Kölgə varsa, işıq da var
Bura Osmanlı İmperatorluğunun Qərbə
inteqrasiya etdiyi ilk dönəmlərdə barok üslubunda
inşa edilən abidələrdən biri, hətta birincisidir.
Nuruosmaniyəni deyirəm. Külliyə şəklində
inşa edilən məscid ecazkar gözəlliyi, əzəməti
və böyüklüyünə rəğmən, hər
daşında özünü göstərən zərafəti
ilə insanı tilsimləyir. Abidə
Qapalıçarşı, Çəmbərlidaş,
Cağoğli arasında Osmaniyə səmtində, Molla Fənari
məhəlləsinın Vəzirxan küçəsində
yerləşir. Qapalıçarşının 24
qapısından biri olan "Nuruosmaniyə qapısı" məscidin
həyətinə açılır. Bu da minlərlə insanın hər
gün çarşıya getməyi üçün buradan
keçməyi mənasına gəlir. Möhtəşəm
memarlığı ilə insanı heyrətləndirən bu
abidə məscid, mədrəsə, imarət, imarətə
bağlı yemək yerləri, çeşmə, su fəvvarəsi,
uşaq məktəbi və hökmdar məqsurədən ibarətdir.
Qardaş əmanəti
Külliyənin inşası 1748-ci ildə Sultan I
Mahmud dönəmində başlayır. Lakin bir müddət
sonra padşah vəfat edir və işlər
yarımçıq qalır. Ondan sonra taxta keçən III
Osman qardaşının başladığı işi
tamamlamağa qərar verir və abidə 1755-ci ildə ibadətə
açılır. Əslində məscidin memarının
Mustafa Ağa olduğu deyilir. Ancaq abidəyə baxan kimi bilirsən
ki, bura ya rum, ya da erməni memarın əlindən
çıxıb. Yaxınlaşanda isə üzərindəki
məlumatda oxuyub öyrənirsən ki, həqiqətən də
məscid iki memar tərəfindən inşa edilib. Amma əsas
rol oynayan rum və erməni əsilli olduğu deyilən Simon
Kalfa olub. Bəzi qaynaqlar Simon Kalfanın baş memar Mustafa
Ağanın köməkçisi olduğunu deyir. Bəlkə
də, baş memar vəzifəsində olduğuna görə,
abidənin ərsəyə gəlməsindəki əsas memar
adı ilə Mustafa Ağa özünü daha çox önə
çıxardıb. Açığı, maraq güc gəldi,
bir az araşdırdım, ancaq baş memarın başqa əsərinə
rast gəlmədim. Ümumiyyətlə, tarix çox təhrif
olunur. Mütəmadi üzləşirsən və bu da
insanı çox yorur. Önünə qoyulanla qane
olanların xoş halına.
Əsrarəngiz memarlıq
Məscidin qübbəsi göründüyü hər
yerdən görənləri özünə çəkir.
Klassik Osmanlı məscidlərindəki minarələr sadə
və küpə şəklində olduğu halda, bu abidə
hilal təpəcikli, çölə doğru qıvrılan,
bir növ buynuz formasını xatırladan minarələrə
sahibdir. Kitabələrdəki yazılar düyü ilə
yazılıb. Məscid dördbucaq planda inşa edilib.
Çıxıntılı mehrabı və 14 qübbəsi
görənləri valeh edir. Yarım dairə tərzində
dizayn edilən daxili atrium, 12 sütun üzərində
oturdulan qübbələrlə örtülüdür. Daxili
divarların üstünə yerləşdirilən qübbənin
ətrafı kəmərlərlə əhatələnib. Pəncərələrdə
isə klassik xətlərdən fərqli olaraq oval və bəzəkli
dizaynlar diqqət çəkir. Beş sıra şəklində
yerləşdirilən pəncərələrin sayı
ümumilikdə 174 ədəddir. Bu isə məscidin içərisinin
təbii şəkildə aydınlanmağı deməkdir.
Barok üslubu sadəcə məscidin
görüntüsündə deyil, ən xırda
naxışlarda, bəzəklərdə də
özünü bəlli edir. Pəncərələrdəki
qızılı rəngli ulduz bəzəklər,
aydınlıq gecə təsiri bağışlayır insana.
Eyni zamanda Osmanlı klassik memarlığından fərqli mənzərə
bəxş edir. Pəncərə kənarlarının
işləmələri daxili məkanda estetik
bütünlük yaradaraq gözəlliyini daha da
artırır. İbadətgahın fasadı 3 əsas
parçadan ibarətdir. Birinci hissə pəncərəyə
qədər ucalır, ikinci hissə pəncərədən
qübbəyə qədər olan məsafəni əhatə
edir, üçüncü hissə qübbədən minarəyə
qədər olan yerə uzanır. Pəncərələr
simmetriyalıdır. Fasadda çıxıntılı
naxışların qatbəqat olmağı məscidin
memarlığına dinamika qatır. Ziyarətgahın yan
qapısında hökmdar girişi, sol qapıdan məsciddə
işləyənlərə aid giriş mövcuddur. Əsas
qapıya hündür pilləkənlərlə
çıxmaq mümkündür.
Dəmir barmaqlıqların ilk istifadəsi
Hökmdar məqsurəsində dəmir
barmaqlıqlardan istifadə edilib. Bu isə o dönəm
üçün memarlıqda yenilik hesab edilir. Tarix boyu məruz
qaldığı yanğınlar, zəlzələlər
ucbatından müxtəlif yenilənmə və təmirdən
keçir. Ancaq buna baxmayaraq, aparılan restavrasiyalarda
orijinalığı qoruyub saxlamağı bacarıblar.
Bataqlıqda yatan gözəllik
Əslində, Osmanlı memarlığının
dönüm nöqtəsi olaraq qəbul edilən bu məscid
sirlərlə doludur. On altı il əvvəl restavrasiya
işləri aparan qrup abidənin
altında ən az özü qədər dəyərli sərvəti
ortaya çıxardırlar. Sən demə, məscidin
altı digərləri kimi təməldən ibarət
deyilmiş, sarnıca bənzər zirzəmi üzərində
inşa edilibmiş. Bu isə nadir memarlıq nümunəsi
hesab edilir. Zirzəmini bərpa etmək üçün
içindən 420 kamaz palçıq
çıxarılır və 9 metr dərinlikdə olduğu
məlum olur. Beləliklə, üç yüz ilə
yaxın yaşı olan məscidin altında indiyə qədər
heç kimin bilmədiyi 825 metr genişlikdəki zirzəmi
ortaya çıxarılır. Burada 12 otaqla birlikdə,
ümumilikdə 19 bölməli yerlər və hələ də
fəaliyyətdə olan su quyusu mövcuddur. Zirzəmi Yerəbatan
Sarnıcına bənzəyir. Hətta deyərdim ki, eynisidir.
Açığı, içərini gəzərkən əmin
idim ki, bura əvvəllər sarnıc olub.
Ancaq düşündüyüm kimi deyilmiş. Sən
demə, tez-tez baş verən zəlzələlərdə
abidənin yerlə-yeksan olmağının
qarşısını almaq üçün "redye"
bünövrə kimi inşa ediblər bu məscidi. O
dövrdə qısıtlı materiallarla zəlzələni
nəzərə alıb bina tikən insanlardan, hər cür
şəraitə, inkişaf etmiş texnologiyası
olmağına rəğmən, təməlin möhkəm
olub-olmadığına əhəmiyyət verməyən
adamların dövrünə gəlib çıxdıq.
Zizəmidə hələ də fəaliyyət
göstərən, şəlalə kimi axan su var.
Araşdırmalar zamanı, məlum olub ki, bu su Mahmudpaşa məscidi
ətrafındakı bir neçə çeşməyə,
hətta Haliçə qədər gedib çıxan
drenajdır. Əslində, alimlər Sultanəhməd Məscidi
ilə bağlı araşdırma apararkən həmin
drenajı üzə çıxarmışdılar, lakin mənbəyini
tapa bilmirdilər. Burada aparılan qazıntılarda üzə
çıxan mənbəyin axtardıqları olduğunu
öyrənən alimlər heyrətə düşürlər.
Özləri də etiraf edirlər ki, belə bir layihəyə
bundan əvvəl rast gəlməyiblər.
Zirzəmidə sərgi
Hazırda Məscidin zirzəmi qatı olan bu yer sərgilərə
ev sahibliyi edir. İçəriyə giriş arxadan,
çarşının içindəki dar və balaca
qapıdandır. Sonuncu dəfə 2022-ci ildə müvəqqəti
açılan zirzəmi, bu günlərdə
qapılarını yenidən sənətə açıb.
Öyrənən kimi vaxt itirmədən qeydiyyatdan keçib
abidəyə üz tutdum. Zirzəmi 3 Beynəlxalq Yedditəpə
Bienali çərçivəsində sərgilərə ev
sahibliyi edir. Modern sənətin qədim zirzəminin
içində təşkil ediməsi mistik atmosfer meydana gətirib.
Sərgi iyun ayının 18-ə qədər hər gün
ziyarətə açıq olacaq. Həm yerli, həm fərqli
coğrafiyalardan olan 263 sənətçinin 18-nin əsəri
burada sərgilənir.
"Kölgə varsa, işıq da var" adlı sərgi,
insanın varoluşu, yaradılışı, ənənəvi
əl sənətləri ilə qədim ruhu arasında mənalı
körpü qurmağa çalışır. Əsərlər
insanı kölgəsi ilə qarşılaşdırır.
Bu, elə dərin üzləşmə olur ki, qaranlıq
mağarada özünü qeyri-müəyyən hiss edərkən,
çölə, yəni aydınlığa çıxanda
özünü sorulamağa başlayırsan. Daha dəqiq desəm,
insan burada özünü aidiyyətsiz hiss edir. Həm
qaranlıq, həm soyuq, həm da qədim olan bu yerdə gəzərkən
sənə elə gəlir ki, hansı dövrə doğru
olduğunu bilmədiyin zaman tunelinin içindəsən.
Hər şey ziddi ilə mövcuddur
Zirzəminin tavanı oyuqlarla doludur, dəhlizləri
dar, divarları kəsmə daşdan ibarətdir. Bütün
bunlar nəzərə alınaraq, əsərlər abidənin
içərisində ilmə-ilmə, incə-incə işlənib.
Hətta burada elə əsərlər var ki,
qarşısında dayanmaqla kifayətlənmək olmur, ətrafında
gəzinmək, fərqli rakurslardan baxmaq, yaxınlaşmaq,
uzaqlaşmaq lazımdır ki, nə olduğnu anlayasan. Sərgilənən
əsərlər bunları tələb edir. Məsələn,
"Mavi işıq" əsəri var, lazerlədir. Zülmətin
içində əlini qaranlıq divara şığıyan
həmin zolağa tutursan, kölgədə fərqli formalar
yaranır. Bu vaxt özünü işıqlara hökm edən
cəngavər kimi hiss edirsən. Qarşısına
keçirsən, yaralanmış aslan olduğunu
düşünürsən. Burada sərgilənən əsərlərin
hər birində bənzər reaksiyalar yaşamaq olur. Bu vəziyyət
ziyarətçi ilə əsər arasında körpü
qurmağa şərait yaradır. Nəticə olaraq,
Nuruosmaniyə zirzəmisi Bienalın ən çox maraq
görən, ən əsrarəngiz, bəlkə də ən
sehrli görünən sərgi mərkəzidir. Təsəvvür
elə, sən aşağıda modern dünya ilə
keçmiş dönəm arasında var gəl edirsən, həmin
vaxt başının üstündə yüzlərlə adam
"Allahu Əkbər" deyib səcdəyə gedir.
Bir-birinə ziddir, amma bir-biri ilə bütünlənən
bu mənzərə beynimdə xüsusi yeri olan Platonun həb
kimi sözünü gətirdi. Filosof deyir ki, "bənzərin
bənzərə heç bir faydası yoxdur, hər şey ziddi
ilə qidalanır". Nuruosmaniyə bu möhtəşəm
sözün daşa-dəmirə çevrilmiş
halıdır.
Türkan TURAN
525-ci qəzet .- 2025- 24 may(№90).- S.19.