"Qorxdunsa, çəkildinsə,
səndən siyasətçi olmaz"
Böyük Azərbaycan Partiyasının sədri, Milli
Məclisin deputatı Elşad Musayev: "Siyasətçi
olmaq üçün dürüst, savadlı və cəsarətli
olmaq lazımdır"
- Elşad müəliim, 1990-cı illərdən bəri
siyasətdəsiniz. O vaxtkı və indiki siyasi mühit
arasında hansı mühüm fərqlər var?
- O vaxtkı dövr ilə indiki dövrün fərqi
ondan ibarətdir ki, biz o zaman
SSRİ adlı böyük bir imperiyadan
ayrılmışdıq. Həm iqtisadi baxımdan çox çətin
vəziyyətdə idik, ərazilərimiz işğal
olunurdu, əhalinin müdafiə olunmaq üçün
silah-sursatı yox idi. Potensial və istək olsa da, vəziyyət
çox ağır idi. Eyni zamanda o dövrdə biz imperiyadan
çıxdığımız üçün ümidlər
daha çox idi. Fərq bundadır. İndi artıq biz
müstəqilliyimizi qazanmışıq. O vaxtdan xeyli müddət
keçib - təqribən 30 il ərzində ərazilərimizin
böyük bir hissəsi işğal altında
qalmışdı. Biz millət və dövlət olaraq
toparlanıb həm ermənilər, həm də onların
arxasında dayanan məkrli qüvvələr üzərində
qalib gəlmişik. İşlərimizi böyük mənada
həll etmişik. İndi isə mövcud reallıqlar çərçivəsində
yaşayırıq.
- Milli Məclisdə Əmək və Əhalinin
sosial siyasət komitəsinin sədr müavinisiniz. Hazırda ən
aktual sosial problemlər hansılardır və onların həlli
üçün nə kimi təşəbbüslər var?
- Əmək və əhalinin sosial siyasəti ölkənin
əsas prioritet sahələrindən biridir. Milli Məclisdə
də bu, əsas komitələrdən biridir. Bildiyiniz kimi,
ölkəmizin büdcəsinin təqribən 41 faizi sosial
yönümlüdür. Ədalətli dövlət o dövlətdir
ki, əldə olunan vəsait ehtiyacı olanlara, sosial çətinlik
çəkənlərə müxtəlif vasitələrlə
çatdırılır. Yəni ola bilər ki, hansısa
dövlətdə müəyyən qədər çox
varlı insanlar olsun, amma əhalinin 90-95 faizi aclıq şəraitində
yaşasın, yoxsulluq içində olsun. Belə ölkə
ədalətli ölkə hesab edilmir. Ədalətli ölkə,
dediyim kimi, ehtiyacı olana yardım edən ölkədir.
Bizim də müxtəlif sahələrlə bağlı
problemlərimiz var və biz çalışırıq ki, bu
problemləri həll edək. Eyni zamanda
insanlarımızın sosial yönümlü ehtiyaclarını
ödəməyə çalışırıq. Sosial
dövlətlərin əksəriyyəti ədalətli
dövlətlər hesab olunur. Biz də sosial dövlət
olmağa çalışırıq. Dediyim kimi, büdcəmizin
41 faizi sosial yönümlüdür. Biz istəyirik ki,
ayrı-ayrı sahələrdə - istər azyaşlı
uşaqlara, istər müavinətlərə, əlillərə,
müharibə veteranlarına, şəhid ailələrinə,
valideyn himayəsindən məhrum olan uşaqlara,
yaşlılara, pensiyaçılara və digər sosial
kateqoriyalardan olan pensiya və müavinətlərin
artırılması həyata keçirilsin. Şəxsən
mən istəyirəm ki, bu yardımlar maksimum həddə
qaldırılsın. Amma nəzərə almaq lazımdır
ki, ölkənin bir büdcəsi var. Həm əmək
haqqı, həm pensiyalar, həm də müavinətlər bu
büdcədən verilir. Əgər istəyirik ki, əməkhaqqı
və müavinətlər çox olsun, ilk növbədə
ölkənin büdcəsini artırmaq lazımdır. Bunun
üçün də görüləsi işlər var.
Ölkəmizdə istehsalı və ixracı
artırmalıyıq. Vəzifədə olan hər kəs
öz tutduğu vəzifənin öhdəsindən ləyaqətlə
gəlməlidir - istər hökumət, istər icra, istər
məhkəmə, istərsə də parlament
strukturlarında. Mən parlamentdə təmsil olunuram və
qanunverici fəaliyyət ilə məşğulam. Həmçinin
seçildiyim 10 saylı dairənin sakinlərinin
hüquqlarını müdafiə edir, onların mənafelərini
qorumağa çalışıram. Müntəzəm olaraq qəbul
günləri, görüşlər keçiririk və sosial
məsələlərlə bağlı müraciətlər
olur. Biz də çalışırıq ki, həmin problemlərin
həllinə yardım edək.
- Siyasətçi olmaq üçün əsas
hansı keyfiyyətlər olmalıdır?
- Siyasətçi olmaq üçün müxtəlif
keyfiyyətlər lazımdır. Bəzən belə hesab
edirlər ki, siyasətçi olmaq üçün çox
hiyləgər olmaq lazımdır. Mən isə hesab edirəm
ki, siyasətçi olmaq üçün dürüst olmaq,
savadlı olmaq, iradəli və cəsarətli olmaq
lazımdır. Hədəfə doğru düz yolla getməlisən.
Əgər bu yolda qorxdunsa, çəkildinsə, səndən
siyasətçi olmaz. Bizim partiyamız - Böyük Azərbaycan
Partiyası belə yaradılıb. Azərbaycanda
partiyaların əksəriyyəti hansısa daxili və ya
xarici təsirlərlə yaranıb. Biz isə
partiyamızı özümüz qurmuşuq və düz
yolla getmişik. Nə xarici qüvvələr bizə təsir
edib, nə də hökumətdən maliyyə yardımı
almışıq. Biz ağlımız və
gücümüzlə, düzgün addımlarımızla
parlament partiyası olmağı bacarmışıq. Bu, bizim
üçün uğurlu bir addımdır.
Partiyamızın adı "Böyük Azərbaycan"dır.
2003-cü il mayın 11-də "Böyük Azərbaycana
doğru" şüarı ilə qurultay keçirdik. O
zaman bu ad heç kəs tərəfindən qəbul olunmurdu.
Amma bu gün görürük ki, bütün ölkə
"Böyük Azərbaycan" yolundadır. Biz Türk
birliyi yaratmaq istəyirik, o istiqamətdə hərəkət
edirik, Türk Dövlətləri Təşkilatına üzv
olmuşuq və s.
- Qızlarınızın Türkiyədə və
ABŞ-da təhsil alaraq yüksək nailiyyətlər
qazanması böyük rezonans doğurdu. Sizcə, onların
uğurunun əsas səbəbi nə idi?
- Mənim qızlarım həm Türkiyədə, həm
ABŞ-da, sonra da Böyük Britaniyada magistratura təhsili
alıblar. Onların uğurlarının əsas səbəbi
zəhmətkeş olmaları və hədəflərinə
doğru dürüst addımlar atmaları olub. Onlar heç
vaxt elə şərait yaratmadılar ki, mən onlara "dərs
oxuyun" deməli olum. Əksinə, mən deyirdim ki, bir az
fasilə verin. Ən əsas məsələ zəhmətdir.
Uşaqlar hədəfə doğru dürüst və
ardıcıl addımlarla gedərək, çəkdikləri
əzmkarlığın bəhrəsini gördülər.
- Övladlarınızı yetişdirərkən
onlara ən çox nəyi aşılamağa
çalışmısınız?
- Mən birinci növbədə
dürüstlüyü tövsiyə etmişəm.
Dürüst olmaq, özünü, ailəni, cəmiyyəti
aldatmamaq lazımdır. Yalançılığa nifrət
edirəm. Zəhmətkeş olmaq da vacibdir. Hər bir
insanın hədəfi olmalıdır. Əgər hədəfi
yoxdursa, hansı istiqamətə getdiyini də bilmir. Hədəf
olmalıdır və o hədəfə doğru əmin
addımlarla irəliləməlidir. Eyni zamanda hər kəs
özünə inanmalıdır. Özünəinam olmadan
heç nə mümkün deyil. Uşaqlar valideynlərinin və
təcrübəli böyüklərin sözlərinə
qulaq asmalıdırlar. Onların həyat təcrübəsi
var. Bəzən yeniyetmələr elə bilirlər ki, onlardan
güclü heç kim yoxdur. Valideynlərin dediklərini
köhnə və ya pessimist fikirlər hesab edirlər. Amma bu,
belə deyil, təcrübədən öyrənmək
lazımdır. Mən hesab edirəm ki, bu, xüsusilə
uşaqlar və yeniyetmələr
üçün vacibdir.
Məryəm BAĞIROVA
525-ci qəzet .- 2025- 21 may(№87).- S.7.