Moldovada Azərbaycan
xalçaları sərgilənib
Azərbaycanın zəngin mədəni irsi,
xalqımızın həyat tərzi və qədim adət-ənənələri
ilə sıx bağlı olan xalçaçılıq sənəti
və məktəbinin Avropada tanıdılması məqsədilə
Kişineu şəhərindəki Moldova Milli Tarix Muzeyində
Azərbaycan xalçalarına həsr olunmuş sərgi
açılıb.
AZƏRTAC xəbər verir ki, “Gözəlliyin
harmoniyası” adlı sərgidə Azərbaycanın müxtəlif
xalçaçılıq məktəblərinə aid klassik
və müasir dizaynda çoxsaylı xalça nümunələri
sərgilənir. Həmçinin böyük ekran vasitəsilə
xalçaçılıq sənətini, eləcə də
tanınmış xalça toxucularımızdan bəhs edən
film nümayiş olunub. Tədbirdə Moldova dövlət
qurumlarının nümayəndələri, moldovalı
deputatlar, xarici səfirliklərin diplomatları, diaspor fəalları,
şəhər sakinləri iştirak ediblər.
Azərbaycanın Moldovadakı səfiri Ülvi
Baxşəliyev çıxışında bildirib ki, Azərbaycan
xalçası dünya mədəniyyətinin ən
böyük sərvətlərindən biridir. Azərbaycan
xalçaçılığı UNESCO tərəfindən
bəşəriyyətin qeyri-maddi mədəni irsinin bir hissəsi
kimi tanınan bədii sənətkarlığın ən qədim
növlərindən biridir.
“Müasir Azərbaycan
xalçaçılığının inkişafını
dövlət dəstəyi və mədəni irsin
qorunmasına strateji yanaşma olmadan təsəvvür etmək
mümkün deyil. Bu prosesdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi rolu
var. Onların diqqət və səyi nəticəsində
xalçaçılıq mədəniyyət sahəsində
prioritet dövlət siyasəti səviyyəsinə yüksəlib,
bütün ölkədə xalça mərkəzləri
yaradılıb və müasirləşdirilib, ənənəvi
məktəblər dirçəldilib, Azərbaycan Milli
Xalça Muzeyi yaradılıb”, - deyə səfir əlavə
edib.
Moldovanın mədəniyyət naziri Sergiu Prodan
çıxışında qeyd edib ki, bu sərgi sadəcə
bədii təqdimat deyil, ölkələrimiz arasında səmimi
və perspektivli dialoqun göstəricisidir. Mədəniyyət
xalqlar arasında ən davamlı körpüdür.
“Bu gün nümayiş etdirilən xalçalar, sadəcə,
bəzək əşyaları deyil, onlar diqqətlə
işlənmiş hekayələr, ənənələrin,
kollektiv yaddaşın, Azərbaycan milli kimliyinin əks-sədasıdır.
Hər motiv, hər rəng, hər ilmə dərin məna, nəsildən-nəslə
ötürülən dəyər daşıyır”, - deyə
nazir vurğulayıb.
"Azərxalça" ASC İdarə Heyətinin
sədri, Əməkdar incəsənət xadimi Emin Məmmədov
çıxışında iki ölkə arasında mədəni
mübadilənin vacibliyini qeyd edib, sənətin sərhəd
tanımadığını və insanların mənsubiyyətindən
asılı olmayaraq bir-birini birləşdirdiyini
vurğulayıb. 100 illik “Azərxalça” ASC tarixindən
söz açan sədr bildirib ki, qurumun tarixi boyunca ən
böyük məqsədi Azərbaycan
xalçaçılıq sənətinin inkişafı, təbliğat
və təşviqatı olub. Emin Məmmədov
çıxışında mayın əvvəlində
Bakıda keçirilən, dünyaya səs salan Beynəlxalq
Xalça Festivalından, sərgidə nümayiş olunan
bütün xalçaçılıq məktəblərinə
aid xalçalardan da danışıb. Cəmiyyətin istehsal
etdiyi xalçaların ərsəyə gəlməsində
yerli və xarici rəssamlarla, eləcə də dizaynerlərlə
əməkdaşlıq çərçivəsində ənənəvi
xalçalara istinadla müasir xalçalar
yaradıldığını və beləliklə,
xalça sənətinin daim inkişaf etdiyini diqqətə
çatdırıb.
Sonra tədbirdə çıxış edən
muzeyin direktoru Eudjen Sava, Moldova Parlamentinin deputatı, Azərbaycanla
Dostluq Qrupunun sədri Vitali Yakot sərginin əhəmiyyətindən
danışıblar.
Daha sonra Azərbaycan dövləti adından Moldova
Milli Tarix Muzeyinə iki milli xalçamız hədiyyə
olunub.
Tədbir Azərbaycan milli musiqisinin təqdimatı ilə
başa çatıb.
Tədbirdən sonra "Azərxalça" ASC
İdarə Heyətinin sədri Emin Məmmədov
AZƏRTAC-a açıqlamasında bildirib ki, Beynəlxalq
Muzeylər Günündə Moldovanın nüfuzlu muzeyində
Azərbaycan xalçalarının sərgisinin
açılması olduqca əhəmiyyətlidir. “Sərgidə
Azərbaycandan gələn toxucu da var. Sərginin
açılışından əvvəl ustad dərsləri
də keçirilib. Muzeyin rəhbərliyinin
açıqlamasına görə, bu müddətdə muzeydə
10 min 600-dən çox ziyarətçi olub. Burada iştirak
edən hər bir kəs Azərbaycan mədəniyyətinin
bir parçasını aparır”, - deyə Emin Məmmədov
əlavə edib.
Tədbirlə bağlı fikirlərini
bölüşən Moldova Milli Tarix Muzeyinin direktoru Eudjen Sava
AZƏRTAC-a açıqlamasında bildirib ki, digər xarici
ölkələrdə də nüfuzu ilə tanınan Azərbaycan
xalçalarının Moldovada sərgisi ilk dəfə təşkil
olunur. Bu cür sərgilərin keçirilməsi Moldova ilə
Azərbaycan arasında etnik, mədəni əlaqələrin
möhkəmləndirilməsində olduqca vacibdir. “Azərbaycanın
Moldovadakı səfirliyi ilə muzeydə bir neçə tədbir
və sərgi keçirilib. O cümlədən bir neçə
il öncə Azərbaycanın tanınmış siyasi Lideri
Heydər Əliyevə həsr olunan yubiley sərgisi
açılıb. İnanıram ki, bu əməkdaşlıq
gələcəkdə də davam edəcək”, - deyə
muzeyin direktoru əlavə edib.
Qeyd edək ki, sərginin kolleksiyasına müxtəlif
ölçülü, fərqli xalçaçılıq məktəblərinə
aid həm müasir, həm də klassik üslubda toxunmuş
22 xalça daxildir.
Sərgi iyulun 31-dək davam edəcək.
525-ci qəzet .- 2025.-20 may(¹86).- S.9.