Terrorçunun edamı Azərbaycan-İran
münasibətlərinə necə təsir edəcək?
Azərbaycan-İran münasibətlərinin irəliyə
aparılmasında əsas problemlərdən biri öz həllini
tapdı. Söhbət 27 yanvar 2023-cü il tarixində Azərbaycanın
İran İslam Respublikasındakı səfirliyinə
qarşı terror hücumu həyata keçirmiş şəxslə
bağlı məhkəmə qərarının nəhayət
icrasından gedir. Həmin vaxt səhər saatlarında Yasin
Hüseynzadə adlı şəxs "Kalaşnikov"
markalı avtomat silahla mühafizə postunu yararaq, səfirliyin
mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə
yetirib, iki əməkdaş - Vasif Tağıyev və Mahir
İmanov isə hücumun qarşısını alarkən
yaralanıblar. Hadisəni əks etdirən görüntülərdən
bəlli oldu ki, əgər səfirliyin əməkdaşı
Vasif Tağıyev terrorçunu zərəsizləşdirməsəydi,
daha böyük faciə baş verə bilərdi.
Çünki səfirlik əməkdaşlarının ailə
üzvləri də həmin binada olublar.
Təbii ki, Azərbaycan dövlətinin bu terror hadisəsinə
reaksiyası dərhal oldu və adekvat qərarlar qəbul
edildi. Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın
Tehrandakı səfirliyinin fəaliyyəti
dayandırıldı, əməkdaşlar və onların ailə
üzvlərindən ibarət ümumilikdə 53 nəfər
ölkəyə qayıtdı. Bu hadisə o dövrdə
onsuz da ürəkaçan olmayan İran-Azərbaycan
münasibətlərini daha da pisləşdirdi. Rəsmi
Bakı tam haqlı olaraq İran tərəfindən lazımi
addımların atılmasını tələb etdi. Azərbaycan
dövləti ilk günlərdən terror aktının
obyektiv və açıq araşdırılmasında təkid
edirdi. Lakin İranda bu proses gecikir, bəzi hallarda mahiyyətdən
uzaqlaşama müşahidə edilir, qatilin psixi problemləri
olması, yaxud terror hadisəsini ailə-məişət məsələsinə
bağlamaq cəhdləri olurdu. Bu cür yanaşmalar isə
münasibətləri daha da gərginləşdirirdi.
Bakının prinsipial mövqeyində isə dəyişən
heç nə yox idi: cinayətkar öz layiqli cəzasını
almalı idi.
İran məhkəməsi 28 yanvar 2024-cü il tarixində
Yasin Hüseynzadə haqqında ölüm hökmü
çıxarır. İndi qalırdı müəyyən
instansiyaların keçilməsindən sonra həmin qərarın
icrası. İki il ərzində aparılan məhkəmə
proseslərindən sonra İran Ali Məhkəməsi səfirliyə
hücum edən şəxslə bağlı ölüm
hökmünü təsdiqlədi və iş Tehrana cinayət
hökmlərinin icrasına göndərildi. Ölüm
hökmü qərarı 21 may 2025-ci il tarixində səhər
saat 5-də icra olunub. Bununla da cinayətkar öz layiqli cəzasını
almış oldu.
Azərbaycanın Xarici İşlər Nazirliyi səfirliyə
hücum etmiş terrorçuya qarşı edam
hökmünün icrasına münasibət bildirib:
"Edamın icra olunması prosesini səfirliyimizin 2 nəfər
əməkdaşı və məhkəmə prosesində Azərbaycan
tərəfindən təyin edilmiş vəkil müşahidə
edib. Sözügedən terror aktını həyata
keçirmiş şəxsin ən ağır şəkildə
cəzalandırılması Azərbaycanın İran tərəfindən
əsas gözləntiləri sırasında idi.
Diplomatik əlaqələr haqqında Vyana
Konvensiyasına uyğun olaraq, diplomatik
missiyalarımızın təhlükəsizliyinin təmin
olunması və bu qəbildən əməllərin
qarşısının alınması istiqamətində yerləşmə
ölkəsi tərəfindən müvafiq tədbirlərin
görülməsi hər zaman əhəmiyyət kəsb
edir.
Qarşılıqlı hörmətə və
mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin
inkişafı istiqamətində birgə səylərin davam
etdirilməsini vacib hesab edirik".
Qeyd edək ki, Azərbaycanla İran arasında
aparılmış danışıqlar nəticəsində
15 iyul 2024-cü il tarixindən etibarən səfirliyimiz
Tehranda yeni ünvanda fəaliyyətini bərpa edib. Səfir və
səfirliyin heyəti İrana geri dönüb.
Terror hadisəsi təbii ki, ikitərəfli münasibətlərə
öz mənfi təsirini göstərdi. Onsuz da yaxın illər,
xüsusilə 44 günlük müharibə və ondan
sonrakı dövr İran-Azərbaycan münasibətlərində
gərginlik dövrü kimi xarakterizə olunur. İranın bəzi
regional məsələlərə yanaşması, bu ölkə
daxilində bir sıra qüvvələrin addımları, bəyanatları
əlaqələrin pisləşməsinə səbəb
olmuşdur. Amma son vaxtlar baş verənlər iki ölkə
arasında soyuqluq mərhələsinin geridə
qaldığını göstərir.
Azərbaycan və İran yaxın qonşu dövlətlərdir.
İki ölkəni birləşdirən məqamlar
çoxdur, tarixi bağlar, əsrlərə dayanan qonşuluq
münasibətləri, əməkdaşlıq ənənələri
burda mühüm rol oynayır. Eyni zamanda, regionda
formalaşmış yeni reallıqlar əməkdaşlıq
dinamikasını artırmaq üçün yeni imkanlar
açır. İki ölkənin iqtisadi baxımdan çox
vacib layihələri var, əməkdaşlıq potensialı
olduqca böyükdür. Ən vacib məqam isə budur ki, Azərbaycandan
heç vaxt İrana ziyan gəlməyib, ölkəmiz
İran əleyhinə qüvvələrə dəstək
verməyib, bütün dünya xalqları, xüsusilə
qonşu ölkələrlə dostluq, sülh və əmin-amanlıq
şəraitində yaşamaq, əməkdaşlıq etmək
prinsipini üstün tutur. Bakı Tehrana münasibətdə
həmişə səmimi olub, ikili standartlarla hərəkət
etməyib, cənub qonşusundan da eyni münasibəti
gözləyib.
Bu mənada cari ilin aprel ayında İran Prezidenti Məsud
Pezeşkianın Azərbaycana rəsmi səfərini
münasibətlərdə yeni səhifə hesab etmək olar.
Məhkəmə qərarının icrası nəzərə
alınmaqla, artıq deyə bilərik ki, bu səfər
öz bəhrəsini verir.
Prezident İlham Əliyev iranlı həmkarı ilə
görüşdə "Bizim məramımız, məqsədimiz
birdir - Azərbaycan-İran dövlətlərarası əlaqələrini
yüksək səviyyəyə qaldırmaq. Bunun
üçün müvafiq göstərişlər verildi və
əminəm ki, bu göstərişlər yerinə yetiriləcək",
- fikirləri Bakının İranla əməkdaşlığa
verdiyi önəmi göstərir.
Dövlət başçısı deyib ki, bu səfərin
münasibətlərimizin inkişafında çox önəmli
rol oynayacağına heç bir şübhə etmir: "Biz
Prezident Pezeşkianı səbirsizliklə gözləyirdik...
İkitərəfli formatda bölgədəki vəziyyət,
sülhün dayanıqlı olması, əmin-amanlığın
təmin edilməsi, ölkələrin suverenliyi, ərazi
bütövlüyü, ölkələrin daxili işlərinə
qarışmama kimi prinsiplər də üstün tutuldu".
İran Prezidenti isə münasibətlərin yeni
başlamadığını, qədim dövrlərdən
üzü bəri həmişə bir yerdə olduğumuzu
deyib: "Tarixin lap qədim dövrlərindən birlikdə,
yan-yana olmuşuq. Sərhəd qonşuluq deməkdir, evlərin
qonşuluğu kimi. Qonşuların həyəti var, evi var.
Lakin onların bir-birinin arasında gediş-gəliş olur.
Bir-birinə dayaq durarlar, kömək edərlər, səsinə
səs verərlər. Bizim bu bölgədə mədəniyyət,
din, etiqad, siyasət kimi bütün bu sahələrdə həddindən
artıq oxşar cəhətlərimiz var. Bununla fəxr
edirik. Çalışacağıq ki, bundan sonra da bu
müştərək dəyərlər əsasında
münasibətlərimizi davam etdirək".
İran lideri Azərbaycanla gələcək
üçün geniş, əhatəli və daha
yaxşı strateji planın olmasının əhəmiyyətinə
də toxunub: "Bütün sahələrdə - sənaye,
elm, mədəniyyət, iqtisadiyyat, siyasət, təhlükəsizlik
üzrə planlarımız olsun. Biz birlikdə bölgədə
sülh, təhlükəsizlik və əmin-amanlığı
təmin edəcəyik və öz çətinliklərimizi
həll edəcəyik. Əminəm ki, əgər biz müsəlman
ölkələri, regional dövlətlər və
qonşular, qədim dövrlərdən bir yerdə olmuş
qardaş və bacılar əl-ələ verib bir-birinin ərazi
bütövlüyünə hörmətlə yanaşsaq,
dünyaya baxışlarımız qarşılıqlı
qaydada razılaşdırılmış olacaq".
Görünən odur ki, Bakı-Tehran münasibətləri
son zamanlar, xüsusilə Prezidentin səfərindən sonra
xeyli istiləşib.
Azərbaycanın Tehrandakı səfirliyinə
hücum edən şəxsin edam olunması isə bu
münasibətlətin inkişafını daha da sürətləndirəcək.
Azərbaycan dövlətinin istədiyi də budur.
Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi
- Prezident Administrasiyasının xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfəri
və "Tehran Dialoq-2025" Forumunda iştirakı orada
İslam Respublikası rəsmiləri ilə keçirdiyi
görüşlər, müzakirələr təbii ki,
münasibətlərə öz müsbət təsirini
göstərəcək.
Prezidentin köməkçisi yerli KİV-ə
açıqlamasında bu məqama diqqət çəkərək
deyib: "Bu müzakirələr İran-Azərbaycan
münasibətlərinə yeni nəfəs, yeni təkan
verib. Bizim iranlı həmkarlarımızla
qarşımızda duran vəzifə ondan ibarətdir ki,
mövcud əlaqələri daha irəli aparaq. İranda
keçirilən Tehran Dialoq Forumu çərçivəsində
biz regional, qonşu dövlətlər arasında olan məsələləri
müzakirə etməklə bərabər, İranla Azərbaycan
arasında olan dostluq, qardaşlıq münasibətləri əsasında
əlaqələrimizin inkişaf perspektivlərini bir daha
müzakirə edəcəyik".
H.Hacıyev Forumun panelində bildirib ki, bu gün
regionda sülh üçün ideal şərait
yaradılıb. Hətta deyə bilərik ki, regionda faktiki
sülh və sabitlik hökm sürür. Azərbaycan əlindən
gələni edəcək ki, regionda tam və yekun sülh bərqərar
olsun.
Bu həftənin əsas hadisələri
sırasında Azərbaycanın işğaldan azad edilmiş
ərazilərində Azərbaycan və İran hərbi
qulluqçularının iştirakı ilə
"Araz-2025" birgə təliminin keçirilməsi oldu.
Müdafiə Nazirliyinin məlumatında deyilir ki, təlim
çərçivəsində qarşıya qoyulmuş
tapşırıqlar hər iki ölkənin hərbi
qulluqçuları tərəfindən dəqiqliklə yerinə
yetirilib.
Azərbaycan - İran münasibətləri öz
axarına düşərək irəliləyir, əməkdaşlığın
möhkəmlənməsi həm iki ölkə, həm
regionun inkişafı, təhlükəsizliyi
üçün vacibdir. Atılan addımlar, qəbul edilən
qərarlar əlaqələr üçün daha
yaxşı perspektiv vəd edir.
Pərvanə
525-ci qəzet .- 2025- 23 may(№89).- S.5.