"Sabahınız
xeyir, cənab Kurbe"
"Bir rəsmin dedikləri" rubrikasının budəfəki
qonağı Bakı şəhəri H.İskəndərov
adına 206 nömrəli tam orta məktəbin müəllimi,
sənətşünas Nurtəkin Hüseynovadır.
Müsahibimizlə məşhur fransız rəssamı Qustav
Kurbenin "Sabahınız xeyir, cənab Kurbe" əsərindən
danışmışıq.
XIX əsrin 30-40-cı illərində Fransa incəsənətində
realizm cərəyanı inkişaf edir və artıq təsviri
sənətdə, ədəbiyyatda sosial tənqid
aparıcı rol oynamağa başlayır. Dövrün tənqidi
realizminin inkişafında, sosial mövzulara toxunan, təbiət
və dəniz mənzərələri, eləcə də məcazi
kompozisiyalarla maraqlanan realizm cərəyanının
yaradıcısı Qustav Kurbenin adı xüsusilə
vurğulanmalıdır.
Qustav Kurbe 1819-cu il 10 iyunda Fransanın Orn departamentinin
Do vilayətində kəndli ailəsində dünyaya gəlib.
Kurbe hələ erkən yaşlarından sənətə
maraq göstərib, lakin atasının istəyi ilə
hüquq təhsili almaq ücün Bezanson Kral Kollecinə
göndərilib. Rəssamlığa olan marağı iki il
sonra onun yolunu Parisə məhşur Luvr muzeyinə salır və
burada o, muzeydəki dahilərin əsərlərinin sürətini
çəkərək özünü təkmilləşdirir.
Bura gələndə gənc Kurbe çox iddialı, cəsur,
diqqətçəkən və qorxmaz idi və əlbəttə,
bu cür fərqlilik tənqidçilərin diqqətindən
yayına bilməzdi. Onu "kəndli", "kobud"
adlandırır və haqqında "o hər işdə
birincidir", "yaxşı qışqırır",
"Bir peyzaji iki saata tamamlaya bilir" deyirdilər.
Rəssamın erkən əsərləri
sırasında "Qara itlə avtoportret", "Yaralı
insan", "Kənddə sevgililər" tablolarını
misal çəkə bilərik. Məhz bu əsərlərdə
biz qismən romantik əhval-ruhiyyə, eyni zamanda xəyalpərəstliyin
şahidi oluruq.
- Tablo Kurbe yaradıcılığının
hansı dövrünə təsadüf edir?
- "Sabahınız xeyir, cənab Kurbe" əsəri
rəssamın tanınmış portretlərindən biridir.
Tablo 1854-cü ildə yağlı boya ilə kətan üzərində
işlənib. Bu dövr rəssamın
yaradıcılığında realizmin yetkin mərhələsinə
təsadüf edir. Sözügedən illərdə rəssam
artıq tanınır və öz fərqli sənət
baxışlarını cəsarətlə ifadə edirdi.
Əsər Kurbenin şəxsi həyatında da xüsusi yer
tuturdu. Yəni rəssam bu tablonu dostluğu sədaqəti və
peşəkar münasibətləri əks etdirmək
üçün yaratmışdı.
- Əsərin kompozisiyası haqqında nə deyə
bilərsiniz?
- Rəsmdə üç əsas fiqurun yerləşdirilməsi
ilə balanslı bir kompozisiyaya malikdir. Maraqlı
kompozisiyası olan əsərdə Kurbe özü mərkəzdə,
piyada yol gedərkən təsvir olunub və
qarşısında dayanan iki nəfərdən biri onun himayəçisi
və kolleksiyaçısı Alfred Bruyas digəri isə
dostu (onlardan biri bəlkə də qulluqçudur) hesab olunur.
Hadisələr açıq havada, yol kənarında təsvir
olunub. Kurbe sanki səfərdən qayıdır və bu zaman
yolda dostları ilə qarşılaşır.
- Kurbe özünə dair detalları burada necə
vurğulayır?
- Əsərdə rəssam özünü xarakterinə
uyğun sərbəst, müstəqil, qürurlu təsvir
edir. Tabloda Kurbeni ayaqüstə, bir əlində çubuq,
digərində papaq, kürəyində səyyah
çantası, sadə geyimdə və bir sənətkar
obrazında görürük. Dostları onu ehtiramla
qarşılayır və bu, rəssamın sənətkar
kimi artıq cəmiyyətdə qazandığı hörməti
simvolizə edir.
- Əsərin rəng həlli haqqında nə deyə
bilərsiniz?
- Kurbe burada təbii torpaq tonlarından olan rəng
palitrasından istifadə edib. Əsərdə yaşıl, qəhvəyi,
boz və mavi tonlar realistik təsvir yaradır. İşıq
effektləri kəskin deyil, diffuz şəkildə tətbiq
olunur, yəni sanki əsərə
baxanda günəşli bir gündən real işiqlanma
görürük. Bu da öz növbəsində əsərə
təbiilik, gözəllik qatır. Rəssam fon olaraq
açıq təbiət mənzərəsini - kənd yolu,
səma və ağacları seçib. Əsərdə
fiqurların geyimi diqqətlə işlənib və
onların material və teksturası təbii rənglərlə
əks olunub. Düzgün rəng seçimi əsərin
reallığını gücləndirir. Əsər ilk
baxışdan sadə, bəsit görünsə də, burada
Kurbenin çantası əlindəki çubuq -rəssamın
müstəqil səyyah, sənətkar, azadfikirli
müşahidəçi mövqeyini, Bruyasın ehtiramla ona
yanaşması, sənətçinin cəmiyyətdə
nüfuzunu simvolizə edir və əsərin ideyasının
bədii qayəsini zənginləşdirir. Rəsmdə
görünən küçük isə tabloya həm həyatilik,
həm də təbiilik qatır.
- Tablo hazırda harada saxlanılır?
- Əsər Monpelye şəhərindəki Musee Fabre
sənət muzeyində qorunur. Bu muzey Fransanın cənubunda
yerləşir və zəngin kolleksiyaya malikdir.
- Sizcə, bu rəsm bizə nə deyir?
- Qustav Kurbe öz dövrünün romantik və
ideallaşdırılmış təsviri sənət
anlayışına qarşı çıxaraq
reallığı olduğu kimi göstərməyə
çalışır. Onun fikrincə, sənət insanın
gerçək həyatını, gündəlik həyat tərzini,
yaşamını əks etdirməli və lüzumsuz bəzək-düzəkdən
uzaq olmalıdır. Yeni üslubda, fərqli tərzdə
yaradılan Kurbenin əsərləri daim cəmiyyətin diqqətini
çəkir və əksər hallarda səs-küyə səbəb
olurdu. Bir sənətkar olaraq Qustav təbiət və dəniz
mənzərələri, eləcə də məcazi
kompozisiyalarla yanaşı, həm də sosial mövzulara
toxunur, kasıbların ağır iş şəraitini əks
etdirən əsərlər yaradırdı. O həm də
siyasi baxışları ilə tanınırdı - müəyyən
səbəblərdən hətta sürgün həyatı
belə yaşamışdı.
Sadaladığımız detalları bu əsərə
də şamil edə bilərik. "Sabahınız xeyir, cənab
Kurbe" tablosu rəssamın sənət və həyata
baxışının bir növ bəyannaməsi hesab olunur.
Əsərdə Kurbe özünü səyahətdə olan
bir rəssam kimi təsvir edir.
Aytac SAHƏD
525-ci qəzet .- 2025- 21 may(№87).- S.12.