Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş
tamaşa hazırlanır
Sumqayıt Dövlət Dram Teatrında 1-ci Qarabağ
müharibəsinin əfsanəvi iştirakçısı,
Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr
olunmuş “Ölməz” adlı tamaşa hazırlanır.
Teatrın mətbuat xidmətindən xalqcəbhəsi.az-a
verilən məlumata görə, səhnə əsəri
Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında
hazırlanan qəhrəmanlıq dramıdır.
Tamaşanın quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov,
quruluşçu rəssamı Elşən Sərxanoğlu,
rejissoru Ümid Abbaszadədir. Monotamaşada gənc aktyor Elay
Xasıyev çıxış edəcək.
Tamaşada Natiq Qasımovun qəhrəmanlığından
geniş bəhs edilir. Natiq Qasımov hərbi əməliyyatlar
zamanı altı döyüş yoldaşını itirdikdən
sonra beş gün ərzində təkbaşına müdafiə
etdiyi Alban kilsəsində mühasirədə qalır, ermənilərə
müqavimət göstərərək təslim olmur. Ermənilər
Natiqi Xocalıda girov götürülən 22 sakini
öldürəcəkləri ilə təhdid etdikdən sonra
cəsur döyüşçümüz təslim
olmağına razılaşır. O, hətta təslim olduqda
belə Azərbaycan Bayrağını düşmənə
vermir. Natiq Qasımov əsirlikdə olduğu müddətdə
işgəncə ilə qətlə yetirilir. Prezident İlham
Əliyevin 25 iyun tarixli Sərəncamı ilə Natiq
Qasımov (ölümündən sonra) "Azərbaycanın
Milli Qəhrəmanı" fəxri adına layiq
görülüb.
Tamaşanın premyerası yaxın vaxtlarda baş
tutacaq.
525-ci qəzet .- 2025.- 22 may(№88).- S.9.