Abidələşən işıq  

 

Esse

 

 

İnsan var, yaşadığı müddətcə elə bir işıq saçır ki, özü getdikdən sonra da o işıq hələ uzun illər yolumuzu aydınlatmağa davam edir. Bəzən bir ömür elə parlaq olur ki, yoxluğu belə qaranlıq gətirmir, gətirə bilmir, əksinə, iz buraxdığı hər yeri daha da görünən edir. Qənirə Paşayeva da məhz belə insanlardan idi. Onun yoxluğu hələ də çoxumuz üçün qəbulolunmaz, anlaşılmaz, ağrılı bir həqiqətdir. Onun qəfil gedişi, bizə bir daha həyatın nə qədər kövrək, nə qədər qeyri-müəyyən olduğunu xatırlatdı.

Məhz belə hallarda həyatın nə qədər amansız olduğunu anlayırsan: bir gün bir tədbirdə, bir səfərdə, bir müsahibədə, ya bir xeyirxah işin başında görürsən, sabah isə... o işıqlı sima büstləşir. Bu keçid - canlılıqdan heykələ, nəfəsdən səssizliyə keçid - insan ruhunu dondurur. Sanki zaman o andan etibarən başqa cür axmağa başlayır.

Bir neçə gündür sosial media, xəbər portalları bu xəbəri tirajlayır: "Qənirə Paşayevanın büstü hazırlanıb". Bu cümlə öz sadəliyinə rəğmən, içində bir dövrün bağlanmasını, bir yoxluğun daimi varlığa çevrilməsini daşıyır.

Bu xəbər kimin üçünsə sadəcə məlumat ola bilər. Amma onun doğmalığını yaşamış, səsini eşitmiş, diqqətini hiss etmiş, köməyini görmüş minlərlə insan üçün içində bir şeylərin qopması, ümidsiz ümidlərin də ölməsi deməkdir. O, yalnız bir millət vəkilindən ibarət deyildi, o, hər evdə bir dua kimi, hər ürəkdə bir təskinlik kimi var olmuşdu.

Çünki Qənirə xanım cansız bir abidədən daha çox idi. O, canlı bir varlıq kimi hər yerə yetən bir kölgə, hər yaraya məlhəm, hər susan üçün söz, hər çəkilən üçün dayaq idi. Onun varlığı öz çevrəsini deyil, bütün cəmiyyəti aydınladırdı. Hər təbəqədən insan onun üçün eyni dərəcədə doğma idi. O, siyasətçinin soyuqluğundan uzaq, şairin kövrəkliyi, ananın şəfqəti, döyüşçünün cəsarəti ilə yaşamışdı. Bu üçlü harmoniyanı bir insanda cəmləşdirmək nadir alınır. Qənirə xanım isə bunu təbiiliyi ilə, səmimiliyi ilə və inamla bacarırdı.

Yalnız parlamentdə deyil, Qarabağda, Güney Azərbaycanda, Türkiyədə, Kərkükdə, Suriya türkmənlərində - harada bir soydaş dərdi vardısa, Qənirə xanım oradaydı, onun yanında idi. O, təkcə deputat mandatı ilə deyil, ürəyi ilə sərhədləri aşır, harada bir dil, bir dərd, bir vətən sevgisi varsa, onun yanında yer alırdı.

O, millət anlayışını mənəvi sərhədlərlə düşünənlərdən idi. Onun üçün millət bir vətəndaşlıq sənədindən əlavə, ruhun səsi, qanın yaddaşı idi.

Ona görə də hazırlanmış büstə baxarkən sadəcə bir fiqur görmürük, bir dövrün, bir ruhun, bir amalın təcəssümünü görürük. O büst sanki "hələ buradayam" deyir. Varlığı fiziki olmasa da, missiyası hələ də bizimlədir.

Bu abidə bizə təkcə itirdiyimizi xatırlatmır, həm də yaşatmalı olduğumuz dəyərləri xatırladır. Çünki hər abidə həm də məsuliyyətdir - onu ucaldan cəmiyyətə, gələcək nəsillərə qarşı.

Sadəcə 47 il yaşadı Qənirə Paşayeva. Amma o illərə sığışan enerji, iş, sevgi və fədakarlıq çoxunun yüz ilinə bərabərdi. Onun həyat ritmi elə sürətli, elə mənalı idi ki, sanki zaman özü onunla yarışa girmişdi.

Həyatının yarımçıq qaldığını deyirik, amma bəzən elə yarım ömürlər daha böyük bütövlük yaradır. Onun yarımçıq görünən həyatı bütöv bir örnəyə çevrildi, hər kəs üçün bir ilham qaynağına döndü.

Büstlər zamanla toza bələnsə də, bəzi adlar heç zaman unudulmur. Qənirə Paşayeva kimi tarixdə iz buraxanlar unudulmur, çünki onların adı daşdan əvvəl qəlblərə yazılır. O, indi abidə oldu, amma yaddaşımızda hələ də canlı, hələ də gülümsəyən, hələ də danışan doğmamızdır. Onun səsi hələ də çıxmadığı tribunlarda eşidilir, adı çəkilmədiyi yerlərdə hiss olunur.

Qalanlara düşən vəzifə isə onun abidəsinə baxaraq kədərlənmək deyil. Bu, bir son yox, bir çağırışdır. Davam elətdirmək, qorumaq, örnək almaq çağırışı. Bəziləri hazırlanmış büstün Qənirə xanıma bənzəmədiyini deyir. Ancaq Qənirə Paşayeva təkcə fiziki simadan ibarət deyildi axı. O, bir azca qıyıq gözlərilə məhəbbət, zərif təbəssümü ilə nur, sadə, təbii görünüşü ilə səmimiyyət, qayğı, doğmalıq idi. Bizim missiyamız onun fiziki simasının davasını döymək yox, o baxışın içindəki gücü, o təbəssümdəki nurun səbəbini anlamaq, yaşatmaq, davam etdirməkdir. Hər detalda bir həyat fəlsəfəsi, bir iradə, bir amac gizlidir. Çünki bəzən bir abidə bir ideyanın davamına çevrilə bilər. Yaxud bir xalqın vicdanına. Bəzi abidələr sadəcə yaddaşı deyil, gələcəyi də formalaşdırır.

Qəlbimizdə yaşayan Qənirə Paşayeva indi bir büst, bir abidədir. Amma o abidə elə həyat qədər, vətən qədər canlıdır!

 

Şahanə MÜŞFİQ

525-ci qəzet .- 2025- 23 may(№89).- S.12.