Gənclər
Kitabxanasında “Xalq şairi Rəsul Rza-115” adlı elektron məlumat
bazası istifadəçilərə təqdim edilib
Ötən gün Azərbaycan ədəbiyyatının
böyük nümayəndəsi, Xalq şairi Rəsul
Rzanın anadan olmasının 115 illiyi tamam oldu. Cəfər
Cabbarlı adına Respublika Gənclər Kitabxanasında
görkəmli şairin həyat və
yaradıcılığından bəhs edən elektron məlumat
bazası hazırlanıb.
“Ədəbiyyat və incəsənət” portalına
kitabxanadan verilən məlumata görə, Kitabxananın rəsmi
saytında yerləşdirilən elektron məlumat bazasında
şairin həyat və fəaliyyətinin əsas tarixləri,
bir sıra görkəmli şəxslərinin onun haqqında
söylədikləri dəyərli fikirlər, rəsmi sənədlər,
layiq görüldüyü orden, mükafat və fəxri
adlarla yanaşı, akademiklər İsa Həbibbəylinin
“Milli sərbəst şeirin uvertürası”, Nizami Cəfərovun
“Həyat, ölüm... və həyat”, Rəfael Hüseynovun
“Dərinlərin birgəliyi”, ədəbiyyatşünas
Cavanşir Yusiflinin “Üçüncü göz, yaxud ulduzlar
dənizə tökülür...” kimi məqalələrinin
tam mətni təqdim edilir.
Elektron bazada görkəmli
şairin yaradıcılıq nümunələrinin, tərcümələrinin,
dövri mətbuatda, məcmuələrdə dərc
olunmuş şeirlərinin, publisistik məqalələrinin,
sözlərinə yazılmış musiqi nümunələrinin, Rəsul Rza haqqında qələmə
alınan kitabların, məqalələrin siyahıları
yer alır. Kitabxana əməkdaşları tərəfindən
hazırlanan bazada “Xatirəsinin əbədiləşdirilməsi”,
“Dissertasiya və avtoreferatlar”, “İzonəşrlər”, “Filmoqrafiya”,
“Foto və videoqalereya” bölmələri, kitablarının
virtual sərgisi də təqdim edilir.
525-ci qəzet .- 2025.-20 may(¹86).- S.9.