Tirana Zirvəsi: Avropa
İttifaqı-Azərbaycan tərəfdaşlığında
yeni səhifə
Ötən həftə Albaniyanın paytaxtı
Tiranada Avropa Siyasi Birliyinin 6-cı sammiti keçirildi. Azərbaycan
Prezidenti İlham Əliyevin sammitdə iştirakı,
keçirdiyi görüşlər, ayrı-ayrı liderlərlə
təmasları ölkəmizin beynəlxalq münasibətlər
sistemində artan rolunu vurğulamaqla yanaşı, Avropa
İttifaqı (Aİ) ilə Azərbaycan arasında siyasi
münasibətlərdə artıq yeni mərhələnin
başladığını göstərmiş oldu.
Məlumdur ki, bir müddət əvvəl Aİ-Azərbaycan
münasibətlərində gərginlik yaranmışdı.
Buna səbəb Aİ-nin əvvəlki rəhbərliyinin
ölkəmizə münasibətdə sərgilədiyi ədalətsiz
və haqsız yanaşma idi. Ermənistan Aİ ilə
münasibətlərində regionda əlahiddə və
inhisarçı mövqeyə sahiblənməyə,
ayırıcı xətlərin yaranmasına
çalışırdı. Aİ-də bəzi qruplar da diqqəti
yalnız Ermənistan üzərində fokuslamağa
çalışırdılar. Lakin Azərbaycanın
balanslı və əsaslandırılmış
yanaşması göstərdi ki, regionda sabitlik yalnız
balanslı yanaşma, ərazi bütövlüyü və
bütün tərəflərin suverenliyinə hörmət əsasında
mümkündür. Prezident İlham Əliyevin qətiyyətli
siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb
oldu. Aİ də Azərbaycanın əhəmiyyətini, onun
Cənubi Qafqazın əsas gücü olduğunu
yaxşı anlayırlar, ölkəmizlə Azərbaycanla
münasibətləri gərginləşdirməyin onlar
üçün faydlı olmadığının fərqində
idilər. Sammit göstərdi ki, Avropa liderləri Azərbaycanın
regionda yaratdığı yeni siyasi reallıqları qəbul
edir və bu reallıqlardan irəli gələn imkanlara əhəmiyyət
verirlər.
Prezident İlham Əliyevin Avropa ölkələrinin
liderləri ilə ikitərəfli görüşləri Azərbaycana
olan marağı və ölkəmizə verilən əhəmiyyəti,
əməkdaşlıq etmək istəyənlərin böyük miqyasını
nümayiş etdirdi.
Bu gün Azərbaycan siyasi, geosiyasi, enerji, nəqliyyat,
təhlükəsizlik sahələrində, ümumilikdə,
dünyada qlobal problemlərin aradan qaldırılmasında
etibarlı tərəfdaş kimi qəbul edilir. Bakı təkcə
regional deyil, dünya çapında əhəmiyyətli
aktora çevrilib. Aİ-də başa düşürlər
ki, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə
siyasətinin həyata keçirilməsində Azərbaycan
etibarlı tərəfdaşdır.
Bu gün Avropa İttifaqı ilə Azərbaycan
arasında münasibətlər tamamilə bərpa olunub və
normal məcradadır. Avropa İttifaqının xarici işlər
və təhlükəsizlik siyasəti üzrə ali
nümayəndəsi Kaya Kallasın bu yaxınlarda Azərbaycana
səfəri, Prezident İlham Əliyevlə Avropa
İttifaqı Şurasının sədri Antonio Koşta
arasında telefon danışığı, o cümlədən
Azərbaycan Prezidentinin Avropa Komissiyasının sədri Ursula
fon der Leyen və və Koşta ilə görüşü
qurumun Azərbaycanla münasibətlər inkişafına
böyük önəm verdiyini aydın şəkildə
göstərir.
Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin VI Zirvə
Görüşündə iştirakı Azərbaycan ilə
Avropa İttifaqı arasında sürətlə inkişaf edən
əlaqələrin mühüm təsdiqi olmaqla
yanaşı, Bakının beynəlxalq münasibətlər
sistemində daim artan rolunu nümayiş etdirdi. Bu səfər
əvvəlki qarşılıqlı fəaliyyət
formatlarını bərpa etməklə yanaşı, enerji, nəqliyyat,
təhlükəsizlik və davamlı inkişaf sahələrində
əməkdaşlığın yeni üfüqlərini
müəyyənləşdirdi. Qlobal
çağırışlar fonunda Azərbaycan etibarlı,
müstəqil və rəğbət göstərilən tərəfdaş
kimi nüfuzunu gücləndirir.
Prezident İlham Əliyevin Tiranada Avropa İttifaqı
Şurasının Prezidenti Antonio Koşta və Avropa
Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə
görüşündə hər iki Aİ lideri Azərbaycanın
Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı
olduğunu bildirərək, ölkəmizin xüsusilə
Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi
yüksək qiymətləndiriblər. Azərbaycanın Mərkəzi
Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə
aparıcı rolu vurğulanıb. Bununla yanaşı, ölkəmizin
regionda və onun hüdudlarından kənarda sülhün və
sabitliyin təmin olunmasında müxtəlif tərəflər
arasında dialoqun aparılması üçün platforma
rolu oynadığı da qeyd edilib.
Prezident İlham Əliyev Azərbaycanın Avropa
İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət
verdiyini deyərək, onun Avropanın enerji təhlükəsizliyində
roluna toxunub, Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın
genişləndirilməsi üçün böyük
perspektivlərin olduğunu söyləyib, bu gün
Avropanın 10, o cümlədən Avropa İttifaqının
8 ölkəsinin enerji təminatında Azərbaycanın
rolunu vurğulayb.
Ölkəmizin Orta Dəhlizdə oynadığı
vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin
inkişafı məqsədilə Azərbaycanda
yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş
investisiyaları və bu istiqamətdə aparılan işləri
qeyd edib.
Söhbət zamanı Azərbaycan, Qazaxıstan və
Özbəkistan prezidentləri səviyyəsində Xəzər
dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan
enerji resurslarının ötürülməsi sahəsində
imzalanmış strateji tərəfdaşlıq haqqında
Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan
enerji resurslarının ixracı üçün elektrik kabel
xətti layihələrinə toxunulub, Avropa İttifaqı ilə
əməkdaşlıq üçün bu istiqamətlərdə
geniş imkanların olduğu vurğulanıb.
Göründüyü kimi, Avropa İttifaqı Azərbaycanın
əhəmiyyətini dərk edir və ölkəmizlə
münasibətlərdə tutduğu haqsız mövqedən
geri addım atır.
Azərbaycan isə özünün balans siyasətini
uğurla davam etdirərək, bir tərəfdən Çinlə
münasibətləri hərtərfli strateji tərəfdaşlıq
əlaqələrinə yüksəldib, Mərkəzi Asiya,
Yaxın Şərq ölkələri ilə əlaqələrini
inkişaf etdirir, digər tərəfdən də Aİ ilə
münasibətlərini normal məcrada,
qarşılıqlı maraqlara cavab verən formada inkişaf
etdirir.
Milli Məclisin deputatı Aydın Hüseynov hesab edir
ki, Avropa İttifaqı inteqrasiya proseslərinin inkişafında
maraqlı olduğu kimi, Azərbaycan da bu əlaqələrdən
imtina etmir, münasibətləri öz milli maraqları
çərçivəsində qurur. Cənubi Qafqazın
lider dövləti olan Azərbaycanla Avropa İttifaqı
arasında çox önəmli iqtisadi, o cümlədən
siyasi addımlar atılır: "Tərəflər
arasında imzalanmış enerji təhlükəsizliyi
üzrə Strateji Tərəfdaşlığa dair Anlaşma
Memorandumu bizim niyyətimizi göstərir. Bu, bir daha
nümayiş etdirir ki, Azərbaycan Avropa üçün
etibarlı tərəfdaşdır. Bu gün Azərbaycan
çoxvektorlu, müstəqil xarici siyasəti ilə
bütün dünyada nüfuzlu dövlətə
çevrilib. Regionda əməkdaşlıq əlaqələrini
möhkəmləndirən ölkəmiz beynəlxalq miqyasda təhlükəsizliyə
təhdid hallarının aradan qaldırılmasına töhfələr
verir. Çindən Afrikaya kimi genişmiqyaslı əməkdaşlıq
münasibətləri quran Azərbaycan Orta Dəhlizin ən
aktiv aktoru olaraq Avropanın enerji təhlükəsizliyində
böyük rol oynayır".
Deputat söyləyib ki, Avropa Siyasi Birliyinin
bütün Zirvə toplantılarına Azərbaycan Prezidenti
İlham Əliyevin dəvət edilməsi qürurverici
olduğu kimi, həm də Avropanın siyasi gələcəyində
ölkəmizin yerini və imkanlarını təyin edir:
"Avropa Siyasi Birliyi yeni yaransa da, Aİ-nin böyük
ümidlərlə təşviq etdiyi mühüm
platformadır. Dünya nizamının dəyişməsi
fonunda milli maraqlarını qoruyan, xarici təsirlərdən
asılı olmadan qərar qəbul edən Azərbaycan öz
suverenliyini qoruduğu kimi, uğurlu nəticələr də əldə
edib. Tarix göstərir ki, hər hansı bir xarici yardıma
həddindən artıq güvənmək ölkələri
zəiflədə bilər. Çünki belə olan halda həm
suverenlik məhdudlaşır, həm də gələcəkdə
bu yardımların davamlı olacağına heç bir zəmanət
yoxdur. Azərbaycan öz resurslarına əsaslanaraq ərazi
bütövlüyünü bərpa edib və gələcəyini
müstəqil şəkildə qurur. Bütün bunlar Avropa
İttifaqının rəhbərliyinin, o cümlədən
ayrı-ayrı Avropa dövlətlərinin diqqətindən
yayınmır. Müstəqil, tərəfsiz, heç bir hərbi
bloka qoşulmayan Azərbaycanla dostluq əlaqələri qurmaq
bütün ölkələrin arzu və istəyidir".
A.Hüseynov xatırladıb ki, Avropa
İttfaqının ayrı-ayrı institutları və
qurumları ilə Azərbaycan arasında müstəqilliyimizin
ilk illərindən başlayaraq əlaqələr qurulub. Yeni
yaranan və artıq 6-cı Zirvə toplantısını
keçirən Avropa Siyasi Birliyinin fəaliyyəti fərqlidir:
"Ümid etmək olar ki, Azərbaycanla Aİ arasında
iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin
qurulmasında subyektivliyə yol verilməyəcək və
Avropa təsisatı ölkəmizin maraqlarına hörmətlə
yanaşacaq".
Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə
görə, yeni dünya düzəninin formalaşması mərhələsində
regionda müşahidə edilən siyasi katakalizmlərə rəğmən,
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasət Azərbaycanın geosiyasi
mövqeyini daha da gücləndirməklə yanaşı,
ölkəmizi regional "orta güc" dövlətinə
çevirib. Çoxvektorlu xarici siyasət Azərbaycanın
eyni zamanda, Qərb və Şərqlə tərəfdaşlığını
gücləndirərək regional təhlükəsizliyin
qorunmasında rolunu daha da artırıb.
O əlavə edib ki, regional enerji təhlükəsizliyinə
yaxından töhfə verən Azərbaycan tərəfdaş
ölkələr ilə enerji əməkdaşlığını
gücləndirməkdədir: "Azərbaycanın Avropaya
qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə
çatıb. Ötən il ölkəmizdə 50,3 milyard
kubmetr təbii qaz hasil edilib. 2023-cü il ilə müqayisədə
hasilat 2 milyard kubmetr artıb. 2024-cü ildə Azərbaycan
tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50
milyard kub metrdən çox olub. Bu isə ölkəmiz
üçün daha çox ixrac imkanları deməkdir.
Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql
edr. Mavi qaz ixracatı dövlət gəlirlərini
artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini
daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin
güclənməsində Azərbaycanın rolunu gücləndirir.
Bu, Mərkəzi və Şərqi Avropa daxil olmaqla tərəfdaş
ölkələr ilə yeni əməkdaşlıq
imkanları deməkdir".
Rərvanə
525-ci qəzet .- 2025.-20 may(№86).- S.5.