Vaqif Bəhmənli
- sinəsində söz göyərdən şair
Vaqif Bəhmənli - 70
"525-ci qəzet"in redaksiyasına.
Hörmətli Rəşad müəllim, sizə bəllidir
ki, qələm və ürək dostunuz, şair Vaqif Bəhmənlinin
müstəqillik illərində işıq üzü görən
bədii əsərlərdən ibarət bütün
kitablarının (istisnasız olaraq) redaktorluğu mənim
üzərimə düşüb. Sözün düzü, bu
cəhdim şairin təmənnasız tərzdə, heç
də hamıya qismət olmayan ata instinkti ilə ailəmizə
- mənə, övladlarımıza, özünün və mənim
əqrabalarıma, dostlarımıza fasiləsiz və səxavətlə
xərclədiyi zaman-vaxt sərvətinin
kompensasiyasıdır. Yəni istəmişəm, heç
olmasa onun yaradıcılığına aid bir işin qulpundan
yapışım ki, o da ədəbi çalışmalara
mümkün qədər yetərli vaxt ayıra bilsin. Ha yandan
baxılsa, Vaqif Bəhmənli çəkdiyim zəhmətə
layiqdir, üstəlik, gözümün önünda yaranan bu
yazıları yenidən oxumaq və düzüb-sıralamaq mənə
görə həqiqətən də zövq mənbəyidir.
Hazırda 15 kitabdan ibarət "Vaqif Bəhmənli.
Axırdan əvvələ" adı altında
çoxcildlik çap olunur; 8 cild oxucuların ixtiyarına
verilib. Bu kitablara Azərbaycan elmi-ədəbi cameəsinin
Nizami Cəfərov, Bədirxan Əhmədli, Rahid Ulusel, Nizaməddin
Şəmsizadə, Qulu Ağsəs, Qulu Məhərrəmli,
Elnarə Akimova, Bəsti Əlibəyli, Nizami Tağısoy
kimi görkəmli söz xiridarları ön sözlər
yazmışlar. Nəşrin 13-cü cildi isə
bütövlükdə müəllif haqqında təhlili
yazılar, müsahibələr əsasında tərtib
olunmuşdur. Qismət olsa, cildlərin çapı bir il
müddətinə başa çatacaq.
Bu günlərdə şair barəsində son illər
yazılan və müxtəlif nəşrlərdə
işıq üzü görən məqalələrin az bir
qisminə göz gəzdirib Vaqif müəllimin ədəbi
portretini canlandıran bəzi statları bir yerə
topladım. Düşünürəm ki, şairin 70 illk
yubileyinin qeyd edildiyi günlərdə
bu seçmələrin hörmətli oxucularımıza təqdim
edilməsi yerinə düşür.
Hörmətlə,
Rəhilə GÜLGÜN, Yazıçı-publisist
Bədirxan ƏHMƏDLİ,
Filologiya üzrə elmlər doktoru, professor
Çağdaş poeziyanın 70-ci illərindən
sonrakı inkişaf yolunda Vaqiflərin - Vaqif Səmədoğlu,
Vaqif Bayatlı və Vaqif Bəhmənlinin imzası onun poetik
xəritəsinin mənzərəsini müəyyən edir.
Görünür, Azərbaycan poeziyasının mövzu, rəng
palitrasını dəyişmək, yeniləşdirmək
Molla Pənah Vaqifdən çağdaş Vaqiflərə bir
estafet olaraq keçmiş və bu şeir estafetində Vaqiflərin
hər birinin özünəməxsus yolu, üslubu var.
Onlardan yaşca ən kiçiyi - təkrarsız şeirləri
ilə bədii düşüncədə qırx ildən
çox yol gələn Vaqif Bəhmənli
yaradıcılığı bir çox cəhətdən
diqqəti cəlb edir.
Son qırx ilin poeziyasına nəzər salarkən
Vaqif Bəhmənli poeziyasının, şair fərdiyyətinin
artıq ədəbiyyat tarixindəki yerini, mövqeyini müəyyənləşdirdiyini
aydın şəkildə görmək olar. Poeziyamızdakı
Vaqiflərin sonuncusu kimi çağdaş ədəbiyyatımızda
özünəməxsus yeri olan Vaqif Bəhmənli zəngin
poetik palitralı, çoxsəsli bir
yaradıcılığa malikdir. Onun çağdaş
poeziyanın gəlişməsinə həsr etdiyi Sizif əməyi
həm də onun ədəbiyyat tarixindəki yerini,
mövqeyini, yolunu bəlirləmiş olur. Minillik ədəbiyyat
tarixinin çağdaş lojasındakı yerini möhkəmləndirmək
üçün təkcə Sizif əməyi də kifayət
etmir, həm də poetik məkanda özün olmalısan, necə
yazmağı bacardığın kimi, nədən
yazmağı da bilməlisən. Vaqif Bəhmənli şeirləri
ədəbi prosesə daxil olduğu vaxtdan bu düstura əməl
etməyə çalışmış, orijinal poetik struktur,
mövzu və problematika, təkrarsız bədii təsvir və
ifadə vasitələri ilə yenilikçiliyi təmsil
etmişdir.
Vaqif Bəhmənlinin poeziyası dil və ifadə vasitələri
etibarilə də polifonikdir; şeirdə sözlərin
sırası fikrin emosional imkanlarını üzə
çıxarır. Onun şeirləri forma, məzmun sərhədləri
tanımır, lakin müəllif bu sərhədsizlikdə
itib-batmır, fikrin maksimal deyimindən daha çox onun
effektivliyinə, səmimiliyinə yönəlmiş olur. Bu cəhətdən
onun şeirlərindəki müdriklik hər hansı bir
misrada, bənddə (xüsusilə sonuncu) deyil, bütün
misralara səpələnmiş olur. İlk misradan sona qədər
poetik yüklülük bu şeirlərin
yaşarılığını, ömrünü daha da
uzadır. Vaqif Bəhmənlinin şeirləri forma, struktur cəhətdən
də yeni və orijinaldır; istər hecada, istərsə də
sərbəstdə yazdığı şeirlərinin səssiz,
sakit axarda davam etməsi yalnız ona məxsusdur.
Nizami CƏFƏROV,
Akademik
"Əzizim Vaqif! Mən həmişə sənin
haqqında yazmaq istəmişəm, ancaq hər dəfə
özümü toplayana, sənin yaradıcılıq nəbzini
tutana qədər daha irəli getmisən, özün
haqqında daha çağdaş (və tarixi!) bir mənzərə
- təsəvvür yaratmısan.
Sən elə şairsən ki,
yaradıcılığının mükəmməlliyini,
ideya-bədii qüdrətini göstərmək
yazıların arasından müvafiq şeirlər, yaxud
şeirlərindən müvafiq misralar seçməyə,
inan ki, ehtiyac görmədim... Kitablarındakı istənilən şeiri, yaxud istənilən
şeirin istənilən misralarını nümunə gətirmək
və sənin şair qüdrətini sübut eləmək
olar.
Və sənin şeirlərində yalnız
şeiriyyət - sözdən şair kimi istifadə eləmək,
sözə "ehya vermək" qabiliyyəti yox, həm də
zəngin ovqat, fikir-təfəkkür materialı var...
Və istedadının ən mühüm göstəricilərindən
biri ana dilinə bu qədər həssaslığın,
sözə bu miqyasda hökm eləmək
bacarığındır. Sən bir şeiri bir cümləyə
yerləşdirə, bir neçə söz-cizgi ilə
bütöv bir lövhə-mənzərə yarada, zərif
bir zarafatla ciddi mətləblərdən bəhs edə bilirsən...
Həm də şagird yox, ustad səviyyəsində...
Şübhəsiz, sözə, dilə bir nemət
kimi yanaşmağının, israfçılıqdan
qaçmağının nəticəsidir ki, şeirlərində
nahamvar bircə misra tapmaq belə mümkün deyil. O qələm
əhlindənsən ki, nə deyəcəyini, nə
yazacağını çox-çox əvvəldən bilirsən..."
"Vaqif Bəhmənli eyni zamanda publisistdir, nasirdir, tərcüməçidir,
redaktordur... Və bu bədii yaradıcılıq sahələrinin
hər birində tarixi onillərlə ölçülən
xidmətləri, təcrübəsi, uğurları vardır.
Yaradıcılıq imkanlarının genişliyini
unutmamaq şərtilə mən də o fikirdəyəm ki,
bugünə qədərki bioqrafiyasında Vaqif, hər
şeydən əvvəl, şairdir... Həm də XVIII əsrdə
yaşayıb-yaratmış, yeni Azərbaycan ədəbiyyatının
əsasını qoymuş əcdad Molla Pənah Vaqifdən
sonra onun məşhur (və müqəddəs!) təxəllüsünü
daşıyan, beləliklə, şairlik missiyasını
dünyaya gələndən təhtəlşüur bir şəkildə
öz üzərinə
götürüb böyüdükcə bir az da bu təxəllüs-adın
mistik təsiri altında yazmaq iddiasına düşən
şairlər arasında istedadının mükəmməlliyi
(və özünəməxsusluğu) ilə seçilən
böyük şairdir!..
Vaqif Bəhmənli hər mənada bütöv bir
ömür yaşayır. Və hərdən
düşünürəm, onun tərcümeyi-halı
(bioqrafiyası) elə bütöv, elə mistik standartlara,
sxemlərə, tabedir ki, özü də cəhd eləsə,
dəyişə bilməz... Ona görə də müqavimətlərlə
qarşılaşanda öz həyatının deyil,
dünyanın "harmoniya"sını "pozmaq" istəyir."
Nizaməddin ŞƏMSİZADƏ, Filologiya elmləri doktoru, professor
Vaqif poetik istedadının qədrini bilən,
özünə güvənən, başlıcası isə
sözün qeyrətini çəkməyi bacaran şairdir. Bəlkə
elə buna görə də şair yazır:
Sinəm üstə cərgələnən kəlməyə
bax,
Mən ki, sözün güllər açan
talasıyam.
Həqiqətən də Vaqif Bəhmənli sinəsində
söz göyərdən şairdir. Onun poeziyası söz əzabından
doğulur. Vaqif əzabla yazır, onun şeirlərində
şair qəlbinin iztirabı poetikləşir, bu şeirlər
oxucunu da iztirab aləminə çəkib aparır. Vaqif Bəhmənlinin
iztirabı poetik iztirabdır. Poetik iztirab gözəlliyi idrak
üsuludur. Vaqif Bəhmənlinin poeziyası yüksək təlqin
gücünə malikdir, çünki şair öz "mən"ini
milyonların adından danışmaq vasitəsinə
çevirə bilir. Bu poeziyanın yükü bər-bəzəksiz
həqiqətdən tutulub. O, poetik və estetik zövq verməkdən
ziyadə, düşündürür. Vaqif Bəhmənli
lirik şairdir. Bu, fəlsəfi lirikadır. "Lirik
olmağa yalnız birinci dərəcəli dahilərin ixtiyarı
vardır, çünki yalnız nəhəng şəxsiyyət
cəmiyyətin diqqətini özünün xüsusi, şəxsi
və psixi aləminə cəlb etdikdə ona fayda verə bilər"
(D.Pisarev). Vaqifin lirikasında da bir işıq, bir nur var. Bu
nur şair "mən"indən, onun xalq həyatı ilə
təmasda və vəhdətdə formalaşmış şəxsiyyətindən
gəlir.
Vaqif YUSİFLİ,
Filologiya elmləri doktoru
Vaqif Bəhmənlinin poeziyası Sözlə
davranmağın, Sözün canından musiqini, ritmi, mənanı,
enerjini çıxarıb şeirə çevirməyin bir
örnəyidir. "Artıq çoxdan unutmuşam, həyatım
mənim həyatımdır, yoxsa şeirlərimin həyatıdır"
- bu da qırx ilə yaxın bir söz vurğununun gəldiyi
qənaətdir. Vaqifin şeirləri haqqında ilk məqalələrdən
birini də mən yazmışam. Onun yetmişinci illərdə,
"Azərbaycan" jurnalının öz
qapılarını istedadlı cavanların üzünə
taybatay açdığı dövrdə "Heykəllər"
silsiləsindən şeirləri dərc edilmişdi. O şeirlərə
Vaqifin böyük ədəbiyyatda ilk qələbəsi desəm,
- yanılmaram. Bəhmənli Azərbaycan şeirinin həm
qoşma-gəraylı-heca, həm də sərbəst şeir
məkanına yaxşı bələddir. Qoşmalarında,
heca şeirlərində klassik texnologiyanı nöqtəsinəcən
hifz edir, amma unutmur ki, o, XX-XXI əsrlərin şairidir və
oxucuya təzə söz deməlidir... Vaqifin "Heyrət",
"Belə", "Quyu", "Xoşbəxt
yalquzaq", "Cinli adam", "Kişinin göz
yaşı", "Sağlığında cəza verin
insanlara" şeirlərini son illərdə
yazdığı ən yaxşı poeziya nümunələri
hesab edirəm. Bu şeirlərdə yaşının bu
çağında da axtarışdan yorulmayan bir qələm
əhlinin poetik uğurları ilə
qarşılaşırsan.
Rəşad MƏCİD, Şair-publisist, AYB-nin sədr
müavini
Demək olar ki, mən Vaqif Bəhmənlinin
yaradıcılığını həmişə diqqətlə
izləmişəm. Azərbaycan şeirinin əvvəlki mərhələlərini
yaradan sələflərinin etiraf mədəniyyəti, hesab
edirəm ki, onun ən nəcib məziyyətlərindəndir.
Vaqiflərlə dünya dolu,
Hərəsinin bir cür yolu.
Hamısının ağsaqqalı
"Görmədim"i yazan Vaqif.
Ədəbiyyata hələ təzə gəldiyi
dövrdə yazdığı şeirlərdən biriydi bu.
Şeirdəki vurğu yalnız Molla Pənah Vaqifin
böyüklüyünün təsdiqi deyildi, eyni zamanda, Vaqif
Bəhmənlinin milli poeziyaya, klassiklərə münasibətdə
hansı mövqe tutacağının nümayişidi. 70-ci
illərdə ədəbiyyata gələn yazarların bir
çoxunda, xüsusən, yolu kənddən başlayanlarda kəndin
şəhərə qarşı qoyulması tendensiyası
özünü göstərirdi. Vaqif Bəhmənlinin də
kənd - şəhər mövzusunda xeyli şeirləri var.
"Mən bir gül kolpanı", "Ürəyimi
qorudum" adlı şeirləri, deyərdim ki, bu silsilənin
zirvəsiydi. Vaqif Bəhmənli poeziyayla bahəm, jurnalistikada
da özünü təsdiq etmişdi. Səksəninci illərdə
onun imzası Azərbaycan mətbuatında ən
işıqlı imzalardan biriydi. "Kommunist" , "Sovet kəndi"
kimi nüfuzlu qəzetlərdə çap olunan mükəmməl,
tutumlu publisistik yazıları bu gün də janrın dəyərli
nümunələri kimi çəkisini saxlayır.
Ədəbiyyatımızda, jurnalistikamızda elə
adamlar olur ki, uzaqdan sözü parıltılı
görünür. Yaxınlaşıb tanış olanda isə
görürsən ki, onun şəxsiyyəti
yazılarının səviyyəsini aşağı endirir,
sözü də gözündən düşür. Vaqif Bəhmənli
isə elə yazarlardandır ki, onun özünü şəxsən
tanıyandan sonra sözünü daha çox sevməyə
başlayırsan. O, söz meydanına gələnlər
üçün işığıyla yol tutulub gediləsi
şəxsiyyətdir. Özü də hər mənada.
Ümumiyyətlə, o, Azərbaycan ziyalısının qədir-qiymətini
və hər kəsin də yerini biləndir. Bəzən
görürsən ki, başqa-başqa qruplara, fərqli
mövqelərə malik yazarlar, istər-istəməz, digər
yöndən olan istedadları danırlar. Vaqif müəllimin
fərqi ondadır ki, o, hansı qrupda, mövqedə
dayanmasından asılı olmayaraq, istedadı həmişə
etiraf edir, hörmətini bildirir və heç zaman
Sözü şəxsi münasibətlərin ayağına
vermir. Çünki özü uca, nəcib, ləyaqətli
söz adamıdır.
Elnarə AKİMOVA, Millət vəkili, Filologiya elmləri
doktoru, AMEA Ədəbiyyat İnsitutunun şöbə
müdiri
Özünəməxsus poetik ədası və
üslubu ilə seçilən şair Vaqif Bəhmənli
müasir şeirimizin ön sıralarında görünməkdə
və kökdən düşməyən fəaliyyətini
uğurla sərgiləməkdədir.
Yaradıcılığa nə az, nə çox, ötən
əsrin 70-ci illərində başlayan bir şair
üçün yeni epoxa ilə ziddiyyətə girmədən
yaşayıb-yaratmaq əsl hünərdir. Vaqif Bəhmənli
artıq yaşının və yaradıcılıq yolunun elə
bir mərhələsindədir ki, indi yalnız təcrübələrdən
çıxış etmək, dünyaya, zamana və tale
oyunlarına zirvədən - ömrün məna qatından nəzər
yetirmək gücünü uğurla nümayiş etdirir. O mərhələlər
ki, orada tale oyunları var - şairin tərcümeyi-halından
keçən; zamanın oyunları var - bütün xalqın
və dövlətin taleyini qapsayan, bir də bunların hər
ikisinin yaradıcılıqda cəmləşdiyi, izini, ləpirini
buraxdığı həssas insan ömrü var - şairliyin
ustad səviyyəsini yaradan...
Əslində, Vaqif Bəhmənli poeziyası
üçün bütün mövzular keçərli
sayıla bilər. Onun lirikası hecaya da, modern üslublu
şeirə də nə qədər özgür və
açıqdırsa, monotonluq, mövzu məhdudiyyəti, əksinə,
bu, poeziyadan bir o qədər kənardır.
Səlim BABULLAOĞLU Şair, mütərcim, Azərbaycan
Yazıçılar Birliyinin katibi
Vaqif Bəhmənli şeirin sirlərinə,
texnikasına vaqif olan usta şairdi, bir çox şeirləri
ilə milli poeziyamızın Vaqiflər zəncirində (Molla
Pənah Vaqif, Vaqif Səmədoğlu, Vaqif Bayatlı) elə
bir bənddir ki, olmazsa olmaz. Nə olmaz? O qədər çox
şey ki... Sadalanması uzun çəkən bu suala professor
Nizami Cəfərov, Əbülfət Mədətoğlu,
Ağacəfər Həsənli, Etibar Cəbrayıloğlu və
çoxları cavablar da veriblər, cavablar da axtarıblar...
O Borxes idi ki, onlarla poetik və nəsr əsərinin
toplandığı bir qalın kitab haqqında rəyi bir
kiçik hekayə həcmində, yığcam, amma olduqca
dolğun, yəni elə bədii mətnin özü qədər
maraqlı yaza bilirdi, hətta müstəqil janra da
çevirmişdi resenziyanı. Təəssüf ki, mən də
bir çoxları kimi, o adam deyiləm. Amma yaxşı
anlayıram ki, əgər "şair ənənəyə sədaqət
göstərib yazacaqsa, yazdığının ən
yaxşı məziyyətlərinin belə yazdığı
dilin ayağına yazılmaq qorxusu var". Vaqif Bəhmənli
bunu əlbəttə ki, bilir, amma bilə-bilə yazır:
Sevda körükləyir iki sinəni,
Nə yaman alışır köz aramızda.
İsti sinən sini, sinəm səməni,
Yavaş ol, əzilər yaz aramızda...
Çünki arxayındır, təhtəlşüur
olaraq bilir ki, daha fərqli, daha gözəl məqamı var bu
şeirin. Bəndi təkrar-təkrar oxuyanda əvvəl qeyd
elədiyim, az qala aksioma kimi görünən fikir
dağılır, puç olur. "Ənənəvi qat və
ənənəvilik duyğusu" öz yerində, bənddəki
alliterasiya ("s"lar; Sevda, iSti, Sini, Sinə, Səməni)
və təkrir (sinəni, sinəm, sinən), səs
sırasının gücü bir tərəfdən,
aşiqanə mahiyyəti və xəlqi lüğət tərkibi
də digər tərəfdən bu şeiri milli
poeziyamızın müntəxəbata çevrilmiş
şah nümunələri (məs.: "Çərşənbə
günündə çeşmə başında"
(Aşıq Ələsgər) ilə bir sıraya qoyur.
Rahid ULUSEL,
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş
elmi işçisi, fəlsəfə üzrə elmlər
doktoru
Müasir Azərbaycan ədəbiyyatının
seçkin nümayəndəsi Vaqif Bəhmənlinin yarım
əsrlik dövrdə öz daxili dinamikası ilə
inkişaf edən yaradıcılığı mövzu,
problematika və janr əhatəsinə görə yetərincə
masştablı və dolğundur. Bu yaradıcılıq
azhecalı, yığcam poetik mətnlərdən - ikilik,
dördlük, bayatı və rübailərdən tutmuş,
epik əsərlərə, ədəbi-publisistik
araşdırmalara qədər zəngin bədii
dünyanın mərhələ-mərhələ
yaradılması ilə ərsəyə gəlmişdir.
Bədii yaradıcılığa çox erkən
başlayan Vaqifin ilk qələm təcrübələri
kövrək ehtiyatlılığı ilə yanaşı, həm
də qüsursuzluğa canatımı ilə diqqəti cəlb
edir. Eyni zamanda, bu axtarışların sırf poetika
baxımından ciddi sənətkarlıq keyfiyyətlərinə
tədriclə yiyələnmək bacarığı da üzə
çıxır.
Vaqif Bəhmənlinin milli ədəbi irsimizə
yaradıcı münasibəti onun bədii
dünyagörüşünün, davamlı poetik
axtarışlarının ən üstün keyfiyyətlərindəndir.
Belə bir münasibət onun dünya ədəbiyyatı ənənələrini
mənimsəməsində, klassikadan faydalanmasında da
özünü göstərir. Beləliklə, milli və
dünya ədəbiyyatının vəhdət
qaynağında təşəkkül tapan Vaqif Bəhmənli
yaradıcılığı öz növbəsində hər
iki xəzinəni zənginləşdirmək məramı
daşıyan bir sənət örnəyidir.
Vaqif Bəhmənli poeziyasının 1980, 1990 və
2000-ci illərin əvvəllərini əhatə edən
inkişaf dönəmləri onun poetik baxımdan daha da
cilalanaraq, sosial-mənəvi siqlətini, siyasi hadisələrə
refleksiya gücünü yetərincə
artırdığı, vətənsevərliyin vətəndaşlıq
amallarına yüksəldiyi mərhələlərin
bir-birini tamamlamasıdır. Ən əsası Azərbaycanın
dövlət müstəqilliyi əldə etməsi ilə
yanaşı, bu böyük tarixi-siyasi hadisənin həm də
Qarabağın işğalı faktı ilə
çulğaşması Vaqif Bəhmənli poeziyasında
"üsyankar ruhun" doğuluşu fonunda yeni poetik səciyyə
qazanır.
Qulu MƏHƏRRƏMLİ, Filologiya elmləri doktoru,
professor
Torpaq altda ölülər də oyaqdı...
Dərə dağa, dağ dərəyə
dayaqdı.
Nəki dik var, səcdə yeri ayaqdı -
Ayağına bağlanan baş qurumaz.
Bir şair kimi Vaqifin ruhu, xəyalı göylərdə
olsa da, ayağı yerdən üzülmür. İnsan
torpağın gücünü ona bağlı olanda hiss edir.
Bir şair kimi ayağı torpaqda olduğu
üçündür ki, Vaqifin poeziyasında elə-obaya,
yurda bu qədər bağlılıq, tükənməyən
məhəbbət var.
Bu ömrün sevinci və nəşəsi də, kədəri
və əzabı da var. Amma bütün hallarda V.Bəhmənli
bu ömrü vicdanla yaşayır. Özünün mənəvi
ərazisi, öz yaradıcılıq üslubu, daimi
mövzuları, təbii ki, həm də öz dəst-xətti
var. Onun zəngin yaradıcılığı
üçün yalnız şeiriyyət - sözdən
şair kimi istifadə eləmək, sözə "ehya vermək"
qabiliyyəti yox, həm də zəngin ovqat, fikir-təfəkkür
materialının bolluğu xarakterikdir (N.Cəfərov). Zəngin
duyğuların hopduğu bu söz materialı bir şair kimi
V.Bəhmənlinin həyatının
yaşantılarını güzgü kimi əks etdirir.
Ağacəfər HƏSƏNLİ,
Şair-publisist
Andrey Voznesenski yazır ki, mayadan, qandan gələn təbiilik
həmişə orijinal və gözlənilməz olub. Vaqifin
bədii sözü mayadan durudu, kökdən-binədən
safdı, özününküdü. Elə bil o, min illərdi
sözlə işləyir: onunla çarpışır, əlləşir-vuruşur,
hərdən qılığına girib nazını çəkir.
Vaqif sözünün yaşı özünün
yaşından qabaqdı. Sözünün yaşı
gözünün yaşından da qabaqdı: ondan qocadı,
müdrikdi, ahıldı. Bəlkə də o söz Dədə
Qorqud yaşındadı, Nəsimi, Xətai, Füzuli,
adaşı Molla Pənah Vaqif yaşındadı və bu qan
qohumluğu, sələf-xələf yaxınlığı
adama doğma gəlir. Bax belə həzin, bax belə qəmli,
bax belə təsirli...
O sel hanı, hanı çağlar gurultu?
Qaçar oldum, yoxuşlarda yoruldum,
Uçar oldum, qanadımdan vuruldum,
Hayıf mənə, hayıf mənim ömrümə!
Bəsti ƏLİBƏYLİ, Şair, publisist, tənqidçi
Vaqif Bəhmənli stixiyalara tabe olmayan, modern şeirin
üstün mövqedə olduğu dövrdə ana yol kimi
xalq şeirini tərcih edən şairlərdəndir. Lakin bu
seçim şairi formanın təyin etməsi anlamına gəlməməlidir.
Onun, istər sərbəst, istər ənənəvi
şeirlərində forma ilə məzmun bir-birini
qarşılıqlı surətdə təyin edir. Yəni
janr lokomotiv funksiyasında çıxış etmir, əksinə,
janrı poetik mətnin qayə və enerjisi şərtləndirir.
Vaqif Bəhmənli modern şeirdə nə qədər sərbəstdirsə,
ənənəvi şeirdə də bir o qədər sərbəstdir
və poeziyanın hər iki təmayülünü öz
yaradıcılığında uğurla birləşdirilir.
Formasından, məzmun və funksiyasından asılı
olmayaraq, Vaqif Bəhmənlinin poeziyası bütün ruhuyla
milli poeziyadır. Onun estetik təfəkkür qaynağı
şifahi və yazılı xalq şeiridir.
Yaradıcılığının kardinal istiqamətini də
məhz bu qaynaqlar müəyyənləşdirir. Poetik təfəkkürünün
xarakterini isə bir neçə sözlə ifadə etmək
olar; lirizm, gözəllik fəlsəfəsi, nikbinlik və
realizm.
Esmira FUAD, Filologiya elmləri doktoru
Vaqif Bəhmənlini bir fərd, bir şəxsiyyət
kimi tanımaq, yaradıcılığına azacıq bələd
olmaq üçün, təbii ki, xarakterinin bəzi cizgilərini
göz önünə gətirmək lazım gəlir. Bax, bu
tanışlıq məqamında ortaya çıxan tərəfləri
onun qan yaddaşına söykəndiyinə,
"kökünün üstündə bitdiyinə"
şübhə yeri qoymur. Bir sözlə, inanırsan ki, həlim
təbiətinin, mehriban rəftarının mayasında da məhz
nəsil şəcərəsindən gələn irsi cəhətlər
dayanır və bu, "bəy babalarından" ona
qalmış ən böyük mirasdır.
Və bu yaxşılıqların yerini pisliklərin,
haqsızlıqların tutduğunu görən şairin real
müqayisələri düşündürücüdü...
"Yeger" şeirində bu müqayisələr
qabarıqdı; şair meşədə yolunu itirir, azaraq
yegerə (meşə gözətçisi) rast
düşür və dərdləşir onunla... sizin tərəflərdə
yağış əsasdı, bizim tərəflərdə
göz yaşı, sizin tərəflərdə qarışqa
marşı, bizim tərəflərdə maşın
tıxacı, sizin tərəflərdə quşlara güllə
atırlar, bizim tərəflərdə quş ürəklərə,
sizin tərəflərdə quşlar qırılıb, bizim
tərəfləri "quş" basıb, ən dəhşətlisi
isə bizim tərəflərdə qoyun və canavarın
qapıbir qonşu olması, maral anaların ağlaması və
kişilərin sınmasıdı...
Əsrlər boyu şairlər göz yaşı
axıdıblar. Bəzilərinin isə göz yaşı
axıb, amma heç qurumayıb və tükənməyib,
misralarda mirvarilərə dönüb... Şübhəsiz ki,
Vaqif Bəhmənli ikincilər qisminə aiddir. Çünki
Vaqif Bəhmənli poetik sözün təsir gücünə
həmişə inanıb, elə onun
yaradıcılığına şöhrət və
ucalıq gətirən də bu inam olub.
Qulu AĞSƏS, Şair
Vaqif Bəhmənli yol adamıdır - hardan gəldiyini
də bilir, hara getdiyini də. Vaqif Bəhmənli çöl
adamıdır - doqquz mərtəbəli evin balkonunda bitməyinə
baxmayın! Vaqif Bəhmənli
yük adamıdır - yoxsa dərdi, azarı olanlar məhz
onu qırağa çəkib ürəklərini
boşaltmazdılar ki! Qələm adamıdır, hal
adamıdır, iç adamıdır, Allah adamıdır. Mənə
elə gəlir ki, Vaqif müəllimin indiyəcən nə xətrinə
dəyən olub, nə də o bir kimsənin ürəyini qırıb. O, bu
dünyada bu dünyayla hesabı açmadan yaşayır -
0:0. Amma şeirləri belə deyil, ürəyi
qırılanı da var, ürək qıranı da, sənə
toxunanı da tapa bilərsən, sənin toxunduğunu da!
Şeirlərində hesab çoxdan açılıb. Kimin
xeyrinə, bax bunu HESAB SAHİBİNDƏN xəbər almaq
lazımdır.
525-ci qəzet .- 2025.-20 may(¹86).- S.10-11.