"İmkan vermirik
ki, Azərbaycan kinosu geriləsin"
Rejissor Elvin Rüstəmzadə: "Artıq
tamaşaçı qəbul edir ki, biz yaxşı film çəkə
bilirik"
Müsahibimiz gənc rejissor Elvin Rüstəmzadədir.
O, "Vətəndaş A", "Simurq",
"İfşa-Çətin hədəf",
"Dalan", "Otel Loo" kimi film və seriallara
quruluş verib.
Elvin Rüstəmzadə ilə söhbəti təqdim
edirik.
- Elvin bəy, ilk işiniz olan "Dalan" filmini
çox gənc yaşınızda ərsəyə gətirmisiniz.
Kollektivdə özünüzə qarşı inamı necə
yaratdınız?
- 24 yaşımda peşəkar fəaliyyətimə
başlasam da, bu sahə üzrə təhsilim, təcrübəm
var idi. Sonra belə bir təklif gəldi. Mənə inananlar
var idi. Mən özüm də bütün heyəti
inandırdım. Beləcə, ilk tammetrajlı filmimi çəkdim.
"Dalan" filmi tək mənim yox, bir çox
aktyorların da rol aldığı ilk tammetrajlı film idi.
Film kifayət qədər marağa səbəb oldu. Ondan əvvəl
xırda işlərim olmuşdu, onları artıq
saymıram.
- Kino sahəsində belə bir anlayış
formalaşıb ki, tamaşaçı daha çox komediya
janrına maraq göstərir. Komediya janrında olan "Otel
Loo" filminizi bu fikrə əsasənmi ərsəyə gətirdiniz?
- Mən bu fikirlə razı deyiləm. "Vətəndaş
A", "Əqrəb mövsümü" serialları
komediya janrında deyil. Amma kifayət qədər
tamaşaçı rəğbəti qazanmış işlərdir.
Kinoteatrda yayımlanan "Tağıyev- Neft" filmi də
komediya janrında olmamasına baxmayaraq, izləyici sevgisi
qazandı. Yəni əsas janr deyil, keyfiyyətdir.
Düzdür, 2011-ci ildən başlayaraq kinoteatrlarda komediya
janrı ilə canlanma oldu, davamlı şəkildə bu janra
üstünlük verildi deyə tamaşaçı bunu
gördü və buna öyrəşdi. Amma artıq
gedişat dəyişir. İndi dram janrına, eləcə də
başqa janrlara da üstünlük verilir. Hələ təzədir,
öyrəşdirmək lazımdır. Gözləməyin
ki, bu dəqiqə hansısa dram və ya başqa janrda olan
filmlər kinoteatrda yayımlansın və komediya janrında
olan film qədər izləyici sayı toplasın. "Otel
Loo"ya gəldikdə isə yaxşı film alındı.
Bunu tək mən yox, çoxları deyir. Amma elə
böyük kassa yığmadı. Açığı, biz
"Otel Loo"nun piar işlərini lazımınca qura bilmədik.
Bir sözlə, dayanmaq lazım deyil, cəhd etmək
lazımdır. El dilində desəm, dirəşmək
lazımdır. Tamaşaçı istənilən mövzuya
açıqdır, sadəcə həmin mövzu keyfiyyətli
və inandırıcı təqdim olunmalıdır. Dram janrında
olan türk filmlərini bizim tamaşaçı gedir izləyir,
deməli, bizdə də yaxşı film çəkilsə,
izlənər.
- Hansı stereotipləri qırmaq istəyərsiniz?
- Elə biri ancaq komediya janrına müraciət məsələsi.
Bu stereotipi qıra bilsək, çox yaxşı şeylər
olacaq. Prodüserə fərqli janrda olan filmlə müraciət
edirsən, razılaşmır, deyir, yox, camaat ancaq komediya
janrına maraq göstərir. Təbii ki, cəsarətli
prodüserlər də var. Nəticə etibarilə kino
biznesdir. O adam da pul qoyur, istəyir ki, yaxşı gəlir
götürsün, riskə getmək istəmir. Amma
düşünürəm ki, riskə getmək
lazımdır. Stereotiplərdən birini
sındırmışıq artıq. Bir müddət dedilər
ki, bizimkilər serial, film çəkə bilmirlər. Həm
yutubu, həm kinoteatrları, həm də televiziyanı nəzərə
alsaq, görərik ki, yerli məhsullarımız artıq izlənir.
Deməli, o məsələ artıq keçmişdə
qaldı. Artıq tamaşaçı qəbul edib ki, biz
yaxşı film çəkə bilirik. Sadəcə tətikdə
dayanıb ki, görüm kim nə çəkir. Vəssalam.
- Çoxları Azərbaycan kinosunun mənfi tərəflərindən
danışır, gəlin sizlə müsbət tərəflərinə
baxaq.
- İnsanlarımızın bəzilərində
artığını istəmək var. 5-6 il bundan əvvələ
kimi heç nə çəkilmirdi. Filmləri ancaq kinostudiya
istehsal edirdi. Amma sonra özəl sektor inkişaf etdi, seriallar,
filmlər çəkilməyə başladı. Özəl
sektorun inkişafı ilə teatrda işləyən
aktyorlarımızın çoxunun əlavə qazanc yerləri
oldu, gün üzünə çıxdılar, ekran sayəsində
parladılar, xalq onları daha yaxından tanıdı.
İndinin özündə də serial və filmlərimiz
çəkilir və biz orda çalışırıq,
özümüzü daha çox inkişaf elətdiririk. Həm
də imkan vermirik ki, Azərbaycan kinosu geriləsin.
- Bir çox rejissor və prodüserlər filminin
televiziyada yayımlanmasına qarşıdır. Bunun əsas
səbəbi nədir?
- Belə deyim, əgər mən bir film çəkmişəmsə
və onun kinoteatr həyatı uğursuz olubsa, onu öncə
hansısa xarici ölkəyə satmağa
çalışaram. Rejissorları və prodüserləri
yaxşı anlayıram, onlar xeyli əmək və pul xərcləyirlər.
Əvvəlcə gözləmə mövqeyində
dayanırlar, filmi sata bilmək üçün müəyyən
əlaqələr qurmağa çalışırlar. Əgər
filmi televiziyaya və yutuba qoyub daha sonra satmaq istəsələr,
bu, yəqin ki, alınmaz. Çoxu buna görə əlindəki
filmi saxlayır. Bəzilərinin isə başqa
yanaşması var. Tamaşaçıya deyir ki, sənin film
haqqında məlumatın var, baxmaq istəyirsən, amma
baxmamısan. Biz filmi kinoteatra verək, sən bax, həm biz
qazanaq, həm kinoteatrlar aktiv olsun, həm də kino bazarı
daha yaxşı inkişaf eləsin. Ona görə mən
çəkilən filmlərin yutubda
paylaşılmağının tərəfdarı deyiləm.
Çünki həmin filmin büdcəsi yutubda
paylaşılan filmin büdcəsindən çox olur. İstər-istəməz
bu adamların öz əziyyətlərinə heyifləri gəlir.
Təbii ki, sonra filmi xarici bazarda sata bilməyəndə,
hansısa çıxış yolu tapa bilməyəndə əvvəl-axır
ya yutuba, ya da pullu platformaların birinə yükləyirik.
Necə ki "Otel Loo" hazırda "Metafilx"dədir.
Yəqin ki, bu gün, sabah da yutuba yerləşdiriləcək.
- Rejissoru olduğunuz "Vətəndaş A"
serialı həm müsbət, həm mənfi mənada səs-küyə
səbəb oldu. Amma bəzi tənqidçilərin fikrincə,
filmdə qaldırılan problemlər yersiz
şişirdilmişdi, həmin problemləri bar-bar
bağırmaq əvəzinə, sətiraltı göstərmək
daha məqsədəuyğun olardı.
- Orada toxunulan məsələlərdən biri erkən
nikah idi. Bu da sosial problemlərimizdən biridir. Bəzi adamlar
tərəfindən qınanıldı, hətta bəziləri
yazmışdılar ki, elə şey var Azərbaycanda?
- Belə deyim, onların dediyinə görə,
statistika onu göstərir ki, artıq Azərbaycanda erkən
nikah problemi həll olunmaqdadır.
- Mən də onu deyəcəkdim. Sizin dediyiniz kimi
olsun, tutalım, bu problem bizə yaddır. Bəs keçən
ayların birində baş verən, rayonlarımızdan birində
13 yaşlı qızın evləndirilməsinə nə
deyirsiniz? Ümid edirəm, irad tutan şəxslər həmin
o xəbəri gördülər. "Vətəndaş
A" serialında erkən nikah məsələsinə ötəri
toxunulmuşdu, amma bir az da təbliğat aparmaq, maarifləndirmək
lazımdır. Biz serialı çəkdik, tənqid etdik,
üstündən təxmini bir il keçdi, həmin hadisə
baş verdi. Hələ bu, bildiklərimizdir, əyalətlərdə
bizim bilmədiyimiz o qədər belə hadisələr
baş verir ki. Biz də cəmiyyəti müşahidə edib
bu ssenariləri yazıb, çəkirik. Özümüzdən
uydurmuruq ki. "Vətəndaş A" sosial dramdır, orada
toxunulan məsələlərin çoxu da təəssüf
ki, baş vermiş, yaşanan hadisələrdir. Ona görə
də sosial məsələlərə gələcək
işlərimdə də müraciət etməyi
düşünürəm. Qeyd edim ki, serialın ssenari müəllifi
Asiman Ağa Rövşəndir.
- Çəkilişləri apardığınız kənddə
də əhalinin sərt reaksiyası ilə
qarşılaşmısınız.
- Azyaşlı qızın evləndirilməsi səhnəsini
çəkəndə bir də gördük ki, bir xanım kənardan
bizə baxıb kövrəldi. Nə baş verdiyini
soruşduq. Dedi, mən burada öz taleyimi gördüm: "Məni
də erkən yaşda evləndirmişdilər, siz elə bil
mənim həyatımı çəkirsiniz. Bu, məni
keçmişə apardı, pis təsir elədi".
Sərt reaksiya məsələsinə gəldikdə
biz ora şəhərdən getmişdik, onlar da kənd
insanları. Haradasa yaşam tərzlərimiz bir qədər fərqli
idi. Müəyyən uyuşmazlıqlar var idi, bunu çox
yerdə demişik. Bəziləri davaya meyilli idilər.
Aydın məsələdir ki, mentalitetin hökm
sürdüyü bir kənd idi, amma zamanla bir-birimizə
uyğunlaşa bildik, "hamımız azərbaycanlıyıq"
prinsipi ilə işimizi yekunlaşdırdıq.
- Gənc rejissorlarımızın bir çoxu festival
filmlərinə daha çox can atırlar. Siz necə?
- Açığı, hər hansı festivalda
iştirak etməmişəm, bu haqda da ətraflı
düşünməmişəm, amma yəqin ki, nə zamansa
festival üçün də film çəkərəm.
Festival məsələsinə yanaşmam bir az fərqlidir.
Bizim ölkədə kino sektoru o qədər də güclü
deyil və tamaşaçılarımızın yaxşı
məhsullara ehtiyacı var. Onlar kinomuzu izləməlidir,
artım baş verməlidir. Öz kino sənayemiz daha da
qloballaşıb böyüməlidir. Bu mövzu mənim daha
çox qayğılı yerimdir. Əsas odur ki, burada, bu
ölkənin sərhədləri daxilində insanlar mənim
məhsullarımı izləsinlər, həm də təkcə
mənim yox, digər həmkarlarımın da. Rejissoruluq həm
çətin, həm də maraqlı peşədir. Variantlar
çoxdur. Biri platforma üçün çəkir, biri
kanallar üçün çəkir, biri yutub
üçün çəkir. "Yol ancaq festival yoludur"
məsələsinə mən isti baxmıram. Həm də
ki, festivala film çəkmək asan deyil, yaxşı əlaqələr
qurmalısan, vaxt aparan məsələdir. Amma bizi festivallarda
yüksək səviyyədə təmsil edən həmkarlarımıza
da alqış düşür. Onlara da böyük ehtiyac var,
nəticədə bizim ölkənin adıdır. Bizim
üçün qürurlu məsələdir. Söhbət
festivallarda keyfiyyətli filmləri ilə Azərbaycanı təmsil
edən rejissorlardan gedir. Yoxsa elə yerindən duran,
adını bilmədiyimiz festivallara film göndərir, gəlir
orda-burda da danışır ki, filan festivalda iştirak
etmişəm.
- Gördüyünüz işlərdə
qarşılaşdığınız hansı ortaq problemlər
var?
- Həmişə dəyişilməz çətinlik
olur, onlardan biri də maddi çətinlikdir. Rejissor bilir ki, əlindəki
materialı keyfiyyətli şəkildə hansı məbləğə
çəkmək olar. Gedirsən, ağlındakı məbləği
deyirsən. İndiyə qədər görməmişəm
ki, biri deyə, 50 min də üstünə qoyuram, təxəyyülündəkindən
də daha yaxşısını çək. Həmişə
qiymətlər aşağı düşülüb, amma
çox yaxşı iş istənilib. Onda da azərbaycanlı
variantına gedilir. Əşi, dostuq, qardaşıq, gəl,
bu qiymətə razılaş. Belə-belə, qoymuruq ki,
ağac qurusun. Biz böyük şirkətlərə Azərbaycan
kinosunu sevdirməliyik, çünki işin əsas hissəsini
onlar təşkil edir. Onlar istəməlidirlər ki, gözəl
filmdə onun məhsulu görünsün.
- Əlixan Rəcəbovun sponsorların əsl
üzünü göstərən "Sifariş" filmi
yadıma düşdü.
- Əlixan o filmi bütün
çılpaqlığı ilə çəkib, demək
olar ki, vəziyyət eynidir. Adam beş manat pul verir, bəziləri
utanmasa, deyər ki, elə filmə də özüm çəkilim.
İstəyir, qapıya da, maşına da, aktyorun köynəyinə
də onun məhsulunun adı yazılsın. Məkan onun
iş yeri olsun, hətta utanmasa deyər ki, obrazın adına
mənim məhsulumun adını ver. Amma bunu hamısına
aid etmək də doğru olmaz. Bəziləri deyir ki, elə
reklamın mənə xeyri yoxdur, sənin də filmini zay edəcək.
Ya filmin əvvəlində, ya da axırında mənim məhsulumun
adını yaz, kifayətdir.
- Elvin Rüstəmzadə
yaradıcılığı Azərbaycan kinosuna hansı
töhfələri verməyi düşünür?
- Ümid edirəm ki, gələcəkdə çəkdiyim
filmlər uzun illər tamaşaçının
yaddaşında qalar. İllər keçsə də, təkrar-təkrar
açıb eyni həvəslə yenidən izləyərlər.
Ləman İLKİN
525-ci qəzet .- 2025.- 22 may(№88).- S.8.