Türkçülüyü
türklüyə şöhrət: akademik Tofiq Hacıyev
Nə gündüzün günəşindən
qaçmaq mümkündür, nə gecənin
qaranlığından. Hər ikisi bütün insanların
hamısının eyni miqdarda bölünmüş şərikli
qismətidir və hər kəs bu mühiti, bu qisməti
yaşamağa məhkumdur. Bu taleyi məcburi surətdə
yaşamağa məhkum olsaq da, heç kəs gecənin
qaranlığını səbirsizliklə gözləmək
arzusunu sinəsində yaşatmır (Yarasalardan və gecənin
qaranlığından yararlananlardan başqa).
Günəş şüaları dilsiz torpağı
cana gətirir. İnsan ruhunu oxşayan bütün güllər,
çiçəklər baharın gətirdiyi yaz günəşinin
hərarətindən sönüklüyün daş yuxusundan
oyanıb günəşə sarı boylanır,
çiçək açır, ürək oxşayır...
və sabah üçün bol məhsulun təməlini qoyur.
Bunları nə üçün xatırladım, bilmirəm,
ancaq nə vaxt günəş çıxır, günəşin
işığına qərq oluram, həmin an böyük
insan, əyilməz şəxsiyyət, dilinin və elinin mənafeyini
özünün və özününkülərin mənafeyindən
uca tutan, əziz müəllimim, filologiya elmləri doktoru,
akademik Tofiq İsmayıl oğlu Hacıyev gözlərim
qarşısında canlanır...
Adı Mahmud Kaşqari, Mikayıl Baştu ibn Şəms
Təbir, Mirzə Kazım bəy, Bəkir Çobanzadə,
İsmayıl bəy Qaspıralı və digər görkəmli
şəxsiyyətlərlə bir sırada çəkilməyə
layiq olan bu elm fədaisinin qələmindən çıxan hər
hansı bir əsərini türk dilinə,
türkçülüyə xidmətdən kənarda təsəvvür
etmək çətindir. 1962-ci ildə "Azərbaycan
dilinin Cəbrayıl şivəsi" mövzusunda namizədlik,
1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan
ədəbi dili" mövzusunda doktorluq dissertasiyası
müdafiə edən alimin bundan sonrakı
yaradıcılığı daha da genişlənir. Elmi
yaradıcılığa dilçi-dialektoloq kimi başlasa da,
sonrakı elmi yaradıcılığının sahəsini
genişləndirir və daha çox dil tarixi və ədəbi
dil məsələləri ilə məşğul olur.
Görkəmli alim və pedaqoq peşəkar pedaqoji fəaliyyəti
ilə yanaşı, Azərbaycan türkcəsinin keçdiyi
yol, onun tarixi inkişaf dövrləri, qonşu xalqların
dilinə olan təsiri ilə bağlı məsələlərin
həllinə aid onlarla kitab, monoqrafiya yazıb çap etdirir.
Lakin bütün bunları görkəmli alim bu dildən
istifadə edən hər kəsin müqəddəs vəzifəsi
sayır. Tutduğu yol, sahib olduğu titullar onun
yaradıcılıq arenasını daha da genişləndirir.
Beynəlxalq aləmdə şöhrət qazanmış
türkoloqların belə tərəddüd etmədən qəbul
etdikləri fikirlərini türkologiyanın
qarşısında duran əsas məsələ kimi şərh
edən alim öz baxışlarını və
düşüncələrini məqalələr və əsərlər
formasında ortaya qoyur.
"Azərbaycan dilinin Cəbrayıl şivəsi"ndən
elm dünyasına aspirant kimi boylanan vətən oğlu son ana
qədər öz dilinin qayğıkeşi kimi, yəni Azərbaycan
türkcəsinin qayğıkeşi kimi yox, bütün
dünyada yaşayan türkdilli xalqların
danışdıqları dillərin müdafiəçisi
kimi "Türklər üçün ortaq ünsiyyət
dili" ideyasını irəli sürdü və akademikin bu
məsələ ilə bağlı fikirləri 2013-cü ildə
"Təhsil" nəşriyyatı tərəfindən
çap edilən "Türklər üçün ortaq
ünsiyyət dili" kitabında öz əksini tapdı.
Kitabın ilk səhifəsində yazılır: "Türkcə
otuza qədər xalqın ana dilidir. Bu gün qloballaşma
dövründə siyasi - iqtisadi - mədəni əlaqələri
sıxlaşdırmaq üçün bu xalqların bir ortaq
ünsiyyət (ilətişim) dilinə ehtiyacı var. Bu təcrübə
tarixən olub. Zamanında Altaydan Dunaya qədər
coğrafiyada yaşayan türklərin yerli təzahürləri
ilə yanaşı, bu gün Orxan kitabələrinin dili kimi
götürdüyümüz vahid ədəbi dili ümumi
ünsiyyət dili olub. Bu anlaşmanın bu gün də
olması imkan verir ki, türkcələrdən birini ortaq
ünsiyyət (ilətişim) dili kimi işlədək".
Bu, akademik Tofiq Hacıyevin dünyada yaşayan
türkdilli xalqları bir bayraq altında - bir dil ətrafında
birləşdirmək arzusu idi. Çox təəssüflər
olsun ki, o həmin günün şahidi ola bilmədi və mən
inanıram ki, bu müqəddəs birliyi - dil birliyini biz
görməsək də, bizdən sonra gələnlər onun
bəhrəsindən faydalana biləcəklər. Tarix
sübut edir ki, xalqların hərtərəfli əlaqələrinin
bünövrəsi əsasən dil birliyindən
başlayır. Bu ideyanı əsas götürən Krım
türkü İsmayıl bəy Qaspıralı hələ
XIX əsrin axırlarında Rus imperiyası ərazisindəki
türklərin bir ədəbi dildən istifadə etməsi
fikrini irəli sürmüş, üzünü bütün
türk dünyasına tutub demişdir: "İşdə,
fikirdə, dildə bir". İsmayıl bəy
Qaspıralının mənəvi və ideya
davamçısı olan akademik Tofiq Hacıyev
Qaspıralının bu şüarını nəzərdə
tutub yazırdı: "İsmayıl bəyin bu müraciətini
dünyəvi siyasi məzmununa görə mükəmməllikdə
K.Marks və F.Engelsin məşhur "Bütün
dünyanın proletarları, birləşin!"
şüarı ilə müqayisə etmək olar. XIX əsrin
sonu və XX əsrin əvvəllərində bu iki
şüar - müraciət qədər populyar
üçüncüsü yoxdur (Tofiq Hacıyev "Türklər
üçün ortaq ünsiyyət dili". Bakı, "Təhsil",
2013, səh. 11)
Akademiki Krım türkü İsmayıl bəy
Qaspıralı ideyalarının davamçısı
adlandırsaq, bu, bəlkə də, daha gerçək
görünər. Əgər bu, həqiqətdirsə, onda
hörmətli müəllimim Tofiq Hacıyevin İsmayıl bəy
Qaspıralı haqqında işlətdiyi ifadəni onun
özünə də aid etsək, elə bilirəm ki,
heç də yanılmarıq.
Türklər üçün ortaq ünsiyyət dili
məsələsini gündəmə gətirəndə o,
bütün türkdilli xalqların dillərinin aradan
çıxarılıb ümumi dil yaradılması
ideyasını irəli sürmür, türkdilli xalqların
hər birinə hörmətlə yanaşaraq onların da
inkişafına şərait yaradılmasını əsas
sayır, bununla bərabər, bütün türkdilli
xalqların hamısının bir ortaq türk dilini əsas
götürüb onunla anlaşmasını mümkün
sayır və bununla bağlı yazır: "İmperiya
yaradılması boş xəyal olduğu kimi, həmin yolla
ümumi dil yaratmaq da bir heçdir. Heç bir türkcənin
hüququna toxunmadan, hər birinin tarixi inkişaf yolunu davam
etdirməsi şərti ilə elə bir məxrəcə gəlmək
olar ki, bütün türklər bir dildə
danışsınlar".
Akademik türklər üçün ortaq ünsiyyət
dili məsələsini ortaya atmaqla təkcə müxtəlif
türkdilli xalqların bir-birini tam anlama məsələsini
qarşısına qoymurdu. O göstərirdi ki,
"...türk birliyinin yolu dil birliyindən keçir. Bu dil
birliyi duyğusu məhəbbətdir, türk birliyinə
sevgidir".
Türk dilinə, türk ədəbiyyatına,
türk xalqlarının ortaq ünsiyyət dilinin
varlığına can atması bu böyük insanın
yaradıcılığının əsasını təşkil
edir. Heç təsadüfi deyildir ki, akademikin "Kitabi-Dədə
Qorqud" dastanına aid yazıb çap etdirdiyi 7 kitab və
30-a yaxın məcmuə, jurnal məqalələrinin həcmi
1000 səhifələrlə hesablanır. Məşhur
türkoloqun təkcə "Kitabi-Dədə Qorqud"
dastanları ilə bağlı yazdığı yeddi
kitabın həcmi 2067 səhifə təşkil edir.
Görkəmli türkoloq öz ömrünü
türkologiyanın, türk dili tarixinin tədqiqinə həsr
etsə də, bunu yetərli saymamış, rastına
çıxan, tanış olduğu hər bir xüsusi istedad
və qabiliyyətə malik kadrları bu sahəyə cəlb
etmişdi. O bu təəssübkeşliyi sayəsində Nəsimi
adına Dilçilik İnstitutunun direktoru vəzifəsində
çalışdığı 2013-2015-ci illərdə
"Naxçıvan Muxtar Respublikasının Dialektoloji
Atlası"nın nəşr olunması və böyük
türkoloq Mirzə Kazım bəyin 1946-cı ildə
yazıb nəşr etdirdiyi "Türk-tatar dilinin ümumi
qrammatikası" kitabının müəllifin öz
doğma ana dilində işıq üzü görməsinin təəssübkeşi
və rəhbəri kimi çıxış etdi. Çox təəssüflər
olsun ki, professor İdris Abbasovun tərcümə, tədqiq və
şərhi ilə nəşr edilən bu kitab Tofiq müəllimin
ölümündən sonra çap olundu və o bu əsərin
Azərbaycan dilində çapdan çıxma sevincini
yaşaya bilmədi. Akademik bunların ardınca
Qarabağın dialektoloji lüğətinin də nəşrinin
hazırlıq işlərinə başlamışdı,
lakin bu işi tam başa çatdırmağa ölüm
imkan vermədi. Akademik təkcə Azərbaycanda deyil,
bütün türkdilli ölkələrdə də
böyük türkoloq kimi tanınırdı. Heç təsadüfi
deyildir ki, elə bu keyfiyyətlərinə görə onu
bütün türklər, o cümlədən Türkiyədə
yaşayan türkoloqlar özlərinin ağsaqqalı
sayır, bu sahə ilə bağlı irəli
sürdüyü bütün təklifləri tərəddüd
etmədən həyata keçirməyə
çalışırdılar. Türkiyə
türkoloqları və öz dilinə sevgisi olan insanların
bu millət, dil sevdalısına olan münasibətini sözlə
ifadə etmək o qədər də asan deyil.
Akademikin hər çıxışı, hər məqaləsi,
hər kitabı, hər tezisi onun doğma dilinin zənginləşməsi,
inkişafı, bütün türkdilli xalqların ortaq
ünsiyyət dilinin yaranması ideyasının üzərində
köklənib. Sovet dönəmində və ondan sonrakı
müstəqillik illərində müxtəlif ölkələrdə
və şəhərlərdə, o cümlədən Moskva,
Tbilisi, Alma-Ata, Düşənbə, Tehran, Antalya, Ankara, Urmiya
və başqa şəhərlərdə keçirilən
beynəlxalq konfrans, simpoziumlarda Azərbaycanı ləyaqətlə
təmsil etmiş və çıxışları rəğbətlə
qarşılanmışdı. Onun bu sevgisi təkcə Azərbaycanda
deyil, dünyanın bir çox türkdilli ölkələrində
keçirilən beynəlxalq konfrans və simpoziumdakı
çıxışlarının da əsas ideyasını təşkil
edirdi. Akademikin türk dilinin inkişafı, onun təsir dairəsinin
genişlənməsi uğrunda apardığı
böyük iş Bilkent Universitetində keçirilən
Türk Dil Bayramı günlərindəki
çıxışında daha qabarıq şəkildə
özünü göstərmişdi. Həmin universitetdə
olarkən bu təhsil ocağında tədrisin ingilis dilində
aparıldığını eşidən böyük alim
çıxışına aşağıdakı cümlələrlə
yekun vurur: "Universitenizde kolaydan zora, yakından uzağa,
genelden özele və sarmallıq ilkesine uyğun ingilizce
öğretimi gerçekleştiriyorsunuz. Bunu yeni araç ve
gereçlerle güclendiriyorsunuz. Burada bütün
bölümler var. Acaba bu güzel universitede Türkce
oğretmeni yetiştirecek bir Enstitü
açamazmısınız? Ben burada, bu ilim yuvasına
Türk dili ve Edebiyatı, veya türkce bölümlerinden
herhangi birini açmanızı canü gönülden bir
türkoloq olarak sizden istiyorum".
Akademikin çıxışını dinləmiş
o zaman universitetin rektoru işləyən professor Ali
Doğramacı kürsüyə qalxaraq bu təklifi
universitetin qurucusu İhsan Doğramacıya ərz edəcəyini
bildirir. Qısa zamanda məsələ həll olunur və
universitetdə Türk dili və ədəbiyyatı
bölümü açılır. Sonradan bunu eşidən
ana dili sevdalısı akademik Tofiq Hacıyev Bilkent
universitetinin rektoru Ali Doğramacıya öz təbriklərini
göndərmişdi.
(Ardı var)
Sərdar Zeynal
Azərbaycan Yazıçılar və Jurnalistlər
birliklərinin üzvü, filologiya üzrə elmlər
doktoru, professor
525-ci qəzet .- 2025- 21 may(№87).- S.13.