azərbaycanın Əməkdar elm xadimi V.Məmmədəliyev "Quran"ın I, II və III nəşrlərinə
ön sözdə yazırdı: "Peyğəmbər əleyhissəlam
öz sağlığında Allahın hökmlərini,
buyruqlarını təbliğ etmək üçün
yaxın əshabələrinə əcnəbi dilləri
öyrənməyi tövsiyə edirdi".
Qaldı ki ilkin dövrlərdə İslam dininin
yayıldığı qeyri-ərəb ölkələrində
yerli dillərin işlənmə dairəsinin daralmasına, zənnimizcə,
burda İslam dininin birbaşa heç bir günahı yoxdur.
Bunun birinci səbəbi "lingua franca", yəni müxtəlif
dillərdə danışan müsəlman xalqlarının
bir-biri ilə iqtisadi, siyasi və mədəni əlaqələr
yaratmasında ümumi dilin zəruruliyi (hazırkı ingilis
dili kimi), ecazkar ərəb-fars dillərinin yüksək
sürətlə öz dövrünün elm və poeziya
dilinə çevrilməsi idi. İkincisi səbəbi isə
ərəblə, ərəb dili ilə İslamı bərabərləşdirən,
ərəb dilinin "Quran"la bağlı olduğunu iddia
edib, "toxunulmaz" sayan, istifadəsini "qanuniləşdirən",
ərəb və fars ədəbiyyatına, dillərinə əsir
olub qalan riyakar ruhanilərin, "ərəbbaşların"
və səbatsız dövlət başçılarınin
mövqeyi idi. Vaxtı ilə Rusiya Elmlər
Akademiyasının ilk azərbaycanlı üzvü, şərqşünas
M.Kazımbəy özünün "İndiki Hindistanda
maarifin yayılmağa başlaması" adlı məqaləsində
ərəb əlifbasının (dilinin - İ.V.) dini mahiyyət
daşıdığını, guya "Quran"la
bağlı olduğunu və onun "müqəddəsliyini"
əldə bəhanə edənlərə
inandırıcı və tutarlı cavablar vermişdi.
Onu da qeyd edək ki, İslama kimi türk
tanrıçılığı türklər arasında məhz
türkcə zühur etmişdi. Tanrıçılıq o dərəcədə
mükəmməl terminologiya ilə
təmsil olunmuşdu ki, İslamı qəbul eləyən
türklər İslam dini anlayışlarını ərəbcə
deyil, tamamilə türkcə ifadə etmək
üçün heç bir çətinliklə
qarşılaşmırdılar (N.Cəfərov).
Təsadüfi deyil ki, türkoloq B.Tuncay "Azərbaycan
imperatorluğu. Azərbaycanın dövlətçilik tarixinə
yeni konseptual yanaşma" adlı əsərində yazır
ki, "...qədim türk dilində digər tövhid, yəni
təktanrıçı dinlərində, o cümlədən
İslamda mövcud olan bütün dini terminlərin təmiz
türkcə qarşılığı olmuşdur ki, bu da
Göy Tanrı dininin öz terminologiyasına malik təkmil
bir din olduğunu sübut edir... Bundan başqa, qədim
türk dilində digər dinlərdə, o cümlədən
İslamda rast gəlinən əksər terminlərə
uyğun gələn terminlərin olduğu da bəllidir... Bu
terminlərdən bir çoxu təktanrıçılığa
keşişdən öncə də öncəki dinlərin
terminləri kimi işlənmiş, yeni dinin yayılması ilə
həmin terminlər yeni məzmun və mahiyyət
qazanmışlar".
İslam dini qeyri-ərəb xalqlarında tərcüməçilik
sənətinin və tərcümə mədəniyyətinin
formalaşmasına da təsirsiz ötüşməmişdir.
Bildiyiniz kimi, tərcümə təkcə dillərarası
ünsiyyət yox, həm də mədəniyyətlərarası
ünsiyyətdir. Bu mənada İslam dininə aid ədəbiyyatın
dilimizə çevrilməsi xüsusi önəm
daşıyırdı.
"Quran"ın Azərbaycan dilinə tərcüməsinə
orta əsrlərdən başlansa da, bunların heç biri əldə
deyil. Əldə olan ilk tərcümə və ilk təfsir
Bakı qazisi Mir Məhəmməd Kərim ağaya məxsus
olan və 1904 və 1906-cı illərdə "Kaspi" qəzetinin
Buxariyyə mətbəəsində çap olunmuş "Kəşf
əl-həqaiqən nükət əl-ayati və-dəqaiq"
əsəridir. Zaqafqaziya şeyxülislamı Mühəmməd
Həsən Mövlazadənin 1908-ci ildə Tiflisin "Qeyrət"
mətbəsində çap olunmuş "Kitab əl-bəyan
fi təfsir əl-Quran", 1962-ci ildə M.Həşimzadənin
yazdığı dörd cildlik "Təfsiri-Quranil-əzim"
və digər tərcümə təfsirləri də diqqəti
cəlb edir. Hazırda Azərbaycanda "Quran"ın ən
mükəmməl tərcüməsi hələlik akademiklər
Z.Bünyadov və V.Məmmədəliyevə aiddir
(Şübhəsiz ki, heç bir əsərin tərcüməsi
orijinalın yerini tuta bilməz, o ki qala müqəddəs
"Quran"ın tərcüməsi).
Milli dəyərlər sistemində dillərin və
dinlərin rolunu yüksək qiymətləndirən
böyük Azərbaycan maarifçisi Həsən bəy Zərdabi
yazırdı ki, "Elm təhsil etmək ilə tərəqqi
edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi
bərk saxlasın ki, bu şeylərdən birisi dil və
birisi də din və məzhəbdir. Elə ki, bunlardan birisi əldən
getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə
qeyri-tayfalara qarışar, mirar ilə yox olar".
Çünki "ümumi bir dil nə qədər dil əhlində
ümumi bəzi xislətlər və ideallar tovlid edirsə, ümumi
bir dinə malik olmaq dəxi o dərəcədə
böyük bir təsir icra edə bilər".
Dilimizi və dinimizi qorumaq ölkəmizin hər bir vətəndaşının
borcudur. İnsanın öz ana dilinə, öz dininə
bağlılığı və bu ülvi hisslər, müqəddəs
duyğular elmi baxımdan vətəndaşlıq-mənəviyyat
məsələsidir.
Ümummilli liderimiz H.Əliyev deyirdi: "Azərbaycanlı
hər yerdə yaşaya bilər, ancaq azərbaycanlılığını,
öz dilini, dinini, milli ənənələrini
unutmamalıdır".
Dilimizi, dinimizi və milli ənənələrimizi
yaşatmaq isə mənsub olduğumuz millətin əbədi
var olması deməkdir.
İmran VERDİYEV
Əməkdar müəllim
525-ci qəzet .- 2025.-20 may(¹86).- S.12.