İlyas Əfəndiyev: xalqa, vətənə
bağlı sənətkar
Mayın 26-da ədəbiyyatımızın klassiki, əbədiyaşar
sənətkarımız, Xalq yazıçısı
İlyas Əfəndiyevin dünyaya gəlişinin 111-ci ili
tamam olacaq. XX əsr Azərbaycan ədəbiyyatının inkişafında
böyük xidmətləri olan, zəngin bədii
yaradıcılığı ilə çoxəsrlik ədəbiyyat
xəzinəmizə misilsiz töhfələr bəxş
etmiş, həm ölkəmizdə, həm də xarici ölkələrdə
geniş şöhrət qazanmış İlyas Əfəndiyevin
əsərləri tariximizin və müasir
dövrümüzün bədii salnaməsidir. 82 illik
ömrünün 60 ildən çoxunu bədii
yaradıcılığa həsr etmiş, ədəbiyyatın,
demək olar ki, bütün janrlarında dəyərli sənət
əsərləri yaratmış ustad
yazıçının uzunömürlü və heç
bir zaman öz aktuallığını, müasirliyini və bədii
təravətini itirməyən əsərləri bu gün də
gələcəyə gedən yolumuza işıq
saçır.
İlyas Əfəndiyev minillik Azərbaycan bədii mədəniyyətinin,
türk-müsəlman təfəkkürünün ən
yaxşı ənənələrini yeni epoxada davam etdirərək,
mənəviyyat zirvəsinə yüksəldi. O, ədəbiyyatımızda
- nəsrdə və dramaturgiyada lirik-psixoloji üslubun banisi,
öz rejissor və aktyor məktəbi olan "İlyas Əfəndiyev
teatrı"nın yaradıcısı kimi əbədi
şöhrət qazandı. Bu böyük sənətkarın
əsərləri xalq təfəkkürünün zəngin
xəzinəsi üstündə yaranmışdı. Onun
yaradıcılığında müasirlik geniş fəlsəfi
məna daşıyır. Müasirlik öncə onun əsərlərinin
ideya-məzmununda, yaratdığı obrazların
dünyagörüşündə, mənəvi-əxlaqi aləmində
özünü göstərir. "Söyüdlü
arx", "Körpüsalanlar",
"Üçatılan", "Geriyə baxma, qoca",
"Sarıköynəklə Valehin nağılı" və
digər əsərlərində
qəhrəmanların daxili aləmləri, dəruni hiss
və duyğuları, kədər və sevincləri yüksək
bədiiliklə təsvir edilir. Bütün
yaradıcılığı boyu yalnız qəlbinin səsinə
qulaq asan İlyas Əfəndiyev yazırdı: "Uzaq və
yaxın dünənimizə, milli-mənəvi mənliyimizə
mən heç vaxt direktivlərin, proqramların,
ayrı-ayrı dövlət rəhbərlərinin iradəsinin
və istəyinin tələbi ilə
yanaşmamışam". Mərhum akademik Bəkir Nəbiyev
haqlı olaraq qeyd edirdi: "Leninə, Stalinə, sosializmə,
partiyaya dair şüar və şit təriflərlə dolu
olan bu cür yazılardan tamamilə fərqli olaraq İlyas
Əfəndiyevin əsərləri azərbaycançılığın,
ilk növbədə məhz ədəbi, milli-mənəvi dəyərlər,
yüksək bəşəri ideallar işığında təqdimindən
və tərənnümündən ibarətdir".
XX əsr dramaturgiyası milli dramaturgiyamızın
tarixində yeni bir mərhələ təşkil edir. Xalq
yazıçısı İlyas Əfəndiyev də öz
dram əsərləri ilə bu böyük, zəngin mərhələnin
yaranmasında və inkişafında özünəməxsus
rol oynamış ustad dramaturqdur. O, dərin psixoloji
tapıntılarla zəngin olan dramları ilə teatr sənətimizdə
yeni bir mərhələ açdı və "İlyas
Əfəndiyev teatrı" yaratdı. Bu əsasda yeni
rejissor və aktyor nəsli formalaşdı. Dramaturq kimi o,
"İntizar", "İşıqlı yollar",
"Bahar suları", "Atayevlər ailəsi", "Sən
həmişə mənimləsən", "Mənim
günahım", "Unuda bilmirəm", "Məhv
olmuş gündəliklər", "Mahnı dağlarda
qaldı", "Qəribə oğlan", "Bağlardan
gələn səs", "Xurşidbanu Natəvan",
"Büllur sarayda", "Şeyx Məhəmməd
Xiyabani", "Bizim qəribə taleyimiz", "Sevgililərin
cəhənnəmdə vüsalı", "Tənha iydə
ağacı", "Ağıllılar və dəlilər",
"Odlu səhradan gəlmiş şeytan", "Bizə
inan", "On manatlıq lüstr", "Hökmdar və
qızı" pyeslərini yazdı. İlyas Əfəndiyevin
yazdığı 22 pyesdən 19-u Akademik Milli Dram
Teatrının səhnəsində tamaşaya qoyulub və bu
pyeslər çağdaş teatrımızın inkişafına
güclü təsir göstərib. Yarım əsrdən
artıq bir dövrdə milli teatrı öz çiyinlərində
saxlamış qüdrətli qələm sahibinin dram əsərləri
bu gün də səhnədə öz estetik təravətini,
aktuallığını və müasirliyini qoruyub
saxlayır.
Sovetlər dönəmində yazıçı istər
nəsr, istər də dram əsərlərində
azadlığımızı, müstəqilliyimizi, mühacirət
və repressiya mövzularını böyük cəsarətlə
ədəbiyyatımıza gətirdi.
90-cı illərdə dramaturqun pyesləri Türkiyənin
Ankara, Ərzurum, Sivas, Kayseri şəhərlərində
nümayiş etdirildi və qardaş ölkədə hərarətlə
qarşılandı. Türk mətbuatı dramaturqu Azərbaycan
ədəbiyyatının canlı klassiki
adlandırmışdı. Türkiyənin məşhur
rejissoru Kənan İşıq müsahibələrinin birində
demişdi: "Siz bu iki tamaşa ilə (söhbət
dramaturqun "Sevgililərin cəhənnəmdə
vüsalı" və "Bizim qəribə taleyimiz"
tamaşalarından gedir) bütün Avropa ölkələrini
gəzə bilərsiniz. Çünki bu əsərlərdə
qaldırılan problemlər millətindən asılı
olmayaraq bütün insanlara aiddir".
İlyas Əfəndiyevin milli mədəniyyətimizə
həsr etdiyi nəzəri-estetik məqalələri öz
aktuallığı, məna tutumu ilə seçilir.
Yazıçı həmin məqalələrində teatr və
səhnə sənəti ilə bağlı bir sıra aktual
problemlərə, o cümlədən dramaturq və teatr,
rejissor sənəti, teatr tənqidi, aktyor ifası,
tamaşanın məşqi, səhnə texnikası, rol
bölgüsü, tamaşanın musiqisi və bədii tərtibatı
kimi məsələlərə münasibət göstərib,
fikir və arzularını bildirib.
Onun teatr və səhnə haqqındakı nəzəri-estetik
görüşləri bugünkü teatrşünaslıq
elmi üçün də böyük əhəmiyyət kəsb
edir. "Teatr xalqın ən incə duyğularını,
romantik xəyallarını, sevincini, dərdini,
arzularını ifadə edir, xalqın teatrı onun milli mədəniyyətinin
təntənəsidir" - deyən mütəfəkkir sənətkarın
bu səpkili məqalələri yeni, novator keyfiyyətləri
ilə diqqətəlayiqdir. Özünün vüsətli
yaradıcılıq hünəri ilə İlyas Əfəndiyev
milli dramaturgiyaya yeni baxış, yeni duyum və üslub gətirdi.
İlyas Əfəndiyev mənəvi dəyərlərimizi,
adət və ənənələrimizi, xalqımızın
şifahi xalq ədəbiyyatını dərindən öyrənməyi
təbliğ edirdi. Sənətkara görə, mənəvi mədəniyyətin
yüksəkliyi hər bir insan üçün vacib şərtdir.
Bu baxımdan qüdrətli qələm sahibinin zaman məhdudluğu
tanımayan zəngin bədii irsi milli ruhumuzun mənəvi tərcümanına
çevrilib. Yazıçı milli-mənəvi dəyərlərimiz
haqqında düşünərkən babalarımızın
vaxtilə müqəddəs saydıqları namus ənənələrinin
yanından sükutla keçə bilmir: "Bizim milli namusumuz
hər dövrdə, hər bir çətinlikdə
xalqımızın mənəvi dayağı olub. Milli namus
yalnız ər-arvad məsələlərinə aid
olmayıb. Atalarımız milli namus dedikdə, vətən,
millət namusu, qonum-qonşu təəssübü,
böyük-kiçiyə hörmət və izzət
haqqında düşünüblər".
İlyas Əfəndiyevin tarixi dramları
özünün bədii-fəlsəfi fikir dərinliyi ilə
sənətkarın yaradıcılığında xüsusi
yer tutur. Yüksək ideya-bədii səviyyəsinə, tarixi
hadisələrin real təsvirinə və müvəffəqiyyətli
səhnə təcəssümünə görə,
dramaturqun "Xurşidbanu Natəvan" əsəri həm
oxucuların, həm də tamaşaçıların
xüsusən dərin marağına səbəb oldu. Natəvan
dramda təkcə bir şairə kimi göstərilməyib, o
həm də şairlikdən çox Qarabağ bölgəsinin
hökmdarı, xanı kimi göstərilib. Dövrün
ziyalıları ilə ünsiyyətində, xalqın mədəni
tərəqqisində, bütün məsələlərdə
o, güclü görünür, müsahiblərini üstələyir.
Pyesin bütün fəsilləri dərin fəlsəfi fikirlər
üzərində qurulub.
Ümummilli lider Heydər Əliyev vaxtilə
"Xurşidbanu Natəvan" pyesinin uğurlu
tamaşasına baxdıqdan sonra öz fikirlərini dramaturqa
bildirərək demişdi: "Natəvanı gözəl Azərbaycan
qadını kimi bizə təqdim elədiniz, bununla
yanaşı, gözəl Xan Qızının timsalında
siyasi baxımdan və onun Xan Qızına layiq hərəkətləri
ilə bizim Şərq qadınlarının obrazını
yarada bildiniz".
Xalq yazıçısının həm nəsri, həm
də dramaturgiyası Azərbaycan kinematoqrafiyası
üçün zəngin bədii material vermək qüdrətinə
malikdir. Ədibin romanları, xüsusilə
"Sarıköynəklə Valehin nağılı",
"Üçatılan" və "Geriyə baxma,
qoca" əsərləri bir neçə bədii filmə
sığacaq material verməyə qabildir. Fikrimizcə,
dramaturqun nəsrinin və dramaturgiyasının
ekranlaşdırılması böyük bir tarixi zaman kəsiminin
bədii materialda öyrənilməsi deməkdir.
Bütövlükdə ustad sənətkarın bədii irsi
həm də yaşadığı mürəkkəb zəmanənin
salnaməsidir.
Unudulmaz sənətkarımız İlyas Əfəndiyevin
ən böyük arzusu Azərbaycanın müstəqilliyi
idi. O, öz yaradıcılığında
azadlığımızı, milli suverenliyimizi və
istiqlalımızı həmişə tərənnüm
edirdi. Müdrik sənətkar sağlığında bu
arzusuna çatdı. Ancaq Qarabağın və
doğulduğu Füzuli şəhərinin erməni
faşistləri tərəfindən işğalı ona
böyük dərd oldu. Və özü ilə birlikdə
Qarabağ nisgili apardı. Müsahibələrinin birində
dramaturq deyirdi: "Füzuli şəhəri, Füzuli rayonu
bir tərəfdən sovet imperiyasının zülmünə,
repressiyasına məruz qaldı, digər tərəfdən də
erməni işğalçılarının. Deməli, Füzuli
şəhəri iki dəfə qarət edildi. Bunun necə
böyük dərd olduğunu demək çətindir".
Qəlbində Qarabağ nisgili, Qarabağ
düyünü ilə dünyadan köç edən
böyük sənətkarımızın ruhu indi
şaddır. 44 günlük Vətən müharibəsi Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin dəmir iradəsi, şanlı ordumuzun şücaəti,
şəhidlərimizin və qazilərimizin, igid
döyüşçülərimizin fədakarlığı
sayəsində həm Füzuli şəhəri, həm də
işğal altındakı bütün torpaqlarımız erməni
qəsbkarlardan azad edildi. Mərhum sənətkarımızın
əsərlərində ilhamla vəsf etdiyi, ürəkdən
sevdiyi Qarabağın cənnət guşəsi, mədəniyyətimizin
paytaxtı Şuşa indi azad və abaddır. Ümid edirik
ki, işğaldan azad olunmuş rayon və kəndlərimizdə,
eləcə də Füzuli şəhərində bərpa-quruculuq
işləri yüksək səviyyədə həyata
keçirilərək tezliklə başa çatacaq, o
torpaqlarımız bütünlüklə yenidən cənnətə
çevriləcək. Eləcə də böyük
yazıçımız İlyas Əfəndiyevin Füzulidə
erməni vandalları tərəfindən yerlə-yeksan
edilmiş ata yurdunda ev-muzeyi yaradılacaq, dərs dediyi orta məktəbə
və Füzuli Dövlət Dram Teatrına onun adı veriləcək.
Unudulmaz sənətkarımız
sağlığında çox mükafatlar aldı. Ancaq onun
ən böyük mükafatı canından artıq sevdiyi
doğma xalqının sevgisi oldu. "Xalq onun qəlbinin,
iztirablarının, böyük arzularının tərcümanı
olan sənətkarı sevir və heç bir zaman unutmur"
- ustad sənətkardan gətirdiyim bu fikir onun
özünün müdrik şəxsiyyətini və həmişəyaşar
bədii irsini də səciyyələndirir. Bənzərsiz
yazıçı taleyi yaşamış İlyas Əfəndiyev
bu gün cismən aramızda olmasa da, onun bədii əsərləri
oxucularının və tamaşaçılarının qəlbində
yaşayır. İlyas Əfəndiyev şəxsiyyəti və
yaradıcılığı həmişə bizimlədir.
"Biz xalqımızın tarixinə hələ çox
borcluyuq" - deyən müdrik sənətkar Azərbaycanın
gələcəyinə böyük ümidlər bəsləyirdi:
"Mənim Azərbaycanın gələcəyinə
ümidlərim böyükdür. Azərbaycan xalqının
vətəninə, torpağına
bağlılığı, sevgisi əbədidir".
Yaradıcılığı Azərbaycan
xalqının milli-mədəni sərvəti olan İlyas
Əfəndiyev dərin hisslərlə öz torpağına,
böyüyüb boya-başa çatdığı doğma
xalqına, köklü-nəcabətli nəslinə
bağlı bir sənətkar idi. Abbas Səhhətin "Məsləkim
tərcümeyi-halımdır!" sözləri İlyas
Əfəndiyevin də şəxsiyyətini,
yaradıcılıq qayəsini və estetik idealını
dolğunluğu ilə əks etdirir.
Vəfa XANOĞLAN
Sənətşünaslıq üzrə elmlər
doktoru, professor
525-ci qəzet .- 2025-
24 may(№90).- S.18.