İlklərə
imza atmaq üçün doğulmuş insan
Professor Ramiz Əskər Türk xalqlarının ədəbiyyatı,
tarixi, mədəniyyəti haqqında 100 kitab nəşr etdirəcəyinə
söz vermişdi. Lakin əcəl imkan vermədi. 2024-cü
il mayın 22-də bu dünyadan köçdü.
Ramiz Əskər elə bil ilklərə imza atmaq
üçün doğulmuşdu. Türk xalqlarının
klassiklərinin ən sanballı əsərlərini dilimizə
çevirib, onlara geniş ön söz və izahlar yazaraq
çoxunu da öz vəsaiti ilə nəşr etdirib paylayan
Ramiz Əskər olmuşdur. Söhbətlərində
orden-medalların, fəxri adların boş və mənasız
olduğunu, bizlərdən yazdıqlarımızın
qalacağını vurğulayırdı. Amma
mükafatlandırılanda da yox demirdi, onları əməyinə
verilən qiymət kimi qəbul edirdi. Beləcə nəşr
etdirdiyi əsərlərə görə 7 ölkənin
mükafatını almışdı, 20-dən çox
ölkədə 150-ə yaxın elmi məruzə
oxumuşdu. Kitabları Türkiyədə, Özbəkistanda,
İranda, Türkmənistanda və b. dövlətlərdə
nəşr edilmişdi. O, Türk xalqlarının klassik və
müasir yazıçı və şairlərinin əsərlərini
yalnız Azərbaycanda deyil, neçə-neçə ölkədə
nəşr etdirmişdi. Necə deyərlər, eyni zamanda, Azərbaycan
yazıçı və şairlərini, alimlərini də
Türk xalqlarına tanıtmışdı.
2024-cü ilin yanvarında Bakıxanov qəsəbəsindəki
kiçik bir yeməkxanada on-on beş dostla anadan
olmasının 70 illiyini qeyd etdik. Başqa dostları da
ayrı-ayrı yerlərdə beş-on nəfərlə belə
məclislər keçirmişdilər. Bu məclislərdəki
adamların sayı bəlkə də 150-200 nəfər
olardı. Dost-tanışının əməyinə dəyər
verməsinə sevinirdi, amma içində bir nisgil vardı.
İstəyirdi rəsmi dairlər,
çalışdığı BDU rəhbərliyi onun
yubileyini keçirsin, xidmətlərini sadalasın. Heç
biri baş tutmadı. Çünki vəzifəlilərin
başı başqa işlərə
qarışdığından Ramiz Əskərin nə iş
gördüyündən bəlkə də xəbərsizdilər.
Xəbəri olanlar belə özlərini xəbərsiz kimi
aparırdılar.
Ramiz Əskər isə sıradan bir Azərbaycan vətəndaşı,
sadə bir Türk deyildi. O, Azərbaycanda neçə-neçə
ilkə imza atmış dəyərli bir alim idi. Yusif Xacə
Balasaqunlunun "Qutadğu bilig" əsəri haqqında
yazanlar, onu tanıtmağa çalışanlar olmuşdu.
Amma əsər haqqında Azərbaycanda ilk dəfə
araşdırma aparmaq və əsəri dilimizə çevirmək
Ramiz Əskərin adı ilə bağlı oldu. 1920-ci ildə
Mahmud Kaşqarlının "Divanü lüğat-it
türk" əsərini araşdırmağa başlayan,
ondan çevirmələr edən və bütövlükdə
çevirən olmuşdu. Amma bu möhtəşəm əsəri
Azərbaycan oxucusuna çatdıran, onu dilimizə çevirən,
geniş ön söz yazan Ramiz Əskər oldu. Türkmən
şairlərindən Maxdumqulunun, Molla Nəpəsin, Azadinin
divanlarını da tam şəkildə çevirən və
əsərlərə geniş ön söz və izahlar yazan
o oldu.
Çığatay şairi Əlişir Nəvainin
"Xəmsə"si ilə ilk dəfə Azərbaycan
oxucusu tam şəkildə Ramiz Əskər sayəsində
tanış olmuşdur. O, "Xəmsə"nin nəşrə
hazırlamaqla qalmamış, Əlişir Nəvainin elmi əsərlərini
də dilimizə çevirmiş, haqqında məqalələr
və kitab yazmışdır.
Qırğız Toxtaqulun əsərlərini,
Kırım tatarı Bəkir Çobanzadənin şeirlərini
də ilk dəfə dilimizə çevirən Ramiz Əskər
olmuşdur. Bu siyahını çox uzatmaq olar. Türk
xalqlarının şairlərindən tərcümələri,
onlar haqqındakı dəyərli məqalələri ilə
o, türk xalqları arasında bir körpü yaratmağa
çalışmışdır.
Olduqca məhsuldar işləyən Ramiz Əskər
96-cı kitabı nəşrə hazırlayıb mətbəəyə
göndərəndən sonra dünyadan köçdü.
Ramizə Əskərin (bacısı filologiya üzrə
fəlsəfə doktoru Nailə Əskərlə birgə)
ölümündən sonra 3 kitab-31 qol olaraq tərcümə
edib nəşrə hazırladığı
"Goroğlu" dastanı işıq üzü gördü.
10 yanvar 2025-ci il tarixində Nailə Əskərin onun əlyazmalarından
bir yerə topladığı şeirlər kitabı nəşr
olundu.
"Su pərisinin nəğməsi" adlı
şeir kitabının tanıdılmasında dostları, tələbə
yoldaşları iştirak etdilər. Bu Ramiz Əskərin
100-cü kitabı idi. Bacısı qardaşı
dostlarının yanında "yalançı" olmasın
deyə dünyadan köçəndən sonra onun işini
davam etdirərək 100-cü kitabını çap etdirdi.
Bu, son kitab deyil. Ramiz Əskərin 101-ci, 102-ci... 109-cu
və s. kitabları da nəşr olunacaq. Ramiz Əskərin
elmi yaradıcılığını, tərcümələrini
xatırlayanda "Xalq qəzeti"nin keçmiş redaktoru
Mahal İsmayıloğlunu (Sadıqov) yada salıb
ata-babasına min rəhmət oxuyuram.
Ramiz Əskəri Azərbaycan (indiki Bakı) Dövlət
Universitetinin birinci kursuna qəbul olunduğu ilk günlərdən
tanıyırdım. Onu elmə yönəltmək istəyirdim.
Amma o, jurnalistika fakültəsini bitirib məşhur qəzetlərin
xarici ölkələrdəki müxbiri olmaq istəyirdi.
Jurnalistika fakültəsini Moskvada bitirdi. Lakin xarici ölkələrə
müxbir göndərmək nədir, heç Moskvadakı qəzetlərdən
birinə də işə göndərmədilər.
Qanadı qırılmış quş kimi Azərbaycana
döndü. Amma ruhdan düşmədi. Böyük həvəslə
Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin
Xarici Verilişlər redaksiyasının Türk
bölümündə işləməyə başladı.
Qısa müddətdə özünü ədəbi
ictimaiyyətə savadlı və bacarıqlı jurnalist kimi
tanıtdı. Şair Nəbi Xəzri onu Azərbaycanın
Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr
Cəmiyyətinin "Azərbaycan bu gün" jurnalına
baş redaktor vəzifəsinə apardı.
Sovetlər Birliyinin çöküşü
dövründə irəli sürülən aşkarlıq və
yenidənqurma şüarları Xaricdə Yaşayan Həmvətənlərlə
Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti -
"Vətən" Cəmiyyətinin yaradılmasına yol
açdı. Bu cəmiyyətin orqanı olan "Odlar
yurdu" qəzetinə Ramiz Əskərin təyin edilməsi
kiminsə tapşırığı ilə, xahiş-minnətlə
olmadı. Qəzetdə kiril, latın və əski əlifba
ilə yazıların verilməsi
planlaşdırılırdı. Hər üç əlifbanı,
Azərbaycan türkcəsini, Türkiyə türkcəsini,
rus dilini yaxşı bilən, savadlı və beynəlxalq
münasibətlərdən başı çıxan jurnalist
tapmaq heç də asan deyildi. Ramiz Əskəri qəzetə
redaktor təyin etdilər.
Ramiz Əskər sovet qəzetçiliyinin qəlibləşmiş
formullarını dağıda bildi. Qəzetdə çap
etdiyi məqalələrlə dünyanın müxtəlif
ölkələrində yaşayan
soydaşlarımızla əlaqələr qurmağa,
vahid vətən duyğusunun formalaşdırmağa
çalışdı. Bu qapalı sovet ölkəsində həqiqətə
təşnə, xarici ölkələrdə yaşayan
soydaşlarımıza maraq göstərənlər
üçün bir nəfəslik rolunu oynadı. "Odlar
yurdu" qəzetindən də öncə xarici ölkələrdə
yaşayan soydaşlarımız üçün qəzet
çıxarılırdı. Bu qəzet haqqında Azərbaycanda
yaşayanların xəbəri belə yox idi. Xarici Ölkələrlə
Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin
orqanı "Vətən səsi" qəzeti, eləcə
də Ramiz Əskərin bir müddət baş redaktoru
olduğu "Azərbaycan bu gün" jurnalı xarici
ölkələrdə yaşayan soydaşlarımız
arasında sovet ideologiyasını təbliğ edirdi. Lakin
"Odlar yurdu" qəzeti həm xarici ölkələrdə,
həm Sovetlər Birliyində sürətlə
yayılır, öz ətrafına çoxlu oxucu toplaya
bilirdi.
"Odlar yurdu" qəzetindəki redaktorluq fəaliyyəti
Ramiz Əskərə həm xarici ölkələrdə
yaşayan, həm də SSRİ-dəki soydaşlarımız
arasında böyük nüfuz qazandırdı. Qətiyyətlə
deyərdim ki, "Odlar yurdu" qəzeti Ramiz Əskərin
jurnalistlik fəaliyyətinin pik nöqtəsi oldu. Sonralar
böyük formatlı, gündəlik rəsmi hökumət
qəzetinin baş redaktorunun müavini, "XXI əsr" qəzetini
baş redaktoru olsa da, onlar "Odlar yurdu"nun səviyyəsinə
yüksələ bilmədi. "Odlar yurdu" kiçik
formatda nəşr edilsə də, işçilərinin
sayı az olsa da, yeganə qəzet idi ki, əl-əl gəzirdi.
O qəzet təbliğat vasitəsindən çox bir
məktəb rolunu oynadı. 1918-1920-ci illərdə mövcud
olmuş Azərbaycan Respublikası və onun rəhbərləri
haqqında ilk dəfə ən maraqlı yazılar bu qəzetdə
çap olunmuşdu. Azərbaycan Respublikasının siyasi
xadimləri, himni, bayrağı, gerbi və digər milli
simvolları haqqında çap etdiyi yazılarla milli
şüurun oyanmasına və milli azadlıq hərəkatının
başlamasına təkan verdi.
Ramiz Əskər Azərbaycandan xarici ölkələrdə
nəşr edilən qəzetlərə ardıcıl
yazılar göndərən, onlarla əməkdaşlıq edən
ilk jurnalistlərdən biri idi. 1991-1992-ci illərdə
"Hürriyet" (İstanbul) qəzetinin və
Uluslararası Haber Ajansının (UHA) Azərbaycan üzrə
xüsusi müxbiri işlədi. O, jurnalistliklə məşğul
olmaqla yanaşı, xalqda milli şüurun
oyadılmasını gücləndirmək, uzun illər xəbərsiz
qaldıqları əsərlərdən xəbər
tutmaları üçün Mirzə Bala Məmmədzadənin
"Milli Azərbaycan hərəkatı" (1991), Faruk Sumerin
"Oğuzlar" (1992), Yusif Balasağunlunun "Qutadğu
bilig" əsərlərinə geniş ön söz yazaraq
nəşr etdirdi. Bu əsərlər onun elmi
yaradıcılığa keçməsinə təkan verdi.
O, jurnalist kimi fəaliyyətə başlasa da,
türkoloq kimi tanındı. Məhsuldarlığına
görə türkologiya sahəsində Ramiz Əskər səviyyəsinə
yüksələn ikinci bir araşdırıcı olmadı.
Əli ŞAMİL
525-ci qəzet .- 2025- 24 may(№90).- S.23.