"Musiqi təhsili müğənniyə
səs-nəfəs qədər vacibdir"
Cahangir Əliyev: "Özümü musiqinin hər
janrında layiqincə sınamaq fikrindəyəm"
Hər səsin bir ünvanı var. Bəziləri dərhal
eşidilir, bəziləri isə kütlə səs-küyünün
arasında itib gedir. Bu gün müasir Azərbaycan musiqisində
yaranan gurultu içində bəzən o səslər
eşidilmir, zövqlər qarışır, istedadlar isə
kölgədə qalır. Amma gələcəyə ümid sonsuzdur.
Çünki Azərbaycan musiqisində yeni adlar, yeni səslər
doğulur. Biz də həmin səslərin izinə
düşürük. Azərbaycan musiqisinə yeni nəfəs
gətirən, amma hələ geniş auditoriya tərəfindən
kifayət qədər kəşf edilməmiş gəncləri
"525-ci qəzet"in yeni - "Səsin izi ilə"
rubrikasında oxuculara təqdim edəcəyik. Hər şənbə
bir gənc, bir səs, bir hekayə, bir ümid...
Çünki istedad eşidilməyə layiqdir. Bu rubrika
istedadın ünvanıdır.
Gənc xanəndə Cahangir Əliyevin gözəl səsi,
incə musiqi duyumu və özünəməxsus ifa tərzi
onu həmyaşıdları arasında fərqləndirir. Onun
ifasında klassik muğamlar yeni bir təravət qazanır,
xalq mahnıları isə sanki yenidən doğulur. Son
zamanlarda xanım həmkarı ilə birgə ifa etdiyi "Məni
yandırma" xalq mahnısı böyük maraqla
qarşılanıb, sosial şəbəkələrdə
trendə çevrilib. Bu müsahibə ilə Cahangiri daha
yaxından tanımağa və tanıtmağa, onun musiqi
dünyasına birlikdə səyahətə cəhd
etmişik.
"Mən Lerik rayonunda anadan olmuşam. Musiqiyə
sevgim uşaq yaşlarımdan var, oxumağa da elə o
dövrdən atam sayəsində başlamışam. 8-9
yaşlarımda dağda mal otaran zaman öz-özümə
ifa edirdim. Xalq artisti Nəzakət Teymurovanı xüsusən
həvəslə dinləyirdim. Bir gün dağda oxuduğum
vaxt dayım eşitmiş və atama səsimin,
istedadımın olduğunu demişdi. Məsləhətləşib
məni Lerikdəki musiqi məktəbinə qoydular. Əslində,
öz həvəsim qarmona idi, amma onlar səsimin yaxşı
olduğunu deyib xanəndəlik sinfinə yönəltdilər.
Nə yaxşı ki belə oldu. Sonradan bu sənəti
çox sevdim.
Bir neçə ay idi məktəbə
başlamışdım, "Tanıdım səni-2"
müsabiqəsinin Lerikdə seçim turları
keçirildi. Məktəbdən mənim də müsabiqəyə
qatılmağımı məsləhət bildilər.
Özümün də istəyim, həvəsim var idi.
Çünki Bakıya gəlib, təhsilimi burada davam etdirmək
istəyirdim. Ona görə də müsabiqəyə
qoşuldum və seçildim. Həmin ərəfədə
Şirvanda Uşaq Festivalına qatıldım və birinci yerə
layiq görüldüm. Sonra Bakıya gəldik və Zaur
Baxşəliyevin vasitəsilə Xalq artisti Gülyaz Məmmədovanı
tapdıq. Onunla ilk görüşümüz indiyə qədər
yadımdadır. Mən onun üçün bir
qızılgül alıb getmişdim. O da, deyəsən,
hansısa səfərdən qayıdırdı. Beləcə,
görüşdük və başladı məni
hazırlaşdırmağa. 14 həftə müsabiqədə
oldum və müsabiqə boyunca da Gülyaz xanımla
hazırlaşırdıq. O müddətdə hər dəfə
onların evinə gedəndə onun üçün bir dənə
qızılgül alırdım (gülür). Həmin layihənin
yarımfinalçısı oldum".
Cahangir musiqi təhsilini Xəzər rayonu Binə qəsəbəsində
24 nömrəli musiqi məktəbində davam etdirib. Orada dəyərli
xanəndə və pedaqoq Arif İsmayıloğludan dərs
almağını da həyatının,
yaradıcılığının şanslı məqamlarından
sayır:
"Arif müəllimin bir çox tələbələri
bu gün Azərbaycan musiqisində öz sözünü
demiş sənətçilərdir. Mən 2013-2015-ci illərdə
Azərbaycan peşəkar vokal xanəndəlik məktəbinin
banisi Bülbülün yubileylərində
çıxışıma görə I yerə layiq
görüldüm. 2014-cü ildə Xan Şuşinski
adına keçirilən festivalda 3-cü yerə
çıxdım. 2016-cı ildə Amerika, Belçika,
Almaniya, Ruminiya, Niderland, Rusiya və başqa ölkələrdə
keçirilən Beynəlxalq müsabiqələrdə
uğurla iştirak edərək diplom və fəxri fərmanlarla
təltif olundum. 2023-cü ildə "Space"
telekanalında yayımlanan "Milli səs"
yarışmasının yarımfinalçısı oldum.
2017-ci ildə orta məktəbi bitirərək Asəf
Zeynallı adına musiqi kollecinə Xanəndəlik
ixtisası üzrə qəbul edildim. Orada da, təbii ki,
Gülyaz xanımı seçdim. 2018-ci ildə təhsilimi
yarımçıq saxlayıb hərbi xidmətə getdim. Hərbi
xidmətimi bitirib gəldim və təxminən 8 ay
keçmişdi ki, Vətən müharibəsi başladı
və mən də könüllü şəkildə
müharibəyə yollandım".
Bəli, C.Əliyev həm də Vətən
müharibəsi iştirakçısıdır. O, silaha
sarılıb torpaqlarımız uğrunda vuruşmaqdan
çəkinməyib, ən qaynar nöqtələrdə,
ölümün nəfəsinin bir an belə səngimədiyi
səngərlərdə son günə qədər
döyüşüb:
"Xüsusi Təyinatlı Qüvvələrin tərkibində
Füzuli, Xocavənd, Şuşa və Laçın
uğrunda gedən döyüşlərdə iştirak etdim.
Müharibə də mənim üçün bir həyat təcrübəsi
idi. Heç zaman insan qanı, ölüm görməyən
19-20 yaşlı gənc kimi birdən-birə müharibənin
içərisinə düşəndə əvvəlcə
çox çətin oldu. Sonra isə getdikcə öyrəşdim,
içimdə düşməndən qisas almaq istəyi
gücləndi. Müharibədə başıma gələn
və heç unutmadığım bir hadisəni
danışım. Deməli, Həbibzadə Əli vardı, əslən
Kəlbəcərdən olan bu döyüş
yoldaşımla ixtisasımız eyni idi. Səhv etmirəmsə,
Laçın uğrunda döyüşlərə gedəcəkdik,
xəbər gəldi ki, Əlinin uşağı olub.
Döyüş əməliyyatına qatılacaq əsgərlərin
siyahısı oxunanda Əlinin də adı çəkildi. Yəni
o da döyüşə getməli idi. Mən bundan çox
narahat oldum. Bəli, biz müharibədəydik,
döyüş əmrini mütləq yerinə yetirməliydik.
Amma orada hər şey ola bilər, gedib qayıtmamaq da var.
Əlinin isə yenicə körpəsi dünyaya gəlmişdi.
Heç cür razılaşa bilmirdim onun getməyi ilə. Nə
qədər çalışdım ki, onu qoymayım getsin,
gördüm, yox, alınmır. Özü də getməkdə
qərarlı idi. Yola düşən ərəfədə
sobanı yandırmaq bəhanəsi ilə birtəhər onun
başını aldatdım və odun gətirməyə
göndərdim. O gedən kimi, silahımı
götürüb, maşına minib getdim həmin
döyüş bölgəsinə. Təxminən bir həftədən
sonra onlar bizim yanımıza gəldilər. Gələn kimi mənə
tutarlı bir sillə vurdu ki, niyə bu hərəkəti elədin?
Çünki mən daha bir körpənin öz
atasını görmədən böyüməsini qəbul
edə bilməzdim. Əli həmin döyüşdə şəhid
ola bilərdi. Onun əvəzinə mən getdim ki, eybi yox, mənim
anam-atam gözü yaşlı qala bilər, amma onun körpəsi
yetim qalmasın. Allah bundan sonra heç zaman ölkəmizə,
xalqımıza müharibə göstərməsin. Amma nə
zamansa yenə torpaqlarımız, millətimiz təhlükədə
olarsa, canımı vətənimə qurban verməyə
hazıram".
Müharibədən qayıtdıqdan sonra isə həm
buradakı həyata alışmaq, həm də musiqiyə
geri dönmək müsahibim üçün heç də
asan olmayıb:
"2021-ci ilin yanvarın 11-də cəbhədən
qayıtdım. Bir müddət həm buradakı həyata
adaptasiya oldum, həm də müalicə aldım.
Çünki müharibədə zədələnmişdim,
belimdə ciddi problem yaranmışdı. Ondan sonra Musiqi
Kollecini bitirdim və ali təhsil üçün
hazırlaşmaq qərarına gəldim. Ancaq ailəmin maddi
vəziyyəti elə idi ki, işləyib onlara dəstək
olmalı idim. Fəhlə, yanacaqdoldurma məntəqələrində
operator işlədim və digər bu kimi işlərdə
çalışdım. Bundan heç zaman utanmamışam, əksinə,
fəxr eləmişəm ki, əlimin zəhməti ilə həm
pulumu qazanırdım, həm universitetə
hazırlaşırdım. Bir yandan mahnı yazdırmağa
çalışırdım, bir yandan da ailəmə kömək
olurdum.
Səsim dəyişən zamanlarda bir az ruh
düşkünlüyü yaranmışdı məndə.
Bəzi yerlərdə, xüsusən müsabiqələrdə
gördüyüm müəyyən haqsızlıqlar da həvəsimi
qırırdı. O vəziyyətdən
çıxmağım üçün atam, dayılarım,
müəllimlərim, ətrafım mənə çox dəstək
oldular. Hər kəs istedadıma, potensialıma
inanırdı və onlar var gücləri ilə
çalışırdılar ki, bu sənəti davam etdirim.
Sonra hiss elədim ki, səsim yavaş-yavaş özünə
gəlir, başladım məşq etməyə,
hazırlaşmağa. Gülyaz xanımdan əl çəkmədim,
heç zaman da əl çəkməyəcəm
(gülür). O, müəllimlikdən əlavə,
bütün tələbələrinin mənəvi
anasıdır.
Çox qısa müddətdə
hazırlaşdım və Mədəniyyət və İncəsənət
Universitetinin Vokal sənəti (Xanəndəlik) ixtisasına qəbul
olundum. Yenə də mənəvi analarım, uğur mənbəyim
Gülyaz və Gülyanaq Məmmədovaların
yanındayam. Əslində, ilk il Milli Konservatoriyaya qəbul
olmuşdum, amma onlar orada deyildilər deyə getmədim,
növbəti il bu Universitetə, məhz onların sinfinə
daxil oldum".
C.Əliyev müsahibəmizdə son dövrlərdə
böyük rezonansa səbəb olan ifasından - "Alma
almaya bənzər" motivli "Məni yandırma" xalq
mahnısından da danışdı:
"O mahnını Gülyaz xanımgilin konsertində
eşitmişdim və çox sevmişdim. Mahnı tədqiqatçı,
tarzən Mehman Mikayılovun musiqi xəzinəsindəndir. Bir
dəfə Zaur və Günay Baxşəliyevlərin
verilişində qəfildən o mahnı yadıma
düşdü və heç hazırlaşmadan ifa etdim.
Gülyaz xanımın da xəbəri yox idi və mən bunu
ifa edəndə gördüm çox sevindi. Sonra həmin
ifanı sosial şəbəkələrdə paylaşdım
və gördüm ki, insanların marağına səbəb
oldu, sevildi. Gülyaz xanıma bunu birlikdə oxumağı təklif
etdim. Oxuduq, o da çox sevildi. Təxminən, 7-8 ay sonra
Gülyaz xanımdan icazə alaraq dəyərli həmkarım
Gülnar Zeynalova ilə bu mahnını oxuduq. Mahnı
özümüzün də gözləmədiyimiz şəkildə
bir gecənin içərisində böyük səs-küyə
səbəb oldu, çox sevildi və trendə çevrildi.
Bir gecədə 5 min insan o mahnıya video çəkdi. Məncə,
bu mahnının sevilməsinin bir səbəbi də bizim onu
böyük ürəklə, sevgi ilə oxumağımız
oldu. Biz bu ifaya öz ürəyimizi qoyduq. Həm də bizim
uğurumuz odur ki, bu gün keyfiyyətli mahnılara, əsl
musiqiyə marağın, tələbatın
azaldığı bir zamanda yaşlı nəslin nümayəndələrindən
əlavə, gənclər tərəfindən də çox
böyük maraq və sevgi gördük".
Musiqi təhsilinin müğənni üçün
çox vacib olduğunu düşünən həmsöhbətim,
muğamla kifayətlənmək fikrində deyil,
özünü musiqinin bütün janrlarında sınamaq
istəyir:
"Təhsilsiz müğənni meyvəsiz ağac
kimidir. Məncə, müğənniyə səs-nəfəs
qədər təhsil də vacibdir. Təhsil olmasa, müğənni
bir müddət gündəmdə olacaq, bu sənətin
müəyyən pilləsinə qədər gedəcək,
amma sonra dayanacaq, bir addım da uzağa gedə bilməyəcək.
Səhnə elədir ki, orada hər şey ola bilər,
müğənni hər vəziyyətdən
çıxmağı bacarmalıdır. Musiqi təhsili olan
müğənni o durumdan çıxmağı bacaracaq. Təhsilsiz
isə çaşıb qalacaq. Ondan da əlavə,
oxuduğun mahnını bilmək, oxuduğunu tanımaq
önəmlidir, gözəldir. Demirəm, mütləq
professional təhsil olmalıdır, amma bəlli bir səviyyədə
anlayışın olması vacibdir. Ümumiyyətlə,
heç kim musiqini tam dərinliyinə qədər bilmir.
Musiqi elə bir dəryadır ki, oraya batdıqca batırsan.
Amma o dəryadan hansısa damlalar qədər öyrənib bilmək
xoşbəxtlikdir.
Xanəndəlik təhsili almağım təkcə
muğamla kifayətlənəcəyim demək deyil. Mən
özümü musiqinin hər janrında layiqincə
sınamaq fikrindəyəm. Estrada, caz, rok, pop, hətta xarici
mahnılar da ifa edə bilərəm. Ən azından,
özümü hər janrda sınamış olaram, bəlkə
hansısa məndə daha yaxşı alınacaq.
Tamaşaçılar bunların hər birini məndən
gözləsinlər. Mən tar ifaçısı deyiləm,
amma tarda, qarmonda özümü müşayiət edəcək
səviyyədə ifa etməyi bacarıram. Hər şeydən
məlumatlı olmağın nəyi pisdir ki?! Məncə,
müğənni hərtərəfli olmalıdır.
Çalışıram ki, unudulmuş, yaddan
çıxmış qədim milli musiqilərimizi, xalq
mahnılarımızı yeni tərzdə ifa edib təzədən
xatırladım. Keçmişimizi unutmaq olmaz. Azərbaycan
musiqisi dünyanın ən zəngin musiqisidir. Buna sahib
çıxmaq, qorumaq və yaşatmaq lazımdır. Mən
də əlimdən gəldiyi qədər buna
çalışacağam. Məncə, bundan böyük
uğur ola bilməz".
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025- 24 may(№90).- S.17.