Milli Kitabxanada “Xalq
şairi Rəsul Rza–115” adlı kitab sərgisi
açılıb
Milli Kitabxanada Xalq şairi Rəsul Rzanın 115 illik
yubileyinə həsr olunmuş “Xalq şairi Rəsul Rza–115”
adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə
şairin yüksək bədii dəyəri, bəşəriliyi,
milliliyi və rəngarəngliyi özündə ehtiva edən
əsərləri, tərtibçisi və redaktoru olduğu,
tərcümə etdiyi, eləcə də həyatı və
yaradıcılığı haqqında kitablar, sözlərinə
bəstələnmiş musiqi notları Azərbaycan və
xarici dillərdə nümayiş olunur.
Xalq şairi Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev)
1910-cu il mayın 19-da Göyçay şəhərində
anadan olub. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist
Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat
İnstitutunda, Moskva Millətlər İnstitutunda,
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda və s.
elm və təhsil ocaqlarında oxuyub.
“Bu gün” adlı ilk şeiri 1927-ci ildə Tiflisdə
“Qığılcım” almanaxında dərc olunub və həmin
dövrdən başlayaraq müasirlik ruhu ilə seçilən
poeziya nümunələri oxucuların diqqətini cəlb etməyə
başlayıb. Bundan sonra şairin “Gənc işçi” qəzetinin
səhifələrində “Avropanın ölüm
çağı”, “Arş”, “Bir avqusta”, “Qara yelin xəbəri”
adlı şeirləri dərc edilib.
İkinci Dünya müharibəsi illərində hərbi
müxbir işləyən Rəsul Rzanın xalqın qəhrəmanlıq
mübarizəsini, qələbəyə inamını əks
etdirən “Vətən”, “İntiqam! İntiqam…” adlı
şer kitabları, “Ölməz qəhrəmanlar”, “Qəzəb
və məhəbbət”, hekayə və oçerk
topluları, “Vəfa” pyesi işıq üzü görüb.
“Şerlər” (1959), “Pəncərəmə
düşən işıq” (1962), “Duyğular,
düşüncələr” (1964), “Dözüm” (1965),
“Dünən, bu gün, sabah” (1973), “Güneylər, quzeylər”
(1977), “Üzü küləyə” (1979), Şairin “Rənglər”
silsiləsi də məşhurdur.
Şairin “Qızılgül olmayaydı” poeması Azərbaycan
ədəbiyyatında repressiya qurbanları mövzusunda
yazılmış ən dəyərli əsərlərdən
biridir. Poemanın mövzusu Müşfiqin həyatı və
taleyindən götürülüb.
Yaradıcılıqla yanaşı ictimai-siyasi fəaliyyətlə
də məşğul olan Rəsul Rza bir çox dövlət
vəzifələrində çalışıb. 1939-cu ildə
Azərbaycan Yazıçıları İttifaqının sədri,
1945-1948-ci illərdə Azərbaycan Kinematoqrafiya naziri,
1966-1975-ci illərdə Azərbaycan Ensiklopediyasının
baş redaktoru, 1960-1981-ci illərdə Asiya və Afrika
Ölkələri ilə Respublika Həmrəylik Komitəsinin
sədri olub. 1964-cü ildə SSRİ Yazıçılar
İttifaqı İdarə Heyətinin üzvü
seçilib.
O, 1981-ci ildə dünyadan köçüb.
2005-ci ildən Göyçay şəhərində Rəsul
Rzanın ev-muzeyi fəaliyyət göstərir. Bakı
küçələrindən biri və Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyinə aid quru yük gəmisi Xalq
şairi Rəsul Rzanın adını daşıyır. Onun
adına ədəbiyyat mükafatı da təsis olunub.
525-ci qəzet .- 2025.-20 may(¹86).- S.9.