Qafqaz dağlarından Berlinədək...
MƏŞHUR 416-cı DİVİZİYANIN
QƏHRƏMAN DÖYÜŞÇÜSÜ SƏRDAR
HÜSEYNOV MƏŞƏQQƏTLİ VƏ
ŞƏRƏFLİ SAVAŞ YOLU KEÇMİŞDİ
Ömrünün bahar çağlarında o da
yüzminlərlə həmvətəni kimi cəbhəyə
yollanmış, müharibənin axır günlərində
isə 416-cı Taqanroq diviziyasının sıralarında
Berlini azad edən qəhrəmanların önündə
olmuşdu. Bundan əvvəl isə Qafqaz dağları ətəklərindən
Berlinədək çətin, ağır döyüş
yolları keçmiş bölük komandiri,
qvardiyaçı starşina Sərdar Talıb oğlu
Hüseynovun vzvodu Şpreye çayını birinci
keçmiş, o tayda sovet bayrağını ilk olaraq
dalğalandırmışdı.
Bu uğurlu əməliyyatdan sonra Birinci Belorusiya cəbhəsinin
alay komandiri, qvardiya podpolkovniki P.İ.Mılovun və dörd
generalın imzaladığı təqdimatda
yazılmışdı: "Alman
işğalçıları ilə döyüşlərdə
Hüseynov özünü fövqəladə bir
döyüşçü kimi göstərmişdir. O,
Korçmı rayonunda səddi keçərkən suya birinci
atıldı, düşmənin şiddətli atəşi
altında üzərək səddi keçdi,
döyüşçüləri ruhlandıraraq arxasınca
apardı. Hüseynov özü əlində qumbara
düşmən səngərinə atıldı və orada
12 hitlerçini məhv etdi. Güclü qüvvəyə
malik düşmən bir neçə dəfə əks-hücuma
keçdisə də, bu, Hüseynovu qorxutmadı. Ələ
keçirilmiş mövqeyi saxlayaraq kiçik dəstə ilə
son ana qədər düşmənlə vuruşdu. Bununla da
piyada hissələrimizin əsas qüvvələrinə
Şpreye çayının o tayına - yəni Berlinin qərb
yarısına keçmək imkanı yaratdı. Bu
döyüşdə Hüseynovun vzvodu 50-yə qədər
hitlerçini məhv etdi. İgidlik, qətiyyət, cəsarətinə
görə Hüseynov Sovet İttifaqı Qəhrəmanı
adı verilməsinə layiqdir".
İllər keçdi, amma yüksək mükafat nədənsə
öz təsdiqini tapmadı. Döyüş dostlarının
təkidindən sonra Sərdar Hüseynov Moskvaya müraciət
etdi. Keçmiş SSRİ Müdafiə Nazirliyinin kadrlar
şöbəsindən Sərdar Hüseynovun adına göndərilmiş
məktubda yazılırdı: "...Həqiqətən Siz
Sovet İttifaqı Qəhrəmanı adını almağa təqdim
edilmişsiniz. Lakin Birinci Belorusiya cəbhəsinin
komandanlığı igidliyinizi nəzərdən keçirərək
Sizi öz əmri ilə Qırmızı Bayraq ordeni ilə təltif
etmişdir".
Bir dəfə bunun səbəbini soruşanda
keçmiş döyüşçü təvazökarlıq
etdi, ona əngəl olanların adını isə çəkmədi.
Hiss olunurdu ki, aradan illər keçsə də, Şpreyenin cəsur
qəhrəmanı Sərdar Hüseynov üçün ən
böyük mükafat bütün sülhsevər xalqların
II Dünya müharibəsində möhtəşəm qələbəsidir.
lll
Sərdar Talıb oğlu Hüseynov 1910-cu ildə Lənkəranın
Vilvan kəndində anadan olub. Evlərimiz kəndin mərkəzindən
bir az aralıda, çox da uzaq olmayan yerdədir. 5 oğul, 4
qız atası idi. Oğlu Hüseynlə bir sinifdə
oxuyurduq. Digər övladları - Ağamoğlan, Eldar, Xatəm
və Tofiq atalarına layiq müxtəlif vəzifələrdə
çalışmışlar. Lənkəran Ağsaqqallar
Şurasının sədri olan oğlu Eldar Hüseynovla
vaxtaşırı görüşür, müxtəlif tədbirlərdə
iştirak edirik.
lll
...Səngərlərdə, od-alovlar içərisində
qazanılan dostluq illər, keçsə də, unudulmur. Cəbhə
dostları tez-tez məktublaşırdılar. 416-cı
Taqanroq diviziyasının yaradılmasının 25 illiyi
münasibətilə keçirilən görüşdə
isə şahidi olduqları günləri bir daha yad etdilər.
Onların əksəriyyəti Qafqaz dağlarının ətəklərindən
Berlinədək çətin döyüş yolları
keçmişdi.
Sinələrini orden və medallar bəzəyən
keçmiş döyüşçülər illər
keçməsinə baxmayaraq, bir-birlərini çətinlik
çəkmədən tanıdılar. 1373-cü
atıcı polkun 2-ci atıcı batalyonun keçmiş
komandiri Xeyrulla Gülməmmədov Sərdarı görərkən
onu səslədi:
- Hüseynov!
Keçmiş döyüşçü,
qvardiyaçı starşina Sərdar Hüseynov ayaq
saxladı. Batalyon komandirini görəndə Sərdarın
üzünə xoş təbəssüm qondu. Hüseynov da
Xeyrulla Gülməmmədovu tanımışdı, qeyri-iradi
səsini qaldırdı:
- Yoldaş kapitan, sizsiniz?
- Mənəm, Hüseynov!
Cəbhə dostları bir-birini qucaqladılar.
Keçmiş döyüşçü
N.Şevçenko "Bakinski raboçi" qəzetində
Şpreyenin qəhrəmanı Sərdar Hüseynovu
axtardığını bildirmişdi. Müəllif qəhrəmanın
hünəri ilə oxucuları tanış etdikdən sonra
yazırdı: "...Sərdar Hüseynov, ola bilər ki, indi
sağdır. Müharibədən neçə illər
keçir, amma qəhrəmanlar unudulmurlar. Onların xatirəsi
xalqın yaddaşında həmişəlik yaşayır.
Əgər Sərdar Hüseynov sağdırsa, qoy səsimə
səs versin".
Qəhrəman döyüşçü,
qvardiyaçı starşina, vzvod komandiri S.Hüseynov cəbhə
dostunun çağırışına səs verdi və həmin
günlərdən birində Bakıda görüşdülər.
- Kolya, Sileyzniya vağzalını
aldığımız yadındadırmı? - Sərdar
Hüseynov soruşdu.
- Əlbəttə, - N.Şevçenko ürəkdən
gələn səmimiyyətlə cavab verdi. - Sonra Ayaqqabı
fabrikini aldıq.
- Şpreye çayını ilk bizim vzvod keçdi...
Branderburq qapılarında eşitdim ki, beş nəfəriniz
sağ qalmısınız.
- Yadımdadır, üçüncü Reyxin iqamətgahı
olan Reyxstaqa yolu bizim batalyon açdı...
İllər keçəndən sonra kəndimizin cəsur
oğlu ilə müsahibədən birində yazacaqdım:
"Berlin od-alov içində idi. Hər ev, hər
küçə uğrunda qanlı döyüşlər
gedirdi. Starşina Hüseynovun döyüşçüləri
Brandenburq qapılarına uzanan Unter-den-Linden küçəsi
ilə hücuma keçmişdilər.
Döyüşçülərimiz çox çətinliklə
irəliləyirdilər. Sərdar Hüseynov uçqun
binanın dibi ilə sürünə-sürünə gedirdi.
- Brandenburq darvazasına doğru, irəli!
Batalyon komandirinin səsinə
döyüşçülər irəli atıldılar.
Düşmən döyüşçülərimizin
güclü hücumuna davam gətirməyib diz
çökdü. Reyxstaqın bir neçə
addımlığında yerləşən Brandenburq
darvazası alınmışdı" (E.Əhədov. Yanar
üfüqlər, B.,2000, səh. 31).
Həmyerlimiz Sərdar Hüseynovun vzvodu Brandenburq
qapılarına çatanda vzvodundan cəmi beş nəfəri
sağ qalmışdı. Maraqlıdır ki, 76 il sonra
Brandenburq qapıları önündə Diasporla İş
üzrə Dövlət Komitəsinin dəstəyi ilə
"Xocalıya ədalət" kampaniyası çərçivəsində
təşkil olunan fləşmobda qəhrəman
döyüşçünün nəticəsi, Almaniya Tibb
Universitetinin magistrantı Elçin Rəhimovun heç
ağlına da gəlməzdi ki, vaxt gələcək, o da
babasının döyüşdüyü yerdə Azərbaycanın
haqq səsini qaldıranlar arasında olacaq. O fləşmobda
Xocalı sözünü və müxtəlif rəqəmləri
əks etdirilən yanar şamlar öz əksini
tapmışdı. Aksiyada Almaniyanın müxtəlif şəhərlərindən
gəlmiş 350-dən çox həmvətənimiz, türk
diasporunun nümayəndələri, iş adamları
iştirak edirdilər. ABŞ-da, Kanada, Fransa, Rusiyada yaşayan
həmvətənlərimiz Azərbaycan Prezidenti İlham
Əliyevin apardığı siyasəti dəstəkləyərək
arxasında möhkəm dayandıqlarını və
müdafiə etdiklərini bildirdilər.
lll
Keçmiş döyüşçü dörd dəfə
yaralanmış, amma hər dəfə yarası tam
sağalmamış döyüşə
atılmışdı. Yerində hər kim olsaydı, bəlkə
də əlillik kağızı düzəldib evinə
qayıdar, xidmətlərini orda-burda nümayiş etdirməklə
veteran hüquqlarından istədiyi kimi istifadə edərdi.
Lakin o, başqa yol seçdi, döyüşə-döyüşə
Berlinin qapılarınadək gedib çıxdı. "Biz
yer üzünü faşist taunundan xilas etmək vəzifəsini
yerinə yetirdik" - deyə Sərdar Hüseynov gənclərlə
görüşündə deyəcəkdi. - Faşizmə
qarşı vuruşduq və qalib gəldik!
Sərdar Hüseynovun 1941-1945-ci illərldə
keçdiyi döyüş yolları belədir: Nalçik,
Orconikidze, Qroznı, Mozdok, Sevastopol, Azov dənizi, Taqanroq,
Melitopol, Odessa, Zaparojets, Nikolayev, Varşava, Küstrin, Berlin...
Taleyin işinə bax. Sərdar Hüseynov 1942-ci ildə
223-cü atıcı diviziyada döyüşərkən
qardaşı Xanoğlan bir neçə
addımlığında olub. 1978-ci ildə indiki "Lənkəran"
qəzetində məsul katib işlədiyim dövrdə Sərdar
Hüseynovdan müsahibə götürərkən dedi:
- 1942-ci ilin yanvar ayında Qroznıda böyük itki
verdik. Bu döyüşdə ağır yaralandım.
Hospitaldan çıxandan sonra Mozdok istiqamətində
hücuma keçdik. Eşitdim ki, Xanoğlan da cəbhədədir.
O, Predqornoyenin alınmasında iştirak etmiş və orada
da həlak olmuşdu. Əsl həqiqəti sonralar SSRİ
Müdafiə Nazirliyindən aldığım məktubdan
öyrəndim, Xanoğlan Predqornoye kəndində
qardaşlıq qəbiristanında dəfn olunubmuş. Sən
demə, mən də ondan bir azca aralıda - dəyirmanın
yaxınlığında döyüşürmüşəm.
1976-cı ilin yayı, illər keçsə də,
yaddan çıxmaz. İllərin qəm yükü
keçmiş döyüşçünün qəlbini
göynədir, qardaş həsrəti ilə
alışıb yanırdı. Nəhayət, çox
keçməmiş Sərdar Hüseynov vaxtı ilə
döyüşdüyü yerdə oldu. Doğma yurddan gətirdiyi
torpağı məzarın üstünə səpdi.
Əlindəki gül dəstələrini isə
qardaşlıq qəbiristanlığında obeliskin
önünə düzdü. Lənkəran çiçəklərinin
ətri bir andaca ətrafa yayıldı.
- Rahat yat, qardaş, - dedi və gözlərini
postamentin üstündəki "Hüseynov Xanoğlan
Talıb oğlu" sözlərində ilişib qaldı.
Marş sədaları keçmiş cəbhəçini
xəyaldan ayırdı. Bir dəqiqəlik sükut elan
edildikdən sonra qəhrəmanların xatirəsi yad olundu.
lll
Müharibədə aldığı yaralardan əziyyət
çəkdiyinə görə, 1954-cü il iyul ayından
1955-ci il fevral ayınadək Sərdar Hüseynov respublika mərkəzi
xəstəxanasında müalicə olunub. Sağaldıqdan
sonra Vilvan kənd Sovetinin sədri (1955-1957), Girdəni kənd
istehlak cəmiyyətinin sədri (1957-1970, Lənkəran tədarük
kontorunda və meyvə-tərəvəz konservi zavodunda məsul
vəzifələrdə çalışıb. 1970-ci ildə
Lənkəran kimyəvi təmizləmə və boyama
fabrikini təşkil etmiş və onun ilk direktoru olub.
Ömrünün axırınadək bu vəzifədə
çalışıb. 1980-ci il noyabrın 5-də vəfat
edib. Məzarı kənddəki "Bəbəşıx"
qəbiristanındadır.
lll
S.Hüseynov uzun illər Lənkəranın ictimai həyatında
fəallıq göstərib. Ümummilli lider Heydər
Əliyevlə Lənkəranda keçirilən
görüşlərdə o da iştirak edib, birlikdə
şəkilləri çəkilib.
Bakı şəhərinin küçələrindən
birinə Sərdar Hüseynovun adı verilib. Vaxtı ilə
kolxoz sədri işlədiyi Vilvan kəndindəki təsərrüfat
1990-cı ildən qəhrəman
döyüşçünün adını
daşıyırdı.
Azərbaycan televiziyası 1975-ci ildə həyatı
və döyüş fəaliyyətini əks etdirən sənədli
film nümayiş etdirib, haqqında F.Bokovun "Azərbaycan
övladlarının ölməz igidlikləri",
İ.Novruzovun "Son hücum", Rizvan Zeynalov və Lev
Borodetskinin "416-cı Taqanroq diviziyası"
kitablarında, yazıçı-publisistlərdən Yaşar
Rzayev, Əşrəf Hacıyev, Həbib Səfərov və
bu sətirlərin müəllifinin "Yanar üfüqlər"
sənədli povestində maraqlı epizodlar öz əksini
tapıb.
lll
Faşizm üzərindən tarixi Qələbənin
bu günlərdə 80 illiyi tamam oldu. Bu yubiley münasibətilə
bir vaxt bəşəriyyətin xoş gələcəyi
uğrunda cəsarətlə vuruşmuş həmvətənimiz
Sərdar Hüseynov kimi qəhrəmanlar yenə də
böyük ehtiramla yad edildi.
Etibar ƏHƏDOV
"Aşkarlıq" qəzetinin baş redaktoru
525-ci qəzet .- 2025.- 22 may(№88).- S.11.