Marionet Köçəryanın
son çırpınışları
Ermənistanın ikinci prezidenti Robert Köçəryan
yenidən fəallaşıb. Bir neçə gün əvvəl
onun yerli media orqanlarına müsahibəsi zamanı Ermənistan-Rusiya
münasibətləri, Avropa İttifaqı, Azərbaycanla
sülh sazişinə dair səsləndirdiyi fikirlər də
bunu göstərir.
Təlimatın Rusiyadan gəldiyi şübhə
doğurmur.
Köçəryanın müsahibəsinin mahiyyətini
məhz Rusiyanın Ermənistan üçün yeganə
xilaskar olması təşkil edir. Rusiya ilə strateji
münasibətlərin bərpa edilməsinin vacibliyini önə
çəkən Köçəryan bildirib ki, İran amilini
də bura daxil etmək lazımdır. Belə ki, Ermənistan-Rusiya
münasibətlərinə İran komponenti əlavə
olunmalı, üçtərəfli formata çevrilməlidir.
Onun sözlərinə görə, Rusiyanı təcrid etməyə
çalışanlar özlərini təcrid edirlər.
Köçəryan İrəvanın Aİ ilə
yaxınlaşmasını da sərt tənqid edib. Bildirib ki,
Avropa Ermənistanın təhlükəsizlik məsələsini
həll edə bilməz, bunu düşünmək sadəcə
sadəlövhlükdür. Onun sözlərinə görə,
Avropanın məqsədi Rusiyaya zərər verməkdir və
bu siyasət başqasının əlində alətə
çevrilməkdədir.
Yada salaq ki, Köçəryan iki illik sükutdan sonra
bu ilin fevralında mətbuat konfransı keçirərək
bir sıra sərsəm açıqlamalar verərək,
ATƏT-in Minsk qrupunu müdafiə edib, Paşinyanı
Qarabağı Azərbaycanın tərkib hissəsi kimi
tanıdığına görə ittiham edib. Köçəryanın
aylar sonra yenidən "dirilməsi", siyasi səhnəyə
çıxması onu göstərir ki, birincisi,
vurğuladığımız kimi,
Moskvanın təlimatını icra edir, ölkəsinə
müstəqil dövlət kimi deyil, Rusiyanın bir əyaləti
olaraq baxır. Eyni zamanda, gələn il keçiriləcək
seçkilərdə Rusiyanın dəstəyi ilə yenidən
hakimiyyətə gələcəyinə ümid edir. Son
vaxtlar Ermənistanda Rusiyanın 5-ci kolonu olan qüvvələrin
fəallaşması da bundan irəli gəlir.
Yeri gəlmişkən, Moskva Ermənistan üzrə
kurator təyin edib. Bu vəzifəni Rusiya Prezident
Administrasiyası rəhbərinin birinci müavini,
keçmiş Baş nazir Sergey Kiriyenko icra edəcək. Qeyd
edilən təyinat da Kremlin Ermənistana sırf forpost kimi
baxışını, onu müstəqil dövlət hesab etmədiyini
nümayiş etdirir. Əks halda, bir ölkə digəri
üzrə niyə kurator təyin etsin?!
Köçəryan cinayətkar xunta rejiminə rəhbərlik
etmiş şəxsdir. 1998-ci ildə ilk dəfə qanunsuz
yolla prezidentlik kürsüsünə sahiblənən
Köçəryan, 27 oktyabr 1999-cu il tarixində parlamentdə
və hökumətdə özünə qarşı olan
müxalifəti sıradan çıxarmaq məqsədi ilə
Ermənistan parlamentinə silahlı hücum təşkil
edib. Həmin hücum nəticəsində Baş nazir Vazgen
Sarkisyan, parlamentin sədri Karen Dəmirçyan, onun
müavinləri, fövqəladə hallar naziri, deputatlar
öldürülüb, azı 30 nəfər yaralanıb.
Köçəryan 2008-ci ildə də öz xalqına atəş
açmaq əmri verdi. Həmin il fevralın 19-da
keçirilmiş prezident seçkisinin nəticələrinə
etiraz edən insanlar aksiyalara başladılar.
Aksiyaçılar İrəvanda Azadlıq meydanında 10
gün gecə-gündüz mitinq keçirdilər. Həmin
il martın 1-də etirazçılarla hərbi-polis qüvvələri
arasında baş verən qarşıdurma nəticəsində
10 nəfər ölüb, 200 nümayişçi xəsarət
alıb.
Ermənistanın separatçı hərəkatının
əsas fiqurlarından olan Köçəryan Azərbaycan
xalqına qarşı amansız cinayətlər törədib,
vaxtilə Qarabağda məhz SSRİ DTK-nın xətti ilə
başlayan separatçı hərəkatına DTK agenti kimi
Köçəryan başçılıq edib. Onun
Qarabağda fəaliyyətinin məqsədi azərbaycanlılara
qarşı geniş nifrətin, azərbaycanofobiyanın
yayılması olub. "Krunk" təşkilatın
üzvü olaraq o, Qarabağda
ermənilər arasında etnik nifrəti təbliğ edib və
faktiki münaqişənin başlamasının əsas səbəbkarlarından
olub. Köçəryan 1990-cı illərin əvvəlində
Xocalı, Kəlbəcər, Laçın, Füzuli və Azərbaycanın
digər bölgələrində etnik təmizləmə həyata
keçirib. 1992-ci ilin fevralında Xocalı
soyqırımını törədib. Əli öz
xalqının da qanına batan bir cani indi yenidən hakimiyyət
arzusundadır. Köçəryan hesab edir ki, onun aktiv fəaliyyəti
ilə Rusiya regionda 2020-ci ildən
sonra yaranmış yeni status-kvonu dəyişəcək. Lakin
bu, sadəcə illüziyadır, mümkünsüzdür.
Köçəryan kimilər hətta öz
ağalarının dəstəyi ilə Azərbaycan dövlətinin
yaratdığı reallıqları heç bir halda dəyişə
bilməzlər. Siyasi səhnədə olmağı arzulayan
marionet Köçəryanın bir siyasi perspektivi var. O da
Bakıda ədalət mühakiməsi qarşısında
cavab vermək və cinayətlərinə görə layiq
olduğu cəzasını almaqdır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu
mövzu ilə bağlı "525"ə deyib ki, Ermənistanın
keçmiş prezidenti Robert Köçəryanın yenidən
fəallaşması əslində bu ölkədə
radikalların yenidən aktivləşməsi ilə bağlıdır:
"Hər kəsə aydındır ki, Köçəryanın
yenidən siyasətə qayıtması yalnız Rusiyanın
dəstəyi ilə mümkündür. Amma mənə elə
gəlir ki, Rusiya bu cür kartları nadir hallarda yenidən
istifadə edir. Rusiya onu da bilir ki, Köçəryanın təkrar
siyasətə qayıtması birbaşa Azərbaycanla Rusiya
arasında münasibətlərə mənfi təsir göstərə
bilər. Ona görə də düşünmürəm ki,
Rusiya hazırda Köçəryana ciddi siyasi fiqur kimi
baxsın".
Onun sözlərinə görə, sadəcə olaraq
Köçəryan radikalları yenidən təşkilatlandıraraq
Rusiyanın sərəncamında olan başqa bir radikal
üçün elektorat hazırlamaq işi ilə məşğul
ola bilər: "Yəni onun hazırkı mərhələdə
funksiyası yalnız bundan ibarət ola bilər. Ona görə
də Köçəryan əslində özünün
sonuncu müsahibəsində də bununla məşğuldur və
sadəcə Rusiyanı xilaskar kimi göstərməklə
Rusiyanın Ermənistanda nüfuzunun bərpa olunmasına xidmət
edir. Bu kontekst bütün günahların Baş nazir
Paşinyanda axtarılmasını önə çıxarır.
Yəni ictimai rəyə Paşinyanı hədəf kimi
göstərir. Ancaq Paşinyan artıq 2018-ci ildəki
Paşinyan deyil, o, müəyyən siyasi təcrübə
qazanıb və öz hakimiyyətini ən kritik məqamlarda
müdafiə etməyi bacardığını göstərib.
2020-ci ildə 44 günlük müharibədə Ermənistanın
ağır məğlubiyyətindən sonra 2021-ci ildə
Paşinyan yenidən Baş nazir seçildi. Ona görə də
indiki mərhələdə Paşinyan o dəqiqə
gözardı ediləcək və siyasətdən dərhal
silinəcək fiqur kimi görünmür. Mənə elə
gəlir ki, Rusiya da bunu başa düşür və ona
görə də xüsusi kurator təyin etməklə ilk
növbədə Ermənistanın hələ də onun
forpostu olduğunu diqqətə çatdırmağa
çalışır. İkincisi, Rusiyanın xarici işlər
naziri Sergey Lavrovun 21 mayda Ermənistana başlayacaq səfərində
də Paşinyanla mümkün ortaq dil tapmaq cəhdləri
olacaqdır. Əgər Lavrov Paşinyanla ortaq dil, təmas xətləri
tapa bilərsə, o zaman əlbəttə ki, biz Köçəryanın
da ritorikasında geriçəkilmələri müşahidə
edəcəyik".
Deputat əlavə edib ki, Köçəryanın
yenidən baş qaldırması və yaxud baş
qaldırmaması o qədər də əhəmiyyətli
deyil. Çünki Azərbaycan Prezidenti qeyd edib ki, Ermənistanda
aktiv və passiv revanşistlər var. Yəni passiv
revanşistlər Paşinyan və onun komandasıdır, aktiv
revanşistlər isə elə Köçəryan,
Qarabağ klanı, Daşnaksütyun və digərləridir:
"Düşünürəm ki, bu, çox strateji təsbitdir.
İstənilən vaxt Paşinyan Köçəryana
çevrilə bilər və istənilən vaxt,
başına dəmir yumruq dəyən kimi, Köçəryan
da Paşinyana çevrilə bilər. Erməniliyin mahiyyəti
bundan ibarətdir. Ona görə də bizim üçün o
qədər də fərqi yoxdur, hansı revanşist aktiv,
hansı passiv fazadadır. Nəticə etibarilə Azərbaycana
onların münasibətləri eyni olacaqdır. Bizim
üçün lazım olan Azərbaycanın güclü
olmasıdır ki, aktiv revanşistləri, radikalları dəmir
yumruqla əzərək passiv və yaxud neytral radikallara
çevirsin".
Politoloq İlyas Hüseynov "525"ə deyib ki,
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Rusiya
ilə olan əlaqələrini, bağlantılarını
gizlətmək istəmir, əksinə, daha qabarıq şəkildə
Rusiyaya meyilli olduğunu sübuta yetirir: "Hazırkı hakimiyyətin
tənqidi prizmasından çıxışları ilə
yanaşı, birbaşa olaraq yeganə çıxış
yolunun, təhlükəsizlik təminatçısının
Rusiyanın olmasına dair işarələr də
özünü göstərməkdədir. Heç kimə
sirr deyil ki, Köçəryan uzun illər ərzində
taladığı vəsaitlə Rusiyada özünə biznes
formalaşdırıb. O, bir tərəfdən Rusiyada öz
biznes maraqlarını təmin etmək, digər tərəfdən
Rusiyanın əli ilə Nikol Paşinyanı devirərək
hakimiyyətə gəlmək maraqlarını da gizlətmir.
Çox hiyləgər, eləcə də hakimiyyət
düşkünü olan Robert Köçəryan müxtəlif
vasitələrlə öz məqsədlərinə
çatmaqda maraqlıdır. Bir müddət öncə
müxtəlif koalisiyalar, bloklar yaradaraq keçmiş
Qarabağ klanının üzvlərini və
Daşnaksütyun partiyasını yanına toplayaraq
Paşinyan əleyhinə fəaliyyəti icra edirdisə, bu
gün sanki meydanda tək qalıb, müxtəlif yollarla
öz təhlükəsizliyini təmin etməyə
çalışır".
Politoloq söyləyib ki, Bakıdakı
"Nürnberq prosesi" (Azərbaycanda hərbi cinayətlərdə
ittiham olunan ermənilərin məhkəməsi - red.) həm
də Robert Köçəryan, Serj Sarkisyan və əli azərbaycanlıların
qanına batmış digərlərinin də məsuliyyətini
formalaşdırır: "Hesab edirəm ki, çox yaxın
gələcəkdə Azərbaycana qarşı törədilmiş
hər bir cinayətə görə Köçəryan və
ona bənzər şəxslər cavab verəcəklər və
o gün uzaqda deyil".
Pərvanə
525-ci qəzet .- 2025- 21 may(№87).- S.5.