Türkçülüyü
türklüyə şöhrət: akademik Tofiq Hacıyev
(Əvvəli ötən sayımızda)
Akademik Tofiq Hacıyev üçün dil məsələsi
tale məsələsi, birlik məsələsi idi. Dünya
türklərini bir araya gətirmək, birləşdirmək,
bir-birilərini anlamaqlarına şərait yaratmaq
üçün yollar axtarmaq onun həyat idealı idi. Tələbələrinin
uğurlarını öz uğurları sayan akademikin tələbəsi,
Azərbaycan elmində öz dəsti-xətti ilə
seçilən akademik, Əməkdar elm xadimi, filologiya üzrə
elmlər doktoru, professor, Azərbaycanda Atatürk Mərkəzinin
başqanı hörmətli Nizami Cəfərov öz müəlliminin
yaradıcılığının aşağıdakı sahələri
əhatə etdiyini göstərir: "I. Dialektologiya, II. Dil (
xüsusilə ədəbi dil tarixi), III. Türkologiya, IV.
Yazıçı dili, V. Proqram və dərsliklər, VI.
Ədəbiyyatşünaslıq, VII. Tərcümələr,
VIII. Publisistika".
Alimin yaradıcılıq sahələri geniş
olduğu qədər də zəngin və qiymətlidir. O,
elmin hansı sahəsi ilə maraqlanır maraqlansın,
axtarışlar aparır aparsın, həmişə yüksək
müvəffəqiyyətlərin sahibi kimi
çıxış edirdi. Onun bu
çıxışlarını nəzərə alan akademik
Nizami Cəfərov akademik Tofiq Hacıyev
yaradıcılığının türkologiya sahəsindən
söz açarkən yazır: "Tofiq Hacıyevin
türkoloji marağının (və
araşdırmalarının) ilk mərhələsini Azərbaycan
dilinin xüsusi ilə qədim dövrünün
ümumtürkoloji kontekstdə təqdim etməsi təşkil
edir ki, sovet dövründəki antitürkiyə ideoloji şəraitdə
bunun nə qədər çətin olduğu barədə
geniş söhbət açmaq, yəqin ki, artıqdır. Və
yalnız belə bir faktı xatırlamaq kifayətdir ki, hələ
70-ci illərdən onun elmi metodoloji mövqeyini
"pantürkçü sayırdılar" (Respublika elmi
konfransının materialları, 2 noyabr 2016, səh. 4).
T.Hacıyevin yaradıcılığının sahələri
ilə tanış olanda onun akademik Nizami Cəfərovun qeyd
etdiyi bütün sahələrdə uğurları bir-birindən
o qədər də fərqlənmir və bu sahələrlə
bağlı yazdığı məqalə və kitabların
sayı bir-birilə az qala bərabərlik təşkil edir.
O, hansı sahəyə müraciət edibsə,
uğurları sonsuzdur, hansı mövzunu qələmə
alıbsa, həmin mövzuda öz əksini tapan tələblər
türk xalqının mənafeyinə uğur gətirən məsələlər
kimi türk dünyasını təmsil edən mətbuat səhifələrində
böyük əks-səda doğurub. Bununla bağlı
filologiya üzrə elmlər doktoru professor Elbrus Əzizov
yazır: "Tofiq Hacıyevin elmi fəaliyyətində
ümumtürkoloji məsələlərin tədqiqi də
geniş yer tutur. Alimin "Türk dillərində
geminatın mənşəyi haqqında" (1971, rus dilində),
"Türk dillərində sözün morfoloji
inkişafı" (1981), "Türk dillərində qədim
morfemlərin bərpası" ( 1987 rus dilində),
"Orxan-Yenisey kitabələri: janr xüsusiyyətləri"
(2004) məqalələri və "Türklər
üçün ortaq ünsiyyət dili" (2013) kitabı irəli
sürülən fikir və mülahizələrin yeniliyi ilə
fərqlənir. Tofiq Hacıyev türkologiya üçün
xüsusi əhəmiyyət daşıyan bir sıra əsərləri
- B.A.Şerebrennikov və N.Z.Hacıyevanın "Türk dillərinin
müqayisəli - tarixi qrammatikası"nı,
M.Adçının "Qıpçaq
çölünün yovşanı", "Dünya və
türk: munis tariximiz" əsərlərini bulqar-tatar
şairi Mikayıl Baştunun "Şan qızı
dastanı" poemasını, Seyid Cəmaləddin İbn Muhənnanın
"Hilyətül-insan və həlbətül lisan" əsərini
rus dilindən Azərbaycan dilinə tərcümə
etmişdir (Respublika elmi konfransının materialları, 2
noyabr 2016-cı il, səh. 7).
Akademik Tofiq Hacıyevin böyük bir vəzifə
kimi qarşısına qoyub həll etmək istədiyi
türklər üçün ortaq ünsiyyət dili məsələsi
öz başlanğıcını əsrlərlə bundan əvvəl
Mahmud Kaşqari nəhrindən götürsə də, bu məsələ
bu gün də öz həllini tapmamışdır. Bu
başlanğıcı nəzərə alan böyük
türkoloq yazır: "Müxtəlif coğrafiyadan olan
türkün türklə türkcə danışmasında
xüsusi bir mənəvi-psixoloji hissiyyat
doğmalığı duyulur. Mahmud Kaşqari deyərdi ki,
"Türkün ürəyinə girmək üçün
onun dilində danışmaqdan başqa yol yoxdur" (Türklər
üçün ortaq ünsiyyət dili, səh. 4) Mahmud
Kaşqarinin bu ifadəsini öz amalına çevirən
böyük türkoloq bunu iki cəhətdən əsas
sayırdı: 1-cisi, ortaq türk dilinin yaranması nəticəsində
bütün türkdilli xalqlar bir-birinin ədəbiyyatını,
düşüncəsini, ideyasını tərcümansız
və izahsız anlayacaq, 2-cisi isə, dil birliyi əsasında
birləşən bir xalq dünyanın super güclərindən
birinə çevrilmə şansını əldə edəcəkdir.
Akademik Tofiq Hacıyev Prezident İlham Əliyevin
çıxışlarının birində söylədiyi:
"Türkün dünyası böyük dünyadır.
Biz elə etməliyik ki, türk dünyası daha da sıx
birləşsin. Bunu etmək üçün bütün
imkanlar vardır" fikrini əsas götürərək
bildirirdi ki, müxtəlif dil fərqlərinə malik olan
türk xalqlarının birliyinin yolu onların dil birliyindən
başlanmalıdır.
Tofiq Hacıyev ortaq türk dili ideyasının
davamçılarından biri kimi əksər əsərlərində
dolayısı ilə də olsa, bu işin genişlənib həyata
keçirilməsinə çalışır və bu yolda
böyük zəhmət çəkib uğur qazanmağa
çalışan insanların arxadaşına
çevrilirdi.
O öz ideyadaşlarının bu yolda
apardıqları mübarizənin detallarını
saf-çürük edərək yazırdı:
"İsmayıl bəy Qaspıralı Mirzə Kazım bəyin
pedaqoji iş kimi başladığı təcrübəni
inkişaf etdirərək siyasi hərəkata
çevirmişdi. O bu türkçülük hərəkatında
Məcnun qatına qalxmışdı. O, zamanının Mahmud
Kaşğarisi oldu. Türk olaraq qalsın deyə türk mədəniyyəti
islam mədəniyyətinin içində əriməsin deyə
türk öz əcdadının kimliyini yaşatsın deyə,
XI əsrin sonlarında türklüyün yenidən dirçəlişinə
gur işıq salmaq üçün Mahmud Kaşğari
türk tarixinin təzə bir möcüzəsini - möhtəşəm
"Divani-Lüğat-it-türk" əsərini
yazdı" (Yenə orada, səh. 14).
Min illərin dolaylarından keçib gələn bu
ideyanın həyata keçməsi üçün
mübarizə aparan hər bir kəsdə Mahmud Kaşğari
uzaqgörənliyi, Mirzə Kazım bəy
dünyagörüşü və İsmayıl bəy
Qaspıralı yanğısı olması birinci dərəcəli
tələb kimi qarşıda durmasına baxmayaraq, akademik
Tofiq Hacıyev XX əsrin sonlarından bu məsuliyyəti
öz üzərinə götürdü və həmin
ideyanın təcəssümü olan "Türklər
üçün ortaq ünsiyyət dili" əsərini
ortaya qoydu. Bu ideyanı həyata keçirmək istəyi, bəlkə
də, bəzi dillərin dünyanın hegemon dillərinin
basqısı nəticəsində yorulub yolda qalma qorxusu
olmuşdur. Çünki bu gün də dünya dillərinin
sırasından çıxıb tarixin arxivinə qoyulan dillərin
olduğuna şahidik və bu iş yenə də davam etməkdədir.
Bütün bu təsirləri nəzərə alan
böyük dilçi hələ 1997-ci ildə keçirilən
Azərbaycan Yazıçılarının X
Qurultayındakı çıxışında dilimizin
taleyini düşünərək Bakı şəhərindəki
reklamlarda və müxtəlif obyektlərə verilən
adlarda əcnəbi təsirlərin artdığını və
bu təsirlərdən vaxtında azad olmağın vacibliyini
qarşıda duran əsas və vacib məsələ kimi nəzərə
çatdıraraq bu cür işlərə son
qoyulmasının vaxtı çatdığını
günün vacib məsələsi kimi gündəmə gətirmişdi.
Akademik Tofiq Hacıyevin yaradıcılığı
ilə bağlı yığcam bir yazı yazmaq
qeyri-mümkündür. O, beş yüzdən artıq qiymətli
elmi məqalə, on bir monoqrafiya və əlliyə yaxın
kitab müəllifidir. Otuzdan artıq dilçi onun elmi rəhbərliyi
altında elmlər namizədi (o cümlədən 4-ü
xarici ölkələrin vətəndaşı),
altısı isə doktorluq dissertasiyası müdafiə edib
elmi dərəcə sahibi olmuşlar.
Əlliyə yaxın elmi işə opponent olmuş
akademik Tofiq Hacıyevin elmi fəaliyyətinə yüksək
qiymət verilmiş, o, 2001-ci ildə AMEA-nın müxbir
üzvü, 2014-cü ildə isə həqiqi üzvü
seçilmişdi. O, 1984-cü ildən ömrünün
sonuna qədər Bakı Dövlət Universitetindəki
Türkologiya kafedrasının müdiri, 1993-cü ildə Azərbaycan
maarif naziri, 2013-2015-ci illərdə Nəsimi adına
Dilçilik İnstitutunun direktoru vəzifəsində
çalışmışdı.
Bütün ömrünü Azərbaycan türkcəsinin
inkişafı və tədqiqinə, eyni zamanda
türkçülüyə həsr etmiş bu böyük
insanın əməyi həm Azərbaycan Dövləti, həm
də Türkiyə Cümhuriyyəti tərəfindən
yüksək qiymətləndirilib. O, müstəqillik illərində
- 1999-cu ildə dövlətimiz tərəfindən Əməkdar
elm xadimi adına layiq görülmüş, 2004-cü ildə
isə "Şöhrət" ordeni ilə təltif
olunmuşdu.
Görkəmli türkoloqun apardığı tədqiqat
işləri və yaratdığı əsərlər
Türkiyə Cümhuriyyəti tərəfindən də
yüksək qiymətləndirilmişdi. T.Hacıyev 1995-ci ildə
Türkiyə Cümhuriyyəti Atatürk Dil Tarix və
Kültür Qurumunun fəxri üzvü seçilmiş,
1998-ci ildə isə Türkiyə Cümhuriyyətinin "Ləyaqət
nişanı" ilə təltif olunmuşdu. Eyni zamanda,
Türkiyə Sanatçılar və Yazarlar Vakfının
2002-ci il üzrə "Türk Dünyasına Hizmət"
medalına, 2004-cü ilin mayında Qaraman Türk Dili
Ödülünə, həmin ilin iyulunda isə Atatürk
Dil, Tarih Yüksək Kurumunun üstün Hizmet Baratına
layiq görülmüşdü.
Tofiq İsmayıl oğlu Hacıyev 27 noyabr 2015-ci ildə
dünyasını dəyişdi, canından əziz bildiyi Azərbaycan
torpağını sanki özünə əbədi səngər
seçdi və bu torpağın çox dəyərli bir
parçası olan II Fəxri xiyabanda dəfn olundu.
Özü kimi, məzarı da ucalıqlarda qərar tutan
akademik Tofiq İsmayıl oğlu Hacıyevin adı qəlbimizin,
əsərləri isə elmimizin əbədi
yaraşığına və ümid yerinə çevrilib və
gələcəkdə də belə olacaq.
Ruhu şad olsun!
Sərdar ZEYNAL
Azərbaycan Yazıçılar və Jurnalistlər
birliklərinin üzvü,
filologiya üzrə elmlər
doktoru,
professor
525-ci qəzet .- 2025.- 22 may(№88).- S.13.