Lənətlənmişlərin
özünün və nəsillərinin aqibəti
(Əvvəli ötən
şənbə sayımızda)
Fransa şahzadəsi III Henri ona elçi
düşdükdə, bu vaxt ayaqlarının
ağrısından əziyyət çəkən Elizabet
demişdi ki, qoca axsaq qadınını gənc ərini kilsəyə
aparması heç də yaxşı hal olmazdı.
I Elizabet ərə getmədiyinə görə,
"Bakirə" ləqəbini qəbul etməyi
üstün bildi. Lakin onun bakirəliyi heç də həqiqətə
uyğun deyildi. Onun bir neçə məşuqu olsa da,
onlardan birinin ona evlənmək təklifinə də
razılıq verməmişdi.
İngiltərədə sığınacaq tapmaq
üçün oraya qaçıb gəlmiş və dustaq
edilən Şotlandiya kraliçası Mariya Styuartın
kraliça Elizabetə qarşı sui-qəsddə
iştirakı 1587-ci ildə aşkar edildikdə, o, mühakimə
olundu və edam edildi. Onun öldürülməsi katolik
dünyasının hiddətinə səbəb oldu. Onsuz da
Roma papası Elizabetin öldürülməsinin kilsəyə
faydalı olduğunu öz bullasında bildirmişdi.
1588-ci ildə İspaniya kralı II Filipp İngiltərəyə
hücum etmək üçün öz Məğlubedilməz
Armadasını göndərdi. Dəniz qulduru, admiral Fransis
Dreyk və onun silahdaşları ispan donanmasına ağır
zərbə vurmaqla məğlub etdilər. İrlandiya
yaxınlığında Şimal dənizindəki tufan da
Armadanın qalıqlarına böyük ziyan vurdu. II Filipp
gileylənirdi ki, o, ingilislərlə vuruşmaq istəyirdi.
Allahla vuruşmağa isə o, heç vaxt cəsarət etməzdi.
Elizabetin taxt-tacda olmasının son illəri də
heç də sakit keçmirdi. İrlandiyadakı
uğursuzluğa görə o, sevdiyi hərbçini
özündən uzaqlaşdırmışdı. 45 ilə qədər
hakimiyyətdə olduqdan sonra I Elizabet 1603-cü ildə
öldü. Onun dövrü İngiltərəyə
"qızıl epoxa" bəxş etdi. Bu illərdə ədəbiyyat
və teatr sənəti xeyli inkişaf etdi. İngiltərə
dünyaya Uilyam Şekspir kimi ədəbi düha, müqayisə
olunmayan bir dramaturq bəxş etdi.
Elizabet ölərkən, İngiltərə
krallığına Şotlandiya kralı VI Ceymsin gətirilməsini
xəbər vermək üçün onun yanına qasidlər
göndərdi. Tüdor sülaləsinin davam etməsi
üçün heç kəs olmadığından,
taxt-taca qohum kimi ən qanuni seçilmiş adam şotland
kralı idi. Onun anası Mariya Styuartı dolayısı yolla
da olsa, Elizabet edam etdirmişdi. Şotlandiyada 13 ay ərzində
VI Ceyms kimi kral olan adam, I Ceyms adı altında İngiltərə
kralı oldu və 1625-ci ildə o, öləndə oğlu I
Karl taxt-taca yiyələndi, lakin sonrakı ikinci onillikdə
onun parlamentlə müxalifəti yarandı və 1649-cu ildə
o, edam edildi. Onun varislərinin hakimiyyəti də onillik fasilədən
sonra baş versə də, uğurlu olmadı və 1689-cu ildəki
Şanlı inqilab İngiltərədəki
başıpozuqluqlara, vətəndaş
qarşıdurmasına və xaosa aparan yola son qoydu.
Tüdorlar sülaləsi müharibə yolu ilə
hakimiyyətə gəlmişdi. Onun ikinci nümayəndəsi
VIII Henri iki arvadını edam etdirdiyinə görə monstr
sayılırdı. Onun oğlu azyaşlı VI Eduardın
hakimiyyətini də, dayısının idarəçiliyə
müdaxiləsinə görə, uğurlu hesab etmək
olmazdı. Ondan sonra beş il müddətində
kraliçalıq edən Mariya Tüdor dini zəmində qəddar
siyasət apardığına görə, taxt-tacı gözdən
salırdı.
1558-ci ildə, 25 yaşlı qız olan I Elizabet
İngiltərəyə yeni hava, yeni işıq gətirdi.
Düşmən katolik dünyası ilə əhatə
olunduğuna baxmayaraq, heç
vaxt onun cəsarətli hökmranlığına şübhə
yaranmamışdı. 1588-ci ildə ingilis
döyüşçüləri qarşısında
çıxış edən kraliçanın özünün
dediyi kimi, cılız bədənə malik olsa da, onun sinəsində
kral ürəyi döyünürdü. XII əsrin sonunda
İngiltərə kralı olan Riçard, qəbul etdiyi
Şir ürəkli adı ilə tanınsa da, ondan dörd əsr
sonra bu ada I Elizabet daha çox layiq idi. Riçard Səlib
yürüşündən qayıdanda, Müqəddəs
Roma imperiyasının ərazisində əsir
düşmüş, böyük girov pulu hesabına azad
olunmuşdu. I Elizabet isə daha qüdrətli düşmənlərlə
əhatə olunmasına və dəfələrlə qəsdlərə
məruz qalmasına baxmayaraq, uzun müddətli hakimiyyətinə
fasilə verməmişdi.
XIX əsrdəki kraliça Viktoriya və XX əsrdəki
II Elizabet öz məşhur sələflərinin ənənəsini
davam etdirərək, müvafiq olaraq 63 il və 70 il ərzində
taxt-tacda olmuşdular.
Tüdor sülaləsi hakimiyyətdə 118 il
olmuş, həm VIII Henri, həm də Elizabet hərbi dəniz
qüvvələrinin inkişafına ciddi fikir verməklə,
İngiltərənin gələcəkdə böyük dəniz
dövləti, daha sonra isə dünyanın dörddə
birini əhatə edən imperiya kimi mövcudluğunun təməlini
qoymuşdular.
Romanovlar sülaləsinin son nümayəndələri
Romanovlar sülaləsi 1613-cü ildə Polşa
ağalığına son qoymaqla əmələ gəlmiş,
üç əsr ərzində Rusiyanın ərazisini dəfələrlə
genişləndirərək, onu Avropada güc sahibi olan
böyük imperiyaya çevirməyi bacarmışdılar.
Böyük Pyotr və onun işini uğurla davam etdirən II
Yekaterina bu sahədə daha çox fərqlənmişdilər.
Peterburqda Pyotrun şərəfinə qoyulmuş "Mis
atlı" heykəlinin altında latın dilində "
PETRO primo" və "CATHARİNA sekunda", rusca isə
"Petru pervomu ot Ekaterinı vtoroy" sözləri
yazdırmışdı. Rusiyanın iqtisadi və hərbi
inkişafında həmin alman mənşəli qadın
böyük nailiyyətlərə imza atmışdı.
Lakin XVIII əsrin sonundan XX əsrin ikinci onilliyinə
qədər Rusiyanın idarə olunmasında mürəkkəb
hadisələr də baş vermişdir. Əslində II
Yekaterinanın hakimiyyətə gəlməsi də çar ərinin
devrilməsi və öldürülməsi nəticəsində
baş vermişdi. Yekaterina öz məşuqlarının
köməyi ilə III Pyotru taxt-tacdan salmış və
çariça kimi hakimiyyətə yiyələnmişdi.
Yekaterinanın oğlu Pavel (onun atasının qraf
Saltıkov olduğu güman edilir) taxt-tacda 1796-cı ildə
ölən anasını əvəz etməklə, beş il
hakimiyyətdə olmuşdu. Oğlu I Aleksandrın da
iştirak etdiyi sui-qəsd nəticəsində 1801-ci ildə
Pavel öldürülmüş və hakimiyyətə I
Aleksandr yiyələnmişdi.
I Aleksandrın ən böyük nailiyyəti beş
il əvvəl, 1807-ci ildəki Tilzit görüşündən
sonra dostluq etməyə başladığı Napoleon üzərində
1812-ci ildə qələbənin əldə edilməsindəki
rolu idi. Moskvanı zəbt edən Napoleon ona iki dəfə
sülh müqaviləsi təklif etsə də, Aleksandr onun məktublarına
cavab verməmiş, Napoleonun Moskvadan və Rusiyadan
biabırçı surətdə qaçmasına əslində
şərait yaratmışdı. Moskvanı fransızlara təhvil
verərkən, ordunun qorunub saxlanması, imperator I
Aleksandrın və hərbi xadim Mixail Kutuzovun olduqca uğurlu
gedişi sayılmalıdır. Napoleondan fərqli olaraq onlar
daha güclü şahmatçı olduqlarını
nümayiş etdirərək, qabaqcadan bir neçə
uğurlu gedişi fikirləşib tapmış və bu,
onlara qələbə çalmağa imkan vermişdi.
I Aleksandr 1814-cü ildə qalib ordusu ilə birgə
Parisə daxil olmuş, imperator Napoleonun Elbaya sürgün
edilməsinə israrla təklif edib, onun məhv edilməsinin
qarşısını almışdı. I Aleksandr Napoleonun
keçmiş arvadı Jozefina tərəfindən hörmətlə
qəbul edilmişdi.
1825-cü ildə I Aleksandrın Taqanroqda müəmmalı
ölümü Peterburqda yeni çarın müəyyən
edilməsinə görə problemlərin yaranmasına səbəb
oldu. Taxtı böyük oğul kimi Konstantin tutmalı
olduğu halda, onun kiçik qardaşı Nikolay tutdu. Bu vaxt
dekabristlər üsyanı baş verdi. Savadsız əsgərlər
Konstantinin kim olduğunu bilməyib, "Yaşasın
Konstitusiya" deyə qışqırırdılar.
Üsyan, qan axıtmaqla yatırıldı. Üsyanın
başçıları olan beş nəfər edam edildi.
Onun nəslindən olan II Nikolay da çar
taxt-tacına çıxdıqda, Moskvanın
Xodınskısında payladığı ianəni almaq
üçün basdırıqda onlarla insan həlak oldu.
Çar II Nikolay isə bu qurbanların getməsinə məhəl
qoymayıb, arvadı ilə Britaniya səfirliyində təşkil
edilən bala gedib, rəqs etdi.
Hər iki Nikolaylar adamların qırğınına
izah olunmayan laqeydlik göstərdiklərinə görə lənətə
gəldilər.
I Nikolay Osmanlı imperiyasına öz sələfləri
kimi ziyan vurmaq istəyirdi, axı II Yekaterina Türkiyəyə
məxsus olan böyük əraziləri müharibələr
vasitəsilə tutmuş, Krım xanını məcbur
etdiyinə görə, o, 1783-cü ildə guya
könüllü olaraq yarımadanın Rusiya
imperiyasının tabeliyinə keçməsini xahiş
etmişdi. Rusiya dini zəmində Osmanlıya problemlər
yaratmaq istəyəndə, Böyük Britaniya və Fransa
Türkiyənin köməyinə gəldi və 1853-cü
ildə başlanan Krım müharibəsi Rusiyanın
ağır məğlubiyyəti ilə nəticələndi.
Çar 1849-cu ildə Macarıstan üsyanı vaxtı xilas
etdiyi Avsriya imperiyasının xəyanəti ilə üzləşmiş,
imperator Frants İosif ona çox gözlədiyi köməkliyi
göstərməmişdi. Rusiyanın təhkimçi kəndlilərdən
yığılmış ordusu Avropa əsgərləri ilə
müqayisədə gücsüz görünürdü.
Çar I Nikolay hələ müharibə başa
çatmamış, dərddən xəstələndi və
1855-ci ildə öldü.
Onu əvəz edən oğlu II Aleksandr 1861-ci ildə
təhkimçiliyi ləğv etdi. Quldarlığın
başqa növü hesab edilən təhkimçilik Avropada
xeyli əvvəllər, məsələn, İngiltərədə
bir neçə əsr əvvəl artıq qadağan
olunmuşdu. Rusiya isə iqtisadi və sosial anaxronizm sayılan
təhkimçiliyi XIX əsrin ortalarına qədər
saxlamışdı. Təhkimçi kəndli də qul kimi
torpaqla birlikdə alınıb, satılırdı. Avropa
kapitalizmə qədəm qoyub, yeni formasiyanı inkişaf
etdirdiyi halda, Rusiya feodalizmin ən iyrənc mirasından əl
çəkə bilmirdi.
Lakin II Aleksandrın gördüyü böyük
iş qiymətini almadı. 1881-ci ildə o, qətlə
yetirildi. Onu əvəz edən III Aleksandr on üç il
hökmranlıq etdikdən sonra, 1894-cü ildə xəstəlikdən
öldü. Onun yerini olduqca iradəsizliyi ilə seçilən
II Nikolay tutdu. O, siyasətdə naşı adam idi, alman
arvadının güclü təsiri altına
düşmüşdü. Şarlatan Qriqori Rasputin də
arvadının məsləhəti ilə nəinki saraya
buraxılmış, hətta dövlət işlərinə
bilavasitə müdaxilə etməyə
başlamışdı.
I Dünya müharibəsi vaxtı baş
komandanlığı öz üzərinə götürən
II Nikolayın qüsurları özünü daha
açıq şəkildə göstərdi. 1917-ci ildəki
Fevral inqilabı çar mütləqiyyətini ləğv
etdi. Oktyabr inqilabı ilə ölkəni yeni siyasi relslər
üzərinə keçirdi.
Müvəqqəti hökumətin hakimiyyəti
vaxtı çarın ailəsi Sibirə sürgün
edilmişdi. Kolçakın hücumu təhlükəsinə
görə, bolşevik hökuməti onu Yekaterinburqa gətirdi.
1918-ci ilin 17 iyulunda II Nikolay, arvadı, dörd
qızı və oğlu ilə birlikdə
yaşadıqları evdə güllələndi.
Romanovlar sülaləsi 300 ildən bir az artıq, 304
il yaşadı. Onun çarları ağır cəza sistemi
hesabına xalqı itaətdə saxlayırdı. Sülalədən
əvvəl çar olmuş İvan Qroznı qan axıtmaqda
ad çıxarmışdı. Böyük Pyotr da onun ənənəsinin
davam etdirirdi və onun kimi öz oğlunun qətlinə sərəncam
vermişdi.
I Dünya Müharibəsi (1914-1918-ci illər) cəbhələrində
Rusiyanın canlı itkisi yüz minlərlə
ölçülürdü, 1,5 milyona
çatmışdı. Hərbi quruculuğa və fəaliyyətə
başçılıq edən II Nikolayın səbatsızlığı
Rusiyanı məğlubiyyətlər girdabından
uzaqlaşmağa imkan vermirdi.
Mütləqiyyətin uzun müddət davam etməsi,
xalqı ağır həyata salması və istismarı, mərhəmət
hissinə məhəl qoymaması Rusiyanı lənətlər
məkanına çevirməklə, hakimiyyət nümayəndələrinin
cəzalandırılması hallarına gətirib
çıxardı. II Nikolay və onun ailəsi özünə
və sələflərinə qarşı olan lənətlərə
görə qətlə yetirmələri ilə layiqli
cavabını aldı.
(Ardı var)
Telman Orucov
525-ci qəzet .- 2025- 24 may(№90).- S.22.