Uzun ömrün unudulmaz anları
AĞDAMIN TANINMIŞ ZİYALISI, ƏMƏKDAR
JURNALİST BƏBİR HÜSEYNOV HAQQINDA XATİRƏ-ESSE
...O, dünyasını dəyişəndə 92
yaşında idi. Bu ömrün tən yarısı
jurnalistikaya həsr olunmuşdu. Əslində, rayon qəzetinin
redaktoru vəzifəsinə, həmin dövrdə dəbdə
olan ifadə ilə desək, "partiya göndərişi"
ilə gəlmişdi və bundan elə də məmnun
olmadığın hərdən büruzə verirdi.
Çünki daha nüfuzlu işə, daha böyük
kollektivlərə rəhbərlik etmək gücü və
qabiliyyəti vardı. Baxmayaraq ki, redaksiyanın azsaylı,
amma problemləri heç də az olmayan kollektivində
nizam-intizam, yeni yaradıcılıq ab-havası yaratmaq da asan
başa gəlmədi. Buradakı əməkdaşların əksəriyyətinin
jurnalistika üzrə ali təhsili, qəzetçilikdə
30-40 illik təcrübəsi var idi. Onlardan bir neçəsi
başqa rayonlarda uzun müddət redaktor işləmişdi,
mərkəzi qəzetin, respublika radiosunun bölgə
müxbiri olmuşdu. Püxtələşmiş və kəsərli
qələmi olan bu adamlara rəhbərlik etməyin,
sözün düzünü desək, onlarla yola getməyin
çətinliyini yaxşı bilirdi. Ancaq özünəməxsus
təmkin və cəsarətlə işə başlayaraq,
qısa vaxtda redaktorluq istedadı, təşkilatçılıq
bacarığı sayəsində redaksiyada işgüzar əhval-ruhiyyə,
qəzetdə canlanma yarada bildi.
Bütün bunların canlı şahidi olmuşam. Bəbir
müəllimin redaktor təyin olunduğu 1979-cu ildə mən
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin
qiyabi şöbəsinə qəbul edilmişdim. Həmin ilin
sonunda isə artıq Ağdam rayon mətbəəsində
işləməyə başlamışdım. Mətbəə
redaksiyaya tabe deyildi, müstəqil idi. Amma siyasi-ideoloji
baxımdan bağlılıq bu iki qurumun birgə fəaliyyətini
şərtləndirirdi. Üstəlik, Bəbir müəllim
rayonun yerli hakimiyyət orqanında - partiya komitəsində təbliğat-təşviqat
şöbəsinin müdiri kimi hər iki təşkilata
kuratorluq, yenə o dövrün anlamında, siyasi rəhbərlik
etmişdi. Yəni onun redaktor vəzifəsinə özü
ilə birlikdə gətirdiyi hörmət və nüfuz mətbəə
kollektivinə də təsirsiz deyildi. Bəbir müəllimin
sözü, tapşırığı mətbəənin
direktorundan ta sıravi işçilərinədək hamı
üçün ötkün və keçərli idi...
O vaxtlar rayon qəzetləri həftədə
üç dəfə çıxırdı. Hər nömrənin
materialları, ilk səhifəsi redaksiya blankında olmaqla,
yazı makinasında çap edilir, redaktorun imzası ilə təsdiqlənir
və qəzetin məsul katibi tərəfindən mətbəəyə
gətirilirdi. Qəzetin çapa hazırlanması prosesində
ilkin mərhələnin icraçısı olan linotipçi
(indiki kompüter operatorluğuna adekvat bir peşə idi) və
gələcək jurnalist kimi redaktorun qeydlərinə
xüsusi diqqət yetirirdim. Onun çapa imzaladığı
yazılarda inidinin özündə də mətn redaktəsinə
olan bütün tələblərə ciddi əməl
edilirdi. Uzun müddət tarix müəllimi işlədiyi,
sonralar ideoloji sahədə çalışdığı
üçün Bəbir müəllim ictimai-siyasi konteksti
yaxşı bilməklə yanaşı, qəzet dilinin,
publisistikanın da xüsusiyyətlərinə bələd
idi, çünki əvvəlki vəzifələrində
yazılı-şifahi nitqin qayda-qanunlarını dərindən
mənimsəmişdi. Vaxtilə redaktor olmuş və ya mərkəzi
mətbuatda işləmiş əməkdaşların
yazılarını bəzən qırmızı qələmi
ilə elə "söküb-yığırdı" ki,
redaktənin mükəmməlliyi qarşısında kimsə,
necə deyərlər, çınqırını
çıxara bilmirdi. Mən həm mətn üzərində
işləmək, həm də redaksiyanın işini təşkil
etmək baxımından redaktorluğun ilk dərslərini Bəbir
müəllimdən öyrənməyimi jurnalist taleyimin
uğuru hesab edir və daim minnətdarlıq hissi ilə
xatırlayıram.
Yeri gəlmişkən, Bəbir müəllimi
yaxından tanıyan nüfuzlu ziyalılardan bir neçəsinin
onun mənəvi-əxlaqi keyfiyyətləri, ictimai-siyasi fəaliyyəti,
dünyagörüşü barədə
yazdıqlarını oxumuşam. Hamısı doğrudur, hər
birinin fikiri təqdirəlayiqdir. Amma konkret həyat faktna,
yaddaqalan, ibrətamiz bir hadisəyə isnad edən yoxdur… Məsələn,
xatirə yazanlar Bəbir müəllimin rayon qəzetinə rəhbərlik
etdiyi dövrdə gənc jurnalistlərə himayədarlıq
göstərdiyini, onların
yaradıcılığını yönləndirdiyini,
peşəkarlıq qazanmalarına
çalışdığını və buna nail
olduğunu yada salımırlar. Yalnız tanınmış
jurnalist Süleyman Qaradağlının "525-ci qəzet"də
dərc olunmuş "Mənalı ömrün altı
unudulmaz şəkli" sərlövhəli publisistik qeydləri
istisnadır. Bəbir müəllimin 90 illik yubileyinə həsr
olunmuş həmin maraqlı yazıda müəllif onun vaxtilə
redaksiyada işə götürdüyü jurnalist diplomlu gənclərdən
4 nəfərinin, eləcə də o dövrdə məktəbli
və ya tələbə ikən ilk dəfə imzaları
rayon qəzetində görünənlərdən və indi mətbuat
aləmində sanballı yer tutanlardan bir neçəsinin
sonralar fəxri adlara layiq görüldüyünü
xatırladır. Onu da qeyd edim ki, Bəbir müəllim
özü "Əməkdar jurnalist" adını 1991-ci
ildə almışdı və yetirmələrinə də fəxri
adların verilməsindən qürur hissi keçirirdi.
Ağdam rayon qəzetinin işçiləri - (soldan
sağa) Şamil Əkbərov (redaktor müavini), Bəbir
Hüseynov (redaktor), İlyas Allahverdiyev (şöbə
müdiri), Elşən Əliyev (məsul katib),
Baxşeyiş Abbasoğlu (ədəbi işçi), Arif
(sürücü). Ağdam, Abdal-Gülablı, 1990-cı il.
Mənim peşəkar jurnalistikada öz yerimi tapmaqda
da ilk bələdçim, qayğıkeşim Bəbir müəllim
olub. Ali məktəbi bitirib diplomu təzəcə
alımışdım ki, məni - mətbəə fəhləsini
birbaşa redaksiyanın məsul katibi vəzifəsinə təyin
etdi. Buna qədər isə mənim redaksiya-mətbəə
ilk partiya təşkilatının katbi seçilməyimə
də dəstək vermişdi; gənc bir jurnalist
üçün bu o vaxtlar yaxşı karyera vəd edən
bir irəliləyiş idi. Təbii ki, mətbəədə
işlədiyim müddətdə redaksiya ilə sıx
yaradıcılıq əlaqələrim vardı və
yadımdadır ki, Bəbir müəllimin ilk dəfə ona
təqdim etdiyim yazını oxuduqdan sonra razılıq ifadə
edən təbəssümlə mənə baxıb:
"Yaxşı yazırsan!" deməsi özümə
güvənimi birəbeş artırmışdı...
Onu da xatırlayıram ki, məsul katib işləməyə
başladığım ilk günlərdə həmin vaxt
respublika qəzetlərindən birinin redaktor müavini olan həmyerlimiz
redaksiyaya qonaq gəlmişdi. Bəbir müəllim məni təqdim
edəndə o, təəccüblə dedi: "Niyə təcrübəli
jurnalistlərdən birini məsul katib təyin etməmisiniz?"
Redaktor bu irada cavab olaraq, mənim həmin vəzifənin
öhəsindən daha yaxşı gələ biləcəyimə
inandığını bildirdi... Bəbir müəllimin
etimadını doğrultmaq üçün, sözün həqiqi
mənasında, gecə-gündüz böyük həvəslə
çalışırdım. Məsul katib işlədiyim 3
il ərzində qəzetin həm məzmun, həm də tərtibat
baxımından maraqlı olması, oxucu tələbinə
cavab verməsi üçün əlimdən gələni
edirdim. Redaktor mənə o qədər inanırdı ki, hətta
qəzeti çapa imzalamaq səlahiyyəti vermişdi. Redaksiyanın
təcrübəli əməkdaşları da xətir-hörmətimi
saxlayır, fəaliyyətimi dəstəkləyirdilər.
Birlikdə işlədiyimiz müddətdə Bəbir müəllim
başda olmaqla redaksiya kollektivindən daim xoş münasibət,
etibar, qayğı və diqqət gördüm, hər zaman
işimə dəyər verildiyini hiss etdim.
Həmin üç il - 1987-1990-cı illər
Qarabağda vəziyyətin gərginləşdiyi dövr idi.
Bölgənin mərkəzi rayonu kimi Ağdamın, ermənilərin
daim qorxub-çəkindikləri ağdamlıların üzərinə
ağır yük düşmüşdü. Qarabağın
dağlıq hissəsində yaşayan azərbaycanlı əhalinin
müdafiəsi və ərzaqla təminatı
üçün rayon camaatı böyük fədakarlıqlar
göstərirdi. Qaçqınlığın,
köçkünlüyün ilk dalğası, necə deyərlər,
Ağdamı vurmuşdu. Hələ müharibə alovlanmasa
da, separatçılar getdikcə qızışır,
bir-birinin ardınca milli zəmində çaxnaşmalar
törədirdilər. Ağdamın ilk şəhidlərini
verdiyi 1988-ci ilin fevral hadisələri, Bakıda 1990-cı ilin
Qara Yanvarı həmin dövrə düşdü.
Qəzetimizdə ilk vaxtlar, siyasi hakimiyyətin tələbinə
uyğun olaraq, xalqlar dostluğunu təbliğ edən
yazılar verilsə də, az sonra Bəbir müəllimin təşəbbüsü
ilə xalqın mübarizə ruhunu, milli mənəvi dəyərlərimizə
və tariximizə ehtramı ifadə edən materiallar ön
plana çıxarıldı. Ağdamlıların erməni
separatizminə qarşı 1988-ci ilin fevralın 21-də
keçirdiyi kütləvi etiraz aksiyasında tribunada dayanan,
xalqın səsinə səs verən yerli ziyalıların
arasında Bəbir müəllim də vardı. Ertəsi
gün isə o, ağdamlı gənclərin ətraf
rayonlardan gələn çoxsaylı etirazçılarla birgə
Əsgəran istiqamətində dinc
yürüşünü dayandırmağa
çalışan nüfuzlu şəxslər arasında idi.
Erməni silahl dəstələrinin
yürüşçüləri güllə-barana
tutmasının canlı şahidi olan Bəbir müəllimi
oradan yalnız təsadüf nəticəsində oradan
sağ-salamat qayıda bilmişdi. Az sonra dinc
yürüşün iki iştirakçısının -
Əli və Bəxtiyarın şəhid
düşdüyü, onlarla insanın yaralandığı
barədə xəbər gəldi...
Qanlı Yanvar hadisəsi baş verəndə, Azərbaycanın
bütün bölgələri kimi Ağdamın da informasiya
blokadasına düşdüyü, dövlət
orqanlarının və kütləvi-informasiya vasitələrinin
fəaliyyətinin iflic olduğu bir vaxtda yenə Bəbir
müəllimin təşəbbüsü və rəhbərliyi
ilə biz "Lenin yolu" adlanan qəzetimizdə
xalqımıza qan-qada gətirən bu yolu, bu ideologiyanı, hərbi
cinayət törədən sovet qoşununu kəskin şəkildə
ifşa edən yazılar verdik. Az sonra isə əziz dostum,
redaksiyamızın əməkdaşı Salman Alıoğlu
və həmin dövrdə milli-azadlıq hərəkatının
fəallarından olan Surxay Əlibəyli ilə birlikdə
rayonda "Ağdam" adlı ilk müstəqil mətbu nəşr
hazırlayıb bir neçə yüz nüsxə çap
etdik və artıq şəhərdə sovet hərbi
komendantlığının mövcud olmasına baxmayaraq
camaat arasında yaydıq. Təbii ki, redaktorumuz Bəbir
müəllimin, həmçinin mətbəənin direktoru
İsa müəllimin xəbəri olmadan mənim və
Salmanın bu işi görməyimiz mümkün deyildi. Allah
onlara da, Surxay müəllimə də rəhmət eləsin.
"Ağdam" qəzeti rayonda milli oyanışın
müjdəçisi idi və bundan az sonra Bəbir müəllim
"Lenin yolu" adını tarixin arxvinə göndərib,
qəzetin məhz "Ağdam" adı ilə nəşrinə
nail oldu. Məcburi köçkünlük başlayandan ta
1998-ci ilə qədər qəzetə rəhbərlik etdi, dogma
rayonun uğurlarını və ağrılarını
işıqlandırdı, sonra da bu vəzifəni öz yetirmələrindən
olan "Azərbaycan bayrağı" ordenli, Əməkdar
jurnalist Baxşeyiş Abbasoğluna etibar edərək,
pensiyaya çıxdı. Ancaq yenə jurnalist-publisist fəaliyyətindən,
ədəbi-ictimai mühitdən kənarda qalmadı: kitablar
yazdı, dövlətçilik ideyalarının təbliği,
gənc nəslin mənəvi tərbiyəsi bağlı tədbirlərin
fəal iştirakçısı oldu.
...Əslində, könülsüz gəldiyi, ancaq
könüldən bağlandığı jurnalist peşəsinə
ömrünün sonuna qədər sadiq qalan,
publisist-yazıçı kimi sanballı söz xəzinəsi
yaradan və mətbuatımızın inkişafına öz
layiqli töhfəsini verən Bəbir Qüdrət oğlu
Hüseynovun ömür kitabı çox zəngindir.
Kiçik bir essedə bu zənginliyi əhatə etmək
çox çətindir. Bununla belə, Bəbir müəllimin
uzun və mənalı ömür yolunda ailə amilinin önəmini
xüsusi qeyd etmək istərdim. Vəfatından iki il əvvəl
itirdiyi həyat yoldaşı Şükufə xanm hələ
cavanlığında təkcə Ağdamda deyil, ətraf
rayonlarda da ən bacarıqlı həkim-ginekoloq
tanınırdı, hörmət-izzət sahibi idi. Onlar birlikdə
dörd övlad böyütdülər. Birlikdə
böyük oğlanları Gündüzün faciəli
ölümünə yanıb yaxıldılar. Təsəlliləri
bu bəxtsiz cavanın yadigarları oldu. İkinci oğul
Vaqif, qızları Flora və Elnarə valideynlərinin
ümidlərini doğrultular, hazırda da cəmiyyətdə
öz layiqli yerlərini tuturlar. Hər üçü ailəlidir.
Bəbir müəllimin, Şükufə xanımın ailə
ənənələrini, nəvə-nəticələrlə
birlikdə, qollu-budaqlı bir nəsil davam etdirir.
...Gəncliyimin himayədarı, unudulmaz Bəbir
müəllimlə birgə işlədiyim vaxtları bu
gün - vəfatının birinci ildönümündə bir
az xiffət hissi ilə və daha çox da minnətdarlıqla
xatırlayaram, uca tanrıdan ona rəhmət diləyirəm.
Ağdam işğaldan azad edildikdən sonra əziz və
unudulmaz şəhərimizin xarabalıqlarını ziyarət
edərkən vaxtilə redaksiyamızın yerləşdiyi
binanın da tamamilə yox edildiyini görmək qəlbimi
ağrıtdı. Bəbir müəllimin o binanın
qarşısında əzəmətli duruşu
gözümün qabağına gəldi. Mənən zəngin
olan, öz şəxsiyyətini daim qoruyan, rayon ictimaiyyətinin
böyük hörmətini qazanmış bu boylu-buxunlu,
gülərüzlü böyük insanın biliyi, təcrübəsi,
xasiyyəti, davranışı bizim üçün örnək
idi və bu gün də örnək olaraq qalır.
Elşən ƏLİYEV
Əməkdar jurnalist
525-ci qəzet .- 2025- 23 may(№89).- S.10;11.