İnsanlığın
ayağa qalxdığı an
Esse
Yüz illər boyunca filosoflar, tarixçilər, alimlər
bu sual ətrafında düşünüblər: "Mədəniyyət
nədir və haradan başlayır?"
Kimisi bu başlanğıcı ilk alətlərlə
bağlayıb - daşdan yonulmuş bıçaqlar, gil
qablar, odu kəşf edən əllər... Kimisi isə bu
anlayışı cəmiyyətləri idarə edən
qanunlardan, yazıdan, memarlıqdan, iqtisadi münasibətlərdən
başlayaraq izah etməyə çalışıb. Amma bu
sadə, bir qədər də fəlsəfi suala verilmiş
qeyri-adi cavab bizi daha dərin həqiqətlə
qarşı-qarşıya qoyur. Hansı cavabdır o?
Oxumağa davam edək:
Deyilənə görə, bir gün tələbələrindən
biri tanınmış amerikalı antropoloq Marqaret Meaddan
soruşur: "Bir cəmiyyətdə sivilizasiyanın - mədəniyyətin
ilk əlaməti nədir?"
Tələbə klassik cavablar gözləyir: balıq
tilovu, gil qab, daş dəyirman, bəlkə də yazı, təkər
və sair...
Amma müəllimi Meadın cavabı gözlənilməz
olur: "Qırılmış, amma sonradan sağalmış
bir bud sümüyü (femur)".
Bud sümüyü? Axı sümük nədir? Tarix
kitablarında adı çəkilmir, muzey ekspozisiyasında sərgilənmir,
zamanın "böyük kəşfləri" arasında
isə heç yoxdur. Bəs sümük necə mədəniyyət
əlaməti ola bilər? Daha doğrusu, ilk əlaməti?
Gəlin, Meadın o maraqlı və fərqli
izahına birgə nəzər salaq:
"Təbiətdə bir canlının ayağı
sındısa, o, ölür. Ayağı sınan heyvan
qaça, ov edə, su içə bilməz. Yəni yaşamaq
üçün lazım olan təməl ehtiyaclardan məhrum
qalar. Hələ bu azmış kimi, çox asanlıqla
özündən güclülərin yeminə çevrilər.
Heç bir heyvan başqa birinə yem olmamaq üçün
onun sağalmağını gözləməz. Amma əgər
bir insanın bud sümüyü qırılıb və
sağalıbsa, deməli, kimsə o insana qulluq edib. Kimsə
onu bir yerdən başqa yerə daşıyıb, təhlükələrdən
qoruyub, yeməyini verib, suyunu içirib, ehtiyaclarını
qarşılayıb, o, şəfa tapana qədər
yanında qalıb".
Bax, mədəniyyət elə burada başlayır.
İlk məktəb daşlarında yox, ilk qılıncda yox,
ilk yazılı qanunda da yox. İlk mərhəmətdə,
ilk şəfqətdə, ilk insani birlikdə başlayır mədəniyyət
deyilən.
Hələ də düşünürsünüz ki,
sivilizasiya nədir?
O, müasir texnologiya deyil. Göyük yeddinci
qatına qədər ucalan binalar deyil. Böyük
auditoriyalarda, nəhəng tribunalarda səslənən nitqlər,
ya da dəyər vahidləri ilə ölçülən sənətlər
deyil.
Əsl sivilizasiya bir yaralıya əl uzatmaqdır.
Birinin ağrısına biganə qalmamaq, "mənə nə?"
deməməkdir. Bəzən bir tikə çörəyi
paylaşmaq, bəzən bir adamın əlini tutmaq, bəzən
sadəcə susub onun yanında oturmaqdır.
Bugünkü dünyamızda, sosial şəbəkələrin
hər kəsi "görünən" etdiyi bu dövrdə,
etiraf edək ki, insanı "görmək" daha da çətinləşib.
Eyni şəhərdə yaşadığımız insanlar
bizə tanımadığımız, heç vaxt da tanımayacağımız
qədər uzaq ola bilir. Birinin canı ağrıyır, amma
biz bunun fərqinə belə varmır, varanda da
"zamanım yoxdur" deyərək ötüb
keçirik. Kiminsə ayağı sınır, amma biz "mənə
nə dəxli?" deyirik. Halbuki əsl mədəniyyət məhz
o zaman - "dayanıb baxmaq"la başlayır.
Marqaret Mead bizə sübut edir ki, sivilizasiyanı
doğuran amil daş və dəmir deyil. Əsl
dönüş nöqtəsi insana çevrilməkdir.
Əgər bir cəmiyyət öz zəiflərinə,
yaralılarına, ehtiyacı olanlarına qucaq aça bilirsə,
deməli, orada mədəniyyət var. Yox, əgər hər
kəs yalnız öz rifahı üçün
yaşayırsa, "mənə toxunmayan ilan min
yaşasın" məntiqi ilə ömür sürürsə,
kiminsə ayağı sınanda yanından ötüb
keçirsə, orada hələ də "vəhşi təbiət"
hökm sürür.
Zaman keçir, texnologiya sürətlə inkişaf
edir, sərhədlər yenidən çəkilir, dillər
unudulur, binalar uçur, millətlər tarixin tozlu səhifələrində
gözdən itir, imperiyalar süqut edir...
Amma bir sümük qalır - sükut içində, əslində
isə batinində bəşəriyyətə ən
böyük dərsi verən pıçıltısı ilə:
"Burada bir insanın canı ağrımışdı, onu
tək buraxmadılar".
İnsanlığın insanlığa
buraxacağı ən böyük irs bəlkə də budur:
insanlığa dair sağalmış izlər...
Bəlkə də bu dünyada ən qiymətli əsər
başqasının ağrısını yüngülləşdirmək
üçün əyilmiş bir bel, uzanan bir əl, şəfqətli
bir baxışdır. Çünki biz ən yaxşı
halımızı başqasına xidmət etdiyimiz zaman
göstəririk.
Mədəniyyət isə insanlığın
ayağa qalxdığı andır!
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025- 21 may(№87).- S.12.