Bakı Dövlət Universitetində I Şeir Forumu
Bakı Dövlət Universitetində
I şeir forumu keçirilib.
Kulis.az xəbər verir ki, forumda qələm
adamları – Aqşin Yenisey, Qismət Rüstəmov, Fərid
Hüseyn, Ramil Əhməd və Nadir Yalçın
iştirak ediblər.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək
qonaq şairləri salamlayıb, forumun keçirilməsini
yüksək qiymətləndirib. O qeyd edib ki, bu forum BDU-da ənənə
halını almalıdır və növbəti dəfələrdə
daha maraqlı, rəsmiyyətdən uzaq formatda təşkil
olunmalıdır. Ötən illərin poeziyası ilə
müqayisədə maraqlı imzaların bu gün də var
olduğunu vurğulayan rektor tələbələrin öz
istedad və bacarıqlarını forum çərçivəsində
nümayiş etdirməli olduqlarını zəruri hesab edib.
İnformasiya və sənəd menecmenti fakültəsinin
dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent,
şair Ələmdar Cabbarlı hər bir qonaq haqqında tələbələrə
məlumat verib və qeyd edib ki, onların 3-ü məhz
BDU-nun məzunudur. Şeir forumu təşəbbüsünün
yüksək mənəvi dəyərlərin qorunmasına və
gənclərin zövqünün formalaşmasına xidmət
etdiyi vurğulayan Ə. Cabbarlı forumun işinə
uğurlar arzulayıb.
Nadir Yalçının moderatorluğu ilə
keçirilən forumda şairlərin müasir tendensiyalar,
poeziya, yazı prosesinin incəlikləri və ədəbiyyatla
bağlı digər fikirləri dinlənilib. Onların hər
biri öz yaradıcılığından müxtəlif
nümunələr səsləndiriblər.
Qeyd edək ki, forum disskusiya formatında davam edib və
müəlliflər tələbələr üçün
kitab imzalayıblar.
525-ci qəzet .- 2025.- 22 may(№88).- S.9.