Macarıstanda Azərbaycan Dili və
Mədəniyyəti Mərkəzi açılıb
Mayın 19-da Macarıstanın Elte Universitetində Azərbaycan
Dili və Mədəniyyəti Mərkəzinin
açılışı olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dillər
Universitetindən (ADU) məlumat verilib. Açılış
mərasimində qeyd olunub ki, Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzi iki ölkə arasında elmi, mədəni,
siyasi, təhsil sahələrində tərəfdaşlıq
münasibətlərinə töhfə verəcək.
Elte Universitetinin rektoru Laszlo Borhy ADU ilə əlaqələrin
inkişafında yeni açılan Mərkəzin xüsusi
rola malik olacağını vurğulayıb. Bildirib ki, ADU-da fəaliyyət
göstərən Macar Dili və Mədəniyyəti Mərkəzi
ilə qarşılıqlı əlaqələrin
qurulması fonunda yeni layihələr, müəllim-tələbə
mübadiləsi proqramları həyata keçiriləcək.
ADU-nun beynəlxalq əlaqələr üzrə
prorektoru Jalə Qəribova qeyd edib ki, Azərbaycan Dillər
Universiteti beynəlxalq əlaqələrini daha da genişləndirir
və bu istiqamətdə xaricdə açılan mərkəzlərin
xüsusi yeri var: “Bu Mərkəzin açılışı
əlamətdar hadisədir. Burada Azərbaycan mədəniyyətinin
və dilinin öyrənilməsi, ciddi elmi-tədqiqat işlərinin
aparılması ilə bağlı böyük perspektiv var”.
O, Mərkəzin açılışında göstərdiyi
böyük dəstəyə görə Elte Universitetinin
Türk dilləri departamentinin müdiri professor Benedek Periyə
təşəkkürünü bildirib.
Sosial məsələlər və ictimaiyyətlə əlaqələr
üzrə prorektor, Milli Məclisin parlamentlərarası əlaqələr
üzrə işçi qrupunun üzvü Tamam Cəfərova
iki ölkə arasında əlaqələrin
inkişafının perspektivlərindən söz
açıb.
Görüşdə Azərbaycan ilə Macarıstan
arasında dostluq, qarşılıqlı hörmət və
sıx əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq
əlaqələrinin mövcudluğu, hər iki ölkənin
siyasi, iqtisadi, təhsil və digər sahələrdə fəal
əməkdaşlıq etdiyi diqqətə
çatdırılıb: “Parlamentlərarası münasibətlər
iki ölkə arasındakı inkişafa böyük töhfə
verib. Yeni Mərkəzin açılması iki ölkə
arasında olan sıx tərəfdaşlıq və dostluq
münasibətlərinə öz müsbət təsirini
göstərəcək”.
Azərbaycanın Macarıstandakı səfiri Tahir
Tağızadə çıxışında qeyd edib ki, ADU
ilə Elte Universitetinin tərəfdaşlığı iki
ölkə arasında mövcud olan elmi, mədəni əlaqələrin
inkişafına təkan verəcək. ADU-nun yüksək
elmi potensialından danışan səfir deyib ki, bu təhsil
ocağında multikultural ab-hava kifayət qədər
münbitdir. Bu da təhsil müəssisəsində bir
sıra xarici ölkələrin dil və mədəniyyət
mərkəzlərinin fəaliyyəti üçün əlverişli
imkanlar yaradır. ADU-nun rektoru akademik Kamal Abdullanın təşəbbüsü
ilə xarici ölkə universitetlərində yaradılan Azərbaycan
Dili və Mədəniyyəti mərkəzlərinin fəaliyyəti
ölkələr arasında münasibətlərin
inkişafına töhfə verir.
Tədbirdə ölkələr arasında elmi əməkdaşlıqla
bağlı irəli sürülən dil və mədəniyyət
mərkəzlərinin fəaliyyəti ideyasının
orijinallığı xüsusi olaraq vurğulanıb.
Azərbaycanda təhsil almış ilk macar tələbə,
professor Maria Kenessey Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin açılmasının son dərəcə
sevindirici bir hadisə olduğunu söyləyib. Mərkəzin
açılması münasibətilə təbriklərini
çatdıran professor Maria Kenessey gənclərə təhsil
həyatında uğurlar arzulayıb.
525-ci qəzet .- 2025- 21 may(¹87).- S.9.