"Molla Nəsrəddin"
jurnalının tədqiqi yolunda önəmli addım
Milli dəyərlər sistemində özünəməxsus
yer tutan, mədəni tərəqqi meyarlarından olan milli mətbuatımızın
150 illik yubileyi dövlət səviyyəsində qeyd edilir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bununla
bağlı 25 aprel 2025-ci il tarixli Sərəncamında da qeyd
olunduğu kimi, milli mətbuatımız ümummilli məqsədlərin
gerçəkləşməsində mühüm rol
oynayıb.
Belə mətbuat orqanlarından biri də Şərqin
ilk satirik mətbuat orqanı, Azərbaycandan Şərq
dünyasına doğan maarif, tərəqqi günəşi
"Molla Nəsrəddin" jurnalıdır.
7 aprel 1906-cı ildə nəşrə başlayan
"Molla Nəsrəddin" jurnalının milli mənəviyyatımız,
mətbuatımız və ədəbiyyatımız
qarşısındakı xidmətləri, gətirdiyi yeniliklər,
klassik irsə münasibəti hər zaman ədəbiyyatşünaslıq,
mətbuatşünaslıq üçün aktual mövzu
olub. Bu jurnal ətrafında formalaşan mollanəsrəddinçi
ədəbi məktəbin nümayəndələri qiymətli
yaradıcılıq irsi ilə bədii-estetik fikrimizin zirvəsində
dayanır. Bədii-estetik təfəkkürdə "Molla Nəsrəddin"
jurnalına qayıdış, bu zinətli söz xəzinəmizdən
bəhrələnmə tarixin bütün mərhələlərində
- əsrdən çox zaman keçməsinə baxmayaraq, hətta
müasir internet jurnalistikası, robotojurnalistika, süni
intellekt çağında belə vacibdir. Təsadüfi deyil
ki, 150 illik zəngin mətbuat tariximizin tədqiqinə nəzər
saldıqda Azərbaycan mətbuatşünaslığının
ən inkişaf etmiş sahəsinin məhz mollanəsrəddinşünaslıq
olduğunu söyləmək mümkündür.
Naxçıvan Dövlət Universitetinin dosenti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi
İman Cəfərovun "Molla Nəsrəddin"
jurnalı və Şərq ədəbiyyatı" adlı
monoqrafiyası bu istiqamətdə atılan mühüm
addımdır.
Görkəmli mirzəcəlilşünas, Əməkdar
elm xadimi, akademik İsa Həbibbəylinin elmi redaktoru,
Naxçıvan Dövlət Universitetinin dosentləri,
filologiya üzrə fəlsəfə doktorları Hikmət
Mehdiyev və Şəhla Şirəliyevanın rəyçiliyi
ilə nəşr olunmuş monoqrafiya "Molla Nəsrəddin"in
bütövlükdə Şərq ədəbi-mədəni
mühitindəki mühüm çəki və dəyərini
yeni aspektdə müəyyənləşdirmək
baxımından elmi dəyər və aktuallıq kəsb
edir.
Müəllif mollanəsrəddinşünaslıq
elmi-nəzəri konsepsiyasının dərinliklərinə
nüfuz edərək "Molla Nəsrəddin" ədəbi
məktəbi ilə Şərq ədəbiyyatının
estetik bağlar sisteminin konkret elmi problem kimi tədqiq
olunmadığını vurğulayır. İman Cəfərov
nəinki mollanəsrəddinçilərin, ümumilikdə,
azərbaycanlı müəlliflərin
yaradıcılığının dünya ədəbiyyatı
faktı kimi öyrənilməməsi səbəblərinə
elmi işıq salır.
Fitrətən Şərq folklorundan, Şərq
yumorundan yoğrulan "Molla Nəsrəddin"in həqiqi
ideya qaynağından - Şərq ədəbiyyatdından
zorla "qoparılıb" Qərbə, rus ədəbiyyatına
ilhaq edilmə cəhdləri monoqrafiyada XIX əsrin əvvəllərindən
başlayaraq Azərbaycanda həyata keçirilən qatı
ruslaşdırma siyasəti, bolşevizmin rus ədəbiyyatını
təbliğ etmək ideologiyası ilə əlaqələndirilir.
Monoqrafiyanın "Azərbaycan ədəbiyyatşünaslığında
"Molla Nəsrəddin" jurnalı və Şərq ədəbiyyatı
problemi" adlanan I fəslində Əziz Mirəhmədov,
Əziz Şərif, Mirzə İbrahimov kimi mirzəcəlilşünasların,
Cəfər Xəndan, Ənvər Əhməd kimi
sabirşünasların elmi irsi dərindən
araşdırılaraq təhlil edilir. Müəllif haqlı
olaraq bu axtarışlarının məntiqi yekunu kimi son 30
ildə mollanəsrəddinşünaslığın
uğurlarının əsas müəllifi, müasir mollanəsrəddinşünaslıq,
mirzəcəlilşünaslıq elmi-nəzəri təliminin
banisi akademik İsa Həbibbəylinin elmi qənaətləri
üzərində dayanır. İman Cəfərov akademik
İsa Həbibbəylinin mollanəsrəddinşünaslıq
elmi fəaliyyəti ilə Azərbaycan mətbuatşünaslığı,
mirzəcəlilşünaslığı
qarşısındakı müstəsna xidmətlərini
konkret elmi istiqamətlər üzrə təhlil edir.
Naxçıvan ziyalı mühitinin, ədəbi mühitinin
Cəlil Məmmədquluzadəninin dünya ədəbiyyatı
ilə mənəvi bağlılığında mühüm
rol oynaması, böyük ədibin klassik Şərq ədəbiyyatı
ilə məhz Naxçıvan ziyalıları,
Naxçıvan elmi-ədəbi mühiti vasitəsilə
tanış olması konkret hadisə və faktlarla ortaya
qoyulur.
Monoqrafiyanın II fəsli "Molla Nəsrəddin"də
Firdovsi sənətinə münasibətin ədəbi estetik
prinsipləri" adlanır. Müəllif bu fəsildə
mollanəsrəddinçilərin klassik irsə münasibəti
kontekstində vurğulayır ki, onlar hər sahədə
müasirlik tərəfdarı olduqları kimi yeni nəsillərin
çağdaş dünya elminə və ədəbiyyatına
rəğbətini də təqdir edir. Tədqiqatda bu elmi qənaətə
gəlinir ki, mollanəsrəddinçilik Şərq
xalqlarının estetik təfəkküründə
daşlaşmış, möhürlənmiş Firdovsi irsinə
münasibətdə də böyük bir təkamül yolu
keçib. Onun 50 min beytdən artıq "Şahnamə"
epopeyası ilə Sabirin 43 beytdən ibarət həcmcə ən
böyük satirası olan, parodiya janrına aid edilən
"Şahnamə"si arasında aparılan elmi müqayisə
həm də rəmzi xarakter daşıyır. Belə bir elmi
nəticəyə gəlinir ki, Sabir satirasının poetik
qüdrəti, ideya gücü məhz yüzillər ərzində
bədii yaddaşımızda daşlaşan, bütləşən
lirik, yaxud epik şeirin ənənələrindən bəhrələnməklə
ərsəyə gəlmişdi.
Tədqiqatdan aydın olur ki, mollanəsrəddinçilər
ədalətsizlik, despotizm, saxta qəhrəmanlıq,
nadanlıq kimi eybəcərlikləri ifşa etmək
üçün Firdovsinin Rüstəm və Zohhak
obrazlarına tez-tez müraciət etməli olmuş,
xüsusilə də İranda şahlıq rejiminə
qarşı mübarizədə bu, ən kara gələn ədəbi-bədii
priyoma çevrilmişdi.
"Ömər Xəyyam optimizmi ilə "Molla Nəsrəddin"
realizmi arasında ortaq məqamlar" adlı 3-cü fəsildə
İman Cəfərov Sabirin 1910-cu ildə "Həqiqət"
qəzetində böyük Şərq şairi Ömər Xəyyamdan
etdiyi tərcüməni təhlil etməklə mollanəsrəddinçi
satiriklərimizin bədii tərcümə sənətinin
inkişafındakı xidmətlərini də ortaya qoymuş
olur, mollanəsrəddinçi şairin bəzi əsərlərini
Azərbaycan ədəbiyyatında satirik rübailərin ilk
nümunələri kimi səciyyələndirməklə ədəbi
janr dəqiqləşdirməsi də aparır. Bu qənaətə
gəlinir ki, Cəlil Məmmədquluzadə öz
ideyalarının təsdiqi üçün Şərq
mütəfəkkirlərinin əsərlərinə üz
tutaraq istinad nöqtəsi axtarmış və bu məqamda
Ömər Xəyyam cəsarətini, onun ibrətamiz
yaradıcılığını xüsusi heyranlıqla dəyərləndirmişdi.
Ümumiyyətlə, mollanəsrəddinçilərin Xəyyam
şəxsiyyətinə və yaradıcılığına
ehtiramı onunla izah edilir ki, həqiqətpərəstlik, ədalət
məqamı çərçivəsində mollanəsrəddinçilərlə
Xəyyam taleyi, yaradıcılığı arasında bir
doğmalıq, yaxınlıq müşahidə olunur.
Monoqrafiya müəllifi "Mədfən" felyetonunu Ömər
Xəyyam yaradıcılığını elmi ictimaiyyətə
təqdim etmək baxımından qiymətli örnək kimi
təqdim edir. Bu felyetonun Cəlil Məmmədquluzadəyə
aid olduğunu tutarlı elmi dəlil və sübutlarla təsdiqi
isə mirzəcəlilşünaslığa, mətbuatşünaslığa
elmi töhfədir.
"Mollanəsrəddinçilərin sənət məktəbi
və Sədi Şirazi yaradıcılığı"
adlı 4-cü fəsildə bildirilir ki, Cəlil Məmmədquluzadə
və mollanəsrəddinçilər məşhur fars-tacik
şairi Sədi Şirazi yaradıcılığına da
biganə qalmayıb, vaxtaşırı bu böyük
şairin də poetik irsinə müraciət ediblər. Mirzə
Cəlil mühafizəkar təfəkkürlərlə
mübarizə yolu tutduğundan Sədinin müdrik kəlamlarını
yada salmaqla bərabər, zülm və ədalətsizlik
qarşısında ifrat müdrikliyin əhəmiyyətsiz
olduğunu da xatırlatmağı lazım bilib. Mətbuatşünas
alim dərin elmi müşahidələri, gərgin elmi axtarışları
əsasında bu qənaətə gəlir ki, mollanəsrəddinçilər
arasında Sədi yaradıcılığından ən
çox qaynaqlanan müəlliflərdən biri Sabirdir. Təbii
ki, Sədi yaradıcılığı da mollanəsrəddinçilərin
tənqid hədəfindən kənarda qalmır. Lakin bəhs
etdiyimiz monoqrafiyada qeyd olunur ki, "Molla Nəsrəddin"də
Sədiyə ünvanlanan tənqid radikal
inkarçılıq xarakteri daşımır. Cəlil Məmmədquluzadə
yeni cəmiyyətdə Şərq klassik ədəbiyyatına
münasibətin yeni prinsiplərini müəyyənləşdirmək
mövqeyindən çıxış edir.
Monoqrafiyanın son fəsli "Məhkum Şərqə
münasibətdə Hafiz Şirazi şeiri "Molla Nəsrəddin"
tənqidi realizmi müstəvisində" adlanır. Müəllif
mollanəsrəddinçilərin şərə qarşı
mübarizədə qəzəl ədəbiyyatının
ustad sənətkarı Hafiz Şirazi sənətindən
novatorcasına bəhrələyindiyini təsdiqləyir, Hafiz
sözü ilə "Molla Nəsrəddin"
satirasının mənəvi
bağlılığını araşdırır.
İman Cəfərov ilk dəfə əhatəli tədqiqat
obyektinə çevirdiyi aktual bir elmi problemin həllində dərininə
nüfuz edərək "Molla Nəsrəddin"in Şərq
klaasik ədəbiyyatına müraciətinin
trayektoriyasını, dinamikasını, məsələ ilə
bağlı müəyyən tarixi mərhələlərdə
ictimai-siyasi proseslərlə bağlı qabarma və çəkilmələri
elmi əsaslandırılmış şəkildə verə
bilib. Belə ki, jurnalın 1926-cı ildən sonrakı
saylarında Firdovsi yaradıcılığına çox təsadüfi
halda müraciət etməsi totalitar sovet rejiminin artıq Azərbaycanda
Şərq xalqlarının milli dəyərlərindən, ədəbiyyatından
təcridetmə siyasəti ilə əlaqələndirilib.
1920-ci illərin sonlarında Cəlil Məmmədquluzadənin
Sədi Şirazi "Gülüstan"ına bir qədər
sürətli müraciət etməsi mövhumat və xurafata
qarşı fəal mübarizədə bu əsərdən
istinad nöqtəsi kimi istifadə etmək niyyəti ilə əlaqələndirilir.
Milli mətbuat tariximiz ilə Şərq ədəbi
irsinin, klassik bədii təfəkkürünün vəhdətdə öyrənilməsi
məramına xidmət edən "Molla Nəsrəddin"
jurnalı və Şərq ədəbiyyatı"
monoqrafiyası bütövlükdə milli mətbuatımızın
150 illiyinə qiymətli elmi töhfədir. Yeni elmi faktlarla zəngin
bu nəşr akademik İsa Həbibbəyli tərəfindən
təməli qoyulan müasir mirzəcəlilşünaslıq
elmi məktəbinin layiqli davamı kimi də dəyərlidir.
Bu tədqiqat əsəri indiyədək ömrünün 40
ilini elmi-pedaqoji fəaliyyətə həsr etmiş,
Naxçıvan Dövlət Universitetində illərdir ki,
elmi-pedaqoji fəaliyyət və
təşkilatçılıq sahəsində paralel
şəkildə uğurla fəaliyyət
göstərən dosent İman Cəfərovun uğurlu elmi
yaradıcılıq hesabatı da sayıla bilər.
Mehriban SULTAN
Filologiya üzrə fəlsəfə doktoru,
Naxçıvan Muxtar
Respublikasının Əməkdar jurnalisti
525-ci qəzet .- 2025- 23 may(№89).- S.13.